Tokioda Yay Olimpiya Oyunlarının qızğın vaxtıdır. Şübhəsiz, idman azarkeşləri böyük maraq və həyəcanla yarışları izləməkdədirlər. Hər bir olimpiadada olduğu kimi Tokio Olimpiadasında da ayrıca mədəni proqram var, incəsənət idmanla vəhdətdə insanlara xoş dəqiqələr bəxş edir. Tokionun özəlliyi və fərqliliyi də var: tamaşaçıların əhval-ruhiyyəsini yüksəltmək üçün Workd Flags layihəsinin rəssamları Olimpiya ruhunu samuray ruhuna birləşdirməklə anime stilində döyüşçülər şəklində müxtəlif ölkələrdən gələn idmançıların necə görünəcəklərini ortaya qoymaqdadırlar.
"Samuray unikal Yapon fenomenidir", - deyə Kamaya Yamamoto - layihənin yaradıcısı deyir, qeyd edir ki, onlar hamını ənənəvi yapon mədəniyyəti ilə tanış etmək istəyirlər.
Rəssamlar Hindistan və Cənubi Afrikadan Böyük Britaniya və Türkiyəyə qədər oyunlarda iştirak edən bütün 200 ölkədən “samuray idmançıların” şəkillərini yaratmağa qərar veriblər.
Layihənin müəllifləri öz işlərinə çox ciddi yanaşıblar, hər bir ölkənin bayrağının tarixini və rəmzlərini, eləcə də onların hər biri ilə assosiasiya olunan milli rəng və elementləri öyrəniblər.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən layihədən bəzi görüntüləri təqdim edir. Əfsus ki, burada Azərbaycan nümayəndəsinin rəsmini tapa bilmədik, amma qardaş Türkiyənin idmançısı samuray görkəmində çox möhtəşəmdir, aylı-ulduzlu bayraq bu görüntüyə xüsusi özəllik qatır.
Məsələn, Meksika döyüşçüsünü yaratmaqla Yamamoto nəzərə alıb ki, ölkənin bayrağında Kaktus üzərində oturan və ilan yeyən qartal təsvir edilib, bütün bunlar da meksikalı samuray obrazına inkorporasiya olunub.
Hər bir qəhrəman onun xarakterinin əsas xüsusiyyətlərini, güclü və zəif tərəflərini əks etdirən qısa bir xarakterizə ilə müşayiət olunur, bir çox video oyunlarda olduğu kimi.
Bir qədər də tarixə rakurs edək.
Ən azı XII əsrdən etibarən samuray Yapon cəmiyyətinin həyatında mühüm rol oynamaqdadır. Bu gün Bushido və ya döyüşçü yolu, əsl samurayın özünəməxsus davranış kodeksidir, bu, artıq təbliğ edilmir, lakin onun bir çox elementləri ictimai şüura möhkəm şəkildə hopub.
Dünya bayraqlarının layihəsi Tokio Olimpiadasının reklam kampaniyası kimi görünsə də, onda çalışan bütün 15 dizaynerlər bunu boş vaxtlarında və tamamilə pulsuz ediblər.
Layihə inkişafdadır: bu interaktiv prosesdir: rəssamlar vaxtaşırı "Tvitter" də sorğular təşkil edir, artıq görülən işləri qiymətləndirmək, çatışmazlıqları aşkar etmək və ya bu və ya digər ölkə ilə bağlı ən yaddaqalan simvollar və ya əşyalar təklif etmək istəyənlərə şərait yaradırlar.
Rəssamlar tənqidə də ciddi yanaşırlar. Məsələn, ispan qəhrəmanı əvvəlcə samuraydan daha çox toreadora bənzəyirdi.
Yamamoto deyir: "Etiraf etmək lazımdır ki, biz bəzən dünyanın qalan hissəsinin Yaponiyadan necə göründüyü stereotiplərinə yuvarlanırıq. Biz öküzlərin döyüşlərini İspaniyada əsas mövzu olduğunu düşünürdük və kritik şərhlərdən sonra ispan samurayımızı dəyişdirdik".
Dünya bayraqlarının saytında və sosial şəbəkələrdə yerləşdirilən illüstrasiyalar artıq bütün dünyada şöhrət qazanmağa başlayıb.
"Şri-Lankanın sakinlərindən çox sayda mesaj aldıq, onlar şri-lankalı samuray obrazına vurulduqlarını söyləyirdilər", - Yamamoto qürurla deyir.
Yaponiyadakı bir neçə səfirlik, o cümlədən Honduras və Venesuelanın səfirlikləri artıq rəssamlara müraciət edərək, samuray obrazında öz milli qəhrəmanlarının rəsmlərini öz saytlarında yerləşdirmək istədiklərini deyiblər. Layihənin müəllifləri ümid edirlər ki, bütün bunlar bu il pandemiya səbəbindən tamaşaçı olmadan keçiriləcək Olimpiya Oyunlarında əhval-ruhiyyəni qaldırmağa kömək edəcək.
Şəkillərdə:
Türk cəngavəri samuray obrazında;
Norveç, Rusiya, İsveçrə və Danimarka layihədə bu cür təmsil olunub; Əsil yapon samurayı; Məşhur ədəbi qəhrəman Harri Potter samuray qiyafəsində.
Tokio Olimpiadasının incəsənət tərəfi və türkləşmiş yapon samurayı Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/en/gundem/item/228-tokio-olimpiadas-n-n-indzaesaenaet-taeraefi-vae-turklaeshmish-yapon-samuray#sigProGalleria6d56f946c9
https://edebiyyatveincesenet.az/en/gundem/item/228-tokio-olimpiadas-n-n-indzaesaenaet-taeraefi-vae-turklaeshmish-yapon-samuray#sigProGalleria6d56f946c9