
Super User
Doktor Balametov
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Başa düşmürəm, sən bir gün ərzində bu qədər axmaqlıqları necə etmisən?
-Mən yuxudan çox erkən dururam.
2.
Koroğlu Keçəl Həmzəyə həm də ona görə nifrət edirdi ki, vayfayına hansı parolu qoyurdusa qoysun, Keçəl Həmzə patolu qırıb rahat-rahat onun internetini israf edirdi.
3.
Qərb etiketləri ilə silahlanaraq Avropada tibbi təhsil alıb Bakıya dönən doktor Balametov dünyasını dəyişmiş pasientə “öldü”, “vəfat etdi” kimi sözləri etikadankənar hesab edərək yazmır, yazır ki, “məlum səbəblər üzündən daha müalicəsinə ehtiyac qalmadı”.
4.
RUS LƏTİFƏSİ
Ryazan çilingərləri yerli hakimiyyət əleyhinə hamılıqla etiraz aksiyasına başlayıblar.
Onlar arağı daha “zakuska”sız içirlər.
5.
Balaca Səbuhi işdə olan anasına mesaj yazır:
-Ana, büsqalter sözündə ü olmalıdır, yoxsa u.
Anası cəld heyrət içində ona zəng vurur:
-Bu söz hardan sənin ağlına gəlib?
-Ana, dərsdə hər kəs anasının iş yerini yazmalıydı. Mən də büsqalter yazdım. Amma bilmirəm, ü düzdür, ya u.
Anası başını bulayır:
-Oğlum, mən büsqalter yox, buxalter işləyirəm.
6.
Optimist adam cibinin pulla dolmayacağını bilib də ciblərini çox kiçik tikdirir.
7.
Qoyun sürüsündə nə qədər seçki keçirirsənsə keçir, yenə də seçkini böyük fərqlə çoban qazanacaq.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Boranı çığırtması (fərqli resept)
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə fərqli reseptlə Boranı çığırtmasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Boranı – 150 qr
§ Noxud – 25 qr
§ Lobya – 25 qr
§ Çil lobya – 25 qr
§ Qara gavalı – 25 qr
§ Soğan – 20 qr
§ Yağ – 50 qr
§ Şəkər tozu – 30 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Boranının qabığı soyulur, xırda doğranır, tavaya yığılır və üzərinə su əlavə olunur. Suya noxud, lobya, çil lobya, qara gavalı əlavə olunur və bişirilir. Ərzaqlar bişdikdə üzərinə qızardılmış soğan, şəkər tozu əlavə olunur, əzilir və qarışdırılır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
NİYƏ? - Azad edilmiş ərazilərdə 150-dən çox abidəni hələ də inventarlaşdırmaq mümkün olmayıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İşğaldan azad edilmiş rayonlarımız - xüsusən Ağdam və Füzuli bütün dünya xalqlarına dəfələrlə nümayiş etdirilməli, sivilizasiya epoxasında hələ də barbarlıq edən mənfur düşmənimizin iç üzü açılmalıdır. Bütün tikililərin, o cümlədən mədəniyyət abidələrinin məhv edilməsi bəşəri cinayətdir, buna başqa ad qoymaq mümkünsüzdür.
Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət (dünya, ölkə və yerli) dərəcələrinə görə bölgüsü Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilib. Həmin qərarla o vaxt işğal altında olan ərazilər üzrə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdı.
2020-ci ildə işğaldan azad edilmiş, eləcə də 2023-cü ildə antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması aparılıb. Prezidentin 2020-ci il 29 oktyabr tarixli Fərmanının müvafiq bəndinə uyğun olaraq, görülən işlər nəticəsində 196-sı Şuşa şəhərində olmaqla ümumilikdə 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırılması həyata keçirilib.
