Ağalar İdrisoğlu, yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Laləzar xanım Hüseynova: “Lənkəran Dövlət Dram Teatrında çox peşəkar, ustad aktyor, aktrisa heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın yox, dünya klassiklərinin və müasir dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar”.
Mən ömürümün 26 ilini teatrlara rəhbərlik edən və 50 ildir ki, peşəkar teatrlarda aktyor-rejissor kimi çalışan bir mütəxəssis kimi həmişə istəmişəm Azərbaycanda çoxlu peşəkar və öz dəsti-xətti olan rejissorlar olsun. Çünki hər bir teatrın tanınması, öz dəsti-xətti olması üçün ilk öncə orada çalışan rejissorlar çox istedadlı, çox savadlı və yüksək səviyyədə təşkilatçı olmalıdırlar. Rejissor bir generaldır. Kollektivi öz ardınca aparmağı bacaran böyük şəxsiyyətdir. Həm də dünyada rejissor sənəti bütün sənətlərdən daha yüksəkdə durur və qiymətləndirilir. Belə ki, bu sənət ürək cərrahları, təyyarə sınayıcıları, təlimçiləri ilə eyni bərabərdədir. Ona görə də rejissor bu peşəni mükəmməl öyrənməli, ədəbiyyatı, insan psixologiyasını, səhiyyəni, tarixi, siyasəti yaxşı bilməli, təkcə pyesləri yox, dünyada baş verən hadisələri də dərindən təhlil etməyi bacarmalıdır ki, quruluş verdiyi tamaşalarda zamanın tələblərini ortaya qoya bilsin. Həm də pedaqoq-rejissor kimi aktyorlarla, aktrisalarla işləyə bilsin və onlara özünün sevdirsin.
Əgər aktyorun, aktrisanın rejissora nifrəti və inanmsızlığı olsa, həmin rejissor onlarla peşəkar tamaşa hazırlaya bilməz. Bu, tarixlər boyu sübut olunmuş bir işdir. Yadımdadır ki, dünya şöhrətli rejissor Anatoli Efros, Yuri Lyubimov acıq eləyib, xaricə gedəndən sonra onun yerinə Taqankadakı Dram və Komediya Teatrına onu baş rejssor təyin etdilər. Kollektiv isə ona açıq-açığına deyirdi ki, biz səni sevmirik. Bütün bunlara baxmayaraq, Anatoli Efros onlarla tamaşa hazırladı. Amma həmin tamaşa alınmadı. Yəni zəif oldu. Sonra isə o, kollektivin hücumuna tab gətirə bilməyib, infakt oldu və dünyasını dəyişdi... Əslində isə Anatoli Efros Malıy Bronnıy Teatrında quruluşçu rejissor işləyirdi və kollektiv də onu çox sevirdi. Mən, onun məşqlərində olanda bunu aydın görürdüm.
Əfsus ki, Sovetlər quruluşu dağılandan sonra Moskvaya və başqa aparıcı şəhərlərə rejissor təhsili almağa heç bir azərbaycanlı getmədi. Çünki A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Dövlət Teatr Sənəti Akademiyası) son tələbəsi mən olmuşam. Və mən də oranı 1986-cı ildə bitirmişəm. Amma çox əfsus ki, Sovetlər quruluşu dağılandan sonra daha orada təhsil almağa heç kim göndərilmədi. Yalnız Azərbaycan müstəqillik qazanadan sonra bir qrup istadadlı gənclər Moskvaya Şukin adına Ali Teatr İnstitutuna aktyorluq və rejissorluq sənəti üzrə oxumağa göndərildi. Bu, böyük alqışa layiq iş oldu. Onlar orada təhsil alandan sonra Azərbaycana qayıtdı və Səməd Vurğun adına Akademik Rus Dram Teatrında işləməyə başladılar. Onlardan rejissorluq fakültəsində oxuyan Vüsal Mehrəliyev bir müddət Mingəçevir Dövlət Dram Teatrında baş rejissor işlədi və bilmirəm hansı səbəbdənsə teatrdan işdən çıxıb, Moskvaya getdi. Çox maraqlı rejissor idi. Həmin kursun aktyorluq fakültəsini bitirən Abdulla Elşadlı da indi rejissorluq edir. Artıq bir neçə maraqlı tamaşa qoyub. Onun da rejissor kimi gələcəyinə inanıram.
Beləliklə, rejissorlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor təhsili almaqla öz işlərini bitmiş hesab etdilər. Açığı son vaxtlar onlara dərs deyən müəllimlərin çoxu özləri teatrlarda, kinoda rejissor işləmədiklərindən gənclərə rejissor təhsili vermək onlar üçün çox çətindir. Ola bilər həmin müəllimlər yaxşı aktyor yetişdirə bilərlər, amma yaxşı rejissor yetişdirəcəklərinə elə də çox inanmıram. Çünki yaxşı rejissor yetişdirmək çox çətin işdir. Bu, pedaqoqdan daha böyük ağıl, savad, dərin bilik tələb eləyir. Amma Moskvada, Sankt-Peterburqda yüksək savadlı rejissor-pedaqoqlar vardı ki, yaxşı tələbələr yetişdirirdilər. İndi də orada yaxşı pedaqoq-rejissorlar var. Elə götürüək özümüzün klassk rejissorlarımız- Rza Təhmasibi, Adil İsgəndərovu, Məhərrəm Həşimovu, Mehdi Məmmədovu, Tafiq Kazımovu, Vaqif Abbasovu, Ağakişi Kazımovu, Cənnət xanım Səlimovanı və başqalarını. Onlar məhz həmin ustadlardan dərs aldıqlarına görə bu peşəni mükəmməl öyrəndilər və Azərbaycan teatrlarının inkişafı üçün çox işlər gördülər. Çox əfsus ki, rəhmətlik Zakir Bağırovdan sonra olan Mədəniyyət nazirləri bu işin dərinliyini bilmədiklərindən istedadlı gənclərimizi Moskvaya, Sankt-Peterburqa göndərməməklə həm teatrlarımızı və həm də kinomuzu məhv etdilər...
