ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 07 May 2024 10:17

Şəhidlər barədə şeirlər – Camal Əliyev

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Camal Əliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

CAMAL XALİQ OĞLU ƏLİYEV

(11.08.1993.-03.11.2020.)

 

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində doğulmuş, əslən Tovuz rayonundan olan, 74 nömrəli  tam orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi

Şəhid olduğu yer: Xocavənd

Dəfn yeri: Bakı, Bakıxanov qəsəbəsi  Şəhidlər Xiyabanı

 

      VƏTƏNƏ LAYİQ OĞUL

 

Bizi qalib xalq edən,

Bizə yaşadan zəfər,

Torpaq-namus uğrunda

Göstərən mərdlik, hünər,

İgidlər nə qədərmiş,

Hərəsi bir qəhrəman,

Onlar sənin övladın,

Xoşbəxtsən,  Azərbaycan.

 

İgidlərdən birini

Tanıdıram, Camaldı,

Onu elə sevdirən

Saf əməldi, amaldı.

Əslən Tovuzdandılar,

Sabunçuda doğulub,

Mayası halallıqdan,

Təmizlikdən yoğrulub.

 

Məktəbdə dərslərindən

Yalnız alırdı əla,

Əsil insan odur ki,

Halallıqla ucala.

Energetik olmaqçın

Camal verdi imtahan,

Necə də bəxtiyardı

Tələbə olan zaman.

 

Məşhur ali məktəbdə

Oxudu, aldı təhsil,

Bu sehirli aləmdə

Mənalı keçdi dörd il.

 

Məzun oldu, sevindi,

“Azərsun”da çalışdı,

İşçilərlə dost oldu,

Tez qaynayıb-qarışdı.

 

Vətən dərdli olanda

Qəlbən gülməz övladı,

Vaxtdır torpağımızdan

Qovmalıyıq biz yadı.

 

Payız yenicə gəlib

Çatıb qisas məqamı,

Düşməndən almalıyıq

Biryolluq intiqamı.                      

 

Camal da öz adını

Yazdırdı ordumuza

İnşallah, zəfər gələr

Tezliklə yurdumuza.

 

Sevincdən quştək uçdu

Döyüşə yollananda,

Ayaq izləri qalıb

İndi neçə ünvanda.

 

Budur üz-üzə gəlir,

Bir bax, mələk şeytanla,

Düşmənləri məhv edir

Camal minaatanla.

 

Bir od parçası imiş,

Özü dönüb atəşə,

Yalançı “qəhrəmanlar”

Bir-bir dönürlər leşə.

 

Onun  hünərin görüb

Dostları sevinirdi,

Deyirdilər ki, Camal

Cəsarətdə bir şirdi.

 

Döyüşdü Xocavənddə

Qırpmadan gözlərini,

Şəhid olan zamanı

Dedi son sözlərini:

 

-Anam-atam, var olun,

Qəm yeməyin, şəhidəm,

Vətənimin adına

Layiq oğul, igidəm.

Düşmənin ürəyinə

Çəkdim sağalmaz dağı,

Yurdum nur saçacaqdır,

Söndü düşmən çırağı.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

 

Çərşənbə axşamı, 07 May 2024 09:06

İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Bilər"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Həsrət ağrısını, vüsal qəmini 

Ayrılıq oduna yananlar bilər. 

Dənizdə qərq olan tənha gəminin 

Tənha fəryadını ümmanlar bilər. 

 

Mənə söyləməyin, az alışıb-yan, 

İnanın daşı da ağladar hicran. 

Dağların ahıdır o çən, o duman, 

Dağların dərdini dumanlar bilər. 

 

Məni sorğulara tutma sən əbəs, 

Arzumu qəlbimdə, baxışımda gəz. 

Könlümü hər naşı oxuya bilməz, 

Onu dünyagörmüş insanlar bilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Təranə Dəmir, “Ədəbiyyat və İncəsənət"

 

Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir. 

 

Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz? 

Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?

Ondan hansı sualınıza cavab almaq istəyərdiniz? 