Amma bu işlər bütün abidələrə şamil edilməyib. Əlbəttə ki, dərhal sual yaranır. Görəsən niyə?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın bildirdiyinə görə, inventarlaşdırılma işlərinin aparılması mümkün olmayan abidələrin sayı 163-dür. Əlbəttə ki bu, ümumi saya baxmış (705) böyük rəqəmdir.
Səbəb olaraq isə nazirlik rəsmisi bildirib:
“Həmin abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərində çətinlik törədir”.
İndi isə məsələnin digər tərəfinə diqqət edək.
2020-ci və 2023-cü illərdə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşdırma işlərinin nəticələrinə əsasən, ilkin mərhələdə 300-dən çox tarix və mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində məlum olub ki, dövlət qeydiyyatında olan 51 abidə tamamilə dağılıb, 120-dən çox abidə isə qismən dağılıb və ya qəzalı vəziyyətdədir. Bu statistik rəqəmlər ilkin nəticələrdir və müvafiq işlər davam etdirilir.
Və ümidvarıq ki, bütün əhəmiyyətli abidələrimiz tezliklə qayğı ilə əhatələnəcəklər.
Şəkildə: Ağdam - vəhşi qəbilələr yağmalayandan sonra
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
Bazar günü Şuşa Teatrında növbəti premyera olacaq
Bazar günü - iyunun 9-da Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə sənətsevərlərin görüşünə gələcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artisti Azad Məmmədovdur.
Tamaşada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, teatrın aktyorları Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları, uşaq rollarını isə məktəblilər Şəms Cahangirzadə və Kənan Rzazadə ifa edəcəklər.
Tamaşada görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən, xalq musiqi nümunələrindən və eləcə də 30 ildən artıq Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmiş mərhum sənətkar, Əməkdar mədəniyyət işçisi tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunur.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (2-ci paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
İTKİ
2.
Səhnə 17. İnt. Gün
Binanın içi… Dəhlizlər dükanlarla doludur… İnsanlar var-gəl edir. İki nəfər pilləkənlərlə ən sonuncu mərtəbəyə qalxırlar.
Sahə müvəkkili:
– Belə də şey olar?!. Özün fotoqraf olasan, amma bircə dənə də şəklin olmasın…
Əməkdaş:
– Nə bilim, vallah…
Hər ikisi sonuncu mərtəbənin dəhlizində yerləşən fotostudiyanın qarşısına çatırlar. Ətrafda elə də çox adam yoxdur.
Səhnə 18. İnt. Gün
Binanın içi… Fotostudiya. Fotostudiyanın sahibi alçaqboy, orta yaşlı kişi dəhlizdə onlara yaxınlaşır. Salamlaşırlar. O, qapını acır və onlar içəri daxil olurlar.
Studiyanın sahibi:
– Hələ də tapılmayıb… Buralara da gəlməyib…
Sahə müvəkkili:
– Bir dəyişiklik var idi onda? Axır vaxtlar…
Studiyanın sahibi:
– O, həmişə eyni idi… Hər şeyini uduzmuş bir adam… Sakit biridi…
Başqa fotoqraflar olur, iş tutur, toya-nişana gedir. Çalışır daha çox qazansın. Amma uduzmuş toya-zada getmirdi…
Səhnə 19. İnt. Gün
Studiyanın içi. Fotorobot çəkməyə davam etmək üçün əməkdaş yenə qoltuğundakı qovluqdan vərəqləri çıxarır… O, studiyanın sahibinə tərəf baxaraq ona deyir.
Əməkdaş:
– Evində onun bircə dənə də olsun şəklini tapa bilmədik… Yəqin, sizdə də yoxdur… Onu təsvir edin zəhmət olmasa…
Studiyanın sahibi:
– Vallah, nə deyim. Qarasaç, arıq... çəlimsiz bir adam... Elə də yaddaqalan adam deyil. Yəni üzündə, formasında qeyri-adi heç nə yoxdur. İri gözləri yadımdadır... Hə, iri gözləri var!
