Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında mümkün Barış Anlaşması hazırlanması sürəcinin Gürcüstanda da diqqətlə izləndiyi şübhəsizdir.
Empati yapsaq, belə bir Anlaşmanın imzalanması ilə Gürcüstanın Qafqazda neytral və mərkəzi (tranzit) rolunun itirilməsi qorxusu gerçək bir ehtimal kimi görünə bilər, amma bunun baş verməsi üçün önəmli faktorların eyni anda mövcud olması gərəkdir. Qafqazdakı geosiyasi durum və bölgəsəl güclərin dəngəsi, bu planda nələrin gerçək olub-olmamasını müəyyən edəcəkdir.
Gürcüstan, zaman-zaman, hər üç qonşusu - Ermənistan, Azərbaycan və Rusiya ilə müstəqil və dəngəli bağlar qurmağa, qurduğu bağları qorumağa, davam və inkişaf etdirməyə çalışıb. Bu, ona bölgəsəl məsələlərdə bir növ “orta yol” mövqeyi qazandırıb. Lakin:
-Azərbaycan və Ermənistan arasında Barış Anlaşmasının imzalanması, əsasən iki tərəf arasında olan gərginlikləri azaldarsa, Gürcüstanın bu əlaqələrdəki “arabulucu” rolu və “mərkəziyyət”i zəifləyə bilər.
Əgər Azərbaycan və Ermənistan arasındakı barış, hər iki ölkənin strateji bağlarında üçüncü qonşunu nəzərə almadan inkişaf potensialı göstərərsə, Gürcüstanın bu iki qonşusu arasındakı proseslərə (belə demək mümkünsə) “müdaxilə” və ya iştirak imkanları azalacaqdır.
Bəlli olduğu kimi,
Gürcüstan, enerji layihələrində və daşımaçılıq dəhlizlərində önəmli keçid məntəqələrinə sahib ölkə olmanın komfortunu yaşayır. “Komfort zona”dan çıxmaq ehtimalının qonşuda yaratdığı həyəcanı anlamaq çətin deyildir.
Rusiya da hələlik Gürcüstanın strateji tərəfdaşı görüntüsünə sahibdir; lakin bu tərəfdaşlıq, hər an zəifləyə bilər. Rusiya, Ermənistanla olan strateji yaxınlıq (iç-içəlik) təcrübəsinə baxmayaraq, Gürcüstanın neytral mövqeyini dəstəkləyir;
Barış Anlaşmasından sonra, Rusiyanın öz çıxarlarını gücləndirmək üçün Azərbaycanla daha yaxın işbirliyində maraqlı olmayacağını kim deyə bilər?
Hazırkı dönəmdə,
Rusiya Azərbaycanla bərabərhüquqlu münasibətlərdə səmimiyyət nümayiş etdirməli, özəlliklə, məlum uçaq böhranında ləyaqətli mövqe göstərməlidir. Aydındır ki, Rusiya Geney Qafqazdakı təsirini saxlamağa çalışacaq, amma Ermənistan-Azərbaycan barışı ona əlavə zəiflik gətirirsə, Gürcüstanın rolunun kəskin şəkildə dəyişməsi ehtimalı arta bilər.
Gürcüstanın iç siyasi dinamikası da unudulmamalıdır.
Gürcüstanın iç siyasi durumu bu qorxuların gerçəkləşib-gerçəkləşməməsində önəmli rol oynayır. Gürcüstanın Batıya yönəlik siyasəti və Avropaya inteqrasiya cəhdləri, onu ötən illərdə bölgəsəl güclərdən daha müstəqil bir mövqeyə gətirmiş kimi görünürdü. Lakin günümüzdə başqa siyasi şəkillənmələr meydana çıxmış durumdadır…
Məsələn, Avropa Birliyi ilə yaşanan gərginliklərin ardınca, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Gürcüstan nümayəndə heyətinin də cəzalandırıldığını vurğulaya bilərik. Beləki, Gürcüstanın hökumətyönlü deputatlarına AŞPA-da fəaliyyət göstərmək hüququ yalnız sanksiyalar altında və ciddi məhdudiyyətlərlə tanınıb.
Gürcüstan parlament nümayəndə heyətinin rəhbəri Teya Tsulukiani isə AŞPA-dan çıxdıqlarını elan edib...
Gürcüstanın Avropa və NATO ilə daha sıx bağlar qurmaq cəhdinin gürcü cəmiyyətində 50 faizlik dəstəyi var; belə çıxır ki, əgər həmin bağlar davam edərsə, bu, onun Qafqazda neytral və mərkəzi rolunu müəyyən dərəcədə təhdid edə bilər.
