ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Hicranın yolları bitməz, tükənməz,

Vüsal yollarına qar ələnibdir.

Ömrünü eşqinə qurban deyən kəs,

Xəyanət əliylə güllələnibdir... 

 

Bu gün Sovet dövründə Azərbaycan yazıçıları içərisində Məmməd Səid Ordubadidən sonra ən çox oxucusu olan qələm adamı, "60-cılar” ədəbi nəslinin ən sevilən nümayəndələrindən biri sayılan,  məşhur  "İtkin gəlin" əsərinin müəllifi yazıçı Əlibala Hacızadənin doğum günüdür. 

 

Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci  ildə Biləsuvar rayonunun Ağalikənd kəndində anadan olmuşdur. Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. 

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) kiçik elmi işçi kimi başlayan yazıçı 1966-1970-ci illərdə  Əfqanıstanda tərcüməçi kimi çalışmışdır.

1976-cı  ildə  yenidən Azərbaycan  Milli Elmlər Akademiyasının Yaxın  və  Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. "Nizami" jurnalı 1994-cü ildən onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdır.

Əlibala Hacızadə ədəbi fəaliyyətə 1956-cı ildə “Uşaqgəncnəş"rin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunan 

"Mənm müəllimim" hekayəsi ilə başlamışdır.

"Heykəl gülür" adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının  sonralar 1963-cü ildə "Unutmaq olmur", 1965-ci ildə  "Məhəbbət olmayan evdə" və "Fərruxi Yəzdin poeziyası", 1969-cu ildə "Cehiz", 1974-cü ildə "Pəhləvan",  1979-cu ildə "İtkin gəlin", 1981-ci ildə "Əfsanəsiz illər", 1992-ci ildə "Təyyarə kölgəsi" və "Vəfalım mənim", 2001-ci ildə "Sevəcəyəm" kimi kitabları nəşr edilmişdir.

Müəllifə ən çox oxucu sevgisi qazandıran "İtkin gəlin" əsəri əsasında yazdığı ssenariyə 12 seriyalı eyniadlı bədii televiziya filmi çəkilmişdir. 90-cı illərin ən məşhur ən baxımlı filmi olan "İtkin gəlin" həm də Azərbaycanın ilk serialı sayılır.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviri olmuşdur. Onun elm adamlarının ictimaiyyət üçün bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıran "Təyyarə kölgəsi" və "Vəfalım mənim" romanları məhz bu qəbildəndir.

Əlibala Hacızadə 2009-cu ilin oktyabrın 9-da 74 yaşında vəfat etmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə, 28 Avqust 2024 09:12

“Onuntək çəkirdim papirosumu…”

“Ədəbiyyat və incəsənət” bu gün doğum günü olan yazıçı Əlibala Hacızadəyə Ayaz Arabaçının yazdığı ithaf şeirini təqdim edir. 

 

Sevimli yazıçımız Əlibala Hacızadənin xatirəsinə

 

Yadımdan heç çıxmaz ağıllı, müdrik,

Bir az da yaşıla çalan gözləri.

Acı papirosu çox çəkdiyindən,

Heç vaxt işlətməzdi acı sözləri.

 

Bizim hamımızı tərifləyərdi,

Bir yol danışmazdı özündən qəti.

Var idi həmişə, özünəməxsus,

Hər kəsə qəribə müraciəti.

 

Hələ də çox yaxşı xatırlayıram,

Onun o işıqlı xitablarını.

Məktəb illərində qızlı-oğlanlı,

Əl-əl axtarardıq kitablarını.

 

Gülər çöhrəsiylə işıq saçırdı, 

Harda olurduqsa, məclisimizə.

İndi də bilmirəm necə çatmışdı,

O boyda qiymətli xəzinə, bizə.

 

Könlü nəğmə dolu, şeir doluydu,

Kaman da olurdu, qaboy da idi.

Ortabab balaca boyluydu ancaq,

Ancaq nə sirdisə dağ boyda idi.

