“Xahiş edirəm ki, alqış və təbriklər olmasın” - Cahangir Zeynallının “20 yanvar”sənədli filmi nümayiş olundu Featured

Aysel Kərim, Accel Group-un baş direktoru, Gənclər mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün

 

Heç nə unudulmur və heç kəs yaddan çıxmır!

Ötən həftə - yanvar ayının 17-si Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirildi. Tədbiri ön sözlə Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, ABİ-nin sədri Firəngiz Əlizadə açdı. 

 

“Təəssüflər olsun ki, 20 yanvar günü bizim heç də xoş günümüz deyil. Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin faciəli gecənin ağrıları səngimir. İmperiya siyasətinin və sovet hərbi maşınının qurbanı olmuş yüzlərlə günahsız insanın ölümü yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, bu gün bizim hamımız üçün müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəf və qəhrəmanlıq səhifəsidir. 

Bizim həyatımızda təbii ki, gözəl hadisələr çoxdu. Elə ən birincisi, şanlı qələbəmizdir. Biz çox böyük şövqlə bu hadisəni öz yaradıcılığımızda - hərbi marşlarda, mahnılarda, böyük həcmli əsərlərdə əks etdirmişik. Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, millətimizin taleyində həm faciələr, həm zəfərlər baş verib. Bu hadisələr içərisində ən təsirləndiyim məhz 20 yanvar hadisəsi olub. Ona görə ki, kitablardan, televiziyadan yox, öz gözümüzlə bunun şahidi olduq, bu ağrını yaşadıq. Bizim yaşadığımız binanın həyətində rus tankları dayanırdı. Biz o hadisələri yaxından izləyirdik. Bildiyiniz kimi, mənim həyat yoldaşım kinorejissordu. Bu hadisələri lentə alarkən böyük şücaət göstərdi. Konsertlərimi lentə almaq üçün xaricdən aldığımız kameraya təəssüflər olsun ki, bu faciə çəkilməli oldu. Milli faciəmizə ehtiramla yanaşmaq hər bir sənətkarın, hər bir yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o faciəvi günlərin kədərini, qəhrəmanlığını özündə əks etdirən müxtəlif janrlarda əsərlər yazıblar. Simfoniyadan, oratoriyadan başlamış mahnılara qədər. Bu əsərləri təbliğ etmək, ifa etmək lazımdır, onlar dillər əzbəri olmalıdır, insanlar eşitməlidir. Ona görə ki bu bizim tariximizdir. Həmin əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər proqramına daxil edilir. Bu gün isə həmin ənənənin janr diapazonu genişləndirilərək sənədli filmə müraciət edilib. İstərdim kinorejissor Cahangir Zeynallının sənədli filmini izləyək. O özü çox təvazökar insandır. Amma diqqətinizə çatdırmaq istərdim ki, o, öz həyatını riskə ataraq təhlükələrdən çəkinmədən bu unikal kadrları ərsəyə gətirə bildi. Gəlin, filmi izləmədən öncə bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad edək.”

Bax, belə bir çıxış etdi Firəngiz xanım. Bir dəqiqəlik sükuta daldı hamı, sonra isə film nümayişi oldu. 

“20 Yanvar” adlı sənədli filmdə kinorejissorun həmin dövrdə lentə aldığı videomateriallara və tarixi faktlara, müəllif araşdırmalarına əsaslandığını gördük. Sənədli filmin nümayişindən sonra tamaşaçıların alqışnı göz yaşları əvəz etdi. Bir həftə keçməyinə baxmayaraq, izlədiyim kadrlar hələ də mənim gözlərim önündə canlanır, hələ də qəhər məni boğur, kadrların emosional təsirindən ayrılmaq çətindir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xalq yazıçısı Elmira Axundova 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əhəmiyyətini vurğulayaraq, xalqımızın milli faciəsini azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi dəyərləndirdilər.

Sonda isə tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı kürsüyə dəvət olunaraq Qanlı Yanvar faciəsi ilə bağlı xatirələrindən, həmin dövrdə müəyyən videomaterialları lentə alarkən qarşılaşdığı təhlükələrdən və şahidi olduğu hadisələrdən geniş halda bəhs etdi. Kameranı xaricə qaçırdarkən hava limanında üzləşdiyi gərgin, çətin anları həyəcanla izah etdi, gözləri doldu. Bu filmin əslində 1 saatdan ibarət olduğunu və bu gün filmin qısaldılmış formasının nümayişi olunduğunu vurğuladı. Tamaşaçılardan xahiş etdi ki, alqış və təbriklər olmasın. “Bu, hər bir azərbaycanlı kimi mənim də borcumdur” deyə vurğuladı. 

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatilləri lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Azərbaycan xalqına zəfər yaraşır. Arzu edirəm bəd günlər yalnız keçmişdə qalsın. Vətənimiz xoş günlərə bürünsün. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.