“Bizi birləşdirən su” adlı fotosərgi açılıb

Noyabrın 6-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisi təşkil edib.

 

AzərTAC xəbər verir ki, sərginin mövzusu Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı üçün irəli sürülən təşəbbüslərdən birinə aiddir.

 

Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri təbiət gözəlliyi olan çay və şəlalələrin füsunkar şəkillərini, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim ediblər.

 

Sərginin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Bizi birləşdirən su” adlı fotosərginin incəsənət və ekologiyanı birləşdirən unikal sərgi olduğunu deyib: "Biz Aİ-yə üzv dövlətlərdən alınan valehedici su fotoları vasitəsilə su ehtiyatlarının həyatın hərəkətverici qüvvəsi kimi əhəmiyyətli rol oynadığını göstərmək istəyirik. Su insanlar və təbiət üçün, həmçinin iqlimi tənzimləmək baxımından vacib resursdur. Bu, iqtisadiyyat, kənd təsərrüfatı və enerji hasilatı baxımından da çox vacibdir. Bu cür sərginin təşkil edilməsi ilə Bakıda COP29 ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır”.

 

“Bizi birləşdirən su” fotosərgisi noyabrın 7-dən 10-dək Nizami küçəsi, 154B (Landmark Biznes Mərkəzinin yaxınlığında) ünvanında yerləşən “Fabrica” Qalereyasında ictimaiyyət üçün açıq olacaq. Sərgiyə giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.