
Super User
ANONS: Güneyli Yunus Səfdərinin şeirləri
Əli Çağla, “Ədəbiyyat və incəsənət”
Salam. İstəkli oxucularım, növbəti paylaşımı sabah təqdim edəcəyəm. Yunus Səfdərinin şeirləridir. Sadəcə Yunus bəydən şəkil yoxdur. Olub-qalan şeirləri də bunlardır, onu da zorla axtarıb tapmışam.
Yunus bəyin ruhi xəstəliyi olduğu üçün artıq ədəbi aktivist deyil. Amma ürəyimizdə yeri vardır, çünki o, zamanında qələm tanıyanda, biz Güneylilər hələ ədəbiyyatın nə olduğunu bilmirdik, bunu iddia ilə deyirəm!
Qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
POETİK QİRAƏTdə Rəfail İncəyurd “Şeir əvvəlkitək oxunmur daha” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Rəfail İncəyurd görüşür. “Şeir əvvəlkitək oxunmur daha” deyir şair.
“Biz görən şairlər azalıb getdi,
Gedənlər taledən köz alıb getdi.
Həvəs ürəklərdə sozalıb getdi-
Gəlmir göy üzündən qəlbə nur daha,
Şeir əvvəlkitək oxunmur daha.”
Gileylərində haqlıdır, deyilmi?
Xoş mütaliələr!
Şeir əvvəlkitək oxunmur daha
Vaxtın yedəyində zövqün fərzidi,
Olub-keçənlərə əsrin ərzidi,
Hər nədi xilqətin həyat tərzidi-
Şeir duyğulara toxunmur daha,
Şeir əvvəlkitək oxunmur daha.
O köhnə hay-haray, şənlik necoldu?
Cavabı düz çıxan tənlik necoldu?
Hanı mənəviyyat, mənlik necoldu,
Getdi şeirləşən o qürur daha,-
Şeir əvvəlkitək oxunmur daha.
Biz görən şairlər azalıb getdi,
Gedənlər taledən köz alıb getdi.
Həvəs ürəklərdə sozalıb getdi-
Gəlmir göy üzündən qəlbə nur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Hardadı Piranlar, hanı Ozanlar?
Dünyanı bürüdü yolu azanlar.
Qardaş, çoxalsa da şeir yazanlar-
Coşmur ilham seli, axmır gur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Dost, siyah şaçlara nə tez dən düşür?
Bu, zaman hökmüdü, ya qəsdən düşür?
Həvəskar yazanlar həvəsdən düşür-
Qocalar ümiddən gen durur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Hanı əski tamlar, yox olub niyə?
Bini-bərəkəti çəkilib göyə.
Yaxşılar yaxşıya yön olmur deyə-
İrəli yerimir köhnə sur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Nəyinə gərəkdi şeir acların?
Nəyinə gərəkdi hər söz tacların?
Ünvanı dəyişir ehtiyacların-
Ətalət dil açıb, deyir: -dur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Tamarzı halını bolda dəyişdi,
Yolçu neyləsin ki, yol da dəyişdi.
Çöl o çöl deyil ki?! –kol da dəyişdi,-
Bənövşə bükülmür, qoxunmur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Hərə at oynadır öz yığnağında,
Oğulsan, yalanın döz yığnağında.
İzdiham olardı söz yığnağında-
Söz sözün köksünə sığınmır daha,
Şeir əvvəlkitək oxunmur daha.
Sözü əldən alır əl şairləri,
Gülləni gül bilir gül şairləri.
Elindən olduqca el şairləri,
Haqqın saatını dala qur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Qardaşım, ömrünü şeir eləmə,
Kədəri sovurub, dərdi ələmə.
Boşuna taledən uğur diləmə-
Haqqı olan şair ad ummur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Əhvallar pərişan, ürəklər qırıq,
Yoxdu o təmanna, o ərk, o qılıq.
Qorxulu deyilsən sən də, ayrılıq,
Daha bizimləsən, yaxın dur daha,
Şeir əvvəlkitək oxunmur daha.
