ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Türk Mədəniyyəti və İrsi Fondunda Qırğızıstanın Xalq yazıçısı, dövlət və ictimai xadimi Kayrat İmanaliyevin yaradıcılıq gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fonddan AzərTAC-a verilən məlumata görə, tədbir Azərbaycan ziyalılarının və gənclərinin müasir qırğız yazıçısının fəaliyyəti ilə daha yaxından tanış olmasına, Türk dünyasında mövcud dostluq körpülərinin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub.

 

Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova təşkilatın son illər ərzində Qırğız Respublikası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirməsindən söz açıb. O, Fond tərəfindən Kayrat İmanaliyevə həsr olunan tədbirdə Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin, həmçinin gənclərin iştirakının əhəmiyyətini xüsusi qeyd edib.

 

Tədbir iştirakçılarına minnətdarlığını bildirən görkəmli yazıçı, dövlət və ictimai xadimi Kayrat İmanaliyev bütün türk xalqlarının tarixi və mənəvi yaxınlığından bəhs edib. Yazıçı, eyni zamanda, Heydər Əliyevin qırğız xalqı tərəfindən hər zaman böyük rəğbətlə anıldığını, ötən il Ulu Öndərin 100 illik yubileyinin Qırğızıstanda təntənəli tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov müasir dövrdə Türk xalqlarının ortaq tarixi-mədəni irsinin yaşadılmasının mühüm əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin keçirilməsinin Türk dünyasında ədəbi-mədəni mübadilələri daha da gücləndirdiyini bildirib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan və qırğız xalqlarını ortaq mədəniyyət, qədim tarix və ənənələr, dil və folklorun birləşdirdiyini vurğulayıb. O, Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ədəbiyyat sahəsinin önəmli rol oynadığını qeyd edib.

 

Tədbirdə, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin katibi Səlim Babullaoğlu, Manasşünas alim Adil Cəmil çıxış edərək, ortaq mədəni-ədəbi abidələr ətrafında birləşən Türk xalqlarının ziyalılarının və gənclərinin Türk dünyasının inteqrasiyasında fəal iştirakının mühüm əhəmiyyətini vurğulayıblar.

 

Sonra Qırğızıstanın tanınmış yazıçısı, ictimai xadim Kayrat İmanaliyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib.

 

Bədii hissədə Bakı Bələdiyyə Teatrının aktyorları - Azərbaycanın Əməkdar artisti Hüsniyyə Mürvətova, tanınmış aktyor Tural Əhməd və Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, gənc yazar Vəfa Mürşüdlü tərəfindən Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanaliyevin əsərlərindən parçalar səsləndirilib.

 

Tədbirdə, həmçinin ədəbiyyat, mədəniyyət və elm xadimləri, türkoloqlar, Bakı Dövlət Universitetinin tələbələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

 

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində səfərdə olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 ​Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin dəvəti ilə baş tutan səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının “Sənaye X” mövzusunda baş tutmuş “Rəqəmsal Almatı” Forumunda (“Digital Almaty”) iştirak olub.

 ​ 50 000-dən çox ziyarətçinin  iştirak etdiyi tədbirdə 30-dan çox sessiya təşkil edilib.

 ​Ceyhun Salmanov Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva, Syerra-Leone Respublikasının rabitə, texnologiya və innovasiyalar naziri Salima Monorma Bah, Toqo Respublikasının rəqəmsal iqtisadiyyat və transformasiya naziri Sina Lovson, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Kanış Tuleuşın ilə ikitərəfli görüşlər keçirib.

 ​Bu çərçivədə ölkəmizin “ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan brendi olan bu modelin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb.

 ​10 ildən çoxdur ki, fəaliyyət göstərən “ASAN xidmət”in beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı idarəetmə modeli kimi qəbul edildiyi və bir sıra dövlətlərdə uğurla tətbiqi diqqətə çatdırılıb.

 ​Görüşlərdə ASAN təcrübəsinə böyük maraq ifadə edilib və həmin ölkələrdə tətbiqinə dair müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

​5 fevral 2024-cü il tarixində “ASAN xidmət”ə 70 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 ​Bu müraciət 7 saylı  "ASAN xidmət" mərkəzinə  Qazaxıstan Respublikası vətəndaşı Zemfira Yunussova  tərəfindən edilib. O,  Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi xidmətindən yararlanıb.

