“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.
***
Bir dünya da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.
Heç nəyə yox həvəsim,
İçimdə susub səsim,
Məni hayanda gəzim,
Özümdə yoxam, Allah.
Bir canım var, min qəmim,
Buğda qəmim, dən qəmim,
Mənə haqq olub qənim,
Düyünəm, dağam, Allah.
Dərd üçün seçilmişəm,
Dərdimə biçilmişəm,
Böyüyüb kiçilmişəm,
Hələ ki, sağam, Allah.
Dörd yanımız qurd, köpək,
Çığır, bağır, küy, kələk,
Qoymadılar sevinək
Bu şeytan, xoxan, Allah.
Bir dünya da tapılmır
Bu Yerdən çıxam, Allah.
Bu kələfdən, düyündən,
Bu sirrdən çıxam, Allah.
***
İnamımdan büdrəyib dəymədiyim zamanlardı ,
Hələ dünyanın tərtəmiz, pak vaxtıydı,
Anamın nağıllarıyla ovunurdum hələ,
Hər gecə göy üzündən ətək-ətək alma dərirdim,
Yuxuma ağ atlı oğlanlar girirdi,
Göyçək Fatmanın qismətinə düşürdü ögey bacının gözü,
Ayaqqabısı ayağına dar gəlirdi.
Hələ cırtdanlar divlərə papuc tikirdi,
Ölümə yuxarıdan aşağı baxırdım hələ.
Günəş də yerindəydi, Ay da, ulduzlar da,
Nənəmin laylası üstə qurulmuşdu bəxtəvərliyim,
Anamın səsindəydi bütün notlar.
Hələ ağaclar yaşıl donunu soyunmamışdı,
Hələ azadlıq havasındaydı adamlar, çiçəklər, otlar.
Dərdim böyümək idi bircə,
Böyüyüncə sığallanmaq, ətirlənmək, bəzənmək,
Sonra ürəkdolusu sevmək, sevilmək.
Sonra bəs?
Sonra inamımdan büdrəyib yıxıldım,
Sonra sınıb töküldü hər şey, hər kəs,
Bütün inanclar, bütlər.
Sonra ağ atlı oğlanlar atından düşdü,
Sonra göyçək Fatmanın ayaqqabısını ögey bacıya geyindirdilər,
Sonra xəyanətlər başladı,
Sonra beşgünlük sevgilər,
Sonra kirləndi bütün nağıllar, laylalar, türkülər...
***
Dünyadan nakam getmiş Vüqarın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım..
O gecə saatın əqrəbləri
2 -nin üstündə ilişib qaldı,
Tutub çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım Göy üzünə
ən azı min kərə o gecə,
Səni Tanrıya, ulduzlara, aya, səmaya tapşırdım,
Səsim göy üzündə azdı.
Başımın üstündə dayanıb sakit-sakit
üzümə baxdı qaranlıq,
Kimsə Göy üzünə daş atmışdı deyəsən,
O gecə pəncərəmdən işıq düşmədi.
Kölgə xatirələr boylandı zülmətin dörd tərəfindən,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən.
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik-çilik olub
töküldü sənin otuz üç yaşına.
“Ədəbiyyat və incəsənət”
(13.02.2025)