 

Uçmaq istəyərdik onu görəndə,

Sanki çiynimizdən qanad çıxardı.

Ən çətin, ən ağır durumda belə,

Cibindən 10-15 manat çıxardı.

 

Daşıb kükrəyərdik dəli çay kimi,

Qəlbimiz havalı yaz halındaydı.

O vaxt gözümüzdə qızların çoxu,

Onun Əfsanəsi misalındaydı.

 

Onuntək çəkirdim papirosumu,

Hərdən də onuntək fikrə dalırdım.

Məndə avtoqraflı kitabı vardı,

Qızlara göstərib ləzzət alırdım.

 

Dünən təsadüfən keçirdim ordan,

Elmlər tərəfdən fikirli, çaşqın.

Səni xatırladım, qəfildən ustad,

İçimdə zəlzələ, gözümdə daşqın.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə, 28 Avqust 2024 14:04

Molla Baxışla Oğru Salmanın söz-söhbəti

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Bu gün mərhumun 3 mərasimi idi. Bütün kənd camaatı, qohum-əqrəba gəlmişdi.

Adəti üzrə 90 yaşlı Molla Baxış da məclisin başında oturub yas mərasiminə uyğun söhbətlər edir, bəziləri qulaq asır, bəziləri isə öz aralarında ordan-burdan söhbət edirdi, hətta ölü yiyəsinin mağarda yoxluğundan istifadə edib xısın-xısın gülənlər də var idi…

Məclisin bu anında Oğru Salman mağarın girişində göründü. Hamı ayağa qalxıb onu öz yanında əyləşdirmək üçün can atırdı, o isə hamıya salam və başsağlığı verib mağarın girişində, yas sahibinin yanında əyləşdi.

Artıq onun 60 yaşı olardı. 50 yaşından üzü bəri oğurluq etmirdi… Oğurluğu tərgitmək üçün nə “Qurana” əl basmışdı, nə də tövbə etmişdi. Oğluna bir kəlmə demişdi ki, “Dədəm, sən öl bir də oğurluq etməyəcəm”, - vəssalam…

Hə, burasını da deyək ki, Salman kişi deyilənə görə, bir dəfə də olsun kasıb təbəqədən oğurluq etməzdi, onun hədəfi, özü demiş, harınlamış adamlar və malını yeməyən xəsislər olurmuş...

Oğru Salman gələndən camaatın ona qulaq asmadığın görən Molla Baxış rişxəndlə: -Ay Salman kişi, bax bu cür ölüm hamı kimi səni də gözləyir, bilirsən də?, - dedi. 

-Bilirəm, ay Baxış əmi. 

-Axirət günü oğurladığın mal sahiblərinə nə cavab verəcəksən? Doğrudan mənim üçün çox maraqlıdır.

İçəri lal sükut çökdü. 

Oğru Salman azacıq da düşünmədən söylədi:

– Baxış əmi, o mal sahiblərindən birtəhər halalıq alamağa çalışacam, ala bilməsəm də mən cəzamı çəkməyə hazıram. Sən isə əmin oğlu öləndən bir neçə il sonra  onun arvadını aldın. Bəs axirətdə sən ona nə cavab verəcəksən, mənim üçün də bu, çox maraqlıdır?

Amma Molla Baxış verilən suala cavab tapa bilmədi, aciz-aciz gözünü döydü.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə, 28 Avqust 2024 15:11

“Sürgün” - Aysel Fikrətin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin “Sürgün” hekayəsini təqdim edir. 

 

 

Sürgün 

(Hekayə atam Fikrət Sadığın danışdığı real hadisə əsasında onun dilindən yazılıb)

 

Üzümü qüruba tutub durmuşam. İnsan da günəş kimi qürub edərmiş.

