“Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Səməd Vurğunun Ev Muzeyində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirilib. Kəlağayı Ev Muzeyi və Mirvarid Dilbazi Poeziya Məclisi ilə birgə keçirilən tədbir milli kəlağayımızın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.
Səməd Vurğunun Ev Muzeyindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tədbirin aparıcısı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin üzvü, şairə Mətanət Ulu Şirvanlı çıxış edərək, layihə çərçivəsində keçirilən silsilə tədbirlər sayəsində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətindən danışıb.
Tədbir zamanı layihə iştirakçıları kəlağayı, onun hazırlanma prosesi və növləri haqqında məlumat verərək, qonaqları bu bədii nümunələrin nümayiş olunduğu kiçik sərgi ilə tanış ediblər. Eyni zamanda Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri qonaqları İctimai Birliyin çap etdirdiyi kitablarla tanış edərək, həmin kitablardan şeirlər səsləndiriblər.
Tədbirdə aşıq Nərmin Cəlalın ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib, “Paşaköçdü” havası, Rəşid Poladın “Gəl” şeiri, “İncəgülü” havası ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)