
Super User
“YAŞAT” Fondu tərəfindən daha bir müharibə əlili müalicə məqsədilə Türkiyəyə göndərilib
Müharibə əlili Niyazov Səbuhi Valeh oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” fonduna “YAŞAT” Fondundan məlumat verilib.
“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 179-u ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 187 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Mahcamal Babayevanın "Hələ də gec deyil" kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair qəzəlxan Mahcamal Babayevanın “Hələ də gec deyil” adlı yeni kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Mahcamal Babayevanın klassik janrda yazdığı şeir nümunələrində öz dəst-xətti olduğunu qeyd edib.
“Azərbaycan” jurnalının redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirləri bəyəndiyini qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova Mahcamal xanımın "Bizim bağın çəpəri yox" adlı kitabını da xatırladıb.
Filologiya elmləri doktoru Vaqif Yusifli də kitab haqqında müsbət fikirlərini bildirib. Çıxışının sonunda o, Mahcamal Babayevanın “Külək” qəzəlini söyləyib.
Tədbirin qonağı - Rusiyanın Əməkdar həkimi, tibb elmləri doktoru, Smolensk vilayətinin sabiq senatoru Lyudmila Kozlova müəllif haqqında ürək sözlərini deyib.
Sonra şairin qələm dostları - şair Firuzə Məmmədli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, "Yada düşdü" dərgisinin redaktoru Nəzakət Məmmədli, şair yazıçı Şövkət Zərin Harovlu, şairin tələbə yoldaşı texnika elmləri doktoru Alçın Şirinzadə ürək sözlərini bölüşüblər.
Daha sonra aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.
Sonda Mahcamal Babayeva Vətən müharibəsinə həsr etdiyi “Oğul olduq” rədifli qəzəlini və həyatdan vaxtsız köçən qızı Aynurun xatirəsinə ithaf olunmuş qəzəlini söyləyib.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçərişəhərim” adlı rəsm müsabiqəsinin vaxtı iyunun 10-dək uzadılıb.
Qoruq İdarəsindən AzərTAC-a bildirilib ki, müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrdən müraciətlər daxil olmaqdadır. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir.
Müsabiqədə ilk 3 yerin qalibinə 1500, 1000 və 500 manat məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə həvəsləndirici mükafat qismində 4 rəssamın hər birinə 250 manat mükafat nəzərdə tutulub. Qalib iştirakçılar pul mükafatı ilə yanaşı, diplomla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, “İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları tərəfindən seçiləcək. Münsiflər heyətinə Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Səlhab Məmmədov, Fuad Salayev, Əliyar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.
Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iyunun 10-dək onlayn müraciət etməklə iştirak edə bilər. Qaliblər Şirvanşahlar Saray Kompleksində mükafatlandırılacaqlar.
Müsabiqənin şərtləri ilə daha ətraflı bu linkdən (https://icherisheher.gov.az/az/news/59) tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Mədəniyyət və incəsənət xadimlərini Azərbaycan Prezidenti təltif edib - SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 7 nəfər mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən həmin sərəncamı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Eldarov Ömər Həsən oğlu
Əliyeva Böyük Xanım Həsənbala qızı
Həşimzadə Xanlar Allahverdi oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Məlikov Aqil Qədəşbala oğlu
Məmmədəliyeva Sevda Yusuf qızı
Mustafayeva Laləzar Bəşir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 may 2024-cü il
2.
