“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında AYB üzvü Çoşqun Xəliloğlunun hekayəsi təqdim edilir.
BOŞA ÇIXAN ÜMİDLƏRİM
Müştərək müəssisələrin birində mühəndis işi olduğunu eşidəndə ümidim az olsa da bəxtimi sınamağa qərara aldım. İdarəmiz fəaliyyətini dayandırandan sonra döymədiyim qapı, müraciət etmədiyim müəssisə qalmamışdı. Hara gedirdimsə, daş atıb başlarını tuturdular: nə iş, nə mütəxəssis? Çox çətinlik çəkirdim. Ailəmi dolandırmaq üşün özümü oda-közə vurur, hətta lazım gələndə onun-bunun həyətində işləməyə razı olurdum. Təki ailəm, uşaqlarım üçün bir tikə çörək qazanım.
Taleyimdən narazılıq etməyi xoşlamıram. Amma həyatda elə şeylər olur ki, istər-istəməz özünə sual verir, cavab tapmadıqda qəribə hisslər keçirirsən. Orta məktəbdə əlaçı idim. Tarix fənnini isə lap çox sevirdim. Atam Azərbaycan dili və ədəbiyyatı müəllimi olsa da, həmişə mənə məsləhət görürdü ki, böyüyəndə tarixçi olum. Deyirdi ki, xalqımızın tarixi şox qədim və zəngindir. Neçə-neçə insan ömrü onun tədqiqinə bəs etməz. Sinif yoldaşlarımın əksəriyyəti çalışqan idi. Təkcə kolxoz sədrinin oğlu Qaraş dərslərini oxumur, sinifdə şuluqluq edirdi. O, özünü təkəbbürlü aparır, yaşından böyük danışırdı. Onuncu sinifdə oxuyarkən tez-tez həmyaşıdlarımızla hansı peşəyə yiyələnəcəyimiz haqqında şirin-şirin söhbət edər, xəyallar qurardıq. Belə vaxtlar Qaraş bizə lağ eyləyir, rişxəndlə gülürdü:
-Darıxmayın, avqustda imtahandan kəsilib, arzularınız ürəyinizdə qayıdacaqsınız kəndə. Onda anlayacaqsınız ki, hamınızın başı boşdur.
Qəbul imtahanları ərəfəsində gecəni gündüzə qatıb çalışdım. Sənədlərimi universitetin tarix fakultəsinə verdim. Sən demə, Qaraş da bu fakultəni seçibmiş. Gülməli idi, ömründə bir dəfə də olsun lövhənin qarşısısına çıxıb, dərs danışmayan bir adam tələbə olmaq istəyirdi.
İmtahanları verdim, hamısından qiymət alsam da, sonda məlum oldu ki, balım çatmır. Qəbul olanların siyahısında adımı axtararkən Qaraşın adını oxuduqda mat qaldım. Onun balı mənimkindən çox idi. Necə ola bilərdi? Çox fikirləşdim, heç nə başa düşmədim. Sadəlövh kənd uşağının ağlamaqdan və gələnilki imtahanlara hazırlaşmaqdan başqa əlacı qalmamışdı.
Kəndə getməyə utanırdım. Qohumlarımdan birinin köməyi ilə zavodda işə düzəldim. Yataqxanada yaşamağa başladım. Tezliklə kollektivdə yaxşı hörmət qazandım. Onlar məni işgüzar və tərbiyəli olduğuma görə sevirdilər. İşdən sonra oxumaq üçün kifayət qədər vaxtım olduğundan, gələnilki imtahanlara ciddi hazırlaşırdım. Əslində, mövzuları bilirdim və buna görə də çətnlik çəkmirdim. Nəhayət, qəbul imtahanlarının vaxtı çatdı.
Yenə də imtahanları verdim, tələbə olacağıma ümidim çox idi. Amma son anda məlum oldu ki, bu dəfə də balım kifayət etmir. Necə kədərləndiyimi, məyus olduğumu təsəvvür edirsinizmi?