Bu gün Azərbaycanda təhsil alan rejissorlardan yalnız bir neçəsi öz gücünə, öz üzərlərində çalışması, dünya teatrları ilə maraqlanmaları və tez-tez MDB məkanında keçirilən seminarlara, təcrübə mübadilələrinə getməklə, kurslarda olmaqla və orada oynanılan tamaşalara baxmaqla peşəkar rejissorlar oldular. Qoy məndən başqa rejissorlar inciməsin. Mən öz dəsti-xəttini yarada bilən, maraqlı tamaşalar hazırlayan yalnız bu rejissorun adını çəkə bilərəm. Bunlar- Cənnət xanım Səlimova, Mərahim Fərzəlibəyov, Aleksandr Şarovski, Bəhram Osmanov, Mehriban xanım Ələkbərzadə, Ağalar İdrisoğlu, Bəxtiyar Xanızadə, Valeh Kərimov, Mirbala Səlimli, Xəzər Gəncəli, Laləzar xanım Hüseynova, İradə xanım Gözəlova, Musa Eyyubov, Hafiz Quliyev, İntiqam Soltan, Novruz Cəfərov, Emin Əmirullayev, Firudin Məhərrəmov, Loğman Kərimov, Nicat Kazımov, Həsən Həsənov, Nazir Rüstəmov, Sərvər Əliyev, Allahverdi Musayev, Anar Babalı və bir neçə cavan rejissorlar da var ki, gələcəyinə çox ümid bəsləyirəm. Azərbaycandan kənarda Türkiyədə işləyən məşhur rejissorlarımız Əflatun Nemətzadə, Cahangir Novruzov, Məlahət xanım Abbasova və Finlandiyada işləyən Kamran Şahmərdan da orada maraqlı işlər görürlər. Buna sevinməliyik. Əslində yuxarıda adlarını çəkdiyim rejissorlar da artıq yaşları əllini keçmiş insanlardır və bir vaxtlar elə Rza Təhmasibdən, Adil İsgəndərovdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovdan, Vaqif Abbasovdan, Ağakişi Kazımovdan, Cənnət xanım Səlimovadan və onlardan sonra Moskvada, Sankt-Peterburqda təhsil allan Nəsir Sadıqzadədən, Fikrət Sultanovdan, Ədalət Ziyadxanovdan, Azər Paşa Nemətovdan da dolayısı ilə dərs alıblar. Bu sənətin incəliyini onlardan da öyrəniblər. Amma müstəqillik qazandığımız bu otuz dörd ildə əgər onlar Moskvaya, Sankt-Peterburqa rejissor təhsili almaq üçün göndərilsəydilər həmin adlarını yuxarıda çəkdiyim rejissorların sayı iki-üç dəfə çox olmalı idi. Elə yuxarıda adlarını saydığım rejissorların da çoxu Sovet dövrünün yetirmələridir. Belə götürəndə müstəqillik qazandığımız bu illərdə demək olar ki, həmin rejissorlardan sonra, elə təkcə MDB məkanına çıxara biləcəyimiz rejissorlar cəmi bir neçə nəfərdir. Yuxarıda adlarını çəkdiyim rejissorlardan sonra ən azından iyirmi-otuz nəfərdən də çox əlavə rejissorlar olmalı idi və hər teatrda da ən azından iki-üç istedadlı, bacarıqlı rejissor işləməli idi ki, teatrlarımız daha çox inkişaf etsin və çiçəklənsin. Bir daha vurğulayıram. Bir neçə cavan rejissorlarımız var ki, onların gələcəyinə çox inanıram.
Yüksək peşəkar rejissor yetişdirmək özü bir məktəbdir. Yaxşı rejissor yetişdirmək sahəsində elə götürək qonşumuz Gürcüstanı. Orada rejissor pedaqoqikasının əsasını Georgi Tovstanoqov qoydu və tələbəsi Mixail Tumanaşvili onun işini davam etdirib, özündən sonra dünya şöhrətli- Robert Sturua, Timur Çixeidze, Qoqo Kaftaradze və başqa rejissorlar yetişdirdi. Məhz buna görə Gürcüstanda əllidən çox dövlət teatrı və otuzdan çox dövlət səviyyəli teatr-studiyalar var. Onlarda da çox bacarıqlı, yüksək savadlı rejissorlar işləyir. Çünki mən, Gürcüstan teatrları ilə çox maraqlanıram və bunu bilirəm. Əslində Gürcüstanın əhalisi də bizim məmləkətin əhalisindən azdır. İqtisadiyyatı da bizdən çox zəifdir. Amma bizim məmləkətdə heç otuz dövlət teatrı yoxdur. Dövlət səviyyəli teatr-studiyalar isə ümumiyyətlə yoxdur.