Əməkdaş keçən dəfə çəkdiyi şəklə bir də baxır... Bu gün fərqli heç nə eşitməyəcəyini anlayır... Başını yelləyərək kağızları toplayır və qovluğa yerləşdirir.
Səhnə 20. İnt. Gün
Fotostudiya. Sahə müvəkkili üzünü studiyanın sahibinə çevirərək deyir.
Sahə müvəkkili:
– Onun iş otağına baxa bilərik?
Səhnə 21. Gecə. İnt.
Qaranlıq hücrə... Səfərin müxtəlif illərdə çəkdiyi şəkillər. Səfər özünün son çəkdiyi şəkillərə baxır... Kadrlardan bəlli olur ki, o, peşəkar fotoqrafdır. Səfər yeni şəkilləri aşkarlayıb hücrədən çıxır.
Qapıda onu qadın qarşılayır.
Qadın:
– Tapmadın?
Səfər:
– Orda da yoxdur...
Qadın Səfərin əlindən tutur... Onlar yataq otağına gedirlər. Qadın işıqları söndürür.
Səhnə 22. Ext. Axşam
1-ci adam əlində zərlər olarkən birdən tilovun tərpəndiyini görür. Dərhal zərləri yerinə qoyaraq tilova tərəf gedir və onu çəkməyə başlayır. Elə də böyük olmayan bu balığı qarmaqdan çıxarıb içi su ilə dolu vedrənin içinə atır. Daha sonra tilovu hazırlayıb bir də suya atır.
Səhnə 23. Ext. Axşam
1-ci adam masaya yaxınlaşır və oturacaqda əyləşir. Əllərini bir əsgiyə silir. Zərləri götürüb oyununu oynayır...
Səhnə 24. İnt. Gün
Polis məntəqəsi. Səfər və qadın qaranlıq dəhlizdə yeriyirlər. O, dəhlizi keçib otağa daxil olur. Səfər bu tərəfi görünməyən şüşədən qarşıdakı otağa baxır. Otaq boşdur. Elə həmin an otağın qapısı açılır. Polisin müşayiəti ilə şübhəli şəxs içəri daxil olur. Səfər şübhəli şəxsə baxır... Səfərin arxasından üzü görünməyən adamın səsi eşidilir.
Naməlum səs:
– Odur?
Araya sükut çökür... Hər ikisi etiraz əlaməti olaraq başını yelləyir.
Naməlum səs:
– Ümidinizi üzməyin. Hələlik evdə olun. Lazım olsa, sizi yenə çağıracağıq. Görürsüz ki, axtarırıq...
Səhnə 25. Ext. Gün, park
Günorta. Park. Parkda təmir işləri aparılır. Ətrafda xüsusi geyimli fəhlələr görünür. İki rəngsaz Səfərlə qadının oturduğu skamyanı rəngləyir. Ətrafda qızğın iş gedir. Amma sakitlikdir. Sadəcə, üfüqdə görünən meşədən quşların səsi eşidilir.
Səfər:
– Sən də bilirdin?
Qadın:
– Əlbəttə bilirdim!
Səfər:
– Haçan oldu?
Qadın:
– İyirmi il olar...
Səfər:
– Onda niyə dillənmədin?
Qadın:
– Neyniyəcəkdin ki?
Səfər:
– Qoymayacaqdım itsin...
Qadın əli ilə Səfərin ağzını bağlayır. Səfərin gözləri dolub.
Səhnə 26. İnt. Axşam
Teatr salonu. Klassik musiqi konserti. Motsartın “Lacrimosa” əsəri səslənir. Səfər və qadın yanaşı oturublar. Kamera hərəkət edərək eyni sırada oturmuş dinləyicilərin portretlərini göstərir.
Səhnə 27. Axşam. İnt.
Teatr salonu. Alqışlar səslənir. Auditoriya zalı tərk etmək üçün ayağa qalxır. Səfər və qadın hələ də oturublar.