 

MƏNİM CAVABIM:

 

Dünyasını dəyişmiş çox məşhur şəxslərlə zamanında görüşmək istəmişəm. Məsələn Şopenlə. 

Ardını gətirim ki, Nəsibə Zeynalova, Emin Sabitoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, İlhamə Quliyeva, Bethoven ilə… Siyahını istədiyiniz qədər  uzatmaq olar. Yəni hamısı ayrı-ayrılıqda sevdikləri işin qulpundan yapışıblar. Yaratdıqları da sevgidən yoğrulduğu üçün mükəmməl alınıb və yaddaşımda dərin iz buraxıblar. 

Onlara  sualım bu olardı : " Xoşbəxtsizmi" .

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 13:03

Ruslan Dost Əlinin sevdiyi şeir

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı "Göy üzünü bir günlük kirayə istəyirəm" - söyləyən  gənc şairimiz Ruslan Dost Əlidir.

Xoş gördük, Ruslan bəy. Bilirik ki, şairlər sözlərdən poeziya ocağı qalayanlardır. Dünyanı dərininə elmlə öyrənirik, amma dünyanın incəliyini duymaq üçün poeziyanı hiss etmək lazımdır. 

Ruslan bəy, elə bu an üçün söyləsək ki, "Sevdiyin şeiri gəl mənə söylə" bizə hansı şairdən şeir söyləyərsiniz?

 

-Mənim üçün şeir İlahi nəsnədi. İlahidən qeyri heç bir qüvvə onu yaratmaq gücünə, sehrinə malik deyil. Demək olar, bütün şeirlərimdə bunu hiss eləmişəm - bu hissi yaşamışam... Elə paylaşmaq istədiyim bu şeirimi də İlahi yaradıb - göndərib, yazdırıb...

 

Gəlin, onu dinləyək...

 

Qoy İlahi şeirlərin sayı çox olsun...

 

siz heç nə bilmirsiz, heç nə bilmirsiz,

mən adam deyildim, adam deyildim.

hara and içim ki, inanasınız.

 

hardasan, səhərdən səni gəzirəm,

hardasan, bir topa, bir əlçim bulud!

həmişə sən yağırdın, biz islanırdıq,

bu dəfə mən yağdım, di gəl çim, bulud.

 

yağdım ağaclara, yağdım quşlara,

damdım bu evlərin damınnan, di gör.

bir adam sənintək yağmaqdan ötrü,

gör, nətər keçirmiş canınnan, di gör.

 

yağdım, bu kəndi də sel-su apardı,

gördüm ki, atama söyür adamlar.

ay bulud, mən tanrı qapısıyammı,

məni harda tutdu döyür adamlar.

 

nə qədər istəsən yağım başından,

utanma, utanma, dur, gəl, çim, bulud.

yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,

ay bir topa bulud, bir əlçim bulud.

 

azca yağ dedilər, söydülər məni,

mən bu yer üzünə boşuna gəldim.

deyəsən, bir tanrı üzümə baxdı,

deyəsən, bir onun xoşuna gəldim.

 

dedim, mənə dəymə, yağım, yaşayım,

qoy hamı öyrənsin sulu qalmağa.

gördüm ki, bir yetim uşaq titrədir,

dayandım, yollandım günəş olmağa...

 

gördüm ki, quruyur bütün ağaclar,

gördüm ki, adamlar su axtarırlar.

gördüm, sususzluqdan ölür adamlar,

bir qurtum suyu da bölür adamlar.

 

...özün bil, özün bil, özün bil, bulud.

daha mən yağmıram, di get, öl, bulud.

 

baxdım buludların o nəm cildinə,

günəşə boylandım, baxa bilmədim,

qayıtdım, qayıtdım adam cildinə...

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Təqdim edir: Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

 

1.

Həyətdə kölgəmə qılınc atır birisi

Qanı içimə damılır mənim...

 

Yuxudan atılıram...

Adamlar yerə atılırlar sümüklərimin yorğun binasından...

Ayağıma dolaşır

Qıçlarımdan, belimdən, boynumdan yuxarı gedir saçımın buruqluğu...

Rəngim qaçır...

