“Tablolarda nağıllar” mövzusunda sərgi-müsabiqəyə yekun vurulub

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” gənc rəssamların yaradıcılıq sərgi-müsabiqəsinin yekun tədbiri keçirilib.

 

“Mən şadam ki, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlar öz yaradıcılıqlarında məhz Səttar Bəhlulzadə irsini örnək seçiblər”, - deyə tədbirin açılışında Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov vurğulayıb.

Sərgi-müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutub.

Cahangir Səlimxanov Səttar Bəhlulzadə irsinin müasir gənclər və təsviri sənətin inkişafı üçün əhəmiyyətindən bəhs edib: “Səttar Bəhlulzadə həmişə gəncləri öyrədib. O, öz təcrübəsini gənclərlə səxavətlə bölüşürdü. Mən onun sənət əsərlərində olan enerji və əhvali-ruhiyyəni sizin də işlərinizdə görməyi çox istərdim”.

Daha sonra çıxış edən Xalq rəssamı Ağaəli İbrahimov və Əməkdar rəssam Ziyadxan Əliyev xatirələrini bölüşüb, dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan rəssamlıq tarixindəki rolundan danışıblar.

Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli gənc rəssam nəslinin formalaşması üçün müsabiqənin əhəmiyyətindən bəhs edib.

“Sevindirici haldır ki, gənc rəssamlar öz yaradıcılıqlarını, ideyalarını və bacarıqlarını nümayiş etdirmək üçün müsabiqədə iştirak ediblər. Bu sərgi onlar üçün əsl yaradıcı ab-hava yaratdı. Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası gənc rəssamlara daim dəstək olur”.

 “Tablolarda nağıllar” sərgi-müsabiqəsində “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, “Məlik Məmməd”, “Göyçək Fatma”, “Tıq-Tıq” Xanım”, “Cırtdan” və digər xalq nağılları əsasında yaradılmış, eləcə də müxtəlif mifoloji obrazları əks etdirən 40-dan çox əsərlə 30-dan çox gənc rəssam iştirak edib. Bundan əlavə, gənc rəssamlar klassik ədəbiyyatdan mövzulara müraciət ediblər.

Müxtəlif üslublarda yazılan əsərlərdə xeyirlə şərin mübarizəsi, fəzilət və nəcib əməllərin əbədi mövzusuna toxunulub. Rəssamlar nağılların sehrini kətan üzərinə köçürməyə nail olublar.

Qaliblərin əsərlərini Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Ziyadxan Əliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova daxil olub.

Nərmin Abdullayeva birinci, Röya Həsənova ikinci, Elçin Hüseyn isə üçüncü yeri tutub. Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub. Əsərləri xüsusi qiymətləndirilən iştirakçılar fəxri fərmanlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Sərgi-müsabiqənin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü sənətşünas Dürdanə Qurbanova olub. 

Nərmin Abdullayeva AzərTAC-ın müxbiri ilə söhbətində müsabiqədə qalib gəlməyinin təəssüratlarını bölüşərək deyib: “Qələbəm mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Axı bu sərgi dahi ustadımız, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunub. Mən uşaqlıqdan onun yaradıcılığına heyran olmuşam, yaradıcılığından ilham alıram və rəng palitrasına heyranam. Sərgidən xəbər tutan kimi vaxt itirmədən yeni əsərlər üzərində işləməyə başladım.

 

Nağıllar ən çox sevdiyim mövzulardan biridir, ona görə də hansı nağılları əsas götürəcəyimi seçmək mənim üçün çətin idi. Bir neçə fikrim var idi, amma vaxtım az olduğu üçün Abdulla Şaiqin “Tülkü həccə gedir” şeirinə maraqlı illüstrasiya hazırlamağı qərara aldım.

 

Bundan əvvəl bir neçə kitabın illüstrasiyası üzərində işləmişəm. Uşaqlarla işləməkdən və uşaq kitabları üçün illüstrasiyalar yaratmaqdan zövq alıram”.

 

Qeyd edək ki, sərgiyə dekabrın 15-də yekun vurulub.

 

(AzərTAC-ın materiallarından istifadə edilib) 

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.