Azərbaycan kinosu sahəsində isə vəziyyət daha acınacaldır. Çünki bir vaxtlar Moskvada və Sankt-Peterburqda kino və televiziya sahəsində təhsil alan rejissorlarımız- Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Muxtar Dadaşov, Şamil Mahmudbəyov, Səttar Atakişiyev, Səməd Mərdanov, Əjdər İbrahimov, Həbib İsmayılov kimi yaşlı rejissorlarla birlikdə Arif Babayev, Eldar Quliyev, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Kamil Rüstəmbəyov, Musa Bağırov kimi orta nəsillə paralel çoxlu cavan rejissorlar -Gülbəniz xanım Əzimzadə, Ceyhun Mirzəyev, Vaqif Mustafayev, Şeyx Əbdül Mahmudov, Davud İmanov, Ramiz Əzizbəyli, Cahangir Mehdiyev, Cəmil Quliyev, Ayaz Salayev də məhz orada rejissor təhsili alıblar. Onların da çoxu artıq dünyalarını dəyişiblər. Sağ qalanlar isə artıq altımış yaşını ötüblər və demək olar ki, heç biri kinofilmlər çəkmirlər. Bu gün onlardan bir qədər cavan yalnız iki rejissorun adını çəkə bilərəm. Bunlar- Elçin Musaoğlu, Elxan Cəfərovdur. İndi onlardan sonra daha hansısa cavan rejissorun adını çəkməkdə çətinlik çəkirəm. Eləcə də bir vaxtlar Azərbaycan televiziyasında rejissor işləyən - Rauf Kazımovskinin, Oqtay Babazadənin, Məhərrəm Bədirzadənin, Taryel Vəliyevin, Ramiz Həsənoğlunun ( Mirzəyevin), Tahir Tahirovun, Kərim Kərimovun, Bünyad Məmmədovun, Vasif Babayevin, Əmirhüseyn Məcidovun, Ələkbər Kazımovskinin, Şahin Əlibəylinin, Elxan Mənsimovun, Cəmil Quliyevin, Mehriban xanım Ələkbərzadənin, İsmət Səfərəliyevin, Vaqif Ağayevin, Arif Qazıyevin, Maqsud Ağayevin, Nazim Zeynalovun, Şərif Qurbanəliyevin, Rauf Mirzəyevin, Arzu xanım Məmmədovanın, Zəyyar Ağayevin, Azər Qasımzadənin və başqalarının adını çəkə bilərəm. Amma onlardan sonra da bu sahədə öz adını tanıdan hansısa cavan bir rejissorun adını çəkməyə yenə də çətinlik çəkirəm. Bəlkə də var, amma mən bilmirəm və tanımıram. Çünki heç birinin sensassiyalı işini görməmişəm.
Deməli, bu haqda ciddi düşünməliyik. Mən qətiyyətlə deyə bilərəm ki, ölkə başçımız cənab İlham Əliyev və cənab nazirimiz Adil Kərimli də istəyirlər ki, məmləkətimizdə yaxşı teatr və kino üçün pyeslər, kinossenarilər yazan yüksək səviyyəli dramaturqlarımız, eləcə də teatr, kino və televiziya sahəsində də yüksək peşəkar rejissorlarımız olsun. Onlar da yaxşı bilirlər ki, biz, teatrlarımızı, kinomuzu yalnız yüksək səviyyəli mütəxəssislərin hesabına dirçəldə bilərik. Gəlin onu da danmayaq ki, ölkə başçımız bu sahələrə çox böyük miqdarda pul ayırır və cənab nazirimiz Adil Kərimli də işlədiyi bu az müddətdə bu sahələrə çox böyük diqqət, qayğı göstərir.
Ömrünün əlli ilini peşəkar teatr sənətinə həsr eləyən teatr rəhbəri, rejissor, aktyor kimi demək istəyirəm ki, bu sahələrdəki problemləri tez bir vaxtda həll eləmək mümkün olmayacaq. Amma biz, kiçk işartısı olan cavan rejissorlara, teatrlar üçün pyes yazan və kino ssenarilər işləyən dramaturqlara daha çox qayğı göstərməliyik. Həm də onları tapıb, bu insanlar haqqında yazmaqla onları xalqa daha yaxından tanıda bilərik. Və həm də yuxarıda dediyim kimi onlarda özlərinə inamı artıra bilərik ki, bu işlə daha ciddi məşğul olsunlar. Ömürlərini bu müqəddəs işə sərf eləsinlər.
Mən, yuxarıda adalarını yazdığım tanınmış rejssorların çoxu haqqında əvvəllər yazmışam. Onların işini lazım olan kimi təbliğ də etmişəm. Bu yazımda isə çox istadadlı bir rejissor haqqında yazmaq istəyirəm. O rejissor ki, artıq otuz ildir yaradıcılığını izləyirəm. Və quruluş verdiyi hər tamaşa ilə necə inkişaf etdiyinin, hər tamaşasından sonra peşəkarlığının artdığının şahidi oluram. Bu rejissor Laləzar xanım Hüseynovadır. İstəyirəm ki, onu çoxminli oxucularla daha yaxından tanış edim. Çünki bu insan, həm teatr rəhbəri, həm maraqlı rejissor və həm də çox bacarıqlı aktrisa kimi böyük istedad sahibidir.
