ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Tariximizdə elə böyük şəxsiyyətlər olub ki, dirçəlişimizdə, inkişafımızda onlara borcluyuq. Və bu sırada bir ad da var: Abbas Səhhət! 

Bu şəxs Azərbaycan ədəbi-ictimai fikri tarixində şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Amma o, dövrünün böyük maarifçisi idi. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığında qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad yaşamasında görürdü.

Və bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarifçi Abbas Səhhətin anadan olmasının 150-ci ildönümü tamam olur.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim…

…Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu, - deyən şair vətənin müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan A.Səhhət Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Ruhu şad olsun! 

Bu isə onun şah əsəsridir ki, milyonlarla azərbaycanlını tarix boyu vətənpərvətliyə kökləyib. 

 

Könlümün sevgili məhbubu mənim,


Vətənimdir, vətənimdir, vətənim.


Məni xəlq eyləmiş əvvəlcə Xuda,


Sonra vermiş vətənim nəşvü nüma.


Vətənim verdi mənə namü nəmək,


Vətəni məncə unutmaq nə demək?!

 

Anadır hər kişiyə öz vətəni:


Bəsləyib sinəsi üstündə onu.


Südüdür ki, dolanıb qanım olub,


O mənim sevgili cananım olub.

 

Saxlaram gözlərim üstə onu mən,


Ölərəm, əldən əgər getsə vətən.


Vətənin ne’məti nisyan olmaz,


Naxələflər ona qurban olmaz.

 

Vətən – əcdadımızın mədfənidir,


Vətən – övladımızın məskənidir.


Vətənin sevməyən insan olmaz,


Olsa, ol şəxsdə vicdan olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

Bütün dünyada arxitekturası ilə göz qamaşdıran Fransanın məşhur “Louis Vitton” Fondunda Azərbaycanın Əməkdar artisti, pianoçu Şahin Növrəslinin solo konserti olub.

 

AzərTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Louis Vitton” Fondunun üzvləri, ölkənin elit təbəqəsi və aparıcı incəsənət nümayəndələri, azərbaycanlı diplomatlar və diaspor üzvləri dinləyicilər arasında olublar.

Azərbaycanın zəngin musiqi irsi xəzinəsini dünyada tanıdan Şahin Növrəsli ifası ilə bütün musiqi və caz sevərləri heyran edib. Qəlbən improvizator, ruhən akademik, kökünə görə azərbaycanlı olan Şahinin hər çıxışında barmaqlarının ucunda mədəni kimyagərlik cərəyan edir.

Onun bəstələri melodiyaların orijinallığı, güclü və kəskin harmoniyaları, həmçinin şıltaq Şərq ritmləri ilə seçilir ki, burada Amerika cazının əzəmətli və canlı təsiri də özünü göstərir.

2014-cü ildə əfsanəvi caz pioneri Əhməd Camal Şahinlə tanış olduqdan sonra onun indiyə qədər eşitdiyi ən yaxşı pianoçulardan biri olduğunu vurğulayıb. Bu iki pianoçunun sıx əməkdaşlığının nəticəsində bütün dünyada musiqisevərlərin ruhunu oxşayan - 2017-ci ildə Böyük Britaniyada “Vibe Best Jazz Album“ qalibi olmuş “Emanation” və “From Baku To New York City” albomları işıq üzü görür.

 

Şahin Növrəslinin musiqisi müxtəlif dövrlərin və müxtəlif qitələrin ənənələrini, zəngin Azərbaycan melodiyasının müasir vəziyyətini vəhdət halında birləşdirir. Şahin Növrəslinin klassik caz mövzularında improvizələri və öz kompozisiyaları onu tanınmış caz musiqiçiləri ilə bir sıraya qoyur.

 

Pianoçu və bəstəkar Şahin Növrəsli Londondakı Royal Festival Hall, Montrö Caz Festivalı, Qara Dəniz Caz Festivalı, Praqada Beynəlxalq Piano Festivalı kimi çox sayda müxtəlif festivallarda dünyanın ən böyük səhnələrində çıxış edib.

