
Super User
İncə yurdun incə ruhlu söz oğlu - RƏFAİL İNCƏYURDUN 70 İLLİYİDİR
Güllü Eldar Tomarlı, şair, publisist, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru. “Ədəbiyyat və incəsənət” portalı üçün
Sazlı, sözlü Qazax mahalının axarlı-baxarlı saz, söz məbədi İncə dərəsinin Kəmərli kəndində ədəbiyyat müəllimi Ağakişi İsmayılovun ailəsində düz 70 il qabaq bir oğlan dünyaya gəlib - Rəfail İncəyurd. Babalardan, nənələrdən qalma söz sənətini sözüylə, ruhuyla yaşatmağı tale onun qismətinə yazıb. Ədəbi mühitə yeniyetmə çağlarından ilk addımlarını atan Rəfail nədənsə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakultəsinə qəbul olunub. Riyaziyyat və həqiqi, ilahi, ulu söz. Bunların arasında vəhdət yaratmağı qarşısına məqsəd qoyan Rəfail İncəyurd istəyinə çatıb. Ömrünü rəqəmlərə - anlara, saatlara, günlərə, aylara, illərə bölə-bölə uğurlu ədəbi nümunələr yaradıb. Müəllim, proqramçı, redaktor kimi peşələri şairliklə birləşdirib bütöv ömür yaşaya-yaşaya ömrünün 70-ci pilləsinə çatıb.
Rəfail İncəyurd özünün də etiraf ediyi kimi artıq müdrik “köhnə kişilər”dəndi. Belə kişilər “yenilməz dağların oğludu, bini-bərəkəti təhnə, ömrü yaddaqalan səhnə kişilərin sözünün ömrü də bir ayrı” olur, dadı, duzu da. Rəfail müəllim şeirlərində özüdür, doğulduğu yurdun ab-havası, saz havaları, qoşmalı, gəraylılı, təcnisli, qımqımılı söz dünyası kimi.
Qazaxın ən ucqar köyündə bu dəm,
O köylü qocanın öyündə bu dəm,
Allahın Yerində-Göyündə bu dəm
İlahi bir sehr tumurcuqlayır,
Könlümdə bir şeir tumurcuqlayır.
Rəfail müəllim, həqiqi müəllimdi, öyrədəndi, xeyirxah dost, qayğıkeş insandı, başqalarının uğurlarına sevinəndi. Bunu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaratmaq ideyamı ona bildirəndə gördüm. O, bu yolda hər addımımı dəstəkləyir, məsləhətini əsirgəmir, zəngin həyat təcrübəsindən əldə etdiklərini mənə təmənnasız, can-başla ötürür. Birliyin müxtəlif tədbirlərində iştirak edir, uğurlarıma sevinir.
Rəfail İncəyurd milli mənəvi dəyərlərə, milli kökə bağlı insandı. Onun sözə bağlılığının təməlində məhz millilik sarsılmaz sütundur. “Mirvarid Dilbazi” şeirində Azərbaycan qadın poeziyasının saflıq, abır-həya, bir sözlə, məvəviyyat mücəssəməsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin obrazı lirik cizgilərlə - sadəliyi, təvəzökarlığı, vətənsevərliyi ilə bütövləşdirilmişdir. “Ellər anası” təşbehinin kökündəki böyük mənəvi dəyər Azərbaycan qadınının zəngin milli ruhuna sayğıdır. Şair bu şeirində həm də nənələrdən miras qalan, bu gün də Azərbaycan xanımlarının yaraşıq, gözəllik, ismət, namus rəmzi baş örtüyümüz kəlağayını təbliğ və tərənnüm edir. Mirvarid xanımı “ilham sonası” kimi təqdim edir. Məhz bu mənəvi cəhətlərə görə Rəfail müəllimin lirik dünyası saz, söz, kəlağayı ömrü qədər yaşayacaq.
Sözünü hər fövqəl gücə demədi,
Ötəri həvəsə, vecə demədi.
O, gündüz demədi- geca demǝdi-
Yalnız özü oldu özünə asi,
Ağ saçlı, ağ üzlü ellər anası.
Sən demə, olarmış sehr ilə daşmaq,
Olarmış çağlayıb, sədləri aşmaq.