LALƏZAR HÜSEYNOVA
Qısa məlumat: Laləzar Ramiz qızı Hüseynova 1964-cü ildə anadan olub. Keçən il onun 60 illik yubileyi oldu. Bakı şəhərindəki Mədəni Maarif Texnikumunun “ Bədii yaradıcılıq kollektivinin rəhbəri” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatrlar rejissoru” ixtisasını fərqlənmə diplomu ilə başa vurub. Laləzar xanım lap cavan yaşlarından Azərbaycan dövləti, dövlətçiliyi üçün çox işlər görməyə başlayıb. Ulu öndər Heydər Əliyevə böyük inamı, məhəbbəti olduğuna görə o, artıq 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. Elə həmin vaxtdan da bu partiya üçün bacardığı işləri görüb. Ətrafında olan insanların bu partiyanın üzvü olmasına çalışıb. 1995-2014-cü illərdə əvvəl Dərbənd Azərbaycan Xalq Teatrında və 1998-ci ildən isə Dağıstan Azərbaycan Dövlət Dram Teatrında, aktrisa, quruluşçu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. 2008-ci ildən Dağıstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Bu fəxri adın diplomunu və medalını Laləzar xanıma Dağıstan Respublikasının o vaxtkı prezidenti Muxu Əliyev şəxsən özü təqdim edib. Laləzar Hüseynova 2008-ci ildə Rusiya Fedorasiyasının Teatr Xadimi İttifaqının üzvü seçilib. 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışıb. Laləzar xanım 2016-cı ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2018-2020-ci illərdə Prezident mükafatına layiq görülüb.
2020-2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2024-cü ilin iyun ayından Azərbaycan Mədəniyyət Nazirliyinin əmrilə Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə göndərilib. Bu az vaxtda da orada böyük işlər görməyə başlayıb. Çünki Laləzar xanım Hüseynova yaxşı rejissor və yaxşı təşkilatçı olmaqla yanaşı çox istedadlı aktrisadır. Onun oynadığı tamaşalardakı rolları bunu bir daha təsdiq edir. Bu rollardan- Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində -Hafizə, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”ında -Telli, Avqisenti Saqarellinin “Xanıma” əsərində-Xanıma, Georgi Xuqayevin “Mənim qaynanam”da- Qaynana, Tamara xanım Vəliyevanın “Mənim ağ göyərçinim”də- Səidə, Cəfər Cabbarlının “Solğun çiçəklər”ində-Sara , Cəfər Cabbarlının “Aydın”ında -Böyükxanım , Tamara xanım Vəliyevanın “Bankir adaxlı” əsərində-Nisə, Furiz Həsənovun “Kimdir müqəssir” əsərində-Patimat və başqa tamaşalarda oynadığı rollar həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Yuxarıda yazdığım kimi Laləzar xanım öz dəsti-xətti olan rejissordur. Və həmişə də quruluş verdiyi tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bu tamaşalardan- Üzeyr bəy Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, Avqisenti Saqarellinin “Xanuma”, Robert Tomanın “Səkkiz qadın”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Rafiq Rəhimlinin “Sönmüş talelər”, Hüseynbala Mirələmovun “Xəcalət”, “Vəsiyyət”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Tamara xanım Vəliyevanın “Bankir adaxlı”, Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu”, İsgəndər Coşqunun “Çal, oyna” , Xanımana Əlibəylinin “Dovşanın ad günü”, Rəvan Tohidoğlunun “Taleyin oyunu” və başqaları. Siyahıdan da görürsünüz ki, bu əsərlərin hər biri, bir-birindən çox fərqlənir. Klassiklərdən tutmuş müasirlərə kimi. Bu əsrələrlə mən də yaxşı tanış olduğumdan görürəm ki, Laləzar xanım zamanın nəbzini tutan, zamanla səsləşən əsərlərə quruluş verib. Ona görə də bu əsərlər tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.
Mən, onunla həmsöhbət oldum və aşağadakı sualları verdim və hər birinə də çox tutarlı, məntiqli cavablar aldım, əziz oxucular. Laləzar xanımın bu suallara cavabları da sizin xoşunuza gələcək.
- Siz bir vaxtlar bizim mədəniyyət qalamız olan Dərbənddə, Azərbaycan Dövlət Dram Teatrında aktrisa, rejissor və sonra da baş rejissor vəzifələrində işləyibsiniz. Deməli, kiçik pillədən başlayaraq, teatrın mətbəxi ilə yaxından tanış olubsunuz. Quruluş verdiyiniz maraqlı tamaşalarınızla az bir vaxtda bu teatrı Dağıstanda, Rusiyada və Azərbaycanda tanıtmısınız. Həmin illəri necə xatırlayırsınız? Orada yaşayan azərbaycanlı ziyalılar sizə köməklik edirdilərmi?
