“Saçın ucun hörməzlər...” - Təranə Vahidin yaradıcılığı barədə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qərib Mehdinin Təranə Vahidin yaradıcılılığı barədə yazısı təqdim edilir.

 

"Ədəbiyyat qəzeti" 1 noyabr 2024-cü il tarixli sayında  yazıçı Təranə Vahidin qısa hekayələrini oxuculara təqdim etmişdi. Bir səhifədə 13 hekayə yer alıb. Sevindim. O yazıları acgözlüklə oxuyacaqdım. Sənət aləmində də yarışma gedir. Təranə xanım bu söz yarışmasına qısa hekayələri ilə qatılmışdır.

T.Vahidin yaradıcılığından iki dəfə söz açmaq mənə nəsib olub. Qələm sirlərinə bələdliyim var. Laçınlı qız həm kənd həyatına, həm də indi yaşadığı şəhər mühitinə yaxşı bələddir. Həmişə ağrılı mövzulara müraciət edir. Dili rəvan və səmimidir. Gerçəyinə inandığı mövzulardan yazdığı üçün oxucunu sözünə inandıra bilir. Sənətkarlığı güclüdür, sanki mühasibdir. Fikrə neçə cümlə işlədəcəyini qabaqcadan hesablayır. Yumorun dili ilə deyirəm: o, artıq pul işlədər (olsa), artıq söz işlətməz. Üslubunu bu yığcam hekayələrdə də qoruyub saxlamışdır.

Mən bu hekayələrin təhlilinə girişməyəcəyəm. Deyə bilərsiniz: "Niyə? Yazılar yaxşıdırsa, onları araşdırmaqdan niyə yan durursunuz?" Cavab verirəm: bu dəfə onun şəkli - portreti barədə düşündüklərimi incələmək niyyətindəyəm. Səhifə barədə aşağı fikirdə olmadığımı isbatlamaq üçün 13 qısa hekayədən birini - "Səma çiçəyi"ni olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:

"Ona heç kim, heç vaxt  çiçək bağışlamamışdı. Bircə dəfə dünyaya gələsən, bir çiçəklə adını anmayalar. Fikirləşdikcə ağlı başından çıxırdı.

İllər keçdikcə dünyadan, adamlardan, elə özündən də bezirdi. Bir axşam bostandan qopardığı günəbaxanı qoltuğuna vurub həyətdəki  kötüyün üstündə oturub yerini rahatladı. Günəbaxanı dizlərinin üstünə qoyub bir xeyli çırtladı. Bir anlıq əlini saxladı. Hər yan səssiz idi. Arabir cırcıramaların gülüşməsi, bir də su içən ağacların qurultusu eşidilirdi. Başını qaldırıb göylərə baxdı. Bu gecə səma başdan-başa qırmızı çiçək açmışdı. Gördüyü gözəllik onu həyəcanlandırdı. Boş qəlbinə haradansa bir ovuc sevinc doldu. Gülümsədi. Hiss etdi ki, çiyninə nəsə qondu. Qorxa-qorxa qanrılıb baxdı.  Səma çiçəyindən biri saplağından üzülüb onun çiyninə qonmuşdu. O an, o an anladı ki, dünyadakı bütün qadınlara çiçək bağışlanılır. Mütləq bağışlanılır. Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək..."

Misal çəkmədiyim, haqqında söz açmadığım qalan 12 hekayə də belə mənalıdır. Yazılar, ya birbaşa, ya simvolika ilə təqdim olunur. Bu mülahizələrin sonrasını oxucuların öhdəsinə buraxaraq keçirəm saç məsələsinə. Doğrudanmı, hekayələrin uğurlu alınmasında Təranə xanımın saçının özəl "xidməti" var? Bəli, var.

İnsanın, xüsusilə, qadının əhvalının necəliyi onu bir varlıq kimi tamamlayan bütün əzalarında təcəssüm olunur. Sadəcə, seyrçiyə onu oxumaq bacarığı lazımdır. Anaların saçlarının qara rəngdən ağ rəngə "tərcümə" (ifadə Nəriman Həsənzadənindir) olunması həsrətin, qayğının, əzabın çəkisindən xəbər verir.

Düzdür, bu mövzu kişilərdən də yan keçməyib. Çox sayda qələm sahibi sevimli şairimiz Səməd Vurğunun vaxtsız ağarmış saçına şeirlər ithaf etmişdir. Bununla belə, saç tərənnümü qadınlığın inhisarındadır.

Vaxtilə yazdığım şeirdən bir misra nümunə çəkirəm: "Bir hal soran sual əllərə inan". Dil danışmaq "statusuna" yiyələnib. İnsanın qalan əzaları səssiz filmlər kimi danışıb əhval-ruhiyyəsini qarşıdakına çatdırır. Əl danışdığı kimi, insanın gözü də, baxışı da, yerişi də, hərəkəti də, sükutu da, hətta saçları da danışır. Təkrar edirəm, sadəcə, bunu oxumaq, duymaq bacarığı lazımdır. Mətləbin çatdırılmasında onların da öz rolu, öz "vəzifəsi" var. Zənn edirəm ki, Təranə xanımın saçları öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi üçün yazılarının keyfiyyəti inkara bəhanə yeri qoymur.

Saç - zülf, ədəbiyyatın hal bildirən atributlarından biridir. O, bir növ, dənizə bənzəyir: gah sığal, bəzək missiyasını yerinə yetirir ("O on dörd hörük çin-çin düşüb yan-yana", Aşıq Ələsgər), ("Üz yanında tökülübdür tel nazik", Molla Pənah Vaqif), gah kədərlidir ("Şahmar zülfü pərişanlar dolanır", "Batıbdı yasa tellərin", Aşıq Ələsgər), gah da xilaskardır ("Zülfünü bas yarama, qoyma, məni qan aparır". (Seyid Əzim Şirvani). "Saçın ucun hörməzlər". Xalq da bu mahnı vasitəsilə münasibətini bildirib. Yəni inkişafın yolunu açıq saxlamaq, bağlantıdan yan durmaq lazımdır.

Saçların necəliyi, əhval-ruhiyyəsi qəhrəmanın könül dünyasının "kardioqramması"nın xəbərçisidir. Bu sözlü saçların sırasında mən Təranə Vahidin də saçına diqqət yetirdim. Onun saçı intizama tabe etdirilən hörük şəklində deyil. "Dağınıq" ifadəsini də işlədə bilmərəm. Onun saçı rəqqasəyə bənzər ifaçıdır. Bu ifaçıya, ya külək, ya da könül dirijorluq edir. Axır ki, qeyri-müəyyənlikdən müəyyənliyə gəlib çıxdım. Onun saçı Sərbəstdir, Azaddır - Qələmi kimi. Yoxsa, o zülf onun qələminə bu qədər səmimi və gerçək sözlər ötürə bilməzdi.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.