Başında kəlağay, ağzında yaşmaq
İlham sonasıymış, ilham sonası,
Ağ saçlı, ağ üzlü ellər anası.
Haqdı, ilk qadın Xalq Şairi haqdı,
Zamandan zamana gedən soraqdı.
Könül bayrağını zirvəyə taxdı,-
Al rəngə boyandı eşqin səması,
Ağ saçlı, ağ üzlü ellər anası.
Onun şeirləri doğulduğu yurdun milli ruhu yaşadan etnoqrafik duyğulardı - qımqımılı, həzin bayatılı pıçıltılardı, mənəviyyat dəyərli poetik hisslərdi, el-elatın gündəlik qayğılarının təsviridi, milli düşüncəmizin güzgüsüdü. “Elinə bir yanımlıq od” kimidi, sözün, milli ruhun Prometeyidi. Deyim tərzi, fikirləri özünəməxsusdu, gah vulkan kimi püskürür, gah da həzin meh kimi mülayimləşir, dili sadə və anlaqlı olduğundan dilə yatır, yadda qalır. Onun şeirlərinin mayası eşqdi - “eşq olmasa, göz yaşını kim silər?” sualını sual kimi anlamırıq. Bu onun poeziyasının qayəsidi.
Rəfail İncəyurd maddi nemətlərə gözütox olsa da, mənəvi qidaya doymazlıq onun həyat devizidi. Bu məramı həyatının mənası bildiyindən üzüağdı, alnıaçıqdı, başıucadı. Sözü də özü kimidi - saxtalıqdan, pafosdan uzaq.
Şair bu gün də yorulmadan yaradır, Hələ yazacaqları çoxdu, “hər gecə bir gün öldürən”, onu yuxuya həsrət qoyan şeirlər onu yaşadır, ömrünü mənalı və ağırçəkili edir, uzadır. “Hələ gəlib çıxmayan”, yolunu gözlədiyi şeirlər onu yana-yana yaşamağa səsləyir, ümid, inam, yaşam üçün stimul verir. Onun varı-dövləti sözdü, misra-misra doğulan şeirlərdi.
Gəlimli, gedimli zaman içində
Mənə bu şeirlə qaldı bu gecə.
Bəli, elimizin, obamızın söz oğlu, “həyat varsa, ağrısı da şirindi, acizin yox, o, nər oğlu nərindi”. Bu, sözü mülkü yaradanın, söz qalası ucaldanın taleyidi. Bu taleyin oyununda qaliblərin yeri ucalıqlardı. “Sazdan sözə, sözdən saza gələn”lərin yolu nə qədər nahamar, çətin olsa da, qarşıda onu zəfər çələngli ucalıqlar gözləyir. Çünki onlar “irfan boylu kişilərin evindən gəlirlər, bayatılı nənələrin dilindən” bəhrələnirlər.
Rəfail müəllim, “gördüyünüz günlərin dəsidi ömür, öndə yoxuş sanı eniş” olsa da, sizin lirik dünyanızın meyvələri həmişə təzə-tərdi, eşqiniz tükənməzdi. Sözünüzün mayasında, ömrünüzün təməlində eşq dayanır. Nə olsun 70-i haqladınız, Məmməd İsmayıl demişkən, “hələ yaşamağa dəyər”, Hüseyn Arif inamına söykənək: “ömür deyir yaşa hələ”. Bəxtiyar Vahabzadə belə düşünür ki, “yaşamaq yanmaqdır”. Yana-yana yaşayanların, uğurlu söz yaradanların ömrü söz ömrü qədərdi. Sizə belə ömrün yaddaqalan sevincli, sözlə süslənmiş mənalı anlarını, günlərini, illərini arzulayıram.
Rəfail İncəyurdun özünün təbirincə desək, “şairlik alnına yazılan yazıdı, hələ qoyulmayıb sonuncu nöqtə, hələ ki, yol gedir köçüm şeirlə”. Bu şərəfli yoldu, sözə sarvanlıq yoludu.
“Eşqi dönük olmayan, ömrü kiməsə yük olmayan” Rəfail İncəyurd ən azı yarım əsrdi ki, ağırmənalı yük çəkir - söz, fikir yükü. Çox çiyinləri əyən bu mənəvi yük onu əyə bilməz. O, “qorxa-qorxa adını qoruyan” söz adamıdı. Başqa qorxusu yoxdu. Adı qorumaq ən şərəfli işdi. Rəfail müəllim lirik duyğularını “eşq ilə becərir, eşq ilə biçir”.