Rəngi qopuq divarlara bənzəyirəm get-gedə

Yediyim işarə barmağımın dərisi ilə

Soyulur bütün varlığım.

 

Silinirəm

Toxunduğum bütün əşyaların barmaq izlərindən

Əllərimin hafizəsindən silinirəm yavaş-yavaş

Kimliyimdən

Ailə tabutumuzu kefsizlədən iradi

Gülüşlərimdən.

İtirmişəm əllərimi!..

Barmaqlarım piyanoda qalıb...

Əllərim işdə qalıb...

Bu bədəndə başqa insanlar yaşayırmış görən?

Üzümü çimdikləyirəm ki, inanam diriyəm hələ...

 

Kədərliyəm

Kədərliyəm ki, heç bir qucağa qırılmadı düymələrim

Buraxın unudum tənimdə göynəyən qopuq qanadlarımın yerini...

Buraxın unudum özümü...

Yerimin hara olduğu da bəlli olmasın...

Yaxamdan əl çəkin

Susun soyuq divarlar!

Mat baxış, quru gülüşlərinizdən zəhləm gedir...

Birisi otağıma girir

Deyir ki,

İxtiyarsız işəmək

İradi gülüşlərin etkisidir!

 

2.

Qanlı bıçağı dənizə atar

Barmaqlarını qoxulayar bənd-bənd

Əski albomları, kitabları zibil qabına atmadan

Öncə doya-doya baxıb əzbərləyər onları...

Qarlı axşamlarda əlvida deyib taksilərdə düşürər ruhunu

Ancaq yenə də sevişər soyuq röyalarla...

Evə dönər...

Kirli xatirələri suya çəkər qab-qaşıqla birlikdə

Yaşadıqları film kimi pərdəyə enər!

Ölüm qorxuların aynasıdır

Bütün xarakterlərin sonuncu sekansı!

"İnsanları öldürən qorxulardır" - deyir.

 

3.

Danış mənə

Qışın amansızlığında

Ayaqqabıların necə daşıyır gövdənin ağırlığını

Hansı paltonla şaxtadan qoruyursan darıxmanı?

Hansı uçaqlara gec qalırsan

Özündən qaçmaq üçün?

Əllərin cibində hansı baharı düşünürsən?

Düşüncələrin evinizə sığmayan neçənci uşaqsan?

Söylə! Uca boyluqda neçə bacı-qardaşsınız?

Yabancıları nə ilə qandırırsan yalın ayaqlı gedişini

Kibrit çəkdiyində nə şəkilə düşür kimliyin?

Getmək zorundasan, bilirəm

Əslində bu məmləkət daşıya bilmir səni!

Yazdığın dəniz şeirlərinə balıqsızdır Təbriz

Sevgiyə yazdığın şeirdə boğulur qadınlar...

Söylə Səmədin qara balığını

Hansı bankada üzdürürsən?

 

4.

Nə olar doktor

Bunlara inandır ki,

Xəstə deyiləm!

İnandır ki, skripka səsi yaranır

Tavanda cızdığım dırnaqdan!

İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır

İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar

Doğru həyatda deyil...

İnandır ki, pəncərədən dışarı qovduğum

Canavar doğal kölgəmdir

Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...

Doktor, hər gün birini öldürürəm beynimdə

Əl-ayağını sapa düzürəm

Boynumdan asıram bənd-bənd...

İnandır ki, bacarıqlıyam

Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...

İnandır ki, öz ovcumda ölə də bilərəm...

 

Bilirsən

Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...

Bədənimi qaşındıran allergiya deyil

Bu bir adsız dəri xəstəliyidir

Onu soymaq, şəritə sərmək gərəkdir...

De bilsinlər ki, yatağım qorxuncdur

Saqın girməsinlər otağıma!

İnandır ki, üşüyəndir

Yatağımda yatan boşluq

Yorğansız qaldığında

Dişi dişinə dəyir..

 

Nə olar doktor bunlara anlat

Yatağımdakı canavar mənəm...

 

5.

Unut məni

Fərz et gecələrində gözlərinə dolan acı yuxudaydım!