Prezident İlham Əliyev “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı 150 nəfər aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən həmin sərəncamı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abas-bəyli Könül Eldar qızı
Abaszadə Mələk Fuad qızı
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev İlkin Əşrəf oğlu
Abdullayeva Xurşud Lütfəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağasiyev Tural Aydın oğlu
Ağayev Miraslan Əzizəli oğlu
Ağayeva Həcər Maqsud qızı
Allahverdiyev Ceyhun Kərim oğlu
Allahverdiyev Həbib Rəşad oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Aşurov Mustafa Əhməd oğlu
Atakişiyev Firdovsi Nurəddin oğlu
Atakişiyeva Mətanət Ağazair qızı
Babayeva İnarə Əhməd qızı
Babayeva Töhfə Ağaəli qızı
Bağırova Sənubər Yusufovna
Bayramov Təyyar Allahverdi oğlu
Bəşirov Xanlar Əyyub oğlu
Bəylərov Nəzər Rəhman oğlu
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Ceyhun Arif oğlu
Dadaşov Manaf Məcid oğlu
Eyvazova Ayan Fuad qızı
Eyyubov Musa Eyyub oğlu
Əfəndi Elçin Fərahim oğlu
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı
Əhmədli Bəhruz Vaqif oğlu
Əhmədov Elşad Eldar oğlu
Əhmədov İlyas Əhməd oğlu
Əhmədova Aynur Əhməd qızı
Ələkbərzadə Mehriban Zaur qızı
Ələsgərova Əfqanə Elşad qızı
Əlili Hüseyn Azad oğlu
Əliyev Ələkbər Həsən oğlu
Əliyev Fərid Fərhad oğlu
Əliyev İqbal Adil oğlu
Əliyev Məhəmməd Əli oğlu
Əliyev Samir Asəf oğlu
Əliyeva Afət Məmməd qızı
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Ülkər Sabir qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədov İlham Əsəd oğlu
Əzizov Əzizağa Ağayar oğlu
Ferştandt Anton Sergeyeviç
Gözəlova İradə Vaqif qızı
Həmidov Elgün Rafik oğlu
Həsənquliyev Kazım Feyruz oğlu
Həsənov Bəhrəm Afət oğlu
Həsənov Kərim Abbas oğlu
Həşimov Orxan İlqar oğlu
Hüseynli Rauf Eyyub oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynova Fəridə Malik qızı
Hüseynova İlahə Həsən qızı
Hüseynova Nərmin Mətləb qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Səmədzadə Nadir oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbişov Tahir Fidayə oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Şəhla İbrahim qızı
İmanov Vaxtanq Yaşar oğlu
İmranova İnna Aleksandrovna
İskəndərova Sənubər Sabir qızı
İsmayılova Şəhla Əli qızı
Kərimov Elnur Umbay oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Nərgiz Faiq qızı
Kuxmazova Yulizana Şəfiyevna
Qasımova Zümrüd Bəxtiyar qızı
Qeybullazadə Natəvan Əhlulla qızı
Qəhrəmanov Abbas Əhməd oğlu
Qəmbərli Ayaz Vahab oğlu
Qibləliyev İsrafil Arif oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Elxan Əli Bala oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyeva Səbinə Kasumovna
Qurbanov Cahangir Qafar oğlu
Qurbanov Rövşən Oktay oğlu
Qurbanova Lalə Dəmir qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehdiyev Oqtay Nüsrət oğlu
Mehmandarov Mustafa Adil oğlu
Mehrəliyev Vüsal Akif oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmməd Lalə Mirzəli qızı
Məmmədli Şamil Kamil oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Emil Əfrasiyab oğlu
Məmmədov Hakim İlham oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədov Ramil Şamil oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədova Səkinə Çapay qızı
Mikayılov Mikayıl Şamil oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyeva Vəfa Rafiq qızı
Mirzəzadə Nicat Qərib oğlu
Musayeva Şükufə İmran qızı
Mustafayev Vüsal Sədaqət oğlu
Mürvətova Hüsniyyə Vaqif qızı
Nəbiyeva Səmayə Kazım qızı
Nəsibova Rada Ziyad qızı
Nəzərov İlham İslam oğlu
Novruzova Kəklik Vəliəddin qızı
Oduşev Timur Vladislavoviç
Osmanov Fuad Tacəddin oğlu
Poladov Əkrəm Nicad oğlu
Rəcəbli Məmməd Qüdrət oğlu
Rəfiyeva Aidə Fazil qızı
Rəhmanov Rəhman Tofiq oğlu
Rəsulov İsrafil Fərhad oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Nurlan İbrahim oğlu
Rüstəmov Rüstəm Qərib oğlu
Rzayeva Vəfa Əliseyran qızı
Rzayev-Sarabski İsfar Aydın oğlu
Sadıqov Anar Babalı oğlu
Salahov Əbülfət Yusif oğlu
Salmanov Nicat Fərhad oğlu
Seyfullayev Anar Ağaverdi oğlu
Səfərov Rəşad Süleyman oğlu
Səfərova İlahə Qiyas qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Şükür Hacıbala oğlu
Şahbazova Esmiralda Məmmədəli qızı
Şərifəliyeva Səidə Vahid qızı
Tağıyev Cəfər Vəli oğlu
Tağızadə Mahir Tahir oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyeva Leyli Fətulla qızı
Vəliyeva Nigar Natiq qızı
Yahyayev Taleh Saleh oğlu
Zaliyeva Mehriban Əskəralı qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zəki Mehriban Mürvət qızı
Zülfüqarova Əminə Cahangir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 may tarixli 3874 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 672 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 may 2024-cü il
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəliiabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Göyə çöp daşıyan bir quşam, ana...” deyəcək.