-Teatr sahəsilə fəaliyyətimin çox hissəsi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında keçib. Yuxarıda siz dediyiniz kimi gənc yaşlarımdan bu teatrda aktirsa, rejissor assistenti, quruluşçu rejissoru və baş rejissor kimi çalışmışam. Dağıstan Respublikasında dövlət dili rus dili olduğu üçün yerli əhali, millətindən asılı olmayaraq, rus dilində danışır, hətta yerli azərbaycanlılarda. Bu da teatrda işləyən aktyorların səhnədə Azərbaycan dilində danışmaları üçün çətinlik yaradırdı. Mən, teatrda çalışan aktyorlara Azərbaycan dili dərsi keçirdim. Dərbənd şəhərində fəaliyyət göstərən musiqi məktəbində ustad dərsləri və səhnə danışığından dərs deyirdim. Teatrda hazırlanan tamaşalarda rolları ifa etməklə yanaşı, tərəf müqabillərimə də israrla Azərbaycan dilini öyrədirdim. Özü də səlis danışmağı. Orada aktrisa kimi oynadığım tamaşalara baxan azərbaycanlılara da bir növ səhnədən dərs keçir və dilimizin incəliklərini göstərirdim. Ona görə də oynadığım rollar- Hafizə (" Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Qaynana ( "Mənim Qaynanam", Georgi Xuqayev) , Nisə ( "Bankir Adaxlı" Tamara Vəliyeva) , Səidə (" Mənim Ağ Göyərçinim" Tamara Vəliyeva) , Sara ("Solğun Çiçəklər" Cəfər Cabbarlı ), Patimat ( "Kimdir Müqəssir" Furiz Həsənov) , Xanuma ( "Xanuma" Avqisenti Saqarelli) və sairələri həmişə maraqla qarşılanırdı. Hətta elə tamaşaçılar olurdu ki, tamaşadan sonra mənə yaxınlaşıb deyirdilər: “Çox sağ olun ki, dilimizin şirinliyini, incəliyini bizə sevdirə bildiniz. Biz, Dağıstanda yaşayan azərbaycanlılar, dilimizin bu incəliklərini bilmirdik. Çünki rus dilində təhsil aldığımıza görə dilimizin belə zəngin olduğunu bilməmişik”. Onu da vurğulayım ki, Dağıstanda hazırladığım tamaşalar mənə böyük uğurlar gətirdi. Əlbəttə ki, bütün bu uğurlarımda Dağıstandakı ziyalıların da böyük rolu olmuşdur. Çünki onlar mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları yüksək qiymətləndirirdilər. Dağıstandakı qəzetlər bu haqda yazırdılar və televiziyalar da həmin əsərlərimdən parşalar və hətta bütöv tamaşaları belə göstərirdilər. Ona görə də tamaşaçılar teatra böyük həvəslə gəlirdilər. Mən sizə bir həqiqəti deyim ki, baxmayaraq Dağıstanda yüzdən çox xalq, millət var, amma orada yaşayanlar millətindən asılı olmayaraq, bir-birilə çox mehribandır. Mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları təkcə azərbaycanlılar yox, darginlər də, avarlar da, kumıklar da, ləzgilər də, tabasaranlılar da, ruslar da, yəhudilər, naqaylar, tatlar, çeçenlər də və başqa millətlər də tərifləyirdilər. Və hətta həmin millətlərin nümayəndələri də gəlib tamaşalarımıza baxırdılar. Ona görə də deyirəm ki. Dağıstan mənim sənət taleyimdə çox böyük rol oynayıb. Sənət məktəbim olub desəm daha düzgün olar. İlk fəxri adı da orada almışam. Orada olan kollektiv də bir-birilə çox mehriban idilər. Özü də o teatrda təkcə azərbaycanlılar yox, başqa millətlər də işləyirdilər. Bu gün də orada işləyənlərin çoxu ilə əlaqələrimiz var.
-Siz sonra Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru işlədiniz. Bu teatrın da tarixində qalan çox maraqlı tamaşalara quruluş verdiniz. Həmin illəri necə xatırlayırsınız və orada yadda qalan hansı tamaşalara quruluş verdiniz?
-2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində işlədiyim vaxtlarda hazırladığım tamaşaların içərisində üç tamaşa- Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Ləzgi dilində) , Hüseynbala Mirəlovun " Vəsiyyət" Meyxoş Abdullanın "Əsir Qadın" romanı əsasında ssenari müəllifi və qurluşu rejissor olduğum " Əsir Qadın" tamaşaları mənim və tamaşaçıların xatirəsində silinməz izlər buraxdı. Qusar teatrında çox tamaşalar hazırladım, amma teatrın tarixində ilk dəfə olaraq ən çox uşaq tamaşalarını da məhz mən hazırlamışam. Bunu da ona görə hazırlayırdım ki, istəyirdim qusarlıları lap uşaq yaşlarından teatra həvəsləndirim. Çünki əgər uşaqlar tamaşalara gəlirsə, onlar sonra teatral böyüyürlər və sonra öz uşaqlarını da teatra həvəsləndirirlər və özləri də yetkin yaşlarında da teatr tamaşalarına gəlirlər. Əslində bu üsul bütün teatrlarda belə olmalıdır. Uşaq yaşlarından teatr tamaşalrına gələn uşaqların da təfəkkürü daha yaxşı inkişaf edir və onlar narkomaniyaya və başqa iyrənc işlərə qurşanmırlar. Bu, bütün dünyada belədir. Ən çox inkişaf etmiş millətlər lap uşaq yaşlarından öz övladlarını teatr tamaşalarına həvəsləndirirlər və bu təfəkkürlə böyüməsinə çalışırlar. Bilirsiniz ki, bir saat, bir saat yarımlıq bir tamaşa uşaqlara günlərlə oxuduğu kitablardan daha çox xeyir verir. Məsələn mənim Qusar Dövlət Ləzgi Dram Teatrında həmin vaxtlar hazırladığım İsgəndər Coşqunun "Çal oyna" , Ələkbər Hüseyovun "Xoşbəxtlik quşu ", Rəvan Tohidoğlunun " Birdə etmərəm", Laləzar xanım Hüseyinovanın " Dostların qələbəsi", Laləzar xanım Hüseyinovanın " Yurdumuza Bahar gəlir”, Xanımana xanım Əlibəylinin " Dovşanın ad günü" və başqa tamaşalar çox böyük uğurla gedirdi və hər tamaşa da anşlaq olurdu.