Unut məni, hər gün məscidlərdən dışarıya atdığın mürgülü əyyaşlığın kimi

Saqqalını oxşayaraq neçə qadını öpdüyünü belə xatırlamadığın kimi...

Hər sabah fərqli çiçəkli donlarla

Balaca balkonumuzda azan səsi ilə oyandığını

Sənə çay süzdüyümü...

Səni görcək üzümə dolan təbəssümü...

Dodaqlarıma çəkilən qırmızı pomadamı gözəllədən üzümdəki qara xalımı...

Anladım bunlar da yetməyir sənə!

 

Unut

Sənin üçün paltarlarıma sıxdığım odekolonu...

Qorxaq gözlərimlə, sevirəm söylədiyimi

Telimi qulağımın dibinə vurub şirin yalanlarına aldandığımı...

Güzgü qarşısında oturub

Hər gün qıvrım saçlarımı sən sevdiyin rənglərə boyayıb

Özümü qoynuna aldığın qadınlara bənzətdiyimi də unut.

Heç sevilmədiyimi unut!

Onlara darıxdığında inad edib

Mətbəxdəki bardaqların səslərinə

Dilimin altında sevdiyim mahnını mırıldanmağımı da unut...

Yatağına ölü düşən qadın ruhumu

Göylün olmadan sevişdiyimiz gecələrdə

Qıçlarımdan ayaq barmaqlarıma sızan sərin qanımı

Ovuda bilmədiyin yalqızlığımı

Bağrına basmadığın ağ gövdəmi unut...

İndi alnına bir öpüş

Adına söyüş deyirəm sevginin!

 

Bilirəm

Yoxluğum darıxdırmır səni!

Nə çoxdur səni sevənlər

Alnının damğası etibarındır!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

Çərşənbə axşamı, 07 May 2024 11:32

Və mən onu hələ də sevirdim...

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Gözlərinə baxanda, o danışanda üzümə yayılan o mənasız gülüşü "Sevgi nədir?" sualına cavab sayırdım. O mənim sevgimi zəif, acizcə görəndə belə, ruhu ruhumdan qaçanda belə, hətta məndən xəbərsizkən də mən onu sevirdim.

 

Sevirdim... Mən onu ən sevdiyim filmi izləyərkən sönən işıqlara rəğmən həvəsdən düşmədən "görən davamında nə olacaq, tez işıqlar yansaydı.." deyə həyəcanla, hər gedişinin dönüşünü gözləyirmişcəsinə sevirdim.

Düşünəndə ki, o məni cəhənnəm əzabına sürükləyəcək yeganə vasitədir, buna rəğmən hələ də onu sevirdim. Bir sərxoşun içkiyə olan məftunluğu, ya da "siqaret məni sakitləşdirir" deyə bəhanələr uyduran hərkəsin o içindəki dərd qədər sevirdim. 

Ona bir etirafım var, mən ona yalan dedim. Mən onu içimdə heç öldürməmişəm. Mən bütün çətinliklərə rəğmən, intahar istəyimə rəğmən içimdəki o xırda ümidtək qoruyub saxlayırdım. Və mən onu hələ də sevirdim...

 

“Onu sevərkən özümü tanıyır, onu sevməkdən özümü unudurdum”.

 

Mən onu sevirdim. Könlüm boş işlərə həvəsli, həyatım nəfəs ala bilməyəcək qədər doluykən də sevirdim. Mən onu hələ də sevirdim. Və o... O sən idin... Sən mənim göyqurşağında qaraya da yer var deyərkən düşündüyüm qara idin. Güllər yetişdirir deyə sevdiyim torpaq idin. Sonda isə mənə məzar oldun... 

Sən ölüm idin, mənsə hər şeyə rəğmən rəqs edən həyat. Artıq mən sadəcə məzar daşlarındakı rəngsiz şəkillər idim... Amma mən yenə də səni sevirdim...

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

 

Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi"nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid  övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin  maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib. 