Qürub ta uşaqlıqdan mənim kabusum olub. O hər kəsin həyatına kabus olmuş 1937-ci  ildə doqqazımızın ağzında uşaqlarla oynayırdım. Birdən üç qara maşın evimizin düz önündə durdu. 6 yaşım olardı, yalnız  bunun çox pis hal olduğunu hiss edirdim. Uşaqlar qorxub qaçdılar, mən isə yerimdəcə donub qalmışdım. Anamın fəryadı,  bacilarımın ağlaşma səsi də məni gördüyüm mənzərədən oyada bilmirdi. Bu hadisədən gör neçə il keçib, indi ömrümün qürubunda belə eyni cür yerimdə donub qalmışam. Atamı o qara maşınlar alıb aparanda mənə baxdı. O baxış  mənim ömür yolumu yazdı. Atam gözlərində həm əlacsız idi, həm aciz. Amma gözlərini məndən çəkmirdi. “Anan bacıların sənə əmanət oldu, bu gündən onları qorumaq sənə düşdü.”

Bu baxışlar məni yerimdən titrətdi, əlimdəki çör-çöpləri yerə tökdüm. Maşına tərəf qaçdım.

Atama sarılıb onun ətrini içimə çəkməyə, hönkür-hönkür ağlamağa başladım. Məni atamdan ayırıb yerə itələdilər, maşın şütüyüb getdi...  Maşının tozu ərşə qalxıb əvvəl ürəyimi, sonra nəfəsimi daraltdı . Ayağa qalxıb üstümü çırpdım. Evimizə girəndə gördüm ki, anam yerdə uzanıb, bacılarım da onun böyründə xısın -xısın ağlayırdılar. Sonra gəlib evimizin əşyalarını  yazdılar. Evimizdə bir əşya belə qalmadı. Yadımdadı, Nizami Gəncəvinin kitabını, bir də bir patefon valını götürüb qaçdım. Ağaclıqda gizlənib gələn qara geyimli adamların getməyini gözlədim.

Amma sonra daha qorxunc xəbər gəldi .

Xalq düşmənlərinin həyat yoldaşlarını da sürgünə göndərirlər, uşaqları isə yetimlər evinə göndərəcəklər. 

Atam rayon sovetinin sədri idi. Bütün başına gələn bəlalar da bundan başladı. Dayılarım gecəylə gəlib bizi at arabasında qaçırdılar. O gündən evimizdən uzaq, tam ayrı qürubları, ayrı sabahları yaşadım.

Yaşadımmı? Bu illərdə nələr oldu. Doğmalarımın məndən uzaq gəzdiyini gördüm. Yanlarından otdükdə “xalq düsməninin oğlu gedir” tənələrini də eşitdim.

Ta atam bəraət alana qədər .

Mən Universitet illərimə qədər sanki on ömür yaşayıb ölmüşdüm. Ağır fəhlə işlərində işləmişdim.

Amma indi... ömrümün bu çağında çəmi bu illər aydın yadımda idi, o da atamın tutulduğu gündən onun bəraət aldığı günə qədər.

Atamla bağlı əhvalatlar mənə bu dünyada nağıllar olduğunu sübut edirdi.

Mən qorxunc bir nağılın içində büsbütün bir ömrü yaşadım. Atamın bəraət sənədini  aldığım gün atamın sağ olduğunu daha bir kimsədən gizlətməyə lüzum qalmırdı. Bəli, mən bunu illər əvvəl bilirdim, yalnız doğmalarımdan belə gizlədirdim.

İllər əvvəl kəndə hay düşdü ki, atam sən demə sağdı. Kəndimizdən bir kişi Leninqraddan atamın işarələrini dayıma demişdi.

Deyilənə görə, həmin kişi Leninqradda yaşayır. Atamın adı, övladların adı, hər şey  uyğun gəlirdi. “Məni görmək istəyən kimdisə bilsin ki, mən hər gün bu gündən sonra Leninqradın Moskva stansiyasında sərnişinlər getdikdən sonra gəzişəcəm və doğmalarımı gözləyəcəm.” Belə demişdi o.

