Oğuz abidələri: GOVUR (QIZ) QALASI Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gündən etibarən “Oğuz abidələri” başlığı ilə Dədə Qorqud yurdu olan Oğuz (keçmiş Vartaşen) rayonunun ən qədim və turistlərin diqqətini xüsusi olaraq cəlb edən tarixi abidələri haqqında yazıları təqdim etməyə başlayırıq.

 

1077 kv.kilometr ərazisi, 40 min nəfərdən çox əhalisi olan Oğuz rayonu şimaldan Rusiya Federasiyası (Dağıstan), şərqdən qədim Qəbələ, qərbdən Şəki və cənubi şərqdən Ağdaş rayonları ilə qonşudur.

Rayon ərazisi təbii abidələrlə  zəngindir.  Oğuz uca dağları, dərin dərələri, sıx

meşələri, təbii qoruq və kolluqları, şirin sulu çayları, şəlalələri, qayaları, zəngin bitki

örtüyünə malik subalp və alp çəmənləri, mer-meyvələri təbii mağara və kahaları ilə də

turistləri cəlb edir.

 

Buralar dumanı, yağışı, göy qurşağı, boymadərəni, əvəliyi, qantəpəri, çobanyastığı, quzuqulağı, yemliyi, qırxbuğumu, əvəliyi, maralı-cüyürü, dağ keçisi, yaylaqları, qoyun-quzusu, kəkliyi, qırqovulu, yaylaqları, bulaqları və s. ilə  Dədə   Qorqud soraqlıdır.  Təsadüfi deyil ki, Oğuzu bəzən “Azərbaycanın İsveçrəsi” adlandırırlar. Rayon öz təbii gözəllikləri ilə yanaşı tarixi və tarixi abidələri ilə də bura gələn turistləri valeh edir. Böyük Qafqazın cənub yamaclarında yerləşən bu rayonun ərazisində 39 arxeoloji və memarlıq abidəsi aşkar olunmuşdur. (Lakin hələlik aşkar olunmamış abidələr də çoxdur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə onlardan 15 abidə ölkə əhəmiyyətli, qalanlar isə yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir. Bu abidələr yaşına görə tarixin ilkin çağlarından başlamış günümüzə qədər davam edir. 

 

İlk yazımızda sizə möhtəşəm “Govur qalası”, həm də Qız qalası (bəlkə də, “Quz – Oğuz qalası) adlanan qala haqqında haqqında söhbət açacıq. Bu  adda qalalar çoxdur Azərbaycanda. Bizim bəhs etdiyimiz çox qədim və turizm üçün olduqca əhəmiyyətli olan Govur qalası isə Oğuz (keçmiş Vartaşen) rayonunun Xaçmaz kəndinin şimal-qərbində, Ərmənət kəndinin şimalında, Qaladağın zirvəsində yerləşir. Xaçmaz Gavur qalasının yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdir. Şimal tərəfdə bu dağ Böyük Qafqazın yamacları ilə birləşir. Xaçmaz Gavur qalası Vll əsrdə çay daşı və kirəc məhlulu ilə tikilmişdir, iki mərtəbəlidir. Qala 7 bürcdən ibarət olub. XVI əsrə qədər fəaliyyət göstərmişdir. 

Qalanın yerləşdiyi Qaladağ şimal tərəfdə Böyük Qafqazın yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu gedir. Cənub və şərq tərəflərdən isə ancaq piyada yolu vardır.

Sadə memarlıq üslubunda tikilmişdir. Qalanın yuxarı hissəsi dağılmışdır. Darvazası kiçik ölçülüdür.Onun eni 1,5 m, hündürlüyü 3m-dir.Oradan qalanın icərisinə ancaq piyada və atlı daxil ola bilər. Qalanın bu günki qalıqlarına görə müəyyən etmək olar ki, burada 12-yə qədər otaq olmuşdur. Qaladakı bürclərdən ev kimi istifadə edilmişdir. XVI əsrə aid mənbələrə görə, Govur qalasının VII əsrdə tikildiyi bildirilsə də, bəzi mənbələrdə (A.Yanovski) onun həm də Qızlar (quzlar-oğuzlar) qalası adlandırılması abidənin daha qədim atəşpərəstlik dövrünün yadigarı olduğunu söyləməyə əsas verir.