Şikayətnamə motivlidir.
“Özümü tutacaq ahım bu gecə-
Bu gecə özümə qarğışam, ana.” -deyir şair. Dünyəvi kədər ruhu çilikləməz, ağrıları şiddətləndirməz, əksinə, onlara sığal çəkər.
Xoş mütaliələr!
Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Görünsün göy üzü -baxım bu gecə,
O axan ulduzla axım bu gecə...
Özümü tutacaq ahım bu gecə-
Bu gecə özümə qarğışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür- sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
“Bəzən insanlara tam bir gerizəkalısan deyə bilmədiyimiz üçün təbii, o da sənin öz düşüncəndir – deyirik” (Çarlz Bukovski)
Dəyərli şairimiz, bəzilərinin səhv əməllərinə açıq irad bildirirsiniz, yoxsa şair ruhu ilə onun ruhunu incitmədən “düz yola” dəvət edirsiniz?
CAVAB
-Yaralı yerimə toxundunuz bu sualınızla. Nəinki səhv əməllərini gördüklərimə, hətta haqqıma girənlərə, gərəkli siyahılara adımı salmayanlara, yaxud adımı pozanlara, imzamı qısqanclıqla qarşılayanlara, açıq-aşkar özəl misralarımı, sətirlərimi namərdcəsinə öz adına yazanlara, daha doğrusu şeirinə pərçim eləyənlərə də açıq şəkildə iradımı bildirə bilmirəm. Üzə dururlar, utanıb-qızarmadan səni borclu çıxarırlar. Belələri haqqında böyük Səməd Vurğun yazırdı:
Qucaq-qucaq oğurlasın şeirimi dostlar,
Barı sənət qüdrətimi onlar danmasın!
Mən isə birbəndlik “Variantzadə” adlı şeirimlə onlara dolayısı yolla cavab vermişəm. Hər halda suç yiyəsi suçunu götürməyə, bu suçdan nəticə çıxarmağa məhkumdur.
Yaxşı deyimləri özəlləşdirir
Qorxub-çəkinmədən, çox asan, sadə.
Yad da ona nisbət variant yazır,
Yazır, çap etdirir Variantzadə...
Yeri gəlmişkən deyim ki, sosial şəbəkələr fəaliyyət göstərəndən, xüsusən Facebook ortaya çıxandan ədəbi oğurluqlar qat-qat artıb, köçürənlər köçürənədir. Bu bir ədəbi bəla olub. Sovetlər dövründə belə plagiatlar ictimai qınağa çəkilir, ifşa olunurdu. Bu gün ədəbi məhsulun ağına-bozuna baxan, şeir həvəskarı ilə əsil şairin fərqini araşdırıb səsə salan yoxdur. Bu cür adamları el demişkən “balabanla qandırmaq” çox çətindir.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Xoruz bozbaşı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xoruz bozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR (nüsxə):
§ Xoruz əti – 200 qr
§ Noxud – 25 qr
§ Soğan – 20 qr
§ Kərə yağı – 20 qr
§ Yaşıl bibər – 15 qr
§ Sarı alça qurusu – 10 qr (və
ya təzə alça)
§ Quru reyhan – 3 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Xoruzun tükləri təmizləndikdən sonra mütləq xırda tükləri alovda ütü- lür, sonra içalatı çıxarılır, yuyulur, tə- mizlənir. Oynaqları kəsilir, oynaq his- sələrdən tikələrə doğranır, bir paylıq 200 qr xoruz əti olmaqla götürülür və qazana yığılır. Üzərinə 1:2 nisbətində su əlavə olunur. Odun üzərinə qoyulur və bişirilir. Qaynadıqda kəfi alınır, qa- zanın qapağı örtülür, vam odda bişiri- lir. Pətənək təmizlənir, yuyulur, ciyər- lə bir yerdə müəyyən ölçüdə doğranır. Pətənək xoruz əti ilə bişirilir. Ət hazır olduqda çıxarılır, işgənəsi ələkdən sü- zülür. Eyni qazana yağ, xırda doğran- mış soğan, yarıqızardılmış bibər, ət əlavə olunur. Bütün bu ərzaqlar bir yer- də tovlanır. Sonra üzərinə işgənə, əv- vəlcədən isladılmış, bişirilmiş noxud, alça qurusu, duz, istiot, sarıçiçək şirə- si əlavə edilir. Vam odda bişirilir.