​70 milyonuncu müraciətin sahibi kimi Zemfira Yunussovaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Hazırda 27  "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 10:35

Böyük Rüstəm İbrahimbəyovun “Ad günü”

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Zənnimcə, "Ölsəm bağışla", "Ad günü" kimi filmlər bu günə qədər öz aktuallığını qorumuş, müxtəlif epizodları dillər əzbəri olan filmlərdir. Belə filmlərin ekrana çıxmasında ən böyük yük də, ən böyük təşəkkür də ssenaristə düşür. Fikrimcə, Rüstəm İbrahimbəyov bu filmlərlə öz ən mükəmməl işlərini yaradıb. 

“Ölsəm bağışla” — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii filmdir. Mənim bu filmdə ən sevdiyim cəhət budur ki, filmdə təsvir edilən məhəbbət bir çox sınaqlardan keçən, insan qəlbini pisliklərdən təmizləyən, paklaşdıran sevgidir.

“Ad günü” filmi isə uğursuz tale hekayətidir hardasa. İnsan yaşayır, amma niyə, nə səbəbə, bilmir və bir gün də başa düşür ki, sən demə, tutub gəldiyi bu yol onun yolu deyilmiş.

“Ad günü”ndən danışdım, bu gün məhz bu şedevrləri yaratmış Rüstəm İbrahimbəyovun doğum günüdür axı. 

 

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 

Nailiyyətlərindən bir qisminə - ssenaristliklə bağlı olanlara nəzər yetirək:  “Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına nominant olub. 

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı  "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. 

Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Gənclər Günü münasibətilə təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək hər il ənənəvi sərginin əhəmiyyətini qeyd edib. Bu barədə AzərTAC məlumat yayıb.

 

Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan Xalq rəssamı dövlət başçısının gənclərə böyük diqqət və qayğı göstərdiyini deyib. Bildirilib ki, sərgidə ADRA ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, eləcə də sahə üzrə müstəqil gənc rəssamların əl işləri nümayiş olunur. Ekspozisiyada müxtəlif janrlarda rəngkarlıq, qrafika, heykəltaraşlıq, tikmə, xalçaçılıq, dekorativ-tətbiqi sənət üzrə əsərlər yer alıb.

Sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. Qalib dövlətin gəncləri kimi onların əsərlərində bu ruhu hiss etdirmələrini, Vətən müharibəsində Qələbə mövzusuna geniş yer vermələrini tövsiyə edib.

Çıxışlardan sonra bir neçə gənc rəssama Azərbaycan Rəssamlar İttifaqına üzvlüklə bağlı vəsiqələr təqdim olunub.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

Ümumilikdə 160 əsərin nümayiş olunduğu sərgi bu gün yekunlaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı iTicket.az saytına istinadən məlumat verir. 

 

"Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və tanınmış müğənniləri çıxış edəcəklər.

İnanılmaz dərəcədə maraqlı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Meneceri kulinar bloger Fərhad Aşurbəyli olan azərbaycanlı kulinarlar komandası ölkəmizi fevralın 2-dən 7-dək Ştutqartda (Almaniya) keçirilən Ümumdünya Kulinariya Olimpiadasında təmsil edir.

 

AzərTAC xəbər verir ki, Ümumdünya Kulinariya Olimpiadası dünyada kulinariya ustalığının ən iri beynəlxalq sərgisidir. Olimpiada 1900-cü ildən bəri dörd ildə bir dəfə keçirilir. Təşkilatçı Ümumdünya Kulinarlar və Qənnadıçılar Assosiasiyası (WACS) və Ştutqart Messe sərgi mərkəzidir. Bu il kulinariya yarışmasında 55 ölkədən 1200 iştirakçı mübarizə aparır. Onlar 7 mindən çox yemək hazırlayacaqlar. Hər yarışmada toplanan xallar əsasında qızıl, gümüş və bürünc medallar oynanılacaq. Qaliblər fevralın 7-də elan olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Aprelin 11-14-dək Gürcüstanda Dördüncü Beynəlxalq Tbilisi İncəsənət Sərgisi (TAF) təşkil ediləcək.

 

AzərTAC xəbər verir ki, ExpoGeorgia məkanında keçiriləcək sərgiyə Azərbaycandan da dəvət olunub.