Hətta Qusar Dövlət Ləzgi Dram Teatrında ləzgi dilində hazırladığım "Arşın mal alan" tamaşası Moskva şəhərində oynanılar vaxt böyük anşlaqla qarşılandı. Həmin tamaşaya ləzəgilər azərbaycanlılardan daha çox gəlmişdilər. Siz yəqin yaxşı bilirsiniz ki, Üzeyir bəy Hacıbəyov Dağıstanda da musiqinin inkişafına çox köməklik edib. Ona görə də ləzgilər və Dağıstandakı xalqlar Üzeyir bəyi şox sevirlər. Milliyyatca ləzgi olan və Dağıstanda ilk opera olan “Xoçpar” operasını yazan Qotfrid Həsənov Sankt Peterburqda təhsil alsa da, Üzeyir bəylə də yaxın dost idi və ondan da bəstəkarlığın sirlərini öyrənmişdi. O, bu operanı 1937-ci ildə yazıb. Hətta bir vaxtlar dahi maestro Niyazi də Mahaçqalada Kumık Dövlər Musiqili-Dram Teatrının baş dirijoru olub və onlara musiqinin incəliklərini dərindən öyrədib. Ümumiyyətlə, Dağıstan xalqları, bəstəkarları və musqiqçiləri bizim musiqilərdən həmişə bəhrələniblər. Onlar bunu özləri də hər yerdə deyir və yazırlar.
- Salyan Dövlət Kukla Teatrında işlər yaxşı getmədiyinə görə sizi həmin teatra direktor vəzifəsinə göndərdilər. Orada çoxlu işlər gördünüz. Hətta kukla teatrının tarixində maraqlı yeniliklər etdiniz. Xahiş edirəm həmin teatrda apardığınız yeniliklər haqqında danışın.
-Bəli. Mən Mədəniyyət Nazirliyinin əmrilə Salyana göndərildim. 2020- 2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışdığım illərdə təvazökarlıqdan uzaq olsa da teatra yeni nəfəs gətirdim. Çünki ilk öncə teatra gənc və istedadlı aktyorları işə cələb eləməyə başladım. Hətta onalrın içərisində teatr sahəsində ali savadları olmayanlar da vardı və yaxşı istedadlı idilər. Onlarla çox ciddi işləyib, onları teatr üçün yetişdirdim. Daha sonra teatrın repertuarını yeniləməklə tamaşaçıları teatra cəlb etməyi bacardım. Salyan Dövlət Kukla Teatrının tarixində ilk dəfə olaraq ölkə hüdudlarından kənara çıxıb, Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd, Termis şəhərlərində qastrol səfərində olduq. Orada biz İsgəndər Coşqunun "Çal oyna" tamaşasını mənim qurluşumda oynadıq. Bundan əlavə Özbəkistan Respublikasının Surxandərya vilayətinin Termis şəhərində olan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında 2023-ci ildə memorandum imzaladıq. Bundan əlavə isə teatrın tarixində ilk dəfə olaraq, böyüklər üçün axşam tamaşaları da hazırladım. Bu tamaşalara da insanlar böyük həvəslə gəlib baxırdılar. Artıq az bir vaxtda Salyan teatral bir yerə çevrildi. Buna mən də, kollektiv də, tamaşaçılar da çox sevinirdilər. Çox maraqlı planlarım var ki, onları Salyanda reallaşdırmaq istəyirdim. Amma...
-Bəli. Amma sizi bir rəhbər kimi daha böyük teatrda sınamaq istədilər. Belə ki, Mədəniyyət naziri cənab Adil Kərimlinin əmrilə Salyandan Lənkərana göndərdilər. Və siz artıq altıncı aydır ki, 134 yaşlı Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsində işləyirsiniz. Keçən ilin oktyabr ayının 29-u və 30-da sizin teatr kollektivi iki tamaşasını – Cavid Zeynallının “ Tanrı quşu gəlmədi” və Xalq yazıçısı Kamal Abdullanın “Cəsus” tamaşalarını Milli Akademik Dram Teatrının səhnəsində yüksək peşəkarlıqla oynadı. Hər iki tamaşaya teatrın əvvəlki baş rejissoru və artıq bir neçə gün bundan qabaq Şuşa Dövlət Musiqili-Dram Teatrına baş rejissor vəzifəsinə göndərilən Anar Babalı quruluş vermişdi. Ömrünün əlli ilini teatra həsr edən və 140 tamaşaya quruluş verən bir rejissor kimi səmimi demək istəyirəm ki, Anar Babalının rejissor yozumları, aktyor oyunu xoşuma gəldi və inandım ki, Lənkəran teatrı artıq özünün ikinci intibah dövrünü yaşayır. Əlbəttə ki, bu intibah dövrü də rəhmətliklər Baba Rzayev və Oruc Qurbanovla başlamışdı. Mən Oruc Qurbanovu və ondan əvvəl baş rejissor işləyən Baba Rzayevi yaxşı tanıyırdım. Hər ikisi ilə dostluq əlaqələrim vardı və onların çoxlu tamaşalarına da baxmışdım. Hər ikisi Lənkəran teatrı üçün çox iş görən istedadlı rejissorlar idilər. Artıq onlar haqq dünyalarına qovuşublar. Allah hər ikisinə rəhmət eləsin. Bəs bundan sonra siz işləri necə qurmaq istəyirsiniz ki, əvvəlki intibah dövrünü davam etdirə biləsiniz?