Tarix elmləri doktoru, əslən Xaçmaz kəndindən olan N.Atəşi də qalanın daha qədim tarixə aid olduğunu bildirir. Nuridə xanım Azərbaycandakı Qız qalalarını, o cümlədən Oğuzun Xaçmaz Govur qalasını (Qız qalasını) amazonlardan, oğuzlardan nişanə hesab edir. O, özünün “Qafqaz amazonları” kitabının 50-ci səhifəsində yazır: “...Çaydan çiynimdə səhənglə su daşıyırdım. Dolu səhəngin ağırlığından şikayət edərkən atam mənə Qız qalasını (Xaçmaz kəndinin şimal-qərbindəki –İ.V.) göstərərək deyərdi: “Bax, sənin ulu nənələrin olan igid savaşçı qadınlar o qalada yaşamış və illər uzunu savaşmışlar. Səndə onlar kimi igid, qüvvətli olmalısan!”

Ümumiyyətlə, Govur qalası (Qız qalası) barədə müxtəlif rəvayətlər mövcuddur. Məsələn, 2023-cü ildə çap olunmuş “Oğuz və Qəbələ folkloru” kitabında (tərtibçisi, şair, folklor tədqiqatçısı Y.Rzayev) verilmiş və Oğuz rayonun Xacmaz kənd sakini çox yaşlı Nəsrullah kişinin dilindən qeydə alınmış “Qız qalası” əfsanəsində (səh:51) oxuyuruq: “Bizim ha bu Xaçmaz qalasına Gavur qalası da deyirlər, Qız qalası da. Deyilənə görə qədimlərdə buranın əhalisi müsəlmanlardan və qeyri-müsəlmanlardan ibarət imiş. Allah işi həblə gətirir ki, bir uğuz igidi gözəl bir gavur qızını sevir. Qız da onu istiyir. Valideynlər bu işə qətiyyən razılıq vermirlər. Belə olanda qız öz sevdiyinə deyir ki, ha o dağda bir qala tikdir, gedib orada yaşayaq, sonrası nə olar-olar...

Məsləhət oğlanın ağlına batır. Qalanı tikdirir. Filfilli tərəfdən gizli yol da düzəltdirir. O zaman ha bu dağlar qayalı-daşlı, sıx və keçilməz meşəylə örtülü imiş. Meşədə, dağda cüyürdən, maraldan, dağ keçisindən tutmuş ayıya, pələngəcən hər cür heyvan yaşayırmış. Nə isə, qala hazır olandan sonra oğlanla qız Allahın əmri ilə ha o qalada qovuşurlar və yaşamağa başlayırlar. Vəziyyətdən xəbərdar olan qız tərəfin adamları çətinliklə də olsa qalaya çıxırlar. Çarəsiz qalan oğlanla qız özlərini tələf edirlər. Səs-səmir eşitməyən hücumçular içəri daxil olur və görürlər ki, qızın uzun hörükərinin biri ilə oğlan, o biri ilə qız özlərini otağın tirinə vurulmuş qarmaqdan asıblar... Bax, ona görə də qalaya Qız qalası deyillər. (mətn olduğu kimi təqdim edilib).

1965-ci ildə tarixçi F.Qədirov tərəfindən qalanın 2 sahəsində qazıntı işləri aparılmışdır. Ərazidən çoxlu şirli və şirsiz saxsı məmulatlar əldə edilmişdir: dopu formalı qablar, novçalı bardaq, səhəng, su tinglərinin hissələri tapılmışdır. Su tungləri vasitəsi ilə qalanın fasiləsiz olaraq su ilə təmin edildiyi məlum olmuşdur. Qalanın müdafiəsini daha da gücləndirmək üçün oraya gələn yolların qarşısında müdafiə xəndəkləri qazılmışdır.

Ölkə əhəmiyyətli abidələr siyahısına daxil edilmiş (inventor №1650) bu qala haqqında A.Yanovski, A.Bakıxanov, R.Əfəndiyev, F.Qədirov kimi görkəmli tarixçilər geniş məlumatlar vermişlər.

Tarixi mənbələrdən məlum olub ki, 1578-1583-cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda İranla Türküyə arasında müharibələr olmuşdur. A.Bakıxanovun verdiyi məlumata görə İran sərkərdəsi Zülqədər Məmmədqulu ilə Türkiyə sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasındakı vuruşma Xaçmaz qalasının qarşısında olmuşdur.

Govur (Qız) qalası barədə söhbətimizi burda tamamlayırıq. Atalar demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buyurun, Oğuza. Onun möhtəşəm təbiətini və tarixlərin yadigarı olan əfsanəvi Govur (Qız) qalasını öz gözlərinizlə görün. Bəri başdan sizləri əmin edirik ki, peşiman olmayacaqsınız!

 

Növbəti yazımız Oğuz rayonundakı Kərimli kurqanları barədə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)      

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.