Ağdam teatrı cənnəti və cəhənnəmi nümayiş etdirdi Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Ağdam təmsilçisi

 

Füzuli meydanında Qarabağın sənət beşiyi olan Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı dramaturq S.İbrahimlinin "Cənnət və Cəhənnəm" adlı komediyası ilə teatrsevərlərin görüşünə gəldi.  

 

Dərhal qeyd edim ki, bu əsər tamaşaçıların ürəyinə yol tapdı, onların rəğbətini və susmayan alqışlarını qazandı. 

Tamaşanın quruluşçu rejissoru, Prezident mükafatçısı və Ağdam Dövlət Dram Teatrının baş rejissoru Kərim Həsənli günümüzün aktual məsələlərini ustalıqla əks etdirən bir səhnə əsərini ərsəyə gətirmişdir. Hər bir səhnə mizanı rejissorun dərin fəlsəfi baxışı ilə yoğrulmuş, sadə, lakin düşündürücü dillə təqdim olunmuşdur. Obrazların ali məqsəd uğrunda mübarizəsi, süjet xəttinin məntiqli axını və sətraltı mənaların qrotesk üslubunda ifadəsi tamaşaçını sanki səhnədə baş verən hadisələrin bir hissəsinə çevirirdi.  

 

Kərim Həsənli tamaşa barədə bizə bunları dedi:

-Mənim quruluş verdiyim əsər satiranın və qara yumorun sərhədlərini məharətlə cızaraq, tamaşaçılara dərin təəssüratlar bəxş etdi, buna əlbəttə ki, şadam. Aktyorların oyununda hər bir detala diqqət yetirilmiş, emosional yaşantılar psixoloji incəliklərlə səhnəyə daşınmışdı. Tamaşanın hər bir anı izləyicini heyran edir, onların diqqətini səhnədə baş verənlərə bərkidirdi. 

Bu uğurlu səhnə əsərinin ərsəyə gəlməsində teatrımızın direktoru Məhəmməd Hüseynovun da böyük rolu danılmazdır. O, daim kollektivlə birgə addımlayır, teatrın inkişafı üçün qərəzsiz xidmət göstərir və humanist yanaşması ilə hər kəsin hörmətini qazanır. Məhəmməd müəllim, sizin rəhbərliyiniz altında milli teatrımıza xidmət etmək bizim üçün böyük şərəfdir.  

 

Ağdam Dövlət Dram Teatrının bütün yaradıcı və texniki heyətini bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.