-Tamamilə sizin sualınızala razıyam. Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə ikinci dəfə bərpa olunandan sonra həmin vaxtı teatrın bədii rəhbəri və direktoru Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə tərəfindən işlər çox yaxşı qurulmuşdu. Bilrisniz ki, teatrın ilk özülündən çox şey asılıdır. Teatrın rəhbəri nəyin bahasına olursa-olsun teatrı tamaşaçılara sevdirməyi bacarmalıdır. Məbud müəllim də bu teatra səkkiz il rəhbərlik etdiyi dövrdə, təkcə Lənkəranda yox, Cənub bölgəsində və Azərbaycanda Lənkəran teatrını yaxşı tanıtmışdı. Hətta həftənin altı günü teatrda tamaşalar olurdu və həmişə də anşlaqla gedirdi. Çünki o, təkcə direktor deyildi və həm də maraqlı rejissor idi. Əlbəttə, həmin vaxtı Lənkəran rayon partiya komitəsinin birinci katibi olan İsa Məmmədovun da teatr üçün çox şeylər etdiyini görürdük. Ümumiyyətlə, rayona rəhbərlik edən insan özü teatral olmalı, ədəbiyyatı, təhsili, idmanı sevməlidir ki, bu sahələrdə çox işlər görsün. Çünki o insan bilməlidir ki, insanın tərbiyəsində ədəbiyyatın, teatrın rolu çox yüksəkdir. İnsanın sağlamlığı üçün isə idman hökmən lazımıdır. Məbud müəllim, teatrdan Bakıya işləməyə göndəriləndən sonra Lənkəran teatrında bir neçə il zəifləmələr oldu və teatr yenidən dirçəldi. İki il bundan qabaq işdən çıxarılan, amma yaxşı təşkilatçı insan olan, əvvəlki direktor Tofiq Heydərov da çalışırdı ki, teatrı tamaşaçılara sevdirsin. Hətta teatrı ali dərəcə də etdirmişdi. Deməli, mən də çalışmalıyam ki, bu teatrda intibah dövrünü qoruyum. İlk öncə də teatrın repertuarına daha ciddi fikir verirəm. Çalışıram ki, repertuarda azərbaycanlı dramaturqlara daha çox üstünlük verim. Yerli dramaturqların yetişməsinə də çox çalışacam. Özünüz təkcə rejissor olmaqla yanaşı, həm də dramaturqsunuz. Antik teatr tarixindən başlayaraq, dramaturqlar əsasən teatrda yetişib. Elə götürək Ulyam Şekspiri, Fridrix Şilleri, Jan Batist Molyeri, Anton Pavloviç Çexovu, Aleksandr Ostrovskini, Əbdürrəhim bəy Haqverdiyevi, Nəcəf bəy Vəzirovu, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Abdulla Şaiqi, Sabit Rəhmanı, İlyas Əfəndiyevi və başqalarını. Məgər bu məşhur dramaturqlar teatrlarda yetişməyiblərmi?
-2025-ci ilin mart ayının 10-da Milli Teatr günündə sizin teatrın aktyorları da mükafatlar aldılar. Bu haqda nə deyə bilərsiniz?
-Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında 10 Mart - Milli Teatr gününə həsr olunmuş təntənəli və “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi yüksək səviyyədə keçirildi. Tədbirdə bizim teatrın səhnə ustası, Xalq artisti Qabil Quliyev, Cavad Zeynallının "Tanrı quşu gəlmədi " əsəri əsasında hazırlanan tamaşada oynadığı Süleyman roluna görə "Ən yaxşı aktyor", Qızılgül Quliyeva falçı Əlamət roluna görə " Ən yaxşı aktrisa" mükafatına layiq görüldülər. Prezident mükafatçısı Aynur Əhmədova Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşasındakı Burla Xatun obrazına görə "Uğurlu təqdimat" naminasıyası üzrə mükafatlandırıldı. Əlbəttə, biz buna çox sevinirik və çalışacağıq ki, gələcəkdə bu mükafatların sayı daha çox artsın. Çünki Lənkəran Dövlət Dram Teatrında çox güclü aktyor, aktrisa heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın yox, dünya klassiklərinin və müasir dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar. Biz çox sevinirik ki, teatr dünyasında çox tanınan və maraqlı tamaşaları ilə Azərbyacna teatr tarixində əbədi qalan Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizim teatra quruluşçu rejissor vəzifəsinə göndərilib. Biz, çalışacağıq ki, ondan yaxşı bəhrələnək. Çünki Bəhram müəllim təkcə rejissor yox, o, həm də yaxşı pedaqoqdur. Bu gün teatrlarımızda rejissor-podaqoqlar çox azdır. Əslində onlar çox olmalıdır. Biz, inanırıq ki, Bəhram Osmanov cavan aktyorlarımıza, aktrisalarımıza daha çox kömək edəcək ki, onlar da daha peşəkar olsunlar.