 

Xalq ritmlərimizi və böyük muğamın elementlərini özündə birləşdirən Azərbaycan caz janrı musiqi sənətində yeni cərəyan kimi, mədəniyyətimizin və incəsənətimizin populyarlaşmasının ən yaxşı üsulu hesab olunur.

 

Qeyd edək ki, ictimaiyyətə xidmət etmək missiyası ilə idarə olunan “Louis Vitton” Fondu incəsənəti və mədəniyyəti hamı üçün əlçatan etməyə sadiqdir. İncəsənəti həm milli, həm də beynəlxalq səviyyədə tanıtmaq üçün Fond müasir incəsənəti müxtəlif tədbirlər - konsertlər, tamaşalar, konfranslar, filmlər, vasitəsilə təşviq edir. Fond geniş ictimaiyyətlə dialoqa yol açan, sənət adamlarına və ziyalılara debat və düşünmə platforması təklif edən məkandır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

Dövlət Tərcümə Mərkəzində son illər İspaniya və Latın Amerikası ədəbiyyatı üzrə tərcüməsi və nəşri ərsəyə gətirilmiş kitabların təqdim edildiyi “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” adlı bədii-musiqili mərasim keçirilib.

 

Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, tədbirdə Azərbaycan dilinə tərcümə olunan əsərlərdən səsləndirilən parçalarla yanaşı, İspaniya və Latın Amerikası ölkələrinin milli musiqi və rəqsləri, eləcə də milli mətbəxləri təqdim olunub.

 

Mərasimdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Mərkəzi İspaniya və Latın Amerikası coğrafi baxımdan uzaq olsa da, ruhi, mənəvi cəhətdən hədsiz doğmadır. O, həmçinin bu ədəbiyyata Azərbaycanda olan sevgi və maraqdan danışıb. Xalq şairi Ramiz Rövşən İspaniya və Latın Amerikası ədəbiyyatının dünya ədəbiyyatına böyük təsir qüvvəsindən, Azərbaycan dilində ərsəyə gətirilən əsərlərin bədii tərcümə keyfiyyətindən söz açıb.

 

İspaniya və Latın Amerikası ölkələrinin rəsmi təmsilçiləri – Argentina, Çili, İspaniya, Kolumbiya, Kuba, Meksika, Venesuelanın səfirləri və müvəqqəti işlər vəkilləri Mərkəzin İspaniya və Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyəti barədə məlumat verib.

 

Onlar bəşəri simaların əsərlərinin tərcüməsinə və nəşrinə geniş yer ayrılmasını yüksək dəyərləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Cümə, 24 May 2024 18:28

Unudulmazlar unudulmayacaq!

 

“BÜLBÜLÜN QONAQLARI" RUBRİKASINDA SƏİD RÜSTƏMOV YAD EDİLİB

 

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikası çərçivəsində növbəti dəfə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmov yad edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Səid Rüstəmovun yaradıcılıq əlaqələrindən söhbət açıb. O, Səid Rüstəmovun 1932-ci ildə Bülbülün yaratdığı Elmi Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən, xalq mahnı və rəqslərinin, aşıq mahnılarının nota köçürülməsində göstərdiyi xidmətlərdən bəhs edib. 

Tədbirdə bəstəkarın adını daşıyan 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri və Bülbül Vokal Məktəbinin tələbələrinin iştirakı ilə Səid Rüstəmovun "İntizar", "Alagöz", "Hardasan", "Bahar olsun", "Qaytağı", "Oxu tar", "Qurban adına", "Sərhədçilər marşı", "Fasilə marşı" əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

 

Şəhidimiz Kinyaz Orucov Zirəddin oğlunun anası Dürdanə Orucovaya müayinə zamanı sağ gözünə mirvari suyu və  torlu qişanın total regmatogen qopması diaqnozu təyin olunub.

 

“Katarakta”, “Vitreoektomiya” və “Pnevmoetinopeksiya” əməliyyatları icra olunub. “Pnevmoetinopeksiya” əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almadığından xərclər “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Telli xanım Pənahqızına təbrik məktubu ünvanlayıb. 

