Mehparə Bəkirova, Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya resursları şöbəsinin müdiri, “Ədəbiyyat və incəsənət” üçün
1955-ci ilin payızında füsunkar təbiət mənzərələrinə, qədim tarixə malik Oğuz rayonunun ( o vaxt Vartaşen adlandırılırdı) Baş Daşağıl kəndində Bayram kişinin evində ikinci qız övladı dünyaya göz açdı. Adını Şərqiyə qoydular.
Bayram dayının o zaman heç ağlına gəlməzdi ki, bu qız gələcəkdə öz ailəsinin, elinin obasının adının daha da tanınması üçün necə bir sənət seçəcək.
Dağlar əhatəsində yerləşən Baş Daşağıl kəndinin özünəməxsus adət-ənənəsi, kənddə yaşayan hər bir ağsaqqalının, ağbirçəyinin sinədəftər olmağı böyüməkdə olan Şərqiyyənin gələcək həyatında mühüm rol oynadı. Hələ kiçik yaşlarında Qafqaz sıra dağlarının “Qonardağ” adlanan zirvəsinə çıxıb kənd camaatı üçün kiçik solo “konsert”lər verən Şərqiyyəni dinləmək üçün bütün kənd toplaşardı.
Orta məktəbi kənddə oxuyub başa vuran Şərqiyyə sənədlərini Bakı Mədəni Maarif Texnikumunun teatr şöbəsinə verir və qəbul olur. Bu xəbəri xeyli müddət atasından gizli saxlayır, ona deməyə cürət etmir. O zamanlar kənd yeri üçün bir qız uşağının səhnəyə çıxmasına, İncəsənət institutunda oxumasına çox pis baxırdılar. Bayram dayı qızının harada oxuduğunu soruşduqda Şərqiyyə kitabxanaçılıq texnikumunda oxuduğunu bildirir. Lakin bu sirr uzun müddət gizli qalmayıb bir gün açılır. Şərqiyyə atasına arzuları, sevdiyi sənət haqqında söhbət açanda Bayram dayı qızının ürəyini qırmamış, ona öz xeyir-duasını vermışdir.
Texnikumu əla qiymətlərlə başa vuran Şərqiyyə sənədlərini ali təhsil almaq üçün Azərbaycan İncəsənət İnstitutuna verir və 1979-cu ildə instituta daxil olur. Qiyabi təhsil alan qız öz doğma kəndində klub müdiri kimi işləməyə başlayır. Ali təhsil aldıqdan sonra Şərqiyyə rayon mədəniyyət evində müğənni kimi işə başlayır. Burada bədii rəhbər, rayon xalq teatrının rejissoru, uzun illər rayon mədəniyyət evinin direktoru vəzifələrində işləyir. Onu ən çox öz elinə-obasına sevdirən zəhmətsevərliyi, tamaşaçılarına sevdirən oynadığı rollar, səhnə fəaliyyəti olur.
Şərqiyyə Mikayılova 40 ildən çox rayon mədəniyyət evi bədii özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə Oğuzda, onun kəndlərində keçirilən müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış edib, respublikanın əksər rayonlarında və Bakı şəhərində də çıxışları olub.
