Polşadan başladım, Venesuelada bitrdim

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Həftəsonu Kinoya getməyə qərar verdim, amma bunu orijinal yolla -hansısa festival, yaxud kino-baxış tədbirlərinə qatılmaqla etmək istədim. Və axtarıb iki belə mərasim topdım.

 

POLŞA FİIM FESTİVALI

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçirilən Polşa Film Festivalı oktyabrın 31-dək davam edəcək, filmlər “Azərbaycan” CinemaPlus-da nümayiş olunur. 

Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini izləyiblər.

Mən “İA” fiımini izlədim. Yeji Skolimovski Polşanın çağdaş dövr ən məşhur rejissorlarındandır. “İA” filmi də onun ən uğurlu işlərindəndir, filmin premyerası ötən il Kann kinofestivalında olub. 

Soruşarsınız, film nədən bəhs edir. Bu mənim 30 illik həyatımda gördüyüm uzunqulaq barədə ilk film idi. Bəli, fiımin qəhrəmanı ağıllı gözləri olan bir uzunqulaqdır, ia isə onun çıxardığı səsdir. 

Qapaq şəklində maraqla izlədiyim İA filmindən kadrı görürsünüz. 

Builki “Visla” çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” ekran əsəri olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsindən bəhs edir.

Festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi nəzərdə tutulub. 

Bu arada festivalın koordinatoru və layihə meneceri Yanna Nekanın başlanğıcda mediaya açıqlamasını da qeyd etmək istəyirəm. Xanım Yanna deyib: “Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik. Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirdik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır. Bu işdə bizə dəstək olan Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürümüzü bildirir və qarşıdakı illərdə də əməkdaşlıq etməyi arzulayırıq”.

Həqiqətən də Polşa kinosu təriflənəsi kinodur, indi sizə bir film adı çəkəcəm, yəqin əksəriyyət baxıb, baxmayanlar isə çütləq baxsınlar: “Loğman”.

 

II LATIN AMERİKASI FİLMLƏRİ FESTİVALI

Bu günlər Bakıda II Latın Amerikası Filmləri Festivalı da keçirilir. Festival çərçivəsində “Landmark” biznes mərkəzinin kinoteatrında Venesuela istehsalı olan “Bazar ertəsi və ya çərşənbə axşamı, bazar günü heç vaxt” (“Monday or Tuesday Never On Sunday”) adlı filmin nümayişi idi, əsla bu ölkənin kinematoqrafı ilə tanışlığımın olmaması səbəbindən dedim, tanış olum. Və 

“road movie” janrında çəkilən filmi bəyəndim. Filmdə bu Latın Amerikası ölkəsinin gözəl mənzərələri göstərilib. Hadisələr Merid ştatının dağlarında başlayır, daha sonra quraqlıq regiona – Falkon ştatına ötürülür.

Ekran əsərində tamamilə fərqli iki qadından söhbət açılır: Venesuelanın And dağlarından olan gənc kəndli Qreqori və ortayaşlı, yüngülxasiyyətli şəhərli Lusiya. Onlar yaranan vəziyyətlə əlaqədar mənzilbaşına çatmaq üçün birgə səyahətə çıxmalıdırlar. Onlardan biri öz keçmişini, digəri bu gününü öyrənir. Hər ikisi sevginin gücünü hiss edir.

Qeyd edim ki, noyabrın 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrində istehsal olunan filmlərin nümayişi planlaşdırılır.

Xatırladım ki, Bakıda Latın Amerikası Filmləri Festivalı ilk dəfə 2018-ci ildə keçirilib.

Mətn fotosunda: bakılılar Venesuela filmini maraqla izləyirlər.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.