“Küsməyə artıq bəhanə uydurmuruq…” - XATİRƏ Featured

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət”

 

 

Gənc ailə idik. Alışırdıq bir birimizə. Bəzən, səbəbini bildirmədən, dinməz-söyləməz küsüb-barışırdıq. Keçirdik könülsüz, qısa sual-cavab rejiminə. 

Axşam işdən qayıdanda, zəngi basmamış dərhal qapı açıldı. 

   - Salam, - mədəniyyətimi göstərirəm - Mən gedəndən elə burada gözləyirsən?

 Cavab vermir. Qarşımdan da çəkilmir.

 Sülh-əminamanlıq dövrünün vərdişinin əksinə, bir birimizə toxunmadan görüşürük.

Müharibə müharibədir. Qucaqlaşma baş tutmur. Qürurumuz yol vermir. Yalnız imitasiya.

   - Здравия желаю! (Sağlam olun)  - mənim salamıma açıqla cavab verir.

   Barışmaq istəyirəm.

    - Hər şey qaydasındadır? - soruşuram.

    - Так точно! (Elədir ki var).

    -  Nədi, orduya çağırılmısınız?

    - Tак точно! Сибирский военный округ! (Elədir ki var! Sibir hərbi dairəsi).

    Evdə kitabların arasında nizamnamə var. Oxuyub. Söhbətə hazırlaşıb.

Qaydalardan kənar cavab verəcəyinə sual axtarırdım. Tapmadım.

   - Darıxmırsan? 

   - Никак нет! (Heç də yox).

   - Necəsən?

   - Не могу знать! (Bilmirəm).

   - Budur, sevdiyin tortu gətirmişəm.

   - Служу Советскому Союзу! (Sovet İttifaqına xidmət edirəm).

   Əsəbimlə oynayırdı. Mən barışmaq istəyirdim. O isə təslim olmağımı da istəmirdi. Nəmlənmiş gözlərini gözlərimdən çəkmirdi. 

    - Gəl bir daha küsməyək. Bütün günü üzülürəm - deyə pıçıldadım ona.

    - Yox, küsək! Səninlə barışmağı çox xoşlayıram, - pıçıldayır qulağıma. - Bil, səninlə barışmaq üçün ölərəm... Ya, səni öldürərəm.

    Ertəsi gün kitablar istədi.

   - Buradakı kitabların hamısını oxumuşam.  Brejnevin nüvə silahlarına dair çıxışı, Biysk yağ zavodunun sosialist öhdəçiliyi, Qazaxstan heyvandarlarının beşillik planı..., ,,Üsyan" romanı.

   Axşam kitablar gətirdim - intizam nizamnaməsi, atıcı silahlar barədə təlimat, dəmir yolunda qaravulların xidməti barədə tələblər. Bir-bir baxdı. Gülümsəyib baxışlarını yendirdi.

   - Məni lap utandırırsan. Burada hər şey sevgi, məhəbbətdəndir. Mənə uşaq ədəbiyyatı gərəkdir.

   - Eybi yox! Üç yaşında deyilsən! Artıq böyümüsən.

   ... Neçə illər keçib o qayğısız günlərdən...

   Küsməyə artıq bəhanə uydurmuruq. Barış həyatdır...

    AD GÜNÜN MÜBARƏK. ÖTƏN GÜNLƏRİMİN ÇIRAĞI.

    HƏYATIMIN BİR HİSSƏSİ YOX, TAM HƏYATIM OLASAN...

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.