2-3 mart 2024-cü tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı ilə “Robotex Azərbaycan Avrasiya Çempionatı” təşkil olunub.
Tədbirdə 6 universitetin, 41 məktəbin, 10 özəl müəssisənin 250-dən çox komandası, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda yarışıb.
Çempionatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin 7 komandası müxtəlif kateqoriyalar üzrə qalib seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Belə ki, mərkəzin "O-Line" komandası “Lego Xəttinin Təqibi” kateqoriyası üzrə 1-ci yerin, "MMR" komandası isə 2-ci yerin qalibi olub. "Karanlığın yıldızları", "Turan Tech" və "DİS Robot” komandaları isə münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.
“RoboLig” kateqoriyası üzrə “Kings” komandası, “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə isə “CREATORS” komandası 3-cü yerin qalibi olub.
Festivalda dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunub.
“Bilim Bakı” mərkəzinin qalib komandaları ölkəmizi Antalyada keçiriləcək yarımfinal mərhələsində təmsil edəcək.
“Robotex Azərbaycan Avrasiya Çempionatı” regionun ən parlaq zəkalı gənclərini təhsil və texnologiya sahəsində bir araya gətirir, onlara bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı verir.
Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)