Eşqiniz tükənməsin, eloğlu, İncə yurdun incə ruhlu söz oğlu!
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində
Bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Müşfiq Elmanoğlunun diplom işi olan “Ana” tamaşası nümayiş olunacaq.
Teatrdan AzərTAC-a bildirilib ki, tanınmış çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır.
Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.
Diplom işinin rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib.
Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, konqresdə mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın ədəbi hissə müdiri Cavid Zeynallı iştirak edib.
Konqres və festival Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə keçirilib. Tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Təşəbbüsləri Prezident Fondunun, Vladimir vilayəti hökumətinin və Suzdal Muzey-Qoruğunun dəstəyi ilə reallaşıb.
Tədbir çərçivəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış ediblər.
Konqres çərçivəsində Rusiyanın 20-yə yaxın milli teatrının rəhbəri ilə, o cümlədən Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlanıb. Həmin proqram çərçivəsində teatr Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı olub. Aleksandrinski Teatrının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsil proqramı həyata keçirilib.
Bu ilin sentyabr ayında iki teatr arasında mübadilə qastrolu təşkil olunacaq. Tamaşa günlərində Aleksandrinski Teatrında Azərbaycan Milli Teatrının tarixindən bəhs edən sərgi açılacaq.
Beynəlxalq əlaqələr bundan sonra da inkişaf edəcək və əməkdaşlıq Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
UNUDULMAZ SEVGİ ŞEİRLƏRİ - Vaqif Səmədoğlu, “Mən sənin yuxularına…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlunun bütün şeirləri mükəmməldir. Onun yaratdığı poetik mənzərə həm o qədər canlıdır ki, gözlə görünür, həm də o qədər emosionaldır ki, içini tərpədir…
Mən sənin yuxularına
uzaq, lap uzaq
ya tropik, ya buz bağlamış
torpaqlarda girmək istəyirəm.
Mən səhər tezdən,
saat təxminən dörddə
girmək istəyirəm yuxuna.
Taiti adalarından
balıqçı qayıqları
okeana çıxan vaxt.
Ora vaxtıyla, duman içində…
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
Xırda uğurlar böyük uğurların təməlidir –UĞUR DÜSTURU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz, kitab boyu, əsasən, həyat, yaşam məqsədi olan böyük uğurlardan bəhs edirik. Amma gəlin unutmayaq ki, böyük uğurlara gedən yol mütləq kiçik uğurlardan başlayır. Hər xırda epizodun uğurlu nəticəsində maraqlı olmalıyıq, zərrələr tamı əmələ gətirir axı.
Bu yaxınlarda bir iş adamı ilə söhbət edirdik. Məlum oldu ki, bazara yeni çeşidli qənnadı məhsulları çıxararkən KİV-də, xüsusən qəzetlərdə geniş reklam kampaniyası təşkil etdirib, di gəl, effekt ala bilməyib. Mən ondan reklam üçün qəzetləri hansı parametrlərə görə seçdiyini soruşdum. Dedi, bu barədə anlayışı yoxdur, bu işlə məşğul olmağa xüsusi pr menecer ayırıbmış, seçimi həmin adam edib. Mən tənbəllik etmədən həmin pr menecerlə calaşdım, məlum oldu ki, bu şəxs üçüncü dərəcəli bir qəzetdə isləyən tanışına çıxıb, həmin tanışının verdiyi siyahı ilə qəzetlərə reklam paylayıb. Mən qəzetlərin siyahısı ilə tanış oldum. Həm seçilən qəzetlər populyar deyildilər, həm reklama ayrılan güşələr uğursuz idi, həm reklam mətni özü qüsurlu idi.
Bu cür işəyanaşmanın da sonunun elə o cür fiaskoyla nəticələnməsi, əlbəttə ki, qanunauyğun idi.