Bu gizlin görüşə mən gedəcəkdim. Elə həmin gün hamı yığışıb mənə atamin tapıldığı şəhərə getməyimə  kömək etdilər.  Dayım öz isti paltosunu, dostum isə uzunboğaz ayaqqabısını mənə verdi. Dayım cibimə xərclik də qoydu.  Bacılarım boynumu qucaqlayıb bağladılar. Hamı həyacanlı, kədərli idi. Gün tamam oldu, yola düzəldim. Qatarın içi bumbuz soyuq idi.

İlahi, bu nə zülmdür ki, bu illər lal olan dilimin özünün də özünə deməyə qorxduğum bu dərd indi gözümün önündə əriyib gedirdi. Çox adam, hətta anam, bacılarım da onun itgin düşüb öldüyünü, hətta sürgündə güllələndiyini dilə gətirəndə mən inanmırdım, üsyan edirdim. Onun sağ-salamat olduğunu uydurub yaşayırdım. O, əli güclü adamların məni ondan qoparıb atdığı gün 6, onu görməyə getdiyim gün isə 18 yaşım var idi. Bu gediş çox gizli idi. Dayım sənədlərimlə hər bir işdə mənə kömək etmişdi. 

Vaqona bir qadın daxıl oldu, sonra bir ailə. Kupe adamla doldu. Ürəyim sıxılmağa başladı. Kupedən çıxıb qatarın ensiz dəhlizində pəncərədən baxmağa başladım. Qatar şütüdükcə hər şeyi geridə qoyurdu. Bu qatarın təkrarsız çax-çaxında balaca özümü görürdüm. O, qatarda ora-bura qaçır, Tovuza getməyə özünə yer axtarır. O, zaman 9 yaşımda anam bəzi əşyaları yığıb mənə verirdi, mən də Tovuza gedib tərəvəzlərlə onu dəyişirdim, evimizə azuqə gətirirdim. Hərdən kisələr elə ağır olurdu ki, gözlərimin yaşı üzümə tökülürdü, yalnız bu kisəni evimizə qədər sürüyürdüm. Anam, bacılarım gəldiyimi görüb ayaqlarımı suya qoyurdu. Anam mənim başıma fırlanırdı. "Əziz xələf uşağım, gör bir nə hallara qaldı" - deyib, ağlayırdı anam. Əziyyətli günlərimiz çox oldu. Ağır müharibəni keçdik. Ölmədik. Bir dəfə qar düşmüşdü, tufan qopub yolu bağlamışdı. Məktəb evimizdən uzaq olduğundan hər kəsin atası gəlib apardı, mən isə boynumu büküb bir küncdə oturdum. Bunu görənə Ağamehdi müəllim mənə tərəf gəldi, məni çiyninə alıb o biri atalar kimi evə gətirdi. İllər ötüb, amma mən onu unutmuram. Sonra eşitdim ki, mənim ucbatımdan onu danlayıblar, təhdid də ediblər. Bunu sonralar eşitdim. Hər dövrdə insanlıq da olub vəhşilik də. Amma o dövrdə bu daha qabarıq idi, insanlıq da, vəhşilik də. Ürəyimi nisgil bürüdü birdən. “Atam bildiyim insan o olmasa…”- tez də bu fikri beynimdən qovdum.

İndi isə səksəni ötən bir qocayam. Üzümü qüruba tutub durmuşam. İndi oğlanlarım, qızım, ailəm başıma toplaşsa da mən ölməzdən əvvəl yenə də son bir kəs atamı görmək istəyirəm. 

Bax elə o gündəki kimi...

 

Perron, Leninqrad-Moskva stansiyası, 1950. 

İzdiham. İlk kəs evdən uzaqlaşmışam, özümü yad , tək hiss edirəm, həm də qorxuram. Oxuduğüm kitablardan rus dilini də mükəmməl öyrənmişdim. Azıb etsəm birtəhər danışa biləcəkdim, yalnız yenə də nədənsə qorxurdum. Ətraf bir-birini qarşılayan, vidalaşan, ağlayan, sevinən insanlarla doludur. Bir küncə çəkilib onların nisbətən azalmasını gözlədim. Deyildiyi kimi qatarın əksi istiqamətində getməyə başladım.