 

Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

 

“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 

 

Baş sponsor: “Azərkontrakt” ASC

Media dəstək: “ASAN TV” və “ASAN Radio”

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sizləri mütəmadi olaraq ölkə nəşriyyatlarında çıxan kitablarla tanış edirik. Bu dəfə mənim diqqətimi cəlb edən “Elm və təhsil” nəşriyyatında Bərdə şəhərində yaşayıb yaradan Arzu Yaqubqızının şeirləri toplanmış ilk kitabının işıq üzü görməsi oldu. 

 

“Nağıl kəlağayım, sirr kəlağayım” kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə çap olunub. Kitabın redaktoru və ön söz müəllifi İctimai Birliyin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru, şair, publisist Güllü Eldar Tomarlı, məsləhətçisi tanınmış Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevadır.

Fürsətdən istifadə edib Güllü Eldar Tomarlıya müraciət edərək yeni kitab barədə aşağıdakı bilgiləri əldə etdim: 

“Arzu Yaubqızının şeirləri mövzu rəngarəngliyi ilə seçilir, şair xanımın vətəndaşlıq mövqeyinin, Vətən, torpaq, el-obaya, milli dəyərlərə sevgisinin aydın təcəssümüdür. İkinci Vətən müharibəsinin ağrı-acılarıını, qələbə sevincini poetik dillə təqdim edən ədəbi nümunələrdə - “Bayrağa bürünən şəhid”, “Bir şəhidin qadını”, “Şəhid övladı”, “Şəhidlər anası”, “İtkin şəhid anası”,  “Şəhid qadını”, “İki şəhid bacısı”, “Şəhid atası”, “Qazi qardaş” və digər bu sayaq  şeirlər oxucuya kövrək duyğularla yanaşı, qürur, zəfər sevinci yaşadır. 

Şəhid anasının, atasının, qadınının, bacısının keçirdiyi hisslər, zəfər sevinci kövrək və lirik notlarla qələmə alınmışdır. Onun vətənpərvərlik  hisslərinə köklənmiş şeirlərində Azərbaycan əsgərinə, Ali Baş Komandana minnətdarlıq duyğuları hakimdir. Axı Azərbaycan əsgəri Vətənin xilaskarıdı, başımızı ucaldandı, üzümüzü ağ edəndi.

Arzu xanım milli ruhlu, milli düşüncəli söz adamıdır. Onun şeirlərində kimliyimiz, türklüyümüz, milli mənəvi dəyərlərə sayğımız ana xəttdir. Arzu xanımın qədim milli baş örtüyümüz  kəlağayıya sevgisi kəlağayı silsiləsindən ibarət şeirlərində həssas yanaşma ilə təqdim olunur. Bu şeirlərin qayəsi mənəvi saflıqdır. Kəlağayını Türk xanımlarının abır-həya, qeyrət, ismət, gözəllik və yaraşıq rəmzi kimi vəsf, təbliğ  edən şeirlər milli mənəvi düşüncələrdi. “Kəlağayılı ana, şəhid anası, “Bir qadın”, “Kəlağaylı gözəlim”, “Azərbaycan gözəli” və digər şeirlər bu qəbildəndi”

 

Güllü Eldar Tomarlı kitaba ön sözündə yazır: “Arzu xanım barışçı və savaşçı Türk qızıdır. Onun kövrək qəlbi insanlığa qənim kəsilənlərə qarşı barışmazdır. Bu mübarizədə uduzmaq ona yaddır. Nə osun ki, bəzən sinəsindəki həsrət neyi ilə nisgilini çalır. Onun nisgili də, həsrəti də üsyankardı. İlahi kədəri könül çırpıntılarını sözə çevirməyə kömək edir”.

Arzu Yaqubqızı sözə həssaslıqla yanaşır, fikirləri mənalıdır,  müraciət etdiyi mövzuların dərinliyinə nüfuz edə bilir. Onun üçün “sözlər dil körpüsüdür, söz ömründə başdı hələ. İlhamı qocalmır, ruhu susmur”.

Şair xanım sözün nahamar yollarında uğurlu söz axtarışındadır. Axtaran tapar...

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

 

Habil Yaşar, “Ədəbiyyat və İncəsənət"

 

Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir. 

 

Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz? 

Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?