Həmin ilin payızında hərbi xidmətə çağırıldım. Ordudan tərxis olunduqda komandirlik tərəfindən mənə nümunəvi xidmətə görə “Xasiyyətnamə” verildi. O vaxt qayda varıydı ki, həmin xasiyyətnaməni təqdim edənlərə qəbul imtahanlarından müsbət qiymət aldıqda güzəşt edilirdi. Amma nədənsə sonuncu imtahanı verərkən müəllim gözgörəti məni “kəsdi”. Sualı nə qədər izah etsəm də dedi, səhvdir, anlayışın yoxdur.
Başa düşdüm ki, tarix fakultəsinə qəbul oluna bilməyəcəyəm. Artıq yaşa dolurdum. Ona görə dostlarım məsləhət görəndə ki, texniki ali məktəbə hazırlaşım, onlarla razılaşdım. Orta məktəbi yaxşı oxuduğuma görə fizika və riyaziyyat fənnindən hazırlaşmaq çətin olmadı.
Növbəti il Neft və Kimya İnstitutuna daxil oldum. Gündüzlər işləyir, gecələr oxuyurdum. Bir müddətdən sonra usta vəzifəsinə keçirildim.
Bir dəfə idarəmizdə ilin yekunlarına həsr edilmiş yığıncaq keçirilirdi. Arxa cərgədə əyləşdiyimdən rəyasət heyətindəkiləri yaxşı görə bilmirdim. Rəisimiz və çıxış edənlər görülən işlərdən və problemlərdən danışdılar. Sonra söz rayon rəhbərliyi adından danışmaq üçün cavan, kök bir oğlana verildi. Gözlərimə inanmadım, bu Qaraş idi. O, rəisimizin ünvanına tənqidi fikirlər söylədi və onu danlamağa başladı:
-Müslümov, belə işləmək olmaz. Əgər işində dönüş yaratmasan, vəzifənə “Əlvida”, deyəcəksən.
Qaraş təcrübəli mühəndis kimi tanınan, işçilər arasında böyük nüfuza malik Müslümovla elə danışırdı ki, sanki yaşlı bir adam uşaqla danışır. Özündən razı, “alçaq dağları yaratmış” mənim savadsız şagird yoldaşım özünü necə də təkəbbürlü aparırdı.
İllər keçdi, mən də institutu qurtardım, mühəndis oldum. Həyatım yavaş-yavaş yoluna düşürdü. Lakin bazar iqtisadiyyatına keçidlə əlaqədar idarəmiz zəiflədi və rəqabətə davam gətirməyib tamamilə dayandı. Yüzlərlə işçi kimi mən də qaldım işsiz.
Yuxarıda dediyim kimi, müştərək müəssisədə mühəndisə ehtiyac olduğunu eşitdikdə çox sevinmişdim. İngilis dilini müəyyən qədər bildiyimdən, kompüter texnikasından baş çıxardığıma görə bu addımı atdım.
Səhər erkən həmin müəssisəyə gəldim. Direktorun köməkçisi məni qəbul etdi. Yaxşı adama oxşayırdı, xeyli söhbət etdik. Sonda təəsüflə bildirdi ki, dünən işə adam götürmüşük. Özü də nüfuzlu bir adamın xahişi ilə... Heç mühəndis də deyil. Etiraz etmək mümkün olmadı. Məsul işlərdə çalışıb həmişə... İşimiz olsa, sənə deyərik, - o, mənim ünvanımı götürdü. Xudahafizləşib çıxmaq istədikdə bir nəfər içəri girdi. – Qaraş idi. Görüşdük, yenə də özünü dartmışdı.
- Burada işləyirsən? – soruşdum.
- Hə, təzə başlamışam işə, mühəndisəm, - qımışdı.
(Noyabr 2002)
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)