Düşmür əvvəlkitək söz dildən-dilə,
Özünü az incit, az- bilə-bilə.
Yazırsan- özünçün yaz, elə-belə,
Sonra için-için yalvar Allaha,
Şeir əvvəlkitək oxunmur daha.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Layiqli adamlar haqında xoş söz deməyə tələsən insan - YASİN QARAYEV
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əziz dostlar, bu gün sizə Azərbaycan xalqının sevimli aktyorlarından biri- xalq artisti Yasin Qarayevdən söhbət açmaq istəyirəm. O Yasin Qarayevdən ki, bizim uşaqlıq illərimizin qəhrəmanı olub. Hazırda teatrımızın bahadırlarından biridir. Bir vaxtlar "sehirli qutu"da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə televiziyada araya-ərsəyə çıxmır, tamaşaçılarını intizarda saxlayır…
Yaşı elə də çox deyil, bir də ki, aktyor üçün nə yaş? O qədər filmlərimizdə onun yaşına uyğun rollar var ki, nədənsə rejissorlar belə teatr bahadırlarının yerinə həvəskar aktyorları çəkirlər. Bəlkə də elə buna görədir ki, filmlərimiz Yalamadan o tərəfə gedib çıxa bilmir. Sanki onların ölkədən çıxışına “qırmızı işıq” yandırılıb…
Yasin Qarayev 1946-cı ildə Şəmkir rayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
1991-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bir neçə dəfə prezident mükafatçısı olub. 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır…
Deyir ki,- “Müslüm Maqomayev qədər sevdiyim, pərəstişkarı olduğum ikinçi bir estrada müğənnisi tanımıram. Uşaqlığ çağlarımdan həmişə onun ecazkar və bənzərsiz səsinin pərəstişkarı olmuşam. Mənim fikrimcə Tanrı bütün gözəllikləri
ona vermişdi. Güclü, məlahətli səs, boy-buxun, səhnə yaraşığı, jest, plastika və çox şey. Müslümü bircə dəfə dinləyən tamaşaçı onun sehirli səsinin tilsiminə düşməyə bilməzdi. Tanrı ona dünya estrada musiqisinin imperatoru kimi yüksək bir zirvə bəxş etmişdi. Və o da sonuncu imperator olduğu üçün həmin titulu özü ilə Tanırının yanına apardı…”
…Yasin Qarayev- layiqli adamlar haqında xoş söz deməyə tələsən insan. Xeyirxahlıqda xəsis olmayan, abırına sığınıb dünyanın gərdişini səbrlə seyr edən görkəmli şəxsiyyət…
Bu yaxınlarda təsədufən feyzbuk platformasında səhhətində yaranan problemlə bağlı məlumata rast gəldim. Düşünürəm ki, yaşla əlaqədar problemlərdir. Ürəklərdə yuva qurmağı bacaran şəxsin həyatda uzun yaşamağa haqqı var. Allah ömrünü uzun etsin!..
Bu gün - mayın 22-si Yasin müəllimin 78 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“Bir adı var” mahnısı təqdim edildi
Sevilən müğənni Nadir Bayramlı yeni “Bir adı var” isimli mahnısını təqdim edib.
Eksklüziv olaraq təqdim olunan mahnının söz və musiqisi tanınmış şair Mətləb Ağaya məxsusdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ATV kanalının “7 tamam” proqramında qonaq olan müğənninin həmin ifası zamanı aparıcı Nanə Ağamalıyevanın kövrəlməsi diqqətdən qaçmayıb.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“XOŞBƏXT SEYMUR” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər
Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Xoşbəxt Seymur
Qonşuluqda bir oğlan yaşayırdı, amma o Məhəmməd Əmin kimi xoşbəxt deyildi. Valideynləri onun qayğısına qalsalar da, demək olar ki, heç vaxt nə kitab oxuyub, nə də nağıl danışmışdılar, bəlkə anası ona heç layla da çalmamışdı. Ona görə ki, o doğulanda qüsurlu doğulmuşdu, ayaqları işləmirdi. Seymur təbiətcə səssiz olduğu üçün tənha yaşamağa artıq alışmışdı. Heç kim onunla ünsiyyət qurmağa vaxt ayırmaq istəmirdi. Valideynlərinə qarşı heç kim bir söz də deyə bilməzdi, çünki onlar bir qarın çörəkdən ötrü işləyir, səhər gedib axşam gəlirdilər. Seymur qoca nənəsi ilə evdə qalırdı. Havalar istiləşəndə valideynləri Seymuru qapılarının ağzındakı heyva ağacının altına sərdikləri kilimin üstünə qoyardılar ki, bir az havada olsun.
