Könül, “Ədəbiyyat və incəsənət”
Dünyada sevən cütlüklər ailə quraraq bu sevgini rəsmiləşdirirlər, bir ənənə də var, hər il toyun ildönümünü keçirmək. Biz daha çox “qızıl və gümüş toy” ibarələrindən istifadə edirik. Amma burada əksər ildönümlərinin öz adlarının olmasını da nəzərdən qaçırmamağımız gərəkiyir.
Nigah bağlanan günü “yaşıl toy” adlandırırlar.
1-ci ildönümü — “çit toy”
2-ci ildönümü — “kağız toy”
3-cü ildönümü — “dəri toy”
5-ci ildönümü — “taxta toy”
6-cı ildönümü — “çuğun toy”
7-ci ildönümü — “mis toy”
8-ci ildönümüü — “tənəkə toy”
9-cu ildönümüü —“çobanyastığı toy”
10-cu ildönümüü — “qızılgül toy”
12,5-ci ildönümü — “nikel toy”
15-ci ildönümü — “şüşə toy”
20-ci ildönümü — “çini toy” adlandırılır.
Məşhur “gümüş toy” 25-ci ildönümüdür.
30-cu ildönümü —“mirvari toy”
35-ci ildönümü—“kətan toy”
37,5-ci ildönümü —“alüminium toy”
40-cı ildönümü—“rubin toy”
45-ci ildönümü—“göy yaqut toy”dur.
Nəhayət, 50-ci ildönümü “qızıl toy” adlanır.
Qızıl toy ailə cütlüklərinin ən əsas - ən çox can atdıqları mərasimdir. 50 il ərzində - tam yarım əsr bir ailənin qorunub saxlanılması, əlbəttə ki böyük hadisədir.
Sonrakı ardıcıllıq belədir:
55-ci ildönümü—“zümrüd toy”
60-cı ildönümü—“brilyant toy”
65-ci ildönümü—“dəmir toy”
67,5-ci ildönümü—“daş toy”
70-cı ildönümü—“platin toy”
75-ci ildönümü—“şah toy”
Və nəhayət, 100-cü ildönümü “qırmızı toy” adlanır.
Bilmirəm, tarixdə “qırmızı toylarını” qeyd edən çütlük olubmu, amma bu yanvar günlərində bizim sevimli Xalq yazıçımız Anar və həyat yoldaşı Zemfira xanım evliliklərinin 63 illiyini qeyd ediblər. Onların tanışlıqlarının ömrü isə daha uzundur, belə ki, 1-ci sinifdən eyni sinfə gedən, eyni parta arxasında əyləşən bu cütlük hardasa 80 ilə yaxındır ki, tanışdır.
Beləcə, 9 il öncə qızıl toylarını keçirmiş cütlük gələn il növbəti dəyirmi rəqəmi – evliliklərinin 65-ci illiyini qeyd edəcəklər, bu isə qeyd etdiyimiz kimi, dəmir toy adlanır.
Onlara qoşa qarımağı, növbəti əlamətdar günləri birgə qeyd etməyi arzulayırıq. Əslində, Anar müəllimin və Zemfira xanımın bu sevgi hekayələri gənclərə əsl örnək olmaldır
Gətirdiyim bu şeir isə Anar müəllimin qələminin məhsuludur və əlbəttə ki, həyat yoldaşına həsr edilib.
Ən gözəl əsərimsən!!!
Zemfirama
Zaman nə tez ötüşdü,
Lap mat qalmışam özüm.
Düz qırx il bundan qabaq
Olub toyumuz bizim.
Bu qırx il necə keçdi?
Elə bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə qalandı,
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itkilər
Bir-birinə calandı.
Bəs bu qoca dünyada
Nələr keçib-gedəndi,
Nələr hər vaxt qalandı?
Pul, sərvət toplamadıq,
Var-dövlət qazanmadıq
Həyatımız boyunca.
Ölkələri, elləri
gəzdik, gördük doyunca.
Paxıllıqla üzləşdik,
Haqsızlıqla rastlaşdıq,
Nə beynimiz pas atdı,
Nə qəlbimiz daşlaşdı.
Haçansa, qırx il sonra
(kaş ki, belə olaydı)
dünyayla vidalaşıb,
ömür sərhədin aşıb,
çəkiləndə qeybə biz
O biri dünyada da
bir vuracaq qəlbimiz.
Burda bizdən nə qalar?
Namuslu, ləyaqətli,
alnıaçıq balalar,
şirin-şəkər nəvələr,
Ağ vərəqlər üstündə
çəkdiyimiz əzablar -
Yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz -
hərarətli, pak, təmiz...
45-in payızında
səni ilk gördüyüm gün
necəydinsə - eləsən,
Söylə bunun sirrini,
Necə qaldın belə sən?
Hələ axşam düşməyib
Bu qaralan qaş deyil.
Yaz ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
Qış gəlsə də, gəlsin qoy
Qış günü deyildimi
Hədiyyəsiz-filansız,
bizim unudulmaz toy?
Sən vəfalı sevgilim,
İlin dörd fəslində də
baharımsan, yazımsan.
Mənim alın yazımsan,
Hələ də yazmadığım
Ən gözəl əsərimsən,
Yazacağım yazımsan.
Yaxında, ya uzaqda
Səni hər zaman anar
Köhnə məktəb yoldaşın -
Həyat yoldaşın
Anar.
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)