Səhnə 28. Gün. Ext.
Park. Səfər və qadın hələ də skamyada oturublar. Fəhlənin səsi eşidilir.
Fəhlə:
– Fasilə edin!
Fəhlələr kadrdan çıxırlar. Təmir edilən parkın ortasında, rənglənən skamyada oturmuş cütlük çox qəribə görünür.
Səhnə 29. Axşam. Ext.
Balıqçı daxması. Xəfif külək əsir. Məhəccərə söykənmiş tilov görünür… Tilovun arxasında üzləri tam bəlli olmayan iki nəfər oyun oynayır.
Səhnə 29. Gecə. İnt.
Eyvan. Xəfif külək əsir. Səfər eyvandan otağa daxil olur. Səfər yenidən nəyisə axtarmağa başlayır. Çox keçmir, qadın ayağa qalxıb Səfərə qoşulur.
Səfər:
– Zirzəmidə olmaz?
Qadın:
– İnanmıram.
Səfər otağın işığını söndürüb divana əyləşir. Üzünü qadına tutub pıçıldayır.
Səfər:
– Görəsən, harda itirdim?
Qadın divana uzanıb başını Səfərin dizinə qoyur.
Qadın:
– İnşallah tapılar!
Səfər kövrəlir.
Səhnə 30. Gün. İnt.
Səhər. Ev. Mətbəx. Qadınla Səfər evdə oturub çay içirlər.
Səfər:
– Ağzını mırçıldatma!
Qadın:
– Hirsini mənə niyə tökürsən?
Səfər:
– Bəlkə Moskvada itib?
Qadın:
– Orada sən abrını itirmisən.
Səfər:
– Bunu mənə vaxtında desəydin, indi bu qədər əziyyət çəkməzdim. İndi onu hardan tapım? Həyatıma əzəl gündən pəl vuran sən oldun.
Səfər əlindəki stəkanı masanın üstünə qoyur. Qadın əsəbidir...
Qadın:
– Çox sağ ol! Səninlə it də yaşamazdı... Mən yaşadım...
Səfər:
– Mənimlə it yaşadı!
Qadın:
– Otuz il bundan əvvəl belə danışmırdın ancaq... Onda qarşımda diz çöküb yalvarırdın... Hər gün mənə hədiyyələr alırdın.
Səhnə 31. İnt. Gün..
Qadın və Səfər mətbəxdə oturublar... Qapının zəngi eşidilir.
Qadın:
– Dur qapını aç... Onu da mən eləməyəcəm ki...
Səfər ayağa qalxır və qapıya doğru gedir. Qapını açır. İçəri Sarışın daxil olur. Sarışın qadınla öpüşüb-görüşür. Hiss olunur ki, Sarışın bu evdə yad deyil. Səfər qapının yanında onlara tamaşa edir.
Sarışın:
– Heç yerdə yoxdur. Elə bil heç olmayıb.
Sarışın sözünü dedikdən sonra qadına baxır və otağa keçir... Daha sonra qadın araya çökmüş sükutu pozur və Səfərə deyir...
Qadın:
– Sən hələ dostunla düşmənini ayıra bilmirsən... Bu adama sirr etibar eləmək olar?
Səfər acıqlı şəkildə qadının yaxasından tutur...
Səfər:
– Adam ancaq sənin o peysər qardaşındır, hə?!
Qadın:
– Qardaşımın adını çəkmə. O, sənin tayın deyil!
Qadın yaxasını Səfərdən qurtarır.
Səfər:
– Get çay gətir!
Qadın heç nə olmamış kimi mətbəxə keçir.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
Oqden Neşin uşaq şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir. Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeirlər Oqden Neşə aiddir. O, Amerika şairidir.
Oqden Neş
(1902-1971)
ABŞ
İnək
Bu inək builkidir
Buğa bəyin ilkidir.