-Siz, özünüz də maraqlı, yüksək peşəkar rejissor-pedaqoqsunuz. Çünki Dağıstan Azərbaycan Dövlət Dram Teatrında, Qusar Dövlət Ləzgi Dram Teatrında və Salyan Dövlət Kukla Tetarında çoxlu gəncləri yetişdiribsiniz. Lənkəran teatrında özünüz tamaşalar hazırlamağı planlaşdırırsınızmı?
-Hal- hazırda tetarımzda iki uşaq tamaşası hazırlamışam. Dahi Üzeyir Hacıbəyovun 140 iliyi ilə əlaqədar "Arşın mal alan" tamaşası üzərində işləyirəm. Aprel ayının sonuna kimi təhvil verməyi planlaşdırırıq. Bundan əlavə Hüseynbala Mirələmovun məşhur “Gəlinlik paltarı” romanı əsasında yazdığı “Gəlinlik paltarı" psixoloji dramını və Şəfaət Şəfinin “Çimnazın elçiləri " əsərlərinə də quruluşu verməyi nəzərdə tutmuşam. Hər iki əsər də çox maraqlıdır və ən əsası isə günümüzün neqativ hallarını bu tamaşalar vasitəsilə tamaşaçılara göstərəcəyik. Onu da vurğulayım ki, Hüseynbala Mirələmov özü əslən lənkəranlıdır. Uzun illərdir ki, onun pyesləri respublikamızın bütün teatrlarında uğurla tamaşaya qoyulur. Elə mən özüm Qusar Dövlət Ləgzi Dram Teatrında onun iki pyesinə- “Xəcalət” və “Vəsiyyət” əsərlərinə quruluş vermişəm. Hər iki tamaşa uzun illər teatrda oynanılıb. Belə bir peşəkar dramaturqun pyeslərinin teatrımızda hazırlanması bizim üçün böyük uğur olar. Hətta oxucular üçün maraqlı olsun deyə vurğulayım ki, hər dramaturqun pyesini repertuarına salmayan Gürcüstan Dövlət Akademik Dram Teatrı bir vaxtlar Hüseynbala Mirələmovun “Xəcalət” pyesini “Gözlə məni” adı ilə tamaşaya hazırlamışdı. Bu tamaşa uzun illər həmin teatrın repertuarında qaldı. Lənkəran Dövlər Dram Teatrı artrıq sizin pyeslərə də müraciət eləyib. Belə ki, cavan rejissor və çox istedadlı insan İmran Ali Qurban sizin məşhur “Şah İsmayıl” tarixi faciənizə tetrımızda quruluş verəcək. Bütün bu işlər də mövsümün sonuna kimi yekunlaşmalıdır. İnanıram ki, hər üç tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanacaq. Sentyabr ayından isə cavan rejissorumuz Emil Əsgərov Ulyam Şekspirin məşhur “Kral Lir” tamaşasına bizim teatrda quruluş verəcək. Mən bir rejissor kimi ona da çox inanıram. Və inanıram ki, maraqlı tamaşa hazırlayacaq. Kral Lir rolunda isə Xalq artisti Qabil Quiyev oynayacaq. Ona da inanıram ki, bu tamaşa da respublikada məşhur olacaq. Tamaşaçılar tərəfindən də maraqla qarşılanacaq.
- Siz, həmişə yeniliyi xoşlayan rəhbər olubsunuz. Gələcəkdə bu teatrda hansı planlarınız var?
-Bu, təkcə plan deyil, mənim ali məqsədimdir. İstəyirəm ki, Lənkaran Dövlət Dram Teatrını ölkəmizdə və ölkədən kənarda tanıdaq. Xarici öləklərdə keçirilən festivallara gedək. Çünki həmin festivallar həm məndə, həm də kollektivdə özümüzə qarşı cavabdehliyi artırar. Ümumiyyətlə, teatrda çalışan hər bir insan, vəzifədindən asılı olmayaraq, çox cavabdehli olmalıdır və teatrı çox sevməlidir. Axı teatrın işçisi həmişə xalqın, tamaşaçının gözləri önündədir. İstər o, aktyor və istərsə də teatrda adi işçi olsun. Deməli, biz hər bir hərəkətimizə çox ciddi fikir verməliyik. Belə bir deyim var: “ İnsanın gözünün toxluğu onun dostu, nəfsi isə düşmənidir. Gözü toxluğu bacaran insanın da zahiri gözəlliyi, ağlın gözəlliyini daha da rövnəqləndirir”.
Fikrimi dahi dramaturqumuz Cəfər Cabbarlının bu kəlamı ilə tamamlamaq istəyirəm: “Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı bir şəkil yenə özüdür. O, bir şəkildir ki, özü də öz yaradıcısıdır... Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə də özüdür... Aktyor bir musiqişünasdır, eyni zamanda canlı bir alət - musiqidir. Daha doğrusu aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə özüdür”. Təki bütün aktyorlar, aktrisalar bunu bilsinlər və buna əməl etsinlər. Özlərinə qarşı cavabdeh olsunlar. Onda həm tamaşaçılar və həm də mütəxəssislər tərəfindən çox sevilərlər.
Bax, onda rejissorlar üçün aktyorlarla, aktrisalarla işləmək də daha asan və maraqlı olar.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)