Uğursuz reklam kampaniyası mənim haqqında bəhs etdiyim iş adamına çox ciddi ziyan vurmuşdu, o, kifayət qədər keyfiyyətli olan yeni məhsullarını bazara çıxara bilməmiş, xeyli ziyana duşmuşdu. Xırda bir qüsur böyük bir işi uçuruma sürükləmişdi (Qeyd edim ki, istehlakçılar uğurlu reklamı olan yerli ərzaq məhsuluna heç vaxt biganə qalmırlar. Xüsusən ulduz müğənnilərlə, aktyorlarla hazırlanan reklam çarxları və cəlbedici rəngbərəng media mətnləri böyük effekt verir).
Görürsünüzmü? Danışdığım bu epizod sübut etdi ki, xırda uğurlar böyük uğurların təməlidir. Halbuki, həmin iş adamı reklam işinə daha ciddi yanaşsaydı, bu cür acı sonluğa da tuş gəlməyəcəkdi.
Mən əminəm ki, oxucularım arasında gördüyü işlə, çalışdığı sahə ilə bağlı reklama tələbat duyanlar az deyil. Bəs effektiv və uğurlu reklam kampaniyasına necə nail olmaq mümkündür?
Söhbət qəzet reklamından getdisə, gəlin elə qəzet reklamının üzərində dayanaq.
Məhdud vəsaitlə müəssisənin reklamı necə təşkil edilməlidir? Reklam elanını qəzetdə yerləşdirərkən nəyi bilmək lazımdır?
Amerika mutəxəssislərinin bəzi məsləhətlərinə gəlin diqqət edək:
· Təklifinizi başlıqda səsləndirin;
· Təklifinizi yarımbaşlıqda bir daha formalaşdırın;
· Çalışın «Pulsuz» sözünü vurğulayasınız və onu mümkün olan dərəcədə təkrar edin;
· Sizin məhsulu və ya xidmətinizi fəaliyyətdə təsvir edən şəkil yerləşdirin;
· Sizin qəzetdə digər reklam yerləşdirənlərdən fərqli cəhətinizi göstərmək üçün nə isə edin. Təkcə bilavasitə rəqibləriniz deyil, bütün digərləri nəzərdə tutulur;
· Reklamınız kiçikdirsə, onu çərçivəyə alın və çərçivəyə orijinallıq verin;
· Reklamda mütləq iri şriftlə yazılmış söz və ya ifadə olmalıdır. Əgər siz bunu etsəniz, hətta kiçik reklam böyük kimi təsirli ola bilər;
· Mütləq ünvanınızı, telefon nömrənizi daxil edin. Elə edin ki, oxucular sizi həmişə asanlıqla tapıb danışa bilsinlər;
· Reklamın görünüşünü elə edin ki, həm əmtəənin, həm də bu və ya digər xidmətin reklamına növbəti tələbat zamanı da onu saxlaya biləsiniz. Bununla siz öz mahiyyətinizi aydın etmiş olar, alıcıların sizinlə tanışlığını asanlaşdırarsınız;
· Reklam üçün müxtəlif ölçü, forma, dərcetmə günündən, müxtəlif qəzet səhifəsindən istifadə edin;
· Qəzetin içinə qoyulmuş pulsuz əlavələr, məsələn, bukletlər haqqında düşünün. Onlar populyardır və düşündüyünüzdən ucuz başa gəlir, amma çox effektivdir;
· Reklamı rəngli edin. Qırmızı, göy və qəhvəyi rənglər yararlıdır. Reklam çox kiçikdirsə, onu rəngli verməyə dəyməz. Çünki qarmaqarışıq bir şey yaranacaq. Yox, əgər ölçüsü münasibdirsə, onda rəngli reklama cəhd etmək olar;
· Optimal reklam təklif və ölçü ilə müəyyənləşənə qədər müxtəlif nəşrlərdə bir neçə reklam növünü yerləşdirin;
· Yeni qəzetlərlə ehtiyatlı olun. Onlar özlərini göstərənə qədər gözləyin;
· Reklamınızı qəzetin əsas hissəsində, qatlama yerindən yuxarıda, sağ tərəfdə yerləşdirmək üçün mümkün hər şeyi edin. Sadəcə, xahiş kifayət etməz. Ola bilsin ki, şəxsən gedib xahiş etməli olasınız. Təslim olmayın, təkid edin;
· Çap üçün çox uzun mətn materialından istifadə etməyə qorxmayın. O, jurnal üçün daha yararlı olsa da, bir çox qəzet reklam nəşrləri də ondan istifadə edir;
