Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Musiqili Teatra istinad edən AzərTAC məlumat yayıb. 

Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. 

Teatrın nümayəndə heyətinin üzvləri – Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçısı Nicat Həmidov Qazaxıstanda hörmət, ehtiram və yüksək qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayaraq əziyyəti olan hər kəsə təşəkkür ediblər. 

İstər festival iştirakçıları, istərsə də yerli media nümayəndələri tərəfindən rəğbətlə qarşılandıqlarını qeyd edən aktyor ölkəmizi belə bir nüfuzlu beynəlxalq layihədə təmsil etdiyinə görə qürur duyduğunu bildirib: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, gözəl təəssüratlarım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi. Bir-birindən maraqlı görüşlər sadalamaqla bitməyən xoş xatirələrə çevrildi”. 

Tədbirin proqramı çərçivəsində türkdilli ölkələrin teatr xadimləri, incəsənət nümayəndələri ilə işgüzar görüşlərdən danışan Vəfa xanım da səfər təəssüratlarının yüksək olduğunu vurğulayıb: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Əslində, onların bizə olan doğma münasibəti Azərbaycana sevgilərinin təcəssümüdür və biz bunu hər addımda hiss etdik. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik".

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.