Oğuzda yəhudi əsilli şair Simax Şeydanın xatirə gecəsi keçirilib Featured

​​​İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

13 fevral 2025- ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Oğuz rayon Mədəniyyət mərkəzində Mərkəzi kitabxananın başlatdığı ”Oğuzun tanınmış simaları” adlı layihə əsasında Yəhudi əsilli Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair, publisist Simax Şeydanın "İki xalqın şairi- Simax Şeyda" adlı xatirə gecəsi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndrilməsi və Vətənimizin azadlığı və suverenliyi uğrunda şirin canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndələri, Oğuz rayonunda fəaliyyət göstərən müəssisələrin idarə rəhbərləri, əməkdaşları, şair və yazarlar, ziyalılar, Yəhudi içmasının nümayəndəsi, şairin bacısı, Oğuz rayon ictimaiyyəti, məktəblilər və mədəniyyət işçiləri, qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlər Simax Şeydanın sevilən, tanınmış Azərbaycan şairi olmasından, milliyətcə dağ yəhudisi olan şairin hər iki dildə dildə yazıb yaratdığı şeirlərində yüksək vətənpərvərlik motivləri haqqında, poeziyamızın ən yaxşı nümunələrinin yəhudi dilinə çevirib, kitab nəşr etdirməsindən danışıblar. Tədbirdə qonaq qismində iştirak edən məhşur publisist- politoloq Reyhan Mirzəzadə və şairin bacısı Zübeydə Yuşvayeva şairin xatirə gecəsinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Simax Şeyda şəxsiyyətinə hörmət və izzətin təzahürü kimi qiymətləndiriblər.

Vətən həsrətli şairin şeirləri dinlənilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər. Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxa baxılıb

Tədbirin sonunda xatirə şəkli çəkilib.

S.Şeyda barədə əlavə məlumatı aşağıdaki linkdən istifadə etməklə ala bilərsiniz:

https://www.edebiyyatveincesenet.az/az/edebiyyat/item/17297-yaehudi-aesilli-shairimiz-simakh-sheyda

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.