Nizami Kino Mərkəzində “Məryəm” filminin premyerası olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində oktyabrın 10-da Nizami Kino Mərkəzində “Məryəm” tammetrajlı bədii filminin premyerası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalıdır.

Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxış edərək bildirib ki, “Məryəm” filmi gənc nəsil üçün çox vacib və nümunəvi bir ekran əsəridir. Bu film sevgi, vəfa tarixçəsidir.

“Korkut Ata” film festivalından söz açan O.Fikrətoğlu vurğulayıb ki, festival TÜRKSOY tərəfindən təşkil olunub. Həmçinin bununla bağlı Şuşada və Bakıda tədbirlər keçirilir.

Ekran əsərinin süjet xətti Məryəm adlı qızın dünyasını dəyişmiş atasını görmək üçün uzun illər sonra Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.

 

Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, ideya müəllifi Fərhad Rastqar, prodüserləri Fariz Əhmədov, Suat Köçər, Elçin Musaoğlu, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərlidir.

Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ayşad Məmmədov, Qəmər Məmmədova, aktyorlar Təhminə Rafaella, Zaur Şəfiyev, Ərtoğrul Kamalov və başqaları çəkiliblər.

Qeyd edək ki, Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı film nümayişləri, müxtəlif tədbir və təqdimatlarla davam edir.

 

(AzərTAC-ın materiallarından istifadə olunmuşdur)

 

“Ədəbiyyat və incəsənət” 

(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.