Ondan hansı sualınıza cavab almaq istəyərdiniz? 

 

MƏNİM CAVABIM:

 

Əgər tarixi şəxsiyyətlərdən biri ilə görüşmək imkanım olsaydı... Təbii ki, bu siyahıda bir çox şəxsiyyətlərin adı olardı (şair yazıçılardan tutmuş, alimlər, filosoflar və s). Amma sualdan da göründüyü kimi məhz bir şəxslə görüşmək gərək... O zaman heç bir tərəddüdsüz o şəxs dünya ədəbiyyatına, mədəniyyətinə böyük bir töhfə vermiş dahi şairimiz Nizami Gəncəvi olardı. 

Onun böyüklüyü haqda yüzillərdir danışılır və danışılacaq. Ona verəcəyim suallardan biri isə: "Oğlum Məhəmmədə nəsihət" şeirinizdə ona həkim ya da hakim olmasını  məsləhət etmişdiniz. Bəs XXI əsrin gənclərinə hansı peşəyə sahib olmalarını arzulardınız?” olardı.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi


 


Əsas mövzunu yazmadan öncə, bir neçə ay qabaq “Ulduz” jurnalına hazırladığım məqalənin bir parçasını paylaşmaq istəyirəm. Qədim Yunan mifologiyasında Zevsin və Mnemosinanın doqquz qızı olan Muzalar haqda. 

 

Bu barədə çoxumuzun bilgimiz vardır. Bu Muzaların hərəsi bir sahədə ilham pəriləri kimi tanınmışdırlar. Həmin Muzalar şərq ədəbiyyatında da, xüsusilə Türk dünyasının ədəbiyyatında geniş yayılmışdır. Örnək olaraq Manas eposunda "Manasın anası Çıyırdı, Manası doğduğu anda gözünə dərviş görünür, Dərviş ona Manasın gələcəkdə qəhrəman olduğundan danışıb qeyb olur" məsələsi qəhrəmanların ilham pərisi kimi gözə görünür. Ya da Azərbaycan böyük şairi Seyid İmadəddin Nəsiminin yazdığı "Hənuz" rədifli qəzəlində Muzaların təsirini başqa bir ləfz ilə görürük: 
"Hüsni-rüхün kitabını хətm еyləmiş idim, 
Göydən rümuzi-vəhy tamam olmadan hənuz." 
Belə təsirlər klassik ədəbiyyat, epik dastanlar dövründə daha geniş yayılmışdır. Amma bu günün şairinin, yazarının, xüsusilə Güney ədəbiyyatçılarının Muzaları kimlərdir? Eləsə Muzalar vardırsa, onun müqabilində dayanıb əleyhinə işləyən boykotçular kimlərdir? Güney Azərbaycan deyəndə, hamının fikri coğrafiya anlamı üçün danışacağıma gedir. Yox, əslində məsələnin tam fərqli olduğundan danışmaq istəyirəm. 
Ədəbiyyat, dünyanın müxtəlif ölkələrində iş kimi tanınsa da, Güney Azərbaycanda istedad, maraq kimi tanınır. Nə bilim dünyanın haralarındasa minlərcə insanlar oturacaqlarına söykənib şeir yazırlar, roman yazırlar və apardıqları ədəbi tədqiqlərinə görə maaş qazanırlarsa da, Güney Azərbaycanda belə deyildir. Burdakı yazarlar, şairlər, ədəbi tənqidçilərin Muzaları hökumətin himayəsi deyil, bəlkə də 12 saat işlədikləri maaşı öz ailələrinin boğazından kəsib kitaba verib, oxumaqlarıdır. Bu sözləri çox sadə yazmaq istəyirəm, hamının başa düşəcəyinə əsaslanmaq üçün! 
Mənə Güney Azərbaycanda yaşayan ədəbiyyatçıları necə vizuallaşdırırsan dediklərində, həmişə öz beynimdə yaratdığım bir rəsim yadıma düşür. Ədəbiyyatçının bir əlində külüng, bir əlində qələm görürəm. Bu günün ədəbiyyatçısının muzası fəhləlikdə qazandığı maaşdır, əllərinin üstünü qabar basmış təcrübə amilləridir. Min müsibətlə təcrübə amillərini varağın üstünə gətirir, sonunda boykot olunur! Bəli, dəqiq desəm boykot olunur və bu boykotları edənlərin də kim olduğu hamımıza aydındır. 
2 il öncə, "Güneydən gələn səslər" rubrikasının qurulmasını mənim ilə danışan əziz dostum, Azərbaycanın sevimli yazarı Varis Yolçuyevə, "Yox" - deyə bilməyib "Ədəbiyyat və incəsənət" portalında çalışmağa başladım. Təkcə amacım, Güney Azərbaycanda yaşayan qələmdaşlarıma alqış örnəyi olaraq bir pozitiv fikir buraxmaq idi. Əslində şairin, yazarın güclü-gücsüz olduğunu nəzərə almırdım. Bu iki il müddətində paylaşımlarımıza görə çoxları müraciət edib filan şəxsi pislədilər, filan şəxsin şeirinin pis olduğunu dedilər, amma mənim hədəfim tam fərqli olduğu üçün yolumu tutub gedirdim. Yazı gücsüz olsa da, o yazını sevən bir oxucunun tapılacaq ehtimalı çoxdur. Onun üçün də paylaşırdım. Əslində ikinci hədəfim də, Güney Azərbaycanda dilin assimilyasiyaya məruz qaldığına baxmayaraq Azərbaycan ədəbiyyatının və dilinin hələ də professional səviyyədə yaşadığını, sevildiyini, Quzey Azərbaycandakı soydaşlarımıza alqış örnəyi olsun deyə düşünürdüm.
"Güneydən gələn səslər" rubrikası nə bir Muzadır, nə də ilham pərisidir! Amma bütün Güneyli ədəbiyyatçıların sahib olduğu bit kürsüdür. 
Bu iki il müddətində isə aşağıda ad apardığım 60 şairin, yazarın və tənqidçinin şeirləri, hekayələri və ədəbi fikirləri portalımızda dərc edilibdir: 