Uzaqdan bir nəfərin qaraltısını hiss etdim. O qaraltıya tərəf getməyə başladım. Qaraltı yaxınlaşdıqca ürəyim daha tez -tez döyünməyə başladı... Ona çatana yaxın yerindən sıcrayıb mənə tərəf addımladı. Biz bir az aralıdan dayanib bir - birimizi uzun - uzadı seyr etdik. Hündür dag cüssəli bir adam idi, iri gözləri qalın qaşları var idi. Saçları ağarmışdı. Yalnız mən onu tanımışdım, bu mənim atam idi. O isə çaşqın halda məni süzürdü. “Ata” deyib eynən uşaqlıqdakı kimi onu qucaqladım. Bir-birimizi qucaqlayib dayandıq, atamın hıçqırtısını üzümdə  hiss etdim. Mən də ona qoşulub bütün ömrümün əzablarına ağladım.

Illər sonra bəraət aldı, Bakıya qayıtdı, işə bərpa oldu. Bu nağıl yaxşı bitdi.

Ömür nağılım isə... 

Dumanlıqdan mənə baxıb gülümsəyən dünyadan getmiş doğmalarımın həzin təbəssümündə bitdi ... 

Atam, Anam, Bacılarım... 

 

Son sözü "atam" oldu ...Gülümsədi, getdi . Quş kimi uçdu 

Asan getdi, Allahın sevdiyi bəndəsidir.

Çox əziyyət görmüşdü , Allah onu incitmədi ... bu otaqda pıçıldaşan insanların haqqımda dedikləri idi.

 

Artıq Ayaqlarım yerdən üzülmüşdü. Bu dünyadan hali idim, haqqımda deyilənləri də duyurdum. İnsan ömrü üç-beş andır. Bir üfürümlük nəfəsdi . Mən o nəfəsi çəkib getdim. O nəfəsi Allah mənə o kişinin təbəssümündə bəxş etmişdi, onunla da məndən alıb apardı. 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan bölməsi

 

Türkiyənin İLESAM (İlim ve Edebiyat Sahipleri Meslek Birliği)nin sədri Mehmet Nuri Barmaqsızın “Sükut quşu” adlı şeir kitabı Təbrizdə çap olunubdur. 

 

Şeirlərin tərcüməsini Təbrizli şair, yazar, tərcüməçi Əli Çağla Türk dilindən Azərbaycan dilinin əski əlifbasına çeviribdir.

“Sükut quşu” Təbrizin “Əxtər” nəşriyyatı tərəfindən çap edilib və İranda satışa çıxarılıbdır. 

Qeyd etməliyik ki, kitabın üz qabığını isə Tərbrizdə Əmir Fərhəng dzayn edibdir. 

Kitabın içindən bir şeiri əziz oxuculara təqdim edirik: 

 

ÖTƏLƏRİN XƏYALI 

 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Bildiyim tək şey bir damlada yox olmağımdır. 

Yollar kədərli, illər məlal... 

İçimdə ağlayan bir uşaq var, uşaqlığımdır. 

Əllərimdəki sınıq sazın telləri lal. 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Ürəyimdə həsrətdən bir mahnı oxuyar qışqırıq. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Hər nəfəsdə sevgiyə coşar, sevgiyə qaçar mənliyim. 

Sevginin viranəsi, sevginin şahanəsi mənəm yar! 

Vüsalı qısqandırır hüceyrə-hüceyrə sənə dönən sənliyim, 

Bir zülmünlə ürək divarım məhv olur. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Yağışımın qaynağı sonsuzluq deyilən üzdəndir. 

 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Gözlərimdə ümid, əllərimdə vüsal şövqü. 

Ölüm, divarı bağlı ruhunu küləyi ilə həmişə yoxlayar. 

Sevgi həsrətə köklənib şad oxunan mahnıdır. 

Ürəyim xəyallarında da sonsuzluğa göz qırpar. 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Həsrətimin üfüqündə ötələrin xəyalı var.  

