Aranın anası Bərdə, Bərdənin anası Nüşabənin qalası Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qədim tarixə, zəngin mədəniyyətə malik Bərdə şəhəri həm də abidələr diyarıdır. Bərdənin qədim abidələrindən biri də "Allah-Allah" türbəsi və ya “Nüşabə” qalasıdır. "Allah-Allah" türbəsi dövrümüzə nisbətən qeyri-kafi vəziyyətdə gəlib çatıb. 

 

1958-1963-cü illərdə abidədə tədqiqat və təmir-bərpa işləri aparılıb. Türbə Naxçıvan memarlıq məktəbinin xarakterik nümunələrindən hesab olunur.

Nüşabə qalası kimi tanınan Bərdə türbəsi 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən inşa olunmuşdur. Abidənin hündürlüyü 13 metrdir. Silindr formasında gövdəsi, konusvarı günbəzi vardır. Türbənin bütün divarı firuzəyi kaşı və kərpiclə naxışlanmışdır. Türbənin səthindəki bu naxışlarda 200-dən çox "Allah” sözü  simmetrik bir formada, zərgər dəqiqliyi ilə təkrarlanır, abidəyə qeyri-adi bir bənzərsizlik verir. Elə bu səbəbdən də bəziləri onu "Allah-Allah” türbəsi adlandırırlar.

 

Tarixin müxtəlif zamanlarında bölgəyə səfər edən dünyanın məşhur səyyahlarının əsərlərində Bərdə türbəsi qiymətli memarlıq abidəsi kimi xarakterizə edilir. Tarixi məxəzlərdə göstərilir ki, qala monqolların Azərbaycana yürüşü zamanı dağıdılsa da, sonra yenidən bərpa olunmuşdur. XIII əsrdə yaşamış məşhur səyyah Həmdullah Qəzvini qalanın Makedoniyalı İsgəndər tərəfindən miladdan əvvəl tikildiyini yazmışdır. O, əsərində Sasani hökmdarı Firuzun zamanında qalanın abadlaşdırıldığını da qeyd edir.

 

Mütəfəkkir Nizami Gəncəvi "İsgəndərnamə” poemasında "Bərdə nə gözəldir, necə qəşəngdir” deyə Bərdəni tərənnüm edərkən türbənin təsvirini də vermişdir. Poemada ağıllı və müdrik Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı kimi təqdim olunan Nüşabənin dünya fatehi İsgəndəri mat qoyması poetik bir dillə təsvir edilir. Azərbaycanın qadın hökmdarı Nüşabə İsgəndəri əqlinin gücü ilə döyüşsüz, davasız məğlub duruma salır.

 

Ehtimallara görə Elxanilər sülaləsindən bir nəfər üçün inşa edilən məqbərə çoxrəngli kəsmə mozaika ilə bəzədilib, yeraltı və yerüstü hissələrə bölünür. Sovet dövründə burada tədqiqat və təmir işləri aparılıb. Lakin bərpa işlərinin səhv görüldüyündən məqbərənin görkəmi dəyişikliyə məruz qalıb.

Buna görə təmir işləri dayandırılıb. Nəhayət, 2012-ci ildə türbədə təmir işlərinə başlanılmış və 2018-ci ildən türbə istifadəyə verilmişdir. 

Bərdə türbəsi dünya əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.