Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ağdam Muğam Mərkəzində ötən gün “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı baş tutub. Tədbirdə Rahib Məmmədovun ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. SOCAR-ın Kulevi terminalının maliyyə dəstəyi ilə çəkilmiş və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadə olan “19 yaşlı xilaskar" sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirildikdən sonra Rahib Məmmədovun qardaşı çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölümlə üz-üzə qalmış insanları xilas edərkən böyük hünər və rəşadət göstərmiş 19 yaşlı Rahib Məmmədov 28 nəfər sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. SSRİ miqyasında Rahib Məmmədovun qəhrəmanlığına görə verilən “Qırmızı Ulduz” ordeni Böyük Vətən Müharibəsindən sonra 1987-ci il fevralın 2-də etdiyi qəhrəmanlığa qədər heç bir kəsə verilməyib.
Hazırda Çaladidi kənd orta məktəbi Rahib Məmmədovun adını daşıyır. Tiflisdə və Gürcüstanın müxtəlif yerlərində Rahibin adı əbədiləşdirilib, daim yad olunur. Rahib Məmmədovun adı təkcə qonşu ölkədə deyil eyni zamanda Bakı şəhərində və doğulduğu Mahrızlı kəndində də əbədiləşdirilib. Belə ki, paytaxda qəhrəmanın adına küçə, doğulduğu kənddə isə oxuduğu tam orta məktəb və “Döyüş şöhrəti” muzeyi mövcuddur.
Xatırladırıq ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də
Ağdamın Mahrızlı kəndində dünyaya göz açıb. 6 uşaqlı ailədə birinci övlad olub.
Rahib Ağdamda Mexanizasiya Texnikumunda mexanik ixtisasına yiyələndikdən sonra
1985-ci ilin oktyabrında hərbi xidmətə yollanır.
2 ildən sonra - 1987-ci il oktyabrın 1-də əsgəri xidmətini başa vurub kəndlərinə qayıtmalı,
sevdiyi qıza qovuşmalı idi...
Ancaq 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə Batumidə baş verən daşqın
19 yaşında onun ömrünü yarıda qoyur.
Belə ki, 1987-ci ilin fevralında qonşu Gürcüstan respublikasında havaların isti keçməsi,
qarın üzərindən güclü yağışın yağması regionda təbii fəlakətə səbəb olur.
Nəticədə Kür çayının bir qolu sayılan Rioni çayı məcrasından çıxır.
Çayın yaratdığı ilk faciə Çaladidi kəndində baş verir. Respublikada fövqəladə vəziyyət elan olunur.
Su basmış ərazilərdən əhalinin çıxarılmasına hərbi hissələr cəlb edilir.
Batumi şəhər Xerçal qəsəbəsində yerləşən motorlaşdırılmış hərbi hissədən xilasetmə işlərinə cəlb edilmiş
dörd ədəd zirehli maşınları (BTR ) idarə edən əsgərlərin arasında azərbaycanlı Rahib Məmmədov da olur.
Yolda xilasetmə işlərinə səfərbər edilmiş “BTR”-lərdən birinin mühərriki nasazlayır.
Çaladidi kəndinə çatdıqdan sonra acınacaqlı və dəhşətli vəziyyəti görən daha bir “BTR” komandası
suya girməkdən imtina edir. Qalan iki BTR-dən birini Rahib Məmmədov idarə edirdi.
Digərinin heyətində isə mayor Kurşakov və leytenant Aleksandr Ksenefontov olur.
Beləliklə, xilasetmə işlərinə başlanılır. Çaladidi kəndinin aşağı hissəsindən keçən dəmiryol xəttinin suyun axarının qarşısını alması vəziyyəti bir qədər də gərginləşdirmişdi. Rahib Məmmədov idarə etdiyi “BTR”lə su basmış kəndə birinci girişi nəticəsində çoxlu kənd sakinini xilas etmək mümkün olur. Lakin dəmiryol xətti və onun yaxınlığında inşa edilən körpünün altında selin gətirdiyi ağaclar suyun qarşısını aldığından onun səviyyəsi bir qədər də artır. İkinci gedişdə leytenant Ksenofontovun idarə etdiyi BTR-in pəri ağaca ilişərək qırılır. BTR işlək vəziyyətini itirdiyindən suda batmağa başlayır. Bunu görən Rahib Məmmədov kənd sakinlərini düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə tələsir. Çox çətin olsa da, Ksenefontovun idarə etdiyi BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını görən Rahib Məmmədov mayor Kurşakov və leytenant Aleksandr Ksenefontovla birgə yenidən kəndə gəlir və qalan səkkiz nəfəri “BTR” in üzərinə yığaraq xilas edir. Qayıdan məqamda suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR-i idarə etməsi çox çətinləşir. Belə gərgin məqamda, üstəlik, BTR-in lüləsi körpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da, vəziyyətdən çıxa bilmir. Su isə artıq BTR-in lyükundan içəri dammağa başlayır. Bu zaman daha bir bədbəxtlik baş verir. Belə ki, zərbələrdən içəridə olan mayor Kurşakovun ayaqları sınır. Bu məqamda Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı əmr edir. Özü isə bir anlıq BTR-ın lyükün açıb çıxmaq istəyərkən su şırnağı texnikanı yuxarı çırpır və Rahib Məmədov “BTR”-lə körpünün dəmiri arasında qalır. Leytenant Ksenofontovun dediyinə görə, məhz suyun təsirindən “BTR” sanki quruya atılır. Lyukdan çıxarkən Rahib Məmmədovun qan içində olduğunu görürlər. Həkim briqadası gələn zaman Rahib artıq keçinibmiş...
Rahibin qardaşı Sahib Məmmədov onu da qeyd edib ki, sənədlərdə qardaşının 28 nəfəri xilas etdiyi göstərirlər. Əslində isə o 28 nəfəri yox, 28 dəfə selin dərinliklərinə baş vurub və 60-dan çox adamı xilas edib: “Fəlakət olan kənddə yaşayan gürcülərin özlərinin də dediyinə görə, əslində Rahib daha çox adamı xilas edib. Sadəcə qeydiyyatı aparan erməni olduğundan həm "rels"lərin, həm də Rahib tərəfindən xilas edilən adamların sayını az göstərib. Burada da erməni xəbisliyi, saxtakarlığı özünü göstərib”.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)