Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyinin müəllimi Təranə Əhmədova Şagirdlərimin təsviri incəsənətə olan marağı, vətənə millətinə olan sevgisi, vətənpərvər ruhda böyüməsi məni hər zaman ruhlandırır və qürurlandırır!
Əhmədova Təranə Cahid qızı 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003 cü ildə 246 saylı məktəb-liseyi bitirmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri incəsənət” müəllimliyi ixtisası üzrə ali təhsilə yiyələnmişdir. Təranə Əhmədova həmçinin, Azərbaycan Rəssamlar İttifaqının rəngkarlıq şöbəsinin üzvüdür.
İlk pedaqoji fəaliyyətə Abşeron rayonunda yerləşən Laçın rayon M.Səfərov adına tam orta məktəbdə və Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi olaraq başlamışdır. Hal-hazırda isə pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyində təsviri incəsənət müəllimi olaraq davam etdirir.
Təranə Əhmədova daim öz üzərində çalışdığını, müəllim olaraq yeniliklərə və inkişafa açıq biri olduğunu, mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq pedaqoji təlimlərdə, layihələrdə iştirak etdiyini qeyd etdi.
Təranə Əhmədova pedaqoji fəaliyyəti zamanı “Qələbəyə gedən yol”, “Zəfərin rəngi”,“Xarıbülbülün sədası” kimi bir çox rəsm sərgilərinin, müsabiqələrinin, layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, Arif Hüseynov, Ağaəli İbrahimov, Səlhab Məmmədov kimi Azərbaycanın görkəmli xalq rəssamları ilə şagirdlərin görüşlərini təşkil etmişdir.
Təranə Əhmədova həm pedaqoji, həmdə yaradıcı fəaliyyətində bir çox diplom, fəxri fərman, təşəkkürnamələrə layiq görülmüşdür. O, bir müəllim olaraq öz şagirdlərini çox sevdiyini və təsviri incəsənət fənni vasitəsilə şagirdlərin estetik dünyagörüşünü, bədii istedadını inkişaf etdirdiyi və belə çətin, eyni zamanda şərəfli peşənin sahibi olduğu üçün özünü çox xoşbəxt saydığınıda vurğulayır.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)