Bir dəfə Məhəmməd Əmin öz dalanları ilə deyil, dostuna baş çəkmək üçün başqa dalanla gedəndə Seymuru görür. Yaxınlaşıb ondan adını, neçə yaşı olduğunu soruşur. Uşaq adının Seymur olduğunu deyir, yaşı isə Məhəmməd Əmindən böyük olsa da, yəni 11 yaşı olsa da 6-7 yaşlı uşağı xatırladırdı. Məhəmməd ona: Gəl səninlə dost olaq. Hər gün mən sizə gəlib sənə kitab oxuyaram, istəsən hərfləri də öyrədərəm.”- deyir. Seymur başın aşağı əyib bir söz demədi, sanki razılaşdı. Beləcə Məhəmməd hər gün Seymura məktəbdə oxuduqlarından, qiraətxanadan aldığı kitablardan oxuyurdu. Üstəlik əlindən tutub hərf yazmağı da öyrədirdi. Yay qurtaranda Seymur təkcə heca ilə oxumağı deyil, yazmağı da öyrəndi. Seymurun nənəsinin dilindən Məhəmməd Əminin adı düşmür, bütün qonşulara onun necə alicənab, yaxşı bir iş tutmasından danışır, digər uşaqlara nümunə göstərirdi. Seymuru tanıyan hər kəs Məhəmməd Əminə: - “Allah səni yaxşı insanlarla qarşılaşdırsın” –deyə dua edirdi.
Heç vaxt üzü gülməyən Seymurun indi üzü daim gülürdü. O çox xoşbəxt idi, çünki onun Məhəmməd Əmin kimi dostu vardı.
İnsan düzəldə biləcəyi vəziyyətlərə səssiz qalmamalıdır, bir insana yaxşılıq etmək dünyaya yaxşılıq etməkdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmini də insanlara göstərdiyi yaxşılıqlar, xeyirxahlıq qorudu.
İllər keçdi. Məhəmməd Əmin qürbət ellərdə olsa da əmisi oğlu Məhəmməd Əli vasitəsilə həmişə Seymurdan hal-əhval tutar, balaca da olsa hədiyyə və mütləq kitab göndərərdi. Seymur dostunun göndərdiyi hər kitabı dəfələrlə yorulmadan oxuyar, sonra onu taxçanın yuxarısına qoyardı. Hər dəfə dostu yadına düşəndə kitabları əlinə götürüb dostuyla danışırmış kimi vərəqləyərdi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Bu axşam 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
Bu axşam M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May- Müstəqillik Günü münasibətilə konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edəcək.
Konsert proqramında həmçinin L.V.Beethoven- Simfoniya № 9, D-Moll, Op125 əsərinin 200 illiyinin qeyd olunması da vurğulanacaq.
Konsert proqramının xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, musiqi rəhbəri və baş dirijoru Əməkdar artist Əyyub Quliyevdir.
Eyni zamanda Fatimə Cəfərzadə, Elmira Həsənova, Əliəhməd İbrahimov, Anton Ferştdant musiqi nömrələri ilə çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“İndiki şəklini qoy...”
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
İndiki şəklini qoy...
