Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Bu gün - 31 yanvar 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmdilər.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov Qərbi Azərbaycan gənclərini, eləcə də bütün Azərbaycan gənclərini təbrik etdi. Tədbirdə gənc deputat, millət vəkili Pərvanə Vəliyeva, YAP Nizami bələdiyyəsinin üzvü Yeganə Ziyad qızı, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin əməkdaşları, həmçinin “Ədəbiyyat və İncəsənət” portalının əməkdaşı kimi bəndəniz Zəhra Allahverdiyeva və digər Qərbi Azərbaycanlı ziyalılar və gənclər çıxış etdilər.
Fürsətdən istifadə edib çıxışımın stenoqramını diqqətinizə çatdırıram:
-Salam, hər vaxtınız xeyir olsun. Bu gün burada iştirak edən və etməyən bütün Qərbi Azərbaycan vətəndaşlarını, eləcə də bütün Azərbaycan xalqını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm. Mən Böyük Vedi rayonunun Şidli kəndinin sakini Zəhra Allahverdiyeva Asif qızıyam. Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram. Universitetimizdə Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərə qatılır, fransız dilində esse və inşa müsabiqələrində iştirak edirəm. Həmçinin “Ədəbiyyat və İncəsənət” portalında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri haqqında məqalələr dərc etdirirəm.
Biz – Qərbi Azərbaycan gəncləri inanırıq ki, necə ki bu gün burada toplaşmışıq, ata-baba yurdlarımızda da belə məclislərdə və tədbirlərdə bir araya gələcəyik.
Biz qayıdışla bağlı müxtəlif sosial şəbəkələrdə paylaşımlar etməli, yurd sevgimizi əks etdirməliyik. Cənab Prezident İlham Əliyev qayıdış məsələsinə xüsusi diqqət ayırır və Qərbi Azərbaycanlılara, o cümlədən gənclərə dəstəyini əsirgəmir.
Biz ona uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)