· Əgər reklamınız biznes adamları üçün nəzərdə tutulubsa, onu maliyyəyə həsr edilmiş qəzetlərdə yerləşdirin. Əgər siz evdar qadınlar üçün xidmətlər və ərzaq reklamı edirsinizsə, onda onu qadınlar üçün olan səhifələrdə yerləşdirmək daha yaxşı olar. Ərzaq və qidanın reklamı üçün xüsusi səhifələr var. Astrologiya səhifəsi, adətən, əksər insanlar tərəfindən oxunur. Lakin, ümumiyyətlə, reklam üçün xəbərlər bölməsi daha yaxşıdır;
· Rəqiblərinizin reklamını, xüsusilə də təkliflərini öyrənin. Sizin reklamınız daha inandırıcı, qısa, xoş, seçilən, ən yaxşı olmalıdır;
· Reklametmənin nəticələrini diqqətlə qeyd edin. Reklamdan sonra sizin mal və xidmətinizə tələbat nə kimi artıb, bunu mütləq bilməlisiniz. Qeydiyyat aparmasanız, sınamaların heç bir əhəmiyyəti olmayacaq;
· Sizin reklam mütləq sizin ehtimal edilən bazarınıza müvafiq olmalıdır;
· Sizin reklam sizin əmtəə və ya xidmətə mütləq müvafiq gəlməlidir;
· Sizin reklam onu dərc etdirdiyiniz qəzetə mütləq müvafiq olmalıdır;
· Qısa sözlərdən, qısa cümlələrədən, qısa abzaslardan istifadə etməyə çalışın;
· Ünvanınızı təkcə kupon üzərində yerləşdirməyin. Əgər siz kupondan istifadə edirsinizsə, ünvanınız həm kuponun üzərində, həm də yenə haradasa olmalıdır ki, kupon kəsilib götürüldükdə ünvan qalsın.
· Qəzetdə yaxşı əks olunacaq fotoşəkil və illüstrasiyalardan istifadə edin;
· Kompaniyanızın adını həmişə reklamın hansısa aşağı hissəsində yerləşdirin. Gözləməyin ki, alıcılar kompaniyanın adına materialın özündə, sərlövhəsində məhsulun və ya mağazanın şəklində fikir verəcəklər. Hərçənd ki, kompaniyanın adını çox vaxt başlığa və ya, ən azı, yarımbaşlığa yerləşdirmək pis deyil;
· Reklamda hər hansı müasirbir şeyi xatırladın. Unutmayın ki, qəzetlər xəbərlərə görə oxunur. Ona görə, əsas ideya yeniliklərlə bağlı olmalıdır, əgər bu mümkündürsə;
· Bütün müştərilərinizdən sizin haqqınızda haradan eşitdiklərini soruşun. Əgər qəzetin adı çəkilmirsə, birbaşa soruşun: «Qəzetdə reklamımızı görmüsünzmü?» Müştərinin reaksiyası sizin üçün çox vacib olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
“Relsə bağlanan çoban” - AYİŞƏ NƏBİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün proza vaxtıdır, sizlərə Ayişə Nəbinin “Relsə bağlanan çoban” sənədli hekayəsi təqdim edilir.
Düzün-dünyanın genişliyidar gələr, bu genişlikdə balaca bir yurd axtararsan, sığınasan.
Qoyunlarının doymaz qarnını doyurmaq üçün yaxşı bir otlaq axtararsan. Qoyun da qoyundur da, ağzını atdığı yerdə yaşıl ot gördüsə, başını qaldırmaz, otlaya-otlaya düz ağzı boza dirənənə qədər gedər. Sabahdan axşama qədər otlayar, doymaz.
Çoban Novruz gərməşov çomağına dirsəklənib qoyunlara baxa-baxa fikrə getmişdi. Gözü uzaqlara baxsa da, heç o dağları, xışıldayan yarpaqları, payıza üz tutan rüzgarı görmürdü, ürəyində dünyanın min bir dərdli gərdişini götür-qoy edirdi. İllərdir çobandır, bu çöllər, bu dağlar, bu yerlər onun ayağının izini yaxşı tanıyırdı.Ancaq o bunun fərqində deyildi, buna bir anlam da vermirdi. “Ömürdür də verilib, mən də yaşayıram. Vaxtında dədəmin-anamın sözünə baxıb oxumadım, yəni heç oxutmadılar da, bir sürü qoyunu qatdılar qabağıma ki, get otar, çörəyini qazan”.