Xeyrəddin Qoca smartfon telefondan çox gec, bəlkə də hamıdan sonra istifadə etməyə başlamışdı. Profilinə cavanlıq şəklini qoymuşdu. Yazıçıya çoxlu məktublar, mesajlar yazırdılar. Bir-iki aydan sonra dünyanın müxtəlif ölkələrindən - Afrikadan, Argentinadan, latın Amerikasından gənc, gözəl zənci qadınlar ona şəkillərini göndərməyə, məktublar yazmağa başladılar. Qara olduğu üçün elə bilirdilər o da həmin millətlərdəndir. X.Qoca ingiliscə bilmədiyindən onlara cavab vermirdi. Onlar da "küsüb" daha yazmırdılar.
Axırda ömür-gün yoldaşı bunu bilib X.Qocaya dedi:
-Sən profilinə indiki şəklini qoy!.. Onda daha xanımlar yazmayacaqlar...
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Fələk namərd oyununda,
Düzün kəndiri boynunda.
Haqq deyib əli qoynunda
Gözləməkdən ağac oldum.
(Təranə Turan Rəhimli)
Təranə xanım, haqq olduğunuzu sübut etmək üçün , "düzün boynundakı kəndiri" açmaq üçün Sizə cürət verən hansı qüvvə olur?
CAVAB:
Əgər həyatdayıqsa, daim mübarizə içindəyik. Hətta öləndən sonra da haqqı tapdalananlar var. Sağlığında istedadı, savadı, bacarığı, şəxsiyyəti ilə həsəd doğuran insanlara ölümündən sonra da paxıllıq edən, adının çəkilməsinə maneçilik törədənlər olur. Amma yaşayırıqsa, öz haqqımızı müdafiə etmək şansımız var. Bu mübarizə bəzən nə kimi itkilər bahasına başa gəlir. Hətta bəzən susmaq özü də haqsızlığa etirazın hayqırışı ola bilir. Amma sükütun da mənasını düzgün anlayan gərək: "Elə susdum daş bildilər, hördülər divara məni."
"Düzün boynundakı kəndiri açmaq" üçün isə qeyri-adi cürətə yox, ürəyə sahib olmaq yetərlidir. Mən min bir əziyyətlə çatdığım, uzun illərimi həsr etdiyim ən önəmli qazancımdan bircə anın içində keçə bilərəm - Haqq üçün. Haqq bildiyim yoldan dönməmək üçün. Amma mənə görə həyatda hər zaman insana cürət verən qüvvə İNANDIĞIDIR.
Ədəbiyyat və incəsənət”
(22.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Salmanca qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Salmanca qovurmasının
hazırlanma qaydasını təqdim edəcəyik.
ƏRZAQLAR:
§ Salmanca – 130 qr
§ Soğan – 26 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Bu çöl bitkisi yığılır, yuyulur və ləyənə yığılır. Baş soğan bol yağda qovrulur, salmancalar aramla qazana yığılır. Ağzı örtülür və vam odda bişirilir. Arabir qarışdırılır. Suyu quru- yub yağa düşdükdə ocaqdan götürülür. Süfrəyə sarımsaqlı qatıqla verilir. Çox ləzzətli, xırçıltılı bir xörək alınır.
Salmancaya unnuca da deyilir. Qarabağ mətbəxində dovğaya əlavə olunur. Bəzi yerlərdə yağlı tərə adlanan bu göyərti dovğaya qaymaq dadı verir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)
Düyü və qamburger
1.
İnsan bir yanlış hərəkət edirkən özünü danlayır, deyir: “Bəsdir uşaqlıq etdin, sənə böyümək lazımdır”.
Sonra xatırlayır ki, təqaüddədir. “Artıq gecdir” deyib nəfəsini dərir.
2.
Vicdan dilə gələndə insan susmalı olur.
3.
“Kardinal dəyişiklik etməyin zamanıdır, daha dayım üçün işləməyəcəyəm” deyib Səttarik bundan sonra bibisi üçün işləmək qərarı verdi.
4
Amerikalılar toyda bəylə gəlinin yoluna düyü səpirlər deyə yaponlar acıqca bəylə gəlinin ayaqları altına qamburger atırlar.
5.
Ağıllının əsas var-dövləti əldə etdiyidir, səfehinsə arzuladığı.
6.
Qadın nə qədər qorxuncdursa, bir o qədər qorxusuzdur.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)