 

Görkəmli televiziya xadiminin 70 illik yubileyi ilə bağlı təbrik məktubunda onun həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. 

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

"Hörmətli Telli xanım,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsinin ən ünlü məzunlarındansınız (1971-1976).

Peşəkar jurnalist, görkəmli televiziya xadimi olmaqla yanaşı şair-publisist, nasir və ictimai xadim kimi də ün qazanmısınız.

Siz bədii yaradıcılığa tələbəlik illərindən başlamısınız; dövri mətbuatda şeir, oçerk və hekayələriniz yayınlanıb. “Ömrün qoşa izi”, “Tanrımla söhbət”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Səsində Ay işığı var”, “Sizi sevən Sərdaram”, “Səsin xiffəti”, “Uzun, incə bir yol varmış”, “Yaddaşım qaval daşı” adlı kitablarınız gün üzü görüb.

Bir neçə filmin ssenari müəllifisiniz.

Şeirlərinizə musiqilər bəstələnib və həmin mahnıları ünlü müğənnilər ifa etməkdədir.

 

Siz gənclik illərindən öz yaradıcılıq taleyinizi televiziya ilə bağlamısınız: 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də) müxbir, 1981-1982-ci illərdə Dövlət Televiziyasının “Gənclik” redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Televiziyanın İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə İnformasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Televiziya Proqramları direktorunun müavini vəzifələrində çalışıbsınız. Hazırda Televiziya və Radio Akademiyasının rektorusunuz.

12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının – indiki Audiovizual Şuranın üzvüsünüz.

Siz Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinizə görə Əməkdar mədəniyyət işçisi fəxri adı və “Tərəqqi” medalına layiq görülmüsünüz. Həmçinin, müxtəlif illərdə bir sıra ictimai mükafatlar, o cümlədən “Ali Media mükafatı” ilə təltif edilmisiniz.

 

Sizi yaradıcılıq uğurlarınız və 70 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Cümə, 24 May 2024 16:47

Dağlar oğluna sayğılarla

AŞIQ ŞƏMŞİRƏ HƏSR OLUNMUŞ "MUSİQİ KİMLİYİMİZ" LAYİHƏSİ BAŞA ÇATIB

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təqdim etdiyi XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, layihənin növbəti günləri Aşıq Elbrus və Aşıq Şöhrətin çıxışı ilə dastan axşamı, Aşıq Şəmşirə həsr olunmuş konfrans baş tutub. Konfransda professor, Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Aşıqlar Birliyinin Gəncəbasar Filialının sədri Elbrus Hüseyinov, aşıqlar Gündüz Əzimov, Vüqar Qurbanov Aşıq, Anar Abdullayev çıxış ediblər. 

Layihənin sonuncu günü keçirilən gecədə iştirak edən Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirərək təşkilatçılara öz təşəkkürünü bildirib.

 Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı,  İbadət Allahverdiyev, o cümlədən Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov, Nizami Şirinov, Yaşar Abbasov, Anar Abdullayev, Mirəli Mehdiyev, Vüqar Qurbanov, Firəddin Mehdiyev, Saleh Tağıyev, Zülfüqar İsmayılov "Qəhramanı", “Şəqayi Gəraylı”, "Güllü qafiyə", "Dağlar oğluyam", "İncəgülü", "Yüngül şərili" şeirləri ilə  çıxış ediblər.

 

Qeyd edək ki, aşıq sənətinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi ilk dəfə Aşıq Ələsgərə həsr olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Cümə, 24 May 2024 16:47

Dünyanın qayğısına qalaq!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanın qayğısına qal” adlı layihə təqdim edilib. 

“Ədəbiytat və incəsənət” portal mərkəzə istinadən xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və b. iştirak edib. 