Kasaya çəkilir, üzərinə reyhan qu- rusu səpilir və süfrəyə verilir. Yanın- da meyvə turşusu, tərəvəz turşusu, göyərti verilə bilər.
QEYD: Bişmə müddəti 2-3 saat çəkə bilər. Bu müddət xoruzun yaşından asılıdır. Heyva mövsümündə heyva da vurula bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Qız biliciləri olan mantyorlar
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Sən hansı unidə oxuyursan?
-Adını unutmuşam, amma papa deyir, çox bahalıdır.
2.
Rus deyimi:
Ayıq adamla təmiz söhbət etmək düzgün deyil, onu çıxılmaz vəziyyətə salmaq deməkdir.
3.
Yuxuyozma:
Əgər yuxuda səndən yerə ulduz tökülürsə, demək, növbəti general həbs olunacaq.
4.
Çox əfsus ki, səni olduğun kimi qəbul edirlər, olmaq istədiyin kimi yox.
5.
Həyatda lapdan qapılar üzünə yalnız supermarketlərdə açıla bilər.
6.
-Niyə hamı mənə belə baxır? Bəlkə çox açıq-saçıq geyinmişəm?
-Nə bilim, ay Tofiq.
7.
Qızların mənfi və müsbət cəhətlərini ən yaxşı mantyorlar bilir.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Günəş şüası - AYSEL FİKRƏTİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayəsini təqdim edir.
Səhər pəncərədən evin içinə elə boylanırdı ki, sanki kimisə axtarırdı. Üzünə Günəşin şüası düşmüş kitablar qıpqırmızı qızarmışdı. İnanmazdım, öldüyümün onuncu günü öz evimə Günəş şüasında gələcəm.
Evdə çoxlu qonaq var idi. Yad üzlər, adamlar. Ərim bükülüb körpə uşaq kimi yatmışdı. Corabının ortasında böyük bir qara dəlik var idi. Tənbəl-tənbəl gözlərini açıb dik atıldı. Gözünə düşən Günəş şüası onun əslində mənə son dərəcə yad olduğunu göstərirdi.
Üşüdüm. Sonra yadıma düşdü ki, mənim duyğularım yoxdur, sevinməyə başladım. Yaşadığım dövrdə ətrafda baş verənlərə çox baş qoşardım. İnsanlara laqeyd deyildim. Hətta bir müddət dara düşən insanlara kömək edib sanki bu yolla qidalanırdım. Özümü tamam yormuşdum. İçimdə sızıldayan ürəyimi hiss etmirdim deyə sevincimi gizlədə bilmədim.
Ərim bunu hiss edib ayağa qalxdı. Gözləri çuxura düşmüşdü.
Yaxşı ki, bu dünyada sevgi yoxdur. Mən onun nəyə görə belə fikirli olduğunu anlamırdım.
Anası onu səslədi. Qonşu otaqda qonaqların içində bir orta yaşlı qadın var idi. O da yerə, göyə, mənim əşyalarıma qəribə nəzər salırdı. Yanında əyləşən anası qulağına nəsə pıçıldadı. Deyəsən pəncərəni göstərdi. Qadın nəzərləriylə evin dörd divarını necə çəki düzənə gətirəcəyi haqqında düşünürdü. Kimsə ərimin qoluna girib bir yana çəkdi...
