Mədəniyyət Nazirliyinin “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub Featured

 

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşan “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimatı olub. Layihənin  əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.

Bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib: “Bu gün biz önəmli bir layihəyə start veririk. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı vacibdir”.

Nazir vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır: “Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik. Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də bunu davam etdirməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir”.

A.Kərimov hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bundan sonra hər ay bu mövzuda görüşlər keçiriləcək.

Sonra “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova çıxışında layihənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Burada təcrübə də çox önəmlidir. Düşünürəm ki, görüləcək işlər çox peşəkar şəkildə təqdim olunacaq. Bu istiqamətdə görüləcək işləri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq layihələrdə təqdim edə biləcəyik”.

Tanınmış fotoqraf Reza Deqati Şuşa ilə bağlı xatirələrindən danışıb. O, Şuşada fotoqrafiya məktəbi açmaq istədiyini bildirib: “Həm fotoqraf, həm memar, həm də tarixçi kimi çox maraqlıdır ki, necə olub Şuşada bu qədər ziyalılar yetişib. Bu cür yerlər dünyada azdır. Mən istəyirəm ki, Şuşada fotoqrafiya məktəbi yaradım, dünyanın müxtəlif ölkələrindən ora fotoqraflar gəlsin. Bu, fotofestival şəklində də ola bilər. Bilirsiniz, foto indi dünyanın ən birinci dilidir. Fotonun dili ilə bütün dünya ilə danışmaq olar”.

Tədbir müzakirə və çıxışlarla davam edib.

Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.