İştirakçılar layihə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas qruplara aid şəxslərin və Mərkəzin təlimçilərinin istifadəyə yararlı olmayan məhsullardan, eko və bio materiallardan hazırladıqları 50-dək əl işindən ibarət sərgi ilə tanış olublar. Floristika, dulusçuluq, təsviri incəsənət, vitraj, bədii oyma növlərində ərsəyə gətirilmiş sənət nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri olaraq, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atıldığını qeyd edib. Həmin qruplara aid şəxslərin yaradıcı potensialının dəstəklənməsi sahəsində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb. 

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qruplardan olan insanların yaradıcılıq bacarıqlarının inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Burada benefisiarlar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik,  xalçaçılıq, toxuma və tikmə, bədii oyma və s. istiqamətlər üzrə təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirirlər. 

 “Dünyanın qayğısına qal” adlı layihə çərçivəsində Mərkəzin benefisiarları və təlimçilərinin əl işlərindən ibarət sərgi və moda kolleksiyası, konsert proqramı nümayiş etdirilib. 

Mərkəzdə təlim alan həssas qruplardan olan şəxslər, həmçinin “İnklüziv DOST” könüllüləri ilk dəfə səhnədə model kimi bacarıqlarını göstəriblər. Mərkəzin istedadlı musiqiçiləri İnklüziv Ansamblın müşayiəti ilə  dünya və Azərbaycan musiqisinin sevilən nümunələrini, retro mahnıları ifa ediblər.

Qonaqlar Mərkəzin fəaliyyəti və yaradıcılıq studiyaları, təlim prosesi ilə tanış olublar.

Layihənin təşkilində məqsəd həssas əhali kateqoriyalarından olan şəxslərin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ətraf mühitin yaxşılaşdırılması prosesində iştirakını təmin etmək, onların diqqətini ekoloji məsələlərə yönəltməkdir.

 

“Ədəbiyyat və incəsənət “

(24.05.2024)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Abbas Səhhət -150” adlı virtual sərgi istifadəçilərə təqdim edilib

 

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin 150 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədibin həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, virtual sərgidə Abbas Səhhətin gənclik illəri, “Yeni poeziya necə olmalıdır?” adlı məqalə, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərindən ibarət ilk yaradıcılıq nümunələri haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas “Yeniüslublu məktəblər” ideyasının fəal tərəfdarı, pedaqoq, onlarla dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə tərcümə edən ziyalı kimi təsvir edilir. Materialda Abbas Səhhətin Azərbaycan şairiMirzə Ələkbər Sabirlə olan dost münasibəti və bunun nəticəsində ədibin təşəbbüskarlığı ilə Sabirin əsərlərinin bir yerə toplanaraq “Hophopnamə” adı altında nəşr edilməsi haqqında da məlumat verilir. Virtual kitab sərgisində ədibin müəllifi olduğu və onun haqqında nəşr edilən  “Yay səhəri”, “Vətən”, “Türk ədəbiyyatına ilk qədəm”, “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək”, “Şirvan şairləri”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi kitabların biblioqrafik təsviri, Abbas Səhhətin müdrik kəlamları, ədəbi nümunələri  yer alır. 

Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin 150 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/abbas-sehhet-150 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

          

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

 

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Barbaranın tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Həmin çalışmaları sıra ilə sizlərə təqdim edirəm.

 

İkinci çalışma.

Özünüzü kəşfiyyat məqsədi ilə sizin mənzilinizə daxil olmuş xəfiyyə təsəvvür edin və xəfiyyənin gözü ilə «ilk dəfə evinə girdiyiniz adama» qiymət verməyə çalışın. O nəyə meyil edir? Hansı həyat tərzini keçirir?

Məsələn, «Bu insan mətbəx sirlərini gözəl bilir. Belə ki, onun mətbəx şkafında dünyanın ən gözəl ədviyyatlarına rast gəlmək mümkündür, o, bunlardan xörək bişirəndə həmişə istifadə edir», - kimi.

Siz xəfiyyənin adından nə yazacaqsınızsa, bu, sizin portretiniz olacaq. Özünüz barədə təəccüblü, gözlənilməz şeylər öyrənəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.