Londonda Kraliça Meri Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Kraliça Meri Universitetində (Queen Mary University of London) yeni tələbələr üçün məlumat xarakterli “Xoş gəldiniz sərgisi” (Welcome Fair) təşkil olunub. Tədbirdə universitetdə fəaliyyət göstərən 75 tələbə cəmiyyəti öz ölkələrinin mədəniyyətlərini sərgiləyib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, universitetdəki Azərbaycan Cəmiyyətinin rəhbəri, dövlət proqramı çərçivəsində universitetdə təhsil alan Müjgan Bayramova, üzvlər Ləman Məcid, Rəsul Abdullayev və universitetin digər azərbaycanlı tələbələri Fərhad Qaraisa və Ayan Şəfi ölkəmizə aid stend hazırlayıblar. Burada Azərbaycana, xüsusilə də Qarabağa dair kitablar, milli xalçalar, kəlağayı, buta naxışları ilə bəzədilmiş armudu stəkanlar, samovar, milli musiqi alətləri, kiçik suvenirlər və milli papaqlar nümayiş etdirilib.

Tədbir zamanı 100-ə yaxın ziyarətçi milli şirniyyatlarımızdan dadıb, Azərbaycanın qədim tarixi, mədəniyyəti, zəngin milli mətbəxi, abidələri haqqında geniş məlumat alıb. Böyük maraqla qarşılanan stend həm universitet heyəti, həm də tələbələr tərəfindən ən gözəl ekspozisiya seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.