Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib. 

 

Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib. 

Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. 

Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”  (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib. 

Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.