Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SİZLƏRƏ BU QƏDƏR ŞÖHRƏT QAZANMIŞ 14 YAŞLI BİR QIZCIĞAZ BARƏDƏ DANIŞACAĞAM
Vladimir Belinski söyləmişdir ki: “İncəsənətin ilkin şərti gözəllikdir. Gözəllik olmayan yerdə sənət də yoxdur və bu, aksiomdur”. İncəsənət müxtəlif növlərə bölünür, bunlar ifadə vasitələrinə, forma və məzmununa görə fərqlənir. Bu gün "Yaradıcılıq emalatxanası" rubrikamızın qonağı insan ruhunu oxşayan rəssamlıq sənətinə vurğun olan balaca rəssam Minarə Abdullayevadır.
Abdullayeva Minarə Şahin qızı – 08 dekabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alır. Türkiyə, Almaniya, Bolqarıstan, Norveç, Peru, Ukrayna və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib. Tətbiqi və təsviri sənət üzrə Respublika və beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Təhsil İnstitutunun inzibati binasının interyerinə verdiyi töhfəyə görə Azərbaycan Reszpublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Mükafatları: Ukraynada Valensia Art Fest 2022 Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Gənclər İttifaqının Qarabağ mövzusunda keçirdiyi Beynəlxalq müsabiqəsində “Bayraq kimliyimizdir” əsəri I yerə layiq görülüb. Türkiyədə keçirilən “ART PLANET” müsabiqəsində II yeri tutub. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Qarabağın incisi - Şuşa” adlı rəsm əsərləri və əl işlərinin II Ümumrespublika müsabiqəsində II yeri qazanaraq Fəxri Fərmana və pul mükafatına layiq görülüb. Almaniyada “HERBST SYMPHONIE - BERLİN 2021” beynəlxalq müsabiqəsində II yerə layiq görülüb. “EL LOGİSTİCS GROUP” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilən “8 noyabr - Zəfər günü və işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturun yenidən qurulması” adlı uşaq rəsm-müsabiqəsində III yeri qazanaraq Diplom və pul mükafatı ilə təltif edilib. “FABER-CASTEL”in keçirdiyi “Mən və texnologiyalar” müsabiqəsinin qalibi olub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin keçirdiyi müsabiqədə “Şuşa qalası” əsəri 2-ci yeri və pul mükafatı qazanıb. Peruda keçirilən rəsm müsabiqəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyası ilə birgə təşkil etdiyi “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş müsabiqədə, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının şagirdləri arasında təşkil olunmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Qış nağılı” mövzusunda ən gözəl rəsm müsabiqəsində, “LİATRİS HOLDİNG” və “NEWS24”ün təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən “Mənə dünyanı çək” rəsm müsabiqəsində, Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyə Respublikası İzmir şəhərində İşılay Sayqın Gözəl Sənətlər liseyində keçirilən tədbirdə iştirakına görə Diplomlarla təltif edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə “Ümummilli lider Heydər Əliyev” adlı əsəri 2-ci yerə layiq görülüb.
Azərbaycan Republikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ortaq Dəyərlər İctimai Birliyinin reallaşdırdığı "Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilmiş "50 milyonun Zəfəri" rəsm müsabiqəsində “Şuşa qalası” əsəri qalib olub və mükafatı qazanıb. Beynəlxalq VII uşaq və gənc rəsm festivalının, VII uşaq və gənclərin incəsənət festivalının iştirakçısı olub. Bolqarıstanın Azərbaycandakı Səfirliyinin keçirdiyi “Bolqarıstan - Uşaqların gözü ilə” müsabiqəsində Diploma layiq görülüb. Mərakeşin Azərbaycandakı Səfirliyinin keçirdiyi “Mərakeş – Gənc Azərbaycan rəssamlarının gözü ilə” müsabiqəsində Diploma layiq görülüb.
2024-cü ildə Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsində “Rəsm” nominasiyası üzrə 1-ci yerə və mükafata layiq görülüb.
Mən sadalamaqdan yoruldum daha, ona görə də müsahibəyə keçid alıram.
-Xoş gördük, balaca rəssamımız, yaşınız az olsa da, böyük uğurlara görə sizi təbrik edirik. Rubrikamızda az da olsa, rənglər dünyanıza səyahət etmək istədik.
Bilmək istərdik ki, bizim gözəl rəssamımızın barmaqları nə zamandan belə gözəl rəsmləri yaratmağa başlayıb?