Gələcəkdə Gürcüstanın özünün bölgəsəl dəngəsini qorumağa çalışması, başqa dövlətlərin bölgəsəl güclərinin təsirini qəbul etməsi və müəyyən strateji seçimlər etməsi lazım olacaq.
Gürcüstanın intensiv diplomatik çalışmalarına da vurğu edək:
Gürcüstanın neytral rolunun itirilməsi, yalnız rəsmi strateji və diplomatik yanaşmalarla önəmli dərəcədə dəyişə bilər. Gürcüstan öz diplomatik bağlarını inkişaf etdirərək və ərazilərinin təhlükəsizliyini təmin etməyə çalışaraq, iki qonşusu arasındakı Barış Anlaşmasından sonra, bölgəsəl rolunu qorumağa davam edə bilər. Bu, həm beynəlxalq aləmdəki qüvvələrə, həm də Qafqazda mövcud olan təhdidlərə qarşı davamlı bir diplomatik yanaşma tələb edir.
Sonuc olaraq, nələri vurğulamalıyıq? -
Gürcüstanın bölgəsəl işbirliyi və strateji bağlarını necə qurması, eyni zamanda Ermənistan-Azərbaycan Barış Anlaşması sonucunda formalaşan yeni geosiyasi düzənin Qafqaza necə təsir edəcəyini müəyyən edəcək. Gürcüstan hələ də önəmli bir tranzit, diplomatik və təhlükəsizlik rolunu oynaya bilər, amma təzyiqlərlə də qarşılaşa bilər.
Burada çox önəmli və dartışmasız bir faktor vardır, o da, Azərbaycanın hər kəsə münasibətdə ləyaqətli mövqe tutmasına bağlıdır. Yəni, Azərbaycan Gürcüstanla münasibətlərini Ermənistanla münasibətlər konteksində deyil, necə lazımsa, o şəkildə qurur. Ermənistanla Barış Anlaşması bizim işimizdir və o Anlaşmadan Gürcüstana zərər toxunmayacaqdır. - Toxunacaqsa da, bu, qətiyyən bizdən qaynaqlanmış olmayacaq. Azərbaycanın sözünün möhürlü imza qədər keçərli olduğunu Gürcüstanın indiki və keçmiş rəhbərləri dəqiq bilir.
Azərbaycan həmişə qonşularına münasibətdə ədalətli və açıq siyasət yürüdüb. Gürcüstanla olan əlaqələrimiz də bu prinsiplərə əsaslanır və gələcəkdə də bu yanaşma davam edəcək.
Ayrıca,
Qafqazın geostrateji mövqeyi elədir ki, buranın hər bir dövləti üçün imkanlar var və bərabərhüquqluluq prinsipini üstün tutan hər kəs üçün faydalar mövcuddur. Əgər üç respublikadan hər biri “Təhlükəsiz, çiçəklənən Qafqaz”da maraqlı olsa, bu, bütün yaxın-uzaq ölkəkər üçün də xeyirli olardı. Azərbaycan həmişə bir-birinin iç işlərinə qarışmamaq, bir-birinə qarşı əsassız iddialar irəli sürməmək, o cümlədən ərazi bütövlüyünü tanımaq, bir sözlə, beynəlxalq hüquq normalarına sayğı göstərməkdən yana olub. Azərbaycan “3+3” formatında da səmimi şəkildə öncül mövqe tutub.
Bax, məsələ də ondadır ki,
Ermənistan: Azərbaycan və Türkiyəyə münasibətdə Konstitusiya düzeyində, Gürcüstana münasibətdə siyasi təcrübə düzeyində haqq-ədalətə gəlməlidir;
Gürcüstan: öz türk-müsəlman əhalisinin hüquqlarını adil şəkildə qorumağı, onların yer adları ilə, təhsillə və s. ilə bağlı haqlı çağırışlarına diqqət yetirməyi bacarmalıdır;
Rusiya: Gürcüstana münasibətdə Güney Osetiya və Abxaziya ilə bağlı doğru-dürüst, ədalətli mövqeyə gəlməlidir;
İran: öz Qafqaz siyasətində “süni doğmalar” tapıb-tutmamalı, Azərbaycanın dövlət müstəqilliyini dərinləməsinə və üfüqgenişliyinədək sinirməli, bir sözlə, səmimi olmalıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: Tbilisi küçələri bu sayaq nümayişlərə alışıb.
(Foto: AP)
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)