Sərginin təşkilatçıları bildiriblər ki, TAF 2024 yerli və beynəlxalq qalereyaları, eləcə də müstəqil rəssamları bir araya gətirərək əsərlərini daha geniş auditoriyaya təqdim edəcək. Ən böyük müasir incəsənət məkanı kuratorları, tənqidçiləri, kolleksiyaçıları, beynəlxalq medianı və dünyanın hər yerindən qonaqları bir araya gətirəcək.

 

Sərgilərlə yanaşı, yarmarkada müasir incəsənətin təbliğinə və dünya incəsənət səhnələri arasında əməkdaşlığın təşviqinə yönəlmiş tamaşalar, ustad dərsləri, bir sıra Taf Talks və digər tədbirlər keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 16:30

Qərbi Azərbaycana qayıdış bizim haqq işimizdir

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət".

 

Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O Vedi nahiyəsi Şitdi kəndində Nəğmə və Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 1988-ci ildə doğma yurdundan ayrı düşmüş babam Şuşa rayonunda və Bakı şəhərində də pedoqoji fəaliyyətinə davam etmişdir. 

O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur. Sizə Qərbi Azərbaycan bədii irsinin növbəti rubrikasını təqdim edirəm .

 

Qalmayıb

 

Bizə babalardan qalan adətlər,

Çoxu unudulub, eldə qalmayıb.

Kişidə, arvadda, gəlində, qızda,

Abır, həya dildə, üzdə qalmayıb.

***

Salam, sabah çıxıb indi aradan,

Bunu görüb Allah, bizi yaradan ,

Biganəlik bizə gəlib haradan,

Salamlar Muğanda, Mildə qalmayıb.

***

Baba, nənəmizdən utanmırıq biz,

Yanından keçirik, səssiz, səmirsiz.

Yoxsula fəqirə, laf edirik biz,

Yox olub mərifət çöldə qalmayıb.

***

Əvvəl əl tutardıq, kasıb, yoxsula,

Nə vaxt gələcəkdir, varlı ağıla.

Bala işlərimiz, dönüb, nağıla?

Yaxşı adamlarda, hal da qalmayıb.

***

Çoxunun südündə, haramlıq vardı,

Allah da bunlardan, bil xəbərdardı.

Çoxunu Allahım, dardan qurtardı,

İndi halallıq da, eldə qalmayıb.

***

Çoxları seçməyib, ağı qaranı,

Oğurlayıb malı çıxır aradan.

Sənə qurban olum, bizi yaradan ,

İndi niyə halal insan qalmayıb?

***

Günahı görmürəm ata, anada,

Öyüd verib ata, ana, xala da.

Belə getsə, qalmaz vallah həya da,

Məhərrəm, üzlərdə su da qalmayıb. 

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 16:00

Qırxqız dağ əfsanəsi – Zahirə Cabir

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.

 

Qırxqız dağ əfsanəsi

Qədim zamanlarda Xocalı adlı bir diyar vardı. Bu obanın ərənləri zəhmətkeş, cəsur, qorxmaz idilər. Öz yurdlarını yadellilərdən qorumaq üçün möhkəm qala tikmişdilər. Yurda göz dikən yadellilər talançılıq, işğal yolu ilə onların malını, sərvətini əllərindən almaq istəyirdilər. Nəhayət bir gün düşmən hiylə işlətdi. Güdükçülər qalaya gedən yolların çayın altından gedən lağım ilə qalaya çıxdıqlarını öyrəndilər. Beləcə onlar qalanı ələ keçirib, var-dövlətini talan etdilər.

Qalanın yaxınlığında yaşıl bir təpə vardı. Onun yamacları güllü-çiçəkli, dərələri bağlı-bağatlı idi. Qızlar, gəlinlər yazda da, yayda da, payızda da onun şəninə nəğmələr qoşar, yaşıl xalıya bənzər çəmənliklərinin gözəllliyindən həzz alardılar. Həmin günü şahın qızı öz qırx qaravaşı ilə gəzməyə çıxmışdı. Birdən onlar yadellilərin, düşmənin dağın ətəklərindən onlara sarı gəldiklərini gördülər. Qırx qız düşmən əlinə keçəcəklərindən qorxub qacırlar. Amma artıq düşmənlər onlara çatanda şahın qızı Allaha yalvarır ki, onlara bir nicat versin. Allah onların duasını eşidir, həmin an dağ aralanır, onlar içinə düşürlər. O vaxtdan həmin dağa Qırx qız dağı deyirlər.

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.