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanın 4 oyun studiyası (“Darts Games”, “Cool Bears Game Studio”, “Dynamic Box Studio”, “AzDimension”) Almaniyanın Köln şəhərində keçirilən və dünyanın ən böyük oyun sərgisi hesab edilən “Gamescom”da iştirak edib.

 

AzərTAC-a Agentlikdən bildirilib ki, ölkəmizi təmsil edən “Dynamic Box” studiyası öz fərdi stendində “Madness Afloat” oyununu nümayiş etdirib və bu da Azərbaycandan olan tərtibatçının tanınması baxımından tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

 

Tədbirdə, eyni zamanda, İRİA-nın İnnovasiya ekosistemi departamenti, Startap ekosisteminin quruculuğu şöbəsinin müdiri Camal Ağayev, həmçinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin layihə meneceri Nikita Yudin də iştirak ediblər. İRİA-nın əməkdaşları bir sıra aparıcı oyun şirkətləri və oyun nəşriyyatçıları (oyunları rəqəmsal platformalarda yayan şirkətlər) ilə bu sahənin Azərbaycanda inkişaf etdirilməsi və əməkdaşlıq mövzularında görüşlər keçiriblər.

 

Qeyd edək ki, hər il 80-dən çox ölkədən 30 000-dən çox iştirakçını cəlb edən “Gamescom” sərgisi studiyalar üçün investorlara, oyun yayıncılarına və qlobal auditoriyaya çıxış əldə etmək baxımından unikal imkanlar yaradır. Azərbaycan studiyalarının “Gamescom”da iştirakı ölkənin yaradıcı rəqəmsal sənayelərinin inkişafı, o cümlədən qabaqcıl qlobal təcrübənin öyrənilməsi məqsədilə müstəsna əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəbəi və mərkəzlərinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti avqustun 31-dək uzadılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verib. 

Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla (violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, faqot, saksofon, truba, trombon, valtorna, zərb alətləri, balaban, qanun, saz) ixtisasları üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər.

Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən il təşkil etdiyi film layihələri müsabiqəsinin qalib işlərinin çəkilişləri həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, ARKA-nın maliyyə dəstəyi ilə müsabiqənin qaliblərindən olan “Borc” bədii filminin çəkilişləri başlanır.

 

Bakı Media Mərkəzinin istehsal edəcəyi filmin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunub.

 

“Borc” filmi Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür.

 

Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...

 

Bakı Media Mərkəzi Qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” bu münasibətlə böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Diplomatların, siyasətçilərin, həmçinin İsveçdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının əsas auditoriyası olan “Diplomatic World Sweden” portalında Azərbaycanın görməli yerlərindən bəhs edilən məqalə dərc olunub.

 

AzərTAC xəbər verir ki, “Azərbaycanı ziyarət et” sərlövhəli məqalənin müəllifi qədim memarlıq və müasir şəhərsalmanın füsunkar vəhdətinin şahidi ola biləcəyiniz Odlar Yurduna səyahətə yollanmağı tövsiyə edir.

 

Məqalədə İçərişəhər, Abşeron Milli Parkı, Qarasu vulkanı, Naftalan kurortu, Qobustan kimi görməli yerlər, eləcə də Azərbaycanın mənzərəli subtropik dəniz kurortları barədə müfəssəl məlumat verilir.

 

Müəllif sonda yazır: “Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın səyahətçilərə təklif edəcəyi çoxlu sayda görməli yer var. Ziyarət etməyə dəyər!”

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə axşamı, 27 Avqust 2024 11:59

Şamaxı da kəlağayı bayramına qucaq açdı

 

Avqustun 26-da Azərbaycan kəlağayılarının təbliği '' layihəsi yekun olaraq Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirildi. Layihə 2024-cü il Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi oldu. Layihə çəçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Bakıda, son olaraq Şamaxıda Azərbaycan kəlağayıları təbliğ olundu, ''Kəlağayı Ev Muzeyi''nin 200 qədimi kəlağayıları, əl işləri, nənələrdən əmanət tikmələr sərgiləndi, kəlağayıdan bəhs edən şeirlər səsləndirildi, saz havaları üstündə mahnılar oxundu.

