Lopabığ Ambarsum həkim və sancılanmış 20 yaşlı azərbaycanlı qız - Mina Rəşid yazır Featured

 

Hacı Zeynalabdin Tağıyevin heykəli önündə düşüncələr

 

Millətinə böyük yaxşılıqlar edən, xeyir işlərlə adını tarixə yazdıran  milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı zaman keçdikcə daha hörmətlə yad edilir. Yazıçı H.Abbaszadənin dediyi kimi, yaxşı insan qızıl kimidi...

H.Z.Tağıyev 1823-cü ildə, başmaqçı ailəsində doğulub, kiçik yaşlarında anasını itirib. 10 yaşından bənna kimi çalışmağa başlayıb. O, çox işgüzar və mübariz bir insan olub. İllərlə çalışıb və qazandığı pulla iki şəriki ilə torpaq sahəsi alıb. Həmin torpaqdan neft çıxarmağı düşünüb. Ançaq buna asanlıqla nail ola bilməyib. Axırda iki şəriki mübarizədən əlini üzdükdə onların torpaq paylarını da satın alıb. İnadından dönmək istəməyən Hacının qazdırdığı quyu nəhayət bir gün neft fantanı vurub. Beləcə o, tezliklə milyonçuya çevrilib. Ancaq mal, pul onu insanlıqdan çıxarmayıb. Əksinə, o, bir vaxt bənna kimi işlətdiyi baltasını yaraşıqlı evinin görkəmli yerindən asıb ki, keçmişini unutmasın...

H.Z.Tağıyev qazandığı pulların çox hissəsini xalqının güzəranına, onun övladlarının maariflənməsinə sərf edib, savab işlər görüb. Su kəməri,  Toxucuuq fabriki, Teatr binası, müsəlman şərqində ilk qızlar məktəbi və çətinliklə başa gələn bir çox xeyir əməlləri onun adını tarixin yaddaşına həkk edib. Açdığı məktəbdə təhsil alan imkansız uşaqların bütün ehtiyaclarını qarşılayıb. Naxçıvanda, Gəncədə, Şamaxıda, Tiflisdə və başqa yerlərdə olan məktəblərə yardımlar edib. Onun Bakı Dövlət Universitetinin yaradılmasında da xidmətləri böyükdür. O vaxt dövlətin xarici ölkələrdə oxutdurduğu tələbələri də unutmayıb. Tağıyevin Vətəni, milləti yolunda böyük xeyriyyəçilik işlərini, soydaşlarına etdiyi yaxşılıqları saymaqla bitməz. Hələ onun kitab nəşrinə, mətbuata verdiyi töhfələrdən danışmırıq... Elə buna görə də, H.Z.Tağıyev cəmiyyətdə “El atası” kimi hörmət qazanmışdı.

Ancaq o, milyonlar xərcləyərək milləti üçün bir çox xeyir işləri həyata keçirməyə başlayarkən ona çox maneələr törədilib. Yoluna daş atanlar elə öz millətinin qaraguruhçuları olan ədabaz bəylər, savadsız dindarlar və avam adamlar olub. Elə bu adamlar qız məktəbinin açılmasında onu və tərəfdarlarını ölümlə hədələyir, camaat arasında onun xeyirxah işlərinə kölgə salmağa çalışırdılar. Nəhayət bir gün bütün təhdidləri, təhlükəni gözə alan Hacı məscidə gedib ruhanilər qarşısında çıxış etməyə başlayır: “...Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq"... 

Bax bu parçanı oxuduqdan sonra heç unuda bilmirəm. Gör bu işıqlı insan necə bir qaranlıqları aydınladıb. Görəsən o “qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılara bundan da tutarlı bir cavab olardımı?

Elə buna görə də, bu gün dövlətimiz tərəfindən H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilərək onun heykəlinin Bakıda “İçərişəhər” metrostansiyasının qarşısında bax beləcə ucaldılması milyonlardan biri kimi məni də çox sevindirdi...

Sonda H.Z.Tağıyevin bir kəlamını da yada salmaq istərdim: “Pul qazan, amma şərəfini itirmə. Pul bir gün gedər, nə vaxtsa gələr. Amma şərəf gedər, gəlməz!” 

Deyirəm, H.Z.Tağıyev kimi milləti düşünən işıqlı insanlara hər zaman ehtiyac var. Necə ki, Peyğəmbərimiz (s) buyurub: “Həmişə xeyir işlərdə yarışın!”

Allah H.Z.Tağıyevə rəhmət eləsin, məzarı nurla dolsun.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.