Dekabrın 11-də Səttar Bəhlulzadənin ev-muzeyində “Səttarın Füzulisi” adlı sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115 və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilib.
Sərgidə Səttar Bəhlulzadənin Füzulinin şeir dünyasından ilhamlanaraq yaratdığı və şairin poetik irsini rənglər və formalar vasitəsilə ifadə etdiyi əsərlər nümayiş olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığı barədə ətraflı məlumat verib. O, çıxışında Səttar Bəhlulzadənin dahi şair Məhəmməd Füzuliyə və onun ölməz əsəri “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına həsr olunmuş əsərlərindən danışıb.
Muzeyin direktoru sərginin yaranma ideyası barədə də söz açıb. O, həmçinin müəllifi olduğu “Səttarın Füzulisi” adlı kataloqun ilk nüsxəsini tədbir iştirakçılarına təqdim edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Səttar Bəhlulzadənin yaradıcılığının Azərbaycan mədəniyyətində tutduğu xüsusi yeri və rolu vurğulayaraq onun sənət dünyasına gətirdiyi yeniliklərdən danışıb. Qeyd edib ki, Səttar Bəhlulzadə milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynayıb və yaradıcılığı ilə Azərbaycanın mədəni irsinə böyük töhfə verib.
Adil Əliyev əlavə edib ki, Səttar Bəhlulzadənin əsərləri təkcə incəsənət aləmində deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından əvəzsizdir. O, həmçinin belə tədbirlərin keçirilməsinin Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin irsinin yaşadılmasında mühüm rol oynadığını bildirib.
Sonra Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan Səttar Bəhlulzadəyə aid təltifnamənin orijinalını muzeyə hədiyyə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi rəssamın dahi Azərbaycan şairi Məhəmməd Füzulinin irsinə olan marağını xüsusi qeyd edib. O vurğulayıb ki, Səttar Bəhlulzadənin şairin “Leyli və Məcnun” poemasının obrazlarına həsr etdiyi əsərlər onun şeir dünyasının incəliklərinin rənglərlə ifadəsidir. Bu əsərlər Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini birləşdirən, poeziyanı təsviri sənətlə vəhdət halında təqdim edən möhtəşəm nümunələrdir.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Səttar Bəhlulzadə sənətindən, onun Füzuliyə həsr edilmiş portretlərindən bəhs edib. Bildirib ki, belə tədbirlər milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır.
Sonra Füzuli, Məcnun və Leylinin Səttar Bəhlulzadə tərəfindən yaradılmış obrazlarının əks olunduğu videoçarx nümayiş edilib.
Tədbir muğam üçlüyünün çıxışı ilə davam edib. Xanəndə Məmməd Nəcəfov Füzulinin qəzəlləri əsasında yazılmış musiqi əsərlərini ifa edib.
Sonda rəssamın şəxsi kolleksiyalarda qorunan, böyük əksəriyyəti ilk dəfə nümayiş olunan və Füzuli mövzusuna həsr edilmiş boyakarlıq və qrafika işlərinə baxış keçirilib. Sərgidə “Şəbi-hicran”, “Füzuli”, “Məcnun”, “Leyli” və başqa əsərlər təqdim olunub.
(AzərTAC-ın materiallarından istifadə edilib).
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)