Hanoy beynəlxalq qida festivalında Azərbaycan pavilyonuna böyük maraq olub

Vyetnamın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində beynəlxalq qida festivalı keçirilib.

 

AzərTAC xəbər verir ki, festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyasının Baş katibinin xanımı No Fın Li, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəhbər şəxsləri, ölkədəki 40-dan çox diplomatik missiyanın təmsilçiləri, ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Vyetnamdakı səfirliyinin hazırladığı pavilyonda milli suvenirlər, Vyetnam dilində çap olunmuş kitablar, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən fotolar, digər təbliğat materialları nümayiş etdirilib. Bundan başqa, iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (Qarabağ kətəsi, dolma, kabablar, dovğa, şəkərbura, şəkərçörək və s.) təqdim olunub. Tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının nüfuzlu ekspertlərindən olan həmyerlimiz David İsrafilovun hazırladığı kabab və digər ət yeməkləri böyük maraq doğurub.

 

Rəsmi açılış mərasimindən sonra xanım No Fın Li rəsmi qonaqlarla birgə Azərbaycan pavilyonuna baş çəkib, milli mətbəximizlə maraqlanıb. O, Azərbaycan mətbəxinin daha çox tanıdılması üçün Vyetnamın müxtəlif bölgələrində keçirilən tədbirlərdə fəal iştirak etməyə və milli mətbəx yerlərinin açılmasına dəvət edib.

 

Qeyd edək ki, festivalda ən çox ziyarət edilən pavilyonlardan biri Azərbaycana aid olub. Tədbirdə səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri Azərbaycan pavilyonunun təşkilinə kömək göstəriblər. Festivalda fəal iştiraka görə səfirliyə festivalının təşkilat komitəsinin rəhbəri adından təşəkkür sertifikatı təqdim olunub. Festival sosial şəbəkələrdə və mediada geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.