İtaliya hökuməti cümə günü Venesiya şəhərinin küçələrində maskaların məcburi daşınmasını ləğv edib və Laqun adaları digər şəhərlərə qoşulub adi həyat normalarına keçib. Belə ki, iki il ərzində Venesiyaya ilk dəfə bayram təşkil etmək və turistləri dəvət etmək icazəsi verilib.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, İtaliyada hər il keçirilən Venesiya karnavalı öz işinə başlayıb.
Maskalı karnaval da adlanan Venesiya karnavalı martın 1-dək davam edəcək. Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.
Builki karnavalda iştirak etmək üçün 80 minədək insan Venesiya şəhərinə gəlib. Onlardan 30 mini əcnəbilərdir.
Bu il karnaval bəzi ənənəvi tədbirlərsiz keçiriləcək. Məsələn, "uçuş mələyi" və “kostyum” müsabiqələri olmayacaq. Amma bu, ümumi ruha xələl gətirməyəcək.
Xatırladaq ki, 1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalının təməli Pagan mədəniyyətinin baharına təsadüf edir. Müəyyən vaxtlarda qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd edilir. Əvvəllər sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.
Xatırladaq ki, 2020-ci ildə Venesiya karnavalı 23 fevralda - İtaliyada kovid-19-dan ölümün ilk hadisəsi təsdiqləndikdən üç gün sonra kəsilmişdi. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ümumiyyətlə keçirilməmişdi.
Budur, karnaval Venesiyaya qayıdıb.
Venesiyalılar üçün bu karnaval əvvəlki xoşbəxt dövrlərə qayıdışın simvoludur. Hamının üzündən bəxtəvərçilik yağır.