Bir yandan “moo-moo” deyir,
Bir yandan da süd verir.
Birə, milçək bacada
Düşmüşdü əsirliyə
Birə, milçək bacada.
Milçək bezdi: – Gəl qaçaq!
Birə dedi: – Gəl uçaq!
Düz bacanın başından
Tez yol tapıb uçdular.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
...Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın – İrina Xakamada
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. Gəlin bunlara diqqət yetirək.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız. Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
Bazar ertəsi davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
TOP 10 - LitRes-in versiyasında son beş ilin ən yaxşı kitabları
Təqdim edir: Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Yüz minlərlə oxucunun oxuma sayı və müsbət rəyləri əsasında Şərqi Avropanın ən böyük elektron ədəbiyyat platforması olan LitRes son beş ilin ən yaxşı kitablarını müəyyənləşdirib. LitResin rəsmi saytına istinadən həmin kitabları sizlərə təqdim edirik:
1.Con Kexo, “Şüuraltı hər şeyə qadirdir”;
2.Corc Oruel, “1984”;
3.Edit Eva Eqer, “Seçim”;
4.Aleks Mixaelides, “Səssiz-səmirsiz xəstə”
5.Juliya Enders, “Ecazkar bağırsaq”;
6.Anna Todd, “Sonra”;
7.Mari Kondo, “Magik təmizləmə”;
8.Segey Lukyanenko, “Megiddonun yeddi günü”.
Təbii ki, sorğu Azərbaycanda keçirilsəydi fərqli nəticələr olardı. Ümumilikdə isə onu qeyd etmək olar ki, Corc Oruel bütün reytinqlərdə yer alır, Con Kexonu da tədricən bütün dünyada bəyənməyə başlayırlar.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
Eyvanda “ayrılıq” sözü tumurcuqlayırdı... - Seyid Aynurun ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində növbə poeziyanınıdr, sizlərə Seyid Aynurun şeirləri təqdim edilir.
QARABAĞ
“Qarabağ şikəstəsi”ni oxuyar
Şuşadan çıxan o sonuncu zabit,
"Qayıdacağıq!" deyib
Dəfn edər yaddaş məzarıstanında
Hey qisas gözləyən nakam ruhların
Susmayan harayını.
Əsir düşmüş körpə gülüşləridir –
Döyülməkdən sırtılan ən pis uşaq,
Ölümdür müharibə!..
İşğal olunmuş saysız ümidlərdir,
“Topxana”dan gələn imdad səsləri,
Qəbirlərdir yiyəsiz.
Kaş üşüyən vüqarımın çiyninə
Buşlatını atasan, şanlı əsgər.
Həsrət gözümü qırıb –
Bakının havası düşmədi yaman,
Qohumlarım xatirə oldu bir-bir,
Quş olub uçdu hamı.
Quruyar gözlərimdən axan çaylar
Dalğalanar göydə zəfər bayrağı
Duman olub çəkilər
Gözümüzdən vətənsizlik qorxusu;
Xoşbəxtlikdən hamıyla qucaqlaşar,
Doğmalaşar insanlar.
Həqiqətin dilində azan verər
Yarası sağalan Şuşa məscidi.
Dayanıb namaz qılar
üzünü küləyə tutan çiçəklər.
Dağlara düşən şəhid qanı dönüb
qırmızı lalə olar.
YAĞIŞ
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Buludlardan düşən bir yağışam mən,
Qismət olsa, yanağından öpəcəm.
Bu ağlağan göy üzündən qurtulub
Əllərini, kirpiyini sevəcəm.
Mən bir evəm,
Başım üstə damım yox,
Darıxmağa dostum yox,
Adamım yox.
Yağmağım da gəlmir daha çöllərə,
Qan qoxuyan, qisas görən ellərə.
Daha gülə, budağa qonacağam.
Yar qoxuyan otağa hopacağam.