Oğlum mışıl-mışıl yatırdı. Günün qürubu ilə gözdən itdim...
Ölümümün onuncu günü evimdə gördüyüm mənzərə bu idi.
Yaşayarkən nədən və hardan yıxıldığımı yadıma sala bilmirdim. Bilirəm ki, günlərlə xəstə yatdım. Bir gün də səhər açılmadı. Evimin çəki düzəni tamam itmişdi. Ölərkən belə bu barədə düşünürdüm. Bu zülmün içindən nədən çıxa bilmədiyimi, əslində bu qədər güclü ola-ola adi bir ayrılıq sarsıntısından öləcəyimi təsəvvür edə bilməzdim. Amma bu, belə də oldu.
Mərhəmət acı hissdir. O, insanı ölümə qədər gətirirmiş demək. Hardan-hara gəlir insan. Bitməyən missiyalarımın birində böyük bir acı çəkdim. Düşündüyüm icrası yüzdə-yüz olacaq olan layihədə çoxlu itki olmuşdu: adam ölümü, ayrılığı.
Fikirdən, peşmanlıqdan yatağa düşdüm. Bir kimsə məni qınamasa da, hamıdan üzr istəyə-istəyə. Bir də gördüm xəstələnmişəm. Artıq hər gün canımda bir sancı idi. Bir gün də canım bu ağrıdan azad oldu.
O gözəl günü belə xatırlayıram. Azadlıq günü: canımda olan bütün sızıntılar bitmişdi. Ən son yadımda qalan dostumun monitorun o tayındakı üzgün üzü idi. O ağlayırdı. Yalnız onun üçun yeni başlanğıclar gələcəkdi, o, hələ çox yaşayacaqdı. İtkilər onun ürəyini mənim qədər sarmadı.
Biz bütün gözəllikləri birgə yaşayıb itirmişdik. Və sonu...
Tez -tez gəlirdim evimə. Çox keçmədi evimə gələn yeni gəlin evimdə çox əşyaları atdı. Xatirələrin əlində yanıb tökülməyindən qorxmadan. Çünki bu evin keçmişi onun keçmişi deyildi. Ərimi də elə bu cəlb edirdi. Onun keçmişi olmaması, bir də bişirdiyi yeməklər.
Biz evlənən gün ilk soruşduğu bu olmuşdu, dəcəl bir uşaq kimi mən “yemək bişirə bilmirəm ki” demişdim. Gülümsünmüşdü. Sonradan başa düşdüm ki, acığı gəlibmiş.
Bütün ömrümü mənim yaşamıma təəccüblə baxdı. Bir qadın bu qədərmi qadın olmaya bilərdi?!
İndi çox xoşbəxt idi. Onun səhvlərini üzünə vurmayan, dadlı yeməklər bişirən yeni arvadı, sakit həyatı vardı.
Oğlum öldüyümün onuncu günü getmişdi şəhərdən. Oxumağı bəhanə edib getmişdi. Onun üçün çox narahat idim. 20 yaşlı bir gəncin nə düşündüyünü, nələr edəcəyini, dostlarıyla necə bir ortamda yaşayacağını düşünüb dururdum. Yalnız oğlum evdə deyildi.
Uzun-uzadı bu evdə məhkum qaldım.
Mələk fiqurları ilə dolu olan kitablığımı yerə töküb yığışdıran yeni gəlin birdən kitab arasında qəfil yerə sıçrayan gülümsəyən şəklimlə qarşılaşdı. Şəkillər yerə səpildi. Gəlin yerdən şəklimi götürüb gözlərimə baxdı. Bu an mən də onun gözlərinə baxa bildim. İri qıy gözləri uşaq məsumluğu ilə baxırdı. Nazik dodaqlarını bir-birinə sıxıb üz cizgilərimə diqqətlə baxdı. Şəkildən elə gülümsəyirdim ki, onun ürəyində həsəd içini didməyə başladı. Qadın ədasıyla şəkli stolun üstünə tulladı. Bir küncdə oturub fikrə getdi. Ərim yerində donub qalmışdı:
- Bağışla, şəkilləri hər yerdən yığmışam, bir bunları unutmşam.
Ərim onun yanında oturub bir nöqtəyə baxdı.
- Sevirdin onu? - qadın acıqlı dilləndi.