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, Şamaxıda keçirilən tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, milli dəyərimiz olan kəlağayıların keçmişindən, bu günündən danışdı. Vətənimizimizin ərazi büttövlüyü uğrunda canından, qanından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirildi.

O, qeyd etdi ki, Azərbaycan Respublikasının  birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım  Əliyevanın səyi nəticəsində kəlağayımız 2014-cü ildə  Yuneskonun Qeyri madd i mədəni irs üzdə Reptezentativ siyahısına  daxil olub. Bu əlamətdar günün-  ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' -nün 10 illik yubileyidir. Həm də Mehriban xanım Əliyevanın 60 illik yubiley təntənəsidir. Güllü Eldar Tomarlı bütün Şamaxılıar və Mirvarid Dilbazi Poeziya Məclisi adından təbrik etdi, ölkəmizin xoş günləri naminə uğurlar dilədi.

Bu il möhtəşəmdir. Təkcə 26 noyabr günü yox, ilin hər günü ''Kəlağayı Günü'', kəlağayı bayramıdı.  Çünki, qarşımıza məqsəd qoymuşuq. Böyük həvəslə çalışırıq. Azərbaycan boyu kəlağayı festivallarımız, layihəmiz, ali məktəblərdə, ümumtəhsil məktəblərində  uğurla həyata keçirilir. Xətai rayonunda, Şuşada keçirilən ''Kəlağayı Festivalı'' çox möhtəşəm, yadda qalan el bayramı oldu. 

''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi də bir uğurdu.

Sonra Xalq artisti, professor İlham Namiq Kamal, filologiya elmləri doktoru, türkoloq Aytən Qurbanova, Əməkdar Mədəniyyət işçisi, aşıq  Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Almara Nəbiyeva, AMEA Folklor İnstitutunun Əməkdaşı Elmiyə Məmmədova, Ağdam şəhərinin Abdal- Gülablı kəndinin “Nənə” qızlar ansamblı və ən kiçik üzvü Ayla Əliyeva, Cavanşir Quliyevn rəhbərlik etdiyi ''Qarabağ'' aşıqlar qrupunun üzvləri- Azad Laçınlı, Şahin Borçalı, Polad Borçalı, folklorşünas Reyhan Rəsul, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri - Azadə Quliyeva, Könül İbrahimsoy, Zülfiyyə İsmayılova, Fatma Ayna, Şəhla, İsmayılova və başqaları öz şeirləri, ifaları, çıxışları ilə məclisə xoş ovqat bəxş etdilər.

Sonda Güllü Eldar Tomarlı maddi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları  Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. 

 

Güllü Eldar Tomarlı dedi:

“Kəlağayı keçmişimizin minillərdən bəri bizə ərmağan elədiyi ən ulu dəyərlərimizdən birinin simvoludur. Forma nə qədər dəyişsədə, zaman nə qədər dəyişsə də kökə-soya bağlılığımız dəyişməzdi heç zaman. Başı kəlağayılı analarımızın bizlərə laylasında, nağılında boyu görünüb kəlağayının. Xanımlığımızın, xatınlığımızın yaraşığıdır kəlağayı. Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir.

Kəlağayıdan yazmaq, kəlağayını yada salmaq, kəlağayı haqqqında tədbirlərin keçirilməsi, təşkil olunması, layihələrin qəbul olunması, uğurlu icrası  milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasına xidmət edir. Mən inanıram ki,  kəlağayı çox-çox incə mətləblərdən xəbər verəcək. Gələcək qız- gəlinlərimizin başında tac olacaq.

Mən inanıram ki, kəlağayılar yaddan çıxıb sandıqlarda  unudulmayacaq.”

Şamaxıda final olaraq keçirilən 'Azərbaycan kəlağayılarının təbliği'' layihəsi Gültəkin Qarabağlının ifasında  “Qarabağ'' mahnısı ilə sona çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.