Şərqiyyə xanım Oğuz səhnəsində yaddaqalan obrazlar yaradıb, E.Əzizov, V.Səmədov və Ə.Əliyevlə birlikdə bir çox komediyalarda, səhnəciklərdə, kiçik birpərdəli əsərlərdə müxtəlif rollarda çıxış edərək tamaşaçıların rəğbətini qazanıb. O, səhnə fəaliyyəti dövründə S.Rəhmanın “Durna” əsərində Lalə, İ.Əfəndiyevin “Unuda bilmirəm”ində Nərmin,C.Cabbarlının “Solğun çiçəklər”ində Sara, Pəri, Gülnisə rollarında, Ə.Əsgərovun ”Qız atası”nda Pəri, Ə.Əylislinin “Bir çüt bədmüşk ağacı”nda İzzət qarı, Ü.Hacıbəylinin “Arşın mal alan”ında Telli və “Ər arvad” komediyasında arvad rolunda, M.Əlizadənin “Şeyx Rəhmətullah” əsərində Səlbinaz, A.Məmmədovun “Həmyerlilər” əsərində Xanım, Ə.Sadıqovun “Aprel günəşi” əsərində Reyhan, S.Rüstəmin ”Beş manatlıq gəlin” əsərində gəlin, G.Xuqayevin “Arvadımın əri” tamaşasında arvad, obrazlarını yaradıb. S.Rəhmanın “Nişanlı qız” tamaşası Azərbaycan televiziyası ilə göstərilmişdir. 1979-cu ildə C.Cabbarlının “Solğun çiçəklər” tamaşasında yaratdığı Pəri obrazının ifasına görə Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılıq Evi tərəfindən “Ən yaxşı qadın obrazıi façılığına görə” “Fəxri fərman”a və pul mükafatlarına layiq görülüb. Məhz bu tamaşalara baxaraq, Oğuz camaatı ona Oğuz səhnəsinin “Nəsibə”si adını verib. Bu da onun öz el-obasında dəyərli bir yerə sahib olmasının bariz sübutudur.
Şərqiyyə Mikayılovanın rəhbərliyi ilə Oğuz rayon mədəniyyət evinin kollektivi 1993-cü ildə Qarabağ hadisələri ilə bağlı cəbhə bölgələrində Ağdərə, Tərtər, Goranboyda olmuş, rayon mədəniyyət şöbəsi adından düşmənlə üzbəüz dayanmış əsgərlərimizə yardımlar çatdırmış, konsertlər təşkil etmişdir. Rayon mədəniyyət evi bədii özfəaliyyət kollektivinin üzvləri onun iştirakı ilə dəfələrlə Naftalanda, Baş Daşağıl, Fifilli, Xalxal kəndlərindəki sərhəd məntəqələrində maraqlı konsert proqramı ilə sərhədçilərin qonağı olmuşdur.
Şərqiyyə xanımın təşəbbüsü ilə bir çox xeyriyyə tədbirləri də təşkil edilmişdir. Onun rəhbərliyi ilə Mədəniyyət evinin kollektivi 3 dəfə Bakı şəhərinin Bilgəh qəsəbəsindəki qocalar evində, Ramanadakı əlil uşaqlar evində qonaq olmuş, Oğuz sovqatı aparmış, konsertlər vermişlər.
Şərqiyyə xanımın AzTV, “Azad Azərbaycan”, “Xəzər”, İctimai Televiziya kanallarında, Türkiyənin TRT kanalında çıxışları nümayiş olunmuşdur.
O, bu illər ərzində ailə həyatı da qurur. Dörd övlad: bir qız, üç öğul anası olur. Şərqiyyə xanım işində olduğu kimi, evində də qayğıkeş, zəhmətkeş ana, mehriban nənədir.
Onu da qeyd edim ki, Şərqiyyə xanım Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən yubiley münasibəti ilə “Fəxri fərman” və pul mükafatı ilə mükafatlandırılıb.
Şərqiyyə xanım indi ömrünün müdrik çağlarını yaşayır. Sənətə, mədəniyyət sahəsinə olan marağı, məhəbbəti gənclik illərində olduğu kimidir. Oğuz rayon Mədəniyyət və Turizm şöbəsində Şərqiyyə xanımın anadan olmasının 60, səhnə fəaliyyətinin 40 illik yubileyini lazımi səviyyədə qeyd edilib.
Hal hazırda Şərqiyyə xanım təqaüddədir. Səhhəti ilə bağlı tez-tez qardaş ölkə Türkiyəyə müalicə üçün gedir. Allah şəfa versin!
Bu günlərdə Şərqiyyə xanımın 69 yaşı tamam olub. Bu münasibətlə ona möhkəm cansağlığı, sevinc, təbəssüm dolu çöhrə, əzizlərinin əhatəsində gözəl bir ömür sürməyini arzulayırıq.
Arzu edirik ki, həmişə əhatənizdə sənətinizə qiymət verən, dəyər verə bilən dostlarınız, əzizləriniz olsun, Şərqiyyə xanım!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)