- Öldüyünün onuncu günü başa düşdüm ki yox. Onu heç bir vaxt sevməmişəm. Qeyri-adi düşünən qadınlardan həmişə qaçmışam. Çox vaxt ayrılmaq istədim, bacarmadım. Uşağa görə dözdüm. Baş qoşmadığı yer qalmadı bu qadının. Axırda alpinist dəstəsinə də qoşuldu. Evdə buna görə davamız oldu. Qapını çırpıb getdi. Elə o gəzintilərinin birində də xəsarət aldı, bir ayın içində öldü. Ona qulluq edirdim. Heç məni hiss etmirdi. Kiminsə, yəqin ölən dostunun adını sayıqlayıb ağlayırdı. Yaşaya bilmədi, bədbəxt adam idi. Xəyanətini görmədim, deyə bilmərəm, yalnız onun üçün yadlar bizdən önəmli idi. Mənim varlığımın, yoxluğumun bu insana bir təsiri olmazdı. Günlərcə kitab oxuyub, sonra o kitabı izah edər, tapıntılarını yazardı, ətrafında bir sürü qəribə rəfiqələri var idi. Bir dəfə onu təqib etdim. Gedib hansısa kafedə oturub xeyli güldü-danışdı. Rəfiqələri rəssamlar, aktyorlar, musiqiçilər idi. Onların içində elə gülürdü ki! Evə dönəndə bütün yolu onunla getdim. Evə çatanda isə səssiz oldu, yenə içinə qapandı. Onun sanki evdən uzaqda bir həyatı var idi. Ev adamı deyildi.
Qadın bir az da fərəhləndi.
Ərim bu sözü deməyindən sanki utandı, başını aşağı saldı:
- Yaxşı ana idi o. Uşaqla elə oynayırdı ki, sanki özü də uşaqdı. Hər şey edərdi uşaq üçün. Oğlumuzu böyütdü, oxutdu. Bir də incitməzdi məni, yorğun oldummu, ürəyi yanardı. Bu yadımda qalıb.
- Sevmədiyin qadın haqqında elə danışırsan ki! – deyib, qadın hirslə otaqdan çıxdı.
Ərim şəkilləri stolun üstündən götürüb cibinə qoydu. Götürərkən şəklimə bir də baxdı. Gözləri tamam çuxura düşmüşdü, sanki bir az da qocalmışdı. Sakit gözlərini gözlərimə zilləyib:
- Əzizim, - dedi. - Səni çox sevirəm. Elə darıxmışam ki! Gülüşün, səsin, dağınıq əşyaların, zarafatların üçün! Sən mənim ucalığım idin. Hardasa uzaqda sənə baxar, xoşbəxt olardım. Mənim sənin həyatından uzaq bir dünyam olsa da, sənə həsəd aparırdım. – Gülümsündü. - Ölümün üzü qara olsun. İndi ev-eşik tər-təmiz, evdə isti yemək, hər şey var. Amma mən boğuluram. - Gülümsündüm. - Ölümünün onuncu günü bunu dərk etdim.
Gözündən iki damcı yaş axdı. Ürəyim sıxıldı. Onun az əvvəl qadının könlün alanda dalımca dedikləri indiki halını inkar edirdi. Amma mən onu anlayırdım.
“Həyat çirkli yerdi. Heç nə göründüyü kimi deyil. Əsas içindəki mələyi oyat. Bir də bir gün görəcəksən ki, qanadın da çıxdı, mələyim”.
Kimsə sanki pıçıldayırdı.
“Əsas bu dünya dərdindən yuxarıda durmaq və ölümündən sonra da, əvvəl də mələk qala bilmək. Doğru səni aparacaq. Sən qanadını çırp”.
Evim mənə yad görünürdü. Qollarımı yana açıb işıq selinə düşdüm. Yer üzü, göy üzü ayağımın və düşüncəmin altında idi. Yer üzü mənim ürəyimi yaralayan, incidən insanlarla dolu idi. Amma mən bunu duymurdum. Hər şeydən yuxarda və elə gözəl həzin bir aləmdə idim ki! Sərin meh üzümü xəfifcə qıdıqlayırdı. Yer üzündə dadmadığım xoşbəxtliyi hiss edirdim. Sanki böyük bir sevgi selinin içinə gedirdim. Təkcə oğlumdan nigaran idim. Ona sevgidən qoparıb işıq seliylə göndərib yoluma davam etdim.