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Günahını sərib gecə yollara,
Dəyişib namusu dövlətə, vara-
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Düşürəm mən hər fəsil,
Bu sonsuz yer üzünə.
Göy üzünün gözündən,
Buludların içindən
Qara, sarı torpağa,
Bağrı yarıq torpağa.
Mənə yol ver,
Yola doğru yoldaş ver!,
Mənə söz ver,
Söz tutacaq sirdaş ver!..
Daşa çevir məni indi, ilahi!,
Puça çevir, heçə çevir, ilahi!
SƏN
Lal divarlar.
Utandığından gözlərini yummuş çilçıraq.
Bir fincan qəhvə –
içinə şəkər əvəzi gülüş qatılmış.
“Sən” – “O”:
Vanna otağının tərli kafelləri.
Üzlü pərdələrin
gizlətməyə çalışdığını hayqıran vicdanlı
pəncərələr,
doğulmayacaq körpə.
“Sən” – “Mən”,
“Ər” – “Arvad”:
orta statistik ailə olmağı bacarmayanlar.
Sevilməyən bədənlərdə əllərin yox,
yad gözlərin izi qalır.
SÜKUT
Arzularımı ağ vərəqə yazıb
qoydum ümidin cibinə,
qum üzərində bir alma ağacı çəkdim
günahlarımı xatırladan,
gözlərimi dənizin ətəklərinə
sıxıb ağladım –
bir də baxdım, gün çıxıb.
ŞEİR
Eyvanda “ayrılıq” sözü tumurcuqlayırdı:
səbri tulladım uçurumdan üzüaşağı,
şeir çiçəklədi ağ vərəqdə
dalğalanma daha, nəm çəkən gözlərim.
Qolumu qaldırıb
yatmış körpəmin üstünü örtmək istədim –
bir də gördüm əllərim
bir cüt qanad olub.
MEŞƏLİ
O gün Adilənin qırmızı başmağı
Ağquta atın təkindəki
qırmızı qotazlı xurcunun gözündə qaldı-
qırdı camaatı ermənilər.
Göz-göz olmuşdu,
düz yetmiş səkkiz dəfə
ürəyindən vurulmuş,
erməninin hirsi soyumamışdı.
Günahsızam dedi məhkəməyə gətirilən Xaçaturyan:
Qopdu Meşəlidə gəzən ruhların fəryadı,
Ədalətin güclü əli sıxdı boğazını –
Tarix unudulmadı!..
YUXU
Bəyaz gecələrin
rəngli yuxusunu görən alma ağacları
ağappaq əlləri, al yanaqları olan bir
qızcığaza nağıl danışdı:
“Ömür qanadıqırıq insanların
quş kimi azad olmaq arzusudur.
Xoş gəldin,
Doğum günün mübarək!”.
UŞAQ
Bu gün “Ayrılıqlar qəbiristanı”nda
əllərimlə torpağa qoyduğum
Sevgimizin qırxı çıxdı.
Onsuz da bütün eşqlər yalan,
Məcnunlar ağciyərdir.
Əllərini qoynuna qoyan
Qış günəşi mənə tərəf baxır,
Biixtiyar qışqırıram yollara:
Məhəbbətin dilini bilmədinsə,
“İngiliscə”ni tum kimi çırtlamaq
hünər deyil.
Sən bilməzsən ürəyimdəkiləri,
bilməzsən,
bilməzsən, uşaq!..
MÜHARİBƏDƏN KASKAD ŞEİR
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı, bilmədim,
Gecənin gündüzə toxunduğu o al-qırmızı sabah.
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan,
Bakının havası düşmədi – qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi
Daradı o gur, buruq-buruq saçlarını Həkərinin.
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı, bilmədim.
Düşmən durmadan göydən mərmilər yağdırdı
başımıza,
Yamacdan boylanan gülxətmi də ağladı kəndimizi.