- Mən şəkil çəkməyə bağçada oxuduğum vaxtlarda başlamışam. Yəni, 4 yaşımda. Bağçadakı müəllimim anama deyib ki: "Qızınızı təhsil almaq üçün gələcəkdə İncəsənət Gimnaziyasına yönləndirin. Çünki sizin qızınız bütün günü bağçada şəkil çəkir və o, nə zamansa böyük rəssam olacaq."
Anam da onun tövsiyəsini və istəyimi nəzərə alıb məni Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasında təhsilə istiqamətləndirib.
- Rəsmlərinizin hamısı çox gözəldir, məlumdur ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. Rəsmlərinizin arasında Şuşa ilə bağlı möhtəşəm əsəriniz var. Minarəmiz bu rəsmi yaradarkən hansı hissləri yaşadı?
- Bu əsərin maraqlı yaranma tarixçəsi var. Böyük Zəfərimizdən sonraydı. Anam - siz yəqin onu tanıylırsınız, şairdir, Rəsmiyyə Sabir- mənə Facebookda bir şəkil göstərdi. Bu şəkil bir foto idi. Şuşa qalasının yanında Qarabağ atı üzərində bir Azərbaycan gəncinin fotosu idi. Foto o qədər möhtəşəmdi ki... Mədəniyyət paytaxtımız Şuşa, Qarabağ atı, onun üzərindəki Azərbaycan gənci, Azərbaycan gəncinin əlində müqəddəs üçrəngli bayrağımız, bir az aralıda Xarıbülbülün maketi. Bu qədər gözəllik bir arada. Necə təsirlənməyəsən?... Foto mənə o qədər təsir etdi ki, anama onu çəkmək istədiyimi bildirdim. Anam mənə böyük kətan və akril boyalar alıb gətirdi. İşə başladım. Bir neçə gün ərzində bitirdim. Hamı bu əsəri çox bəyənir. Bu əsərimlə bir neçə dəfə müsabiqələrdə qalib olmuşam.
- Rəsmlərinizdə milli geyimlərin gözəlliyi, rəngi diqqəti cəlb edir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir. Buradan hiss olunur ki, balaca rəssamımız millətinə böyük sevgi ilə bağlıdır. Növbəti sualım belədir: Vətənpərvər insan necə olmalıdır?
- Valideynlərim məni vətənpərvər böyüdüblər. Özümü dərk edəndən bu hisslərlə yaşamışam. Vətənpərvər insan öz millətini, torpağını, ölkəsini çox sevməlidir. Onu qorumalıdır, onu ölkəsindən kənarda da layiqincə təmsil etməlidir. Mən çəkdiyim rəsmlərlə ölkəmizi xaricdə təmsil edirəm və bu məni xoşbəxt edir.
- Minarə rəsm çəkərkən rəngləri əvvəl seçir, yoxsa ruhunun əlləri boyaları özü seçir və olubmu ki, ananız- sevimli şairimiz Rəsmiyyə xanım şeir oxuyarkən siz o cümlələrdən ilhamlanıb hansısa rəsm çəkmisiniz?
- Hər hansısa bir əsəri çəkmək mənim ruhumdan gəlməlidir. Nədənsə təsirlənib yaradıcılığa başlayanda o əsərim uğurlu olur. Anam və müəllimim Nəsibə Əsgərova mənə sənət yolunda dəstəkdirlər. Bəzən anamın şeirlərindən də ilhamlanıram. Anamın şeirlərini çox sevirəm.
- Hansı məşhur rəssamların əsərləri sizi daha çox ilhamlandırır?
- Azərbaycanın gözəl rəssamları olub və indi də var. Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahzadənin əsərlərini çox sevirəm. Sakit Məmmədovun və müəllimim Nəsibə Əsgərovanın əsərləri isə ruhuma daha doğmadır.
- Yalnız ağ və qara boyanız olsa idi, hansı rəsmi çəkərdiniz?
-Bir insan silüeti çəkərdim. Onu da deyim ki, mənim yalnız ağ və qara rənglərlə çəkdiyim rəsmlərimin sayı azdır. Kasad rəngli rəsmlərim də həmçinin, azdırlar.
r
-Minarə dünyanı hansı rənglərlə boyamaq istərdi?
- Əlvan rənglərə. Mənim yaradıcılığımda əlvan rənglər xüsusi yer tutur. Siz də mənim daha çox yaşıl rənglərlə boyalı rəsmlərimi çox sevirsiniz.
- Minarənin rəsmləri canlansaydı, nə söyləyərdi?
- Yəqin ki, təşəkkür edərdilər. Mən onlara həyat verməyə cəhd etmişəm.
Sevimli balaca rəssamımız, "Ədəbiyyat və İncəsənət" portalının komandası adından sizə uğurlar arzulayırıq. Qəlbinizdəki arzuların həyata keçməsini diləyirik.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)