Fikrə dalsa da, bu qədər fikrin içində heç vaxt ağlına gəlmirdi ki, birdən bu qoyunun hamısı mənim olsa, bir belə qoyunum olsa, neylərəm. Yox, bu onun ağlına gəlmirdi, bir belə qoyunun olmağını heç istəmirdi də. Neynirdi axı. Gözü tox sovet uşaqlığı yaşamışdı. Var-dövlət istəmək ayıbdır, birdən eşidən-bilən olar ki, mən var-dövlət istəyirəm, biabır olaram. Elə sovetin qoyduğu plan bəsimdir. Beş-altı qoyun, üç-dörd keçi, iki baş da inək. Düz eləyib, nəyə lazımdır sürüylə qoyun, mal-heyvan, dolanışığın olsun, bəsindir. Otur kasıblığını elə də, təki canın sağ olsun. – Özündən məmnun halda bunları düşünürdü. Başqa bir həyat olduğunu, bütün peyğəmbərlərin əvvəl çoban olduqlarını, var-dövlətli insanların daha gözəl bir həyat yaşadıqlarını düşünmürdü, bu barədə təsəvvürü də yox idi. Başını salıb aşağı öz dərdi, azarı ilə məşğul olub dolanırdı. Pis də dolanmırdı. Ayda bir dəfə çobanlıqdan istefa verib qoyunu örüşə aparmırdı, camaat “yenə Novruzun ayı çıxdı” deyər, bir-iki adam minnətə gedər, yola gətirib yenə də qoyunları Novruzun qabağına qatıb otardardılar.Ayda bir dəfə də kənd camaatından aylığını yığardı.
Bir dəfə də bizə gəldiyi yadımdadır. Çox soyuq və qara buludlu bir gün idi, yəqin ki, belə havada qoyunları çölə buraxmamışdılar. Hələ məktəbə getmədiyim vaxtlar idi. Soyuq olduğundan hamımız bir otağa yığışmışdıq. Mən raskladuşkada yatmışdım, səsə gözümü açdım, bir adama xoş gəldin deyib içəri çağırırdılar. Başımı qaldırıb gördüm çobandır, yenidən başımı bürüyüb yatdım, uşaq ağlıyla məni niyə qaldırmayıblar deyə, bir az acıqlandım da. Bizimkilər qonağı içəri gətirib oturtdular süfrədə, atamla anam səhər yeməyini təzəcə yemişdilər. Anam tez odun sobasının üstündəki qaynar çaydandançay süzüb çobanın qabağına qoydu, “booy, ay Novruz, soyuqdan gəlibsən, isti-isti iç” dedi. Mən də başım bürüklü halda öz-özümə adam gəlmədən durardım gərək, deyir, amma durmuram. Yox, bizimkilər hələ yemək də təklif edəcəklər, bilirəm, adətləridir. Anam əl-ayağa düşdü, tələsik üç-dörd yumurtanın qayğanağı eləyib gətirdi. Səhərin dadsız havasına sarı yağla qayğanağın bir gözəl ətriqarışdı ki. Qayğanaq gələnə qədər atam qoyun başına bir manatdan çobanın aylığını vermiş, o da pulu götürüb, sayıb cibinə qoymuşdu. Yemək gələndə çoban bir az duruxdu, yeməyə başlamadan: Ay bacı, əlimi pula vurdum, əlüzyuyan hardadır, əlimi yuyum – dedi. Bu an atamla anam bir-birlərinə baxdılar, çobandan bu hərəkəti gözləmirdilər. Birinci pulu saymağı qəribə gəlmişdi onlara, heç vaxt müəllimin verdiyi pulu heç kim saymazdı, müəllim etibarlı adam idi, bir də pula vurduğu üçün əlini yumağı.
Çoban əlini yuyub qayğanağını yedi, getdi.
Sentyabrın əvvəlləri idi, yağışdan sonra quruyan otların dibindən gömgöy alısın qalxmışdı. Çöllər yaz ağzı kimi yamyaşıl idi. Çoban heç vaxt bu tərəflərə, Ağstafa çayının o tayına gətirməzdi sürünü. Həmişə çayın bu tayında, kəndin həndəvərində otarardı, bura gəlmək üçün gərək körpüdən keçəsən, həm də qoyun tütünə düşür, tütünün dibindən qalxan otları yemək üçün tütünü ayaqlayırdı. Ona görə buralara gətirmirdi. Üzü yuxarı baxanda Şinkarın meşəsi, bu yanda Kartoflu bulağı, belə baxanda Çeranus idi. Aşağı baxanda bu tayda Taxtada həmişə tütünçülər olardı, amma indi heç kim gözə dəymirdi. Bu vaxtlar buralarda işçilər qaynaşardı, Çeranusda tütün bağı asıb qurudanlar, Taxtada tütün yığanlar, ferma işçiləri olardı. Meşəlikdən talaya çıxıb o yan-bu yana boylandı, heç kim görünmürdü. Kimsəsizliyə öyrəşmiş çobanın bu sakitlik və adamsızlıqdan birdən dalağı sancdı. Öz-özünə çox uzaqlaşmayım, zamana o zamana deyil, dedi. Sonra da nədən qorxacam, kül erməninin başına, qabağıma çıxan olsa, bu gərməşov çomağımla təpəsinə elə endirərəm ki, elə yerində qalar. Ağlına gələn bu fikirdən ürəklənib qoyunu bir az da yuxarı yaydı. Dəmiryolu xəttini bayaqdan keçmişdi. Son illərdə burada dəmiryolu xətti çəkənlər də olurdu, əməlli şennik idi, ancaq indi dəmiryolu çəkilib qurtardı, Bakı-İrəvan dəmir yolunun açılışı da oldu. Sonra niyəsə qatar işləmədi, elə gündə bir dəfə yük qatarı keçir, bir də yol işçiləri drezenlə gedib-gəlirlər, vəssəlam.
Ermənilərin araqarışdıranlıqları başlayandan adam bir az üşürgələnir, düzdü, qorxaq millətdi, heç nə qələti eləyə bilməzlər, amma yenə də bilmək olmaz, təkliyə düşəndə hər qələti elərlər, buna erməni deyiblər, azmı görmüşük elədiklərini. Çoban Novruz bu fikirlərlə qoyunu ohalayıb otun gur yerinə çəkdi. Qoy otlasınlar, dedi, erməni-zad vecimə deyil.
Ətrafda quş belə uçmurdu. Çöl adamı çölü bilirdi, çölü səsindən, bəzən də səssizliyindən tanıyırdı, hardan hansı səs gəlsə, nə deməkdir, nə işarədir, duyuq düşürdü. Amma bu gün Novruzun bütün hissiyyatı qapanmışdı. İndiyə kimi heç qorxu hiss etməmişdi. Ömrü boyu biyabanda, çöllərdə olmuşdu. Bir dəfə yenə bir kəndçisinə acıq eləyib sürünü çöldə buraxıb gəlmişdi. Qoyun-keçi dağılıb püsərəng olmuşdu. Kəndə xəbər yayıldı ki, yenə Novruzun ayı çıxıb, sürüyü buraxıb gedib. Camaat meşələrə, çöllərə düşüb hərə öz qoyununu, keçisini axtardı, tapan tapdı, tapmayan da qurda-quşa yem oldu, deyib əlini üzdü. Sonra Novruz ağlına nə gəldisə, təzədən qayıdıb meşələrdə camaatın qoyun-keçisini axtardı, o gün axşamdan keçmiş, hava qaralıb lap zinrikləşənə qədər gəzdi.Neçə qoyunun cəsədini tapdı, neçəsini gördü canavar parçalayıb, neçəsini ağacların dibində yaralı tapdı. Yaralı qoyunlar üç bir-beş bir bir-birinə qısılıb yazıq-yazıq can verirdilər. Heç onda gecə vaxtı da qorxmamışdı ki, gecədi, çöldü, meşədi, erməninin qulağının dibidi, azan-təzən olar, o qədər namərd erməni var ki, qabağıma çıxsa, neylərəm. Yox, dünyanın düz vaxtı, qocaların dediyi kimi, sovetin qılıncının dalı