Mən evimizin pəncərəsində durub səni gözlədim
Gecənin gündüzə toxunduğu o al-qırmızı sabah.
Laçından bəd xəbər gətirdi bizim əmioğlu Abo,
Zəhrimar “Koridor” sözünü ilk dəfə onda eşitdim.
Bir də köçkünlükdə bir özgə mənzilinə
sığmayanda,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan.
Şuşadan tək xatirə – başdaşlarında şəkillər qaldı…
Son nəfəsdə nənəm dodaq qurudan həsrətlə
danışdı:
“Bizləri bir az da elə bu özümüzkülər öldürdü,
Bakının havası düşmədi – qocalar qırıldı bir-bir”.
DARIXMAQ
Yollar –
Dünyanın əlifbasıdır!
Çata bilməyəcəyim yasəmən qoxulu
arzudur uşaqlıq.
Rəssam olsam, kətan üstünə
Çiçəklərin ətrini çəksəm…
Adın düşüb yada –
darıxmışam iki heca.
SEVGİSİZLİK
A Z A D L I Q – çörək pulu üçün qadınların
Qul bazarında sərbəst dayanmasıydı!..
Hər gün evlərdə
neçə-neçə qadının ümidlərini
udurdu tozsoran.
Böyüklər gün eynəkləri taxırdı
gecə-gündüz,
vitrindəki konfetlərə baxa-baxa qalırdı uşaqlar.
Adamlar baxışlarıyla güllələyirdi
əl-ələ gəzənləri,
hamı rəsmi idi –
şəxsiyyət vəsiqəsindəki
fotolardakı kimi,
bu şəhərdə ölmüşdü sevgi.
LAVANDA
Lavanda tarlası.
Türkiyə,
Quyucuq kəndi:
Yanaqlarını sevgilisinin üzünə
sərən gülərüz qadın
bənövşəyi sonsuzluğa baxar,
sığal çəkər dikəlmiş qarnına
soruşar pıçıltıyla:
“Şair, yoxsa rəssam olsun?..”
PORTAĞAL
Radioya bənzəyirdi
o gün adamlar – hərənin ağzında bir avaz,
ürəyində bir dalğa.
Mən portağal qabıqlarından
qayıqlar düzəldib
dənizə buraxdım,
portağal qoxulu adam
şirin-şirin çarpayısında yatırdı.
Ailə tabloları çəkə bilməyən
sağ əlim
cızdı qumun üzərində:
məni,
onu,
bir də körpə portağalı.
KİBRİT
sinirləri yumaq edib,
ərinə köynək toxuyan bəstəboy qadın.
divarda göz boyda dəlik açıb
qonşusunu
seyr edən kişi.
bir qutu qədər ev –
və bir daha heç vaxt
alışmayacaq bir cüt kibrit.
XOCALI
Cavan, qoca, körpə:
kim vardısa,
hamısını “uddu” Xocalı.
Birdən silah səsləri gəldi:
hər kəs “adətdəndir” deyib,
bəyi gözlədi,
qara gəldi mamaqızı Sədiqənin toyu.
Göydən yağış kimi yağdı mərmilər,
əmioğlu Azadın qollarını qoparıb
yüyrüktək ağacın budağına asdı,
mən isə xatirələri,
toz olmasın deyə,
ovuclarıma yığdım
və üşüdüm zirvəyə sancılmış bayraq kimi.
Gecdir daha –
ümidin gözlərini sığadım,
külək əsdikcə
qəfil burnuma
hardansa qarağac qoxusu gəldi.
Ağac-ağac hıçqırdı,
ləpələndi yaşıl gözləri Badaranın,
ağı deyib özünü
o yan-bu yana çırpdı.
Suya düşən ağ yelkənə bənzədi
körpələrin cansız bədəni.
