Antalya Diplomatiya Forumunda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Forum çərçivəsində keçirilən “Mədəni irsin rəqəmsal dövrdə qorunması” adlı panel konfransında çıxış edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AzərTAC-a bildirilib ki, Günay Əfəndiyeva çıxışında dünyanın müxtəlif ölkələrinin lider və mütəxəssislərini bir araya gətirərək tədbiri yüksək səviyyədə keçirdiklərinə görə Forum təşkilatçılarına təşəkkür edib. Fondun prezidenti Forumun diplomatik və siyasi mühitə mühüm təsir göstərdiyini vurğulayıb: “Dünyanın bir çox yerlərində baş verən ciddi hadisələrə baxmayaraq, bizim burada olmağımız bunu təsdiqləyir, çünki bu platforma diplomatik münasibətlərin inkişafı və bu gün üzləşdiyimiz kirtik məsələlərin həlli üçün mühüm vasitə kimi görünür”.
Qədim dövrlərdən mədəniyyətin sivilizasiyanın qorunmasında, tərbiyəsində və inkişafında əsas amil olduğunu qeyd edən Günay Əfəndiyeva deyib : “Bu gün dünya mədəniyyətinin tarixi, bəşəriyyətin yaranması, dinc yanaşı yaşama, əməkdaşlığın və davamlı inkişafın şərti kimi qarşılıqlı tolerantlığın rolu haqqında ümumi biliklərin təkmilləşdirilməsi çox vacibdir. Bu çağırış, özünəməxsus adət-ənənələr sisteminə malik hər bir mədəniyyətin mənəvi böhrana məruz qaldığı və dəyərlərin transformasiya olunduğu günümüzün sürətlə dəyişən reallığında xüsusilə aktuallaşır və ön plana çıxır. İndi bütün xalqlar dünyamızın kövrəkliyini dərk edir və bəşəriyyətin mədəniyyətini, tarixini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırlar”.
Bu istiqamətdə rəqəmsal texnologiyaların önəminə toxunan Fondun prezidenti vurğulayıb ki, rəqəmsal texnologiyalar bəşər tarixini mühafizə və təbliğ etmək imkanını yaradır: “Bunun nəticəsində insanlar bu gün müxtəlif xalqların mədəni irsi ilə tanış ola bilir. Texnologiyanın bizə gətirdiyi bu qabiliyyət mədəniyyətlərimizin sürətlə sərhədləri aşmağına şərait yaradır. İstənilən musiqi, kino, teatr və ya digər media bir neçə saniyə ərzində bütün dünyada paylaşılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv ölkələrdə də qeyri-maddi mədəni irsin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət göstərilir”.
Mədəni irsin qorunmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs edən Günay Əfəndiyeva, rəqəmsallaşdırılma ilə bağlı Fondun xüsusi fəaliyyətindən söz açıb: “Texnoloji tərəqqinin təsirini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi və dünya mədəni irsinin rəqəmsallaşdırılması sahəsində çoxlu nailiyyətlər qazanmış Heydər Əliyev Fondunun fəaliyyətində açıq görmək olar. Dünya irsi üçün əhəmiyyətli əsərlərin nümayiş olunduğu onlayn kitabxanaların, virtual muzeylərin yaradılması buna misal ola bilər. Heydər Əliyev Fondunun hazırda ən mühüm işlərindən biri Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda 30 ilə yaxın işğal müddətində dağıdılmış və mənimsənilmiş mədəniyyət abidələrinin bərpası və dirçəldilməsidir” .
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, texnoloji irəliləyişlərin təşkilatın işindəki əhəmiyyətini, tədbirlər keçirilməsinə, türk dünyasının böyük şəxsiyyətlərinin anılmasına və onların irsinin dünyada yayılmasına imkan verdiyini vurğulayıb: “COVID-19 pandemiyası gündəlik həyatımıza ciddi dəyişikliklər gətirdi. Karantin rejimində biz yeni ünsiyyət yolları və fəaliyyət göstərmək üsulları tapmalı olduq. Bəlkə də bu dövrdə rəqəmsallaşma bizi xüsusi təcriddən xilas etdi, çünki təhsil, sosiallaşma, iş və ümumiyyətlə həyat onlayn rejimə keçirildi. Bu baxımdan Fond həm də dəyişən mühitə uyğunlaşmalı, innovativ alət və platformalardan istifadə etməklə layihələr həyata keçirməli idi. Məktəbliləri əcdadlarımızın çoxəsrlik tarixi ilə tanış etmək məqsədilə “Türk Dünyası Muzeyləri Həftəsi”ni təşkil etdik. Bu müddət ərzində müxtəlif ölkələrdən olan məktəblilər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan muzeylərinə virtual turlara qatıldılar. "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" mövzusunda uşaq və tələbələr arasında onlayn rəsm və esse müsabiqələri elan etdik. Bu layihə təkcə türk dövlətləri deyil, dünyanın müxtəlif ölkələrindən cavab verən uşaq və gənclərin böyük yaradıcılıq potensialını nümayiş etdirdi. Keçən il biz türk və dünya ədəbiyyatına mühüm töhfələr vermiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etdik. Fondun təsis etdiyi “Dədə Qorqud” kamera orkestrinin ifasında Nizaminin şeirlərinə yazılmış musiqi əsərlərindən ibarət konsertlər təşkil olundu, müxtəlif ölkələrdə kitablar çap edildi, şairin həyat və yaradıcılığından bəhs edən onlayn konfranslar kimi bir çox tədbirlər keçirildi. Eyni zamanda, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvinin “Yeddi gözəl” kitabının elektron versiyasını təqdim etdik. Bu, geniş auditoriyaya kitabın məzmunu ilə tanış olmaq imkanı yaratdı. Bunlar tərəfimizdən həyata keçirilən layihələrin sadəcə kiçik bir qismidir”.
Günay Əfəndiyeva beynəlxalq təşkilatların nümayəndələri olaraq mədəni irsi qorumaq, öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürməklə müxtəlif mədəniyyətlər arasında zəruri dostluq əlaqələri yaradılmasının, digər sivilizasiyalarla qarşılıqlı əlaqədə olmağın, paralellər aparılmasının və ortaq nöqtələrin tapılmasının önəmindən bəhs edib.
Paneldə, həmçinin Namibiya beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Jenelly Matundu, Bolqarıstanın keçmiş Baş naziri Simeon Sakskoburggotski, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Ömər Kocaman, Dünya Aramea Şurasının prezidenti Coni Messo çıxış ediblər.