1980-ci ildə “Babək” filminə görə Uzaq Şərqdəki hərbi hissədə necə qiyam qalxdı Featured

 

Etibar Əbilov, «Ədəbiyyat və incəsənət” üçün

 

Xalq artisti Rasim Balayevə zəng etmişdim. Zəfər bayramını təbrik etdim.

 

-Bu bayram başqa bayramlara bənzəməz, Zəfər  bayramı bizim ən böyük bayramımızdır- deyə Rasim müəllim çavab verdi.

Sonra isə-  Sənin mənə o vaxt əsgərlikdən yazdığın məktubu indiyə qədər saxlayıram - dedi.

 

-Neçəncu il idi o məktubu mənə göndərəndə?- Rasım müəllim soruşur.

-1980-çi il.

-Gör necə il kecir- Rasim müəllim sözünə davam edir, -Bilirsən, nə qədər adama oxumuşam o məktubu?

-Mən də Sizin yazdığınız cavab məktubunuzu saxlayıram.

Rasim müəllimin yanında kimsə var. Rasim müəllim mənim yazdığım məktubun məzmununu həmin adama danışır. 

 

Gəlin əhvalatı sizlərə ərz edim. 

1980-ci ildə Uzaq Şərqdə hərbi xidmətdə idim. Bir şənbə günü xəbər verdilər ki, axşam əsgərlər üçün film nümayiş  etdirəcəklər. Film də Azərbaycan filmi. Bir azdan filmin adını da bildik: Azərbaycan kinostudiyasında yeni çəkilmiş  "Babək"  filmini göstərəcəkdilər.

Başqa millətlərin arasında cəmi 21 azərbaycanlı idik. Allah bilir, axşamı necə gözləyirdik. Həm də həyəcanlı idik.

Nəhayət axşam gəldi. Film iki seriyalı olduğundan 1-ci seriyanı axşam yeməyindən əvvəl, ikinci seriyanı isə yeməkdən sonra nümayış etdirəcəkdilər. 

Təxminən 300 nəfərlik zal. Bütün yerlər tutulub. Əyləşməyə yeri olmayanlar döşəmədə oturub. Ayaq üstə dayananlar da var. İşıqlar söndü və film başladı. Və filmin təxminən 5-ci dəqiqəsindən sonra filmə tamaşa edənlərin hamısı demək olar ki, artıq bu filmin cazibəsinə düşdülər. Nəhayət, birinci hissə sona çatdı. Əsl mərəkə də bundan sonra başladı. Bir anda fit səsi, qışqırıq səsi, ruslara xas olan söyüşlər zalı başına götürdü. Səs-küydən qulaq tutulurdu. Hamı filmin ikinci hissəsini tələb edirdi. Bu o demək idi ki, bütün hərbi hissə axşam yeməyindən imtina edir... 

Bütün zabit heyəti kluba gəldi. Səhnədən qışqırır, əsgərləri intizama dəvət edirdilər. Səs-küy onların nə dediyini eşidilməz edirdi. Bu bir qiyam idi. Və bu qiyamı bir Azərbaycan filminə görə ən intizamlı sovet əsgərləri qaldırmışdılar. Həmin dəm həmin zalda olan 21 Azərbaycan övladının qəlbini bir qürur hissi bürümüşdü. Bir Azərbaycan övladı üçün yad eldə bundan qürurverici nə ola bilərdi ki?

Bir azdan səhnədə hərbi hissə briqadasnının komandiri, polkovnilk Yaraşuk göründü. Zabitəli, həm də qəddar bir adam olan Yaraşuk əlini qaldırıb gür və zəhmli səsi ilə sakitləşməmizi tələb etdi. Hüss olunurdu ki, əsəbi olduğu qədər də narahatdır, həm də qorxur. Mən inanmıram ki, o vaxtlar hər hansısa Sovet hərbi hissəsində əsgərlər tərəfindən hər hansı bir filmə, yaxud  konsertə görə belə kütləvi itaətsilik hadisəsi baş vermiş olsun. Buna görə hərbi hissənin rəhbərliyini də, əsgərlərin bəzisini də cəzalandıra bilərdilər. Polkovnik Yaraşukun  əsəbi narahatlığı da buna görə idi.

...Nəhayət salon qismən də olsa sakitləşəndən sonra polkovnik Yaraşuk zəhmli və əsəbi səslə sözə başladı:

-Əgər yeməyə getməsəniz bu filmin ikinci hissəsini görməyəcəksiniz.

Zalı yenə də uğultu bürüdü. Amma Yaraşuk gür səsi ili salonu sakitləşdirdi:

-Mənə diqqətlə qulaq asın. Mən sizə əmr edirəm! Hamınız ayağa qalxıb yeməyə gedirsiniz. Yeməkdən sonra gəlib filmin ikinci hissəsinə tamaça edəcəksiniz. Mən sizə söz verirəm. Dediyimə əməl etsəniz bu filmi sizin üçün sabah yenidən nümayiş etdirəcəyəm.

Başqa çıxış yolumuz yox idi. Komandir briqadanln əmrinə tabe olduq. Yeməyimizi tez-tələsik yeyib qayıtdıq və böyük bir zövqlə filmin ikinci hissəsinə tamaşa etdik...

Komandir Yaraşuk da sözünü tutdu. Səhər nahar yeməyinən sonra filmə yenidən tamaşa etdik.

Həmin hadisədən bir, ya iki gün sonra baş rolun ifaçısı Rasim Balayevə məktub yazmaq fikrinə düşdüm. Yazdım da. Yadımdadır, kazarmada məktubu yazarkən bir rus əsgəri (soyadı Soldatov) mənə yaxınlaşıb nə yazdığımı soruşdu və biləndə ki, Babəkə (Rasim Balayevə) məktub yazıram, rişxəndlə mənə dedi:

-Sən elə bilirsən O (Rasım Balayev) sənə cavab yazacaq? O Ulduzdu. Məşhur aktyordu... O  bəlkə də heç məktubunu oxumayacaq. Oxusa da heç vaxt sənə cabab yazmayacaq.

Mən isə: -Əgər o Nəsimini, Babəki oynayıbsa, hökmən çavab yazacaq -dedim.

Mən heç məktubu hansı ünvana göndərəcəyimi də bilmirdim. Bircə onu bilirdim ki, Azərbaycan Kinostudiyası Cəfər Cabbarlı küçəsində yerləşir. Məktubu həmin ünvana göndərdim. Və az keşməmiş Rasim müəllimdən sayğı dolu bir cavab məktubu aldım. Bütün hərbi hissə mənim Rasim Balayevdən (Babəkdən) aldıgım məktubdan danışırdı. Əsl qəhrəmana çevrilmişdim.

 

...İndi telefonun o başında olan Rasim Balayev yanındakı adama həmin məktubdan danışırdı.

Mən Rasim müəllimi yaşadığım Neftçala şəhərinə dəvət etdim. O dedi:

-O vaxtlar filmlərə çəkiləndə tez-tez zədələr alırdım. Cavanlıq idi deyə əvvəllər fikir vermirdim. Yaşa dolduqca həmin zədələrin fəsadları da üzə çıxır. Neçə vaxtdır ayaqlarım ağrıyır. Uzaq səfərlərə çıxa bilmirəm. Amma sağlıq olsun. Ayağımdakı ağrılar keçsin, hökmən gələcəm Neftçalaya. Gəlib səninlə görüşəcəm.

-Sağlıq olsun, -dedim, -gözləyəcəyəm Rasim müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.