Qız-gəlinin naləsi
kəndi bürüdü,
Həlimə arvad qışqırdı möhkəm:
“Ayılın, ay camaat,
qırıldı xocalılar”.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
Nisgillərini misralara çevirən VƏFA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Vəfa onun adıdır, soyadı isə Qurbanovadır.
Çox qısa tərcümeyi-halı var. Valideynlərinin hər ikisi də müəllim olub. 1971-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonun Yaqublu kəndində anadan olub. Orta təhsiliniə öz kəndlərindəki orta məktəbdə alıb. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazıırda öz doğma kəndindəki tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Bir oğul balası ilə həmin kənddə tənha bir həyat yaşayır. Ürəyinin və qəlbinin niskilini misralara çevirir.
Təsadüfi deyildir ki, AYB-nin, Jurnalistlər Birliyinin və Rəssamlar İttifaqının üzvü, oçerk, hekayə, povest və romanlar müəllifi, naşir, tanınmış rəssam Ə.İbrahimovun başqa bir münasibətlə dediyi “Bu şeirlərdə həyatın mənasına dərin hörmət və heyrət özünü göstərir. Onun hər bir şeirində həyat lövhələri, sadə insanların həyatında baş verən tipik lövhələr və aktual problemlər təsvir olunur” fikrini istisnasız olaraq Vəfanın yaradıcılığına da aid edə bilərik.
Vəfanı yaxından tanıyan, AYB-nin və Jurnalistlər İttifaqının üzvü, tanınmış yazar P.Qurbanov onun haqqında deyir: ”Tək-tənha yaşayıb yaradan, yazdıqlarını heç kimə göstərməyən bir Amerika şairəsinin (o sonralar Amerikanın klassik şairi olub) taleyinə bənzətdim Vəfanın həyatını...” Həqiqətən, bu günə kimi onun şeirləri mətbuat səhifələrində dərc olunmamışdır.
Onun bir neçə şeirini hörmətli oxucuların nəzərinə çatdırmaqla bu “ənənəni” pozmaq istərdik.
VAXTSIZ SOLAN YARPAQLAR
Səhrada yol itirmiş,
susuzluqdan, aclıqdan,
əzab çəkən karvandır
vaxtsız solan yarpaqlar.
Vaxtında deyilməmiş,
kəsərini itirmiş,
qiymətli gözəl sözdür,
vaxtsız solan yarpaqlar.
Bar verməyən məhəbbət,
qarşılıqsız sevgidir,
vaxtsız solan yarpaqlar.
Boşa çıxmış son ümid,
baş tutmayan arzudur,
vaxtsız solan yarpaqlar.
Yaralanmış, talanmış,
tənha qalmış ürəkdir,
vaxtsız solan yarpaqlar.
Həyatdan nakam getmiş,
talesiz insanlardır,
məhv olmuş arzulardır,
vaxtsız solan yarpaqlar.
ÇƏTİNDİR, ÇƏTİN
Quş olub yuvadan uçmağa nə var,
Yüksəklərə qalxmaq çətindir, çətin.
Dən olub torpağa düşməyə nə var,
Cücərib boy atmaq çətindir, çətin.
İşıqlı dünyaya gəlməyə nə var,
İnsantək yaşamaq çətindir, çətin.
Ölüb bu dünyadan getməyə nə var,
Yaddaşlarda qalmaq çətindir, çətin.
BİR RUHUM VARDI...
Oxum dəydi daşlara,
Yaxdı odu özümü,
Sevinc getdi, qəm gəldi,
Silən yoxdu gözümü.
Bir ruhum vardı: şeir,
O da uçdu göylərə,
Bəyaz buluda döndü,
Tuş gəldi küləklərə.
Tale, qismət deyirlər,
Hey nəsihət verirlər:
-Yaman günün ömrü az,
Gün geçdi, soldu güllər.
Arxam, dayağım ata,
Vüqarımdın, ay ata,
Getdin bizi tərk etdin,
Kimsəsiz qaldı Vəfa.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)