Həyat gözəldir. Və biz bu gözəlliyi yaşayarkən duymağa məcbur deyilik. İnanırdım ki, insan övladının heç bir məcburiyyəti yoxdur. Bütün sərhədlər, sədlər, qanunlar insan beyninin axmaq məhsuludur.
Yaşayarkən özünü bir modelin içinə qapamaqdan ziyadə günah ola bilməz. Günahkar olmaq budur. Yaşamağa məcbur deyilik.
Gözlərimi yumub ölümümün onuncu günü məndən bu dünyada qalmayan heç nəyi sevməyə başladım. Heç nə böyük bir dağ kimi məni qoruyurdu. Mən o dağı çıxmırdım, onun içində gizlənirdim.
Evimi tapmışdım.
Mən azad idim. Qu tükü kimi yumşaq bir həyat idi. Düşüncə, həsrət, ayrılıq, sevgi dadmamaq qədər azadlıq idi bu.
Mən bunu öldüyümün onuncu günündən hiss etdim.
O gündən ki insanlar özlərini məni unutmağa məcbur etdi, mən azad oldum.
Çox sevinirdim.
Xoşbəxt idim.
Öldüyümün onuncu günü...
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“Tərəkəmə Çərşənbəsi” beşinci beynəlxalq folklor-turizm festivalı keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival planlaşdırılır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Miras” ictimai birliyindən məlumat verilib.
Ənənəvi olaraq Ağsu rayonu Gəgəli kəndində keçirilən tərəkəmə folkloru festivalı müxtəlif toplumların öz folklor nümunələrini təqdim etmələri üçün mədəni irs meydanıdır. Tərəkəmə həyat tərzini irs və turizm məhsulu kimi yerli və xarici maraq qruplarına tanıtmaq məqsədilə "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi 2011-ci ildə "Tərəkəmə çərşənbəsi", 2019-cu ildə "Tərəkəmə qadın" sənədli filmlərini çəkib. İlk Tərəkəmə Çərşənbəsi beynəlxalq folklor festivalı 16-18 mart 2015-ci ildə baş tutub. İndiyə qədər dörd festival keçirilib. Festivalın təşkilində qeyri-hökumət təşkilatları ilə yanaşı, dövlət qurumları, özəl müəssisələr, fərdi təşəbbüskarlar, mədəniyyət xadimləri yaxından iştirak ediblər. Festivallarda Türkiyə, Gürcüstan, İran, Rusiya, Misir, Hindistan, Türkmənistan, İndoneziya, Yəmən, Qazaxıstan kimi ölkələrdən gələn nümayəndələr və folklor qrupları ilə yanaşı Ağsu rayonu və Gəgəli kəndinin yerli sakinləri qaynayıb qarışaraq mədəni fəaliyyətlər həyata keçiriblər. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalıblar və ünsiyyət bağları qurublar.
"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi beşinci festivalı fərqli tarixdə, fərqli mövsümdə keçirməyi planlaşdırır. Festivalın proqramına görə 01 iyun tarixində qonaqlar Tərəkəmə yurdu folklor turizmi məkanına gələcək və öz folklor nümunələrini konsert tədbirləri, sərgilər vasitəsilə təqdim edəcəklər. Bu müddətdə Ağsu rayonunun gəzməli yerlərinə, tarixi abidələrinə, istehsal müəssisələrinə turlar təşkil ediləcək. İkinci gün də tədbirlər davam edəcək. Hər iki gün axşam kənddə festival meydanında qədim ənənələrə əsasən oturma gecələri keçiriləcək. Xarici və yerli qonaqlar, kənd sakinləri oturma gecələrində səhərə qədər yatmır, müxtəlif əyləncəli proqramlar, oyunlar icra edirlər.
Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının YUNESKO siyahısına alınması ilə səsləşir. Festival təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və YUNESKO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil olmasıdır.
Festival meydanında öz folklor nümunələrini təqdim etmək üçün bütün folklor qrupları, turizm şirkətləri, təhsil müəssisələri dəvət olunur.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)