1. Müjqan Siyami 
2. Məryəm Qurbanzadə
3. Aynar Təbrizli
4. Məmməd Quruçay
5. Zaman Paşazadə
6. Məhəmmədrza Ləvayi
7. Mustafa Şeyxpur
8. Vüqar Nemət
9. Əmin Əhəryar
10. Oğuz Məhəmmədikiya
11. Məsum Cabbarpur
12. Rza Nuri
13. Rəsul Qədiri
14. Əmin Hacilu
15. Məryəm Gözəli
16. Behruz Sədiq
17. Atila Ərfəyi
18. Bəxtiyar Nizami
19. Həkimə Babakişizadə
20. İsmayıl Pilpayə
21. İlqar Müəzzinzadə
22. Qəfur Xiyavlı
23. Araz Asif
24. Mehdi Sırdaş
25. Sara Turi
26. Tohid Namvər
27. Yaz-Bahar
28. Alpər Ərtaş
29. Nuriyyə Lövh
30. Yalçın Türkay
31. Hümmət Şəhbazi
32. Məhsa Əbdüləlizadə
33. Əli Cavadpur
34. Fəriba Mürtəzayi
35. Sürəyya Xəliq Xiyavlı
36. Hadi Qaraçay
37. Arda Xani
38. Ramin Yaşar
39. Dərviş Təbrizli
40. Kamil Qəhrəmanoğlu
41. Səid Muğanlı
42. Xan Sənəm
43. Mərcan Mənafzadə
44. Şəhram Gülkar
45. Vida Heşməti
46. Elnaz İslamvənd
47. Mehdi Qəmsiz
48. Sevər Şəhabi
49. Əbasət Purhəsən
50. Həsən Babayi
51. Məhəmməd Çalğın
52. Ruqiyyə Kəbiri
53. Əli Qayıb
54. Rəhim Təkin
55. Səhər Xiyavlı
56. Arğın Paşa
57. Şahin Muradi
58. Mehdi Səhəndi
59. Səid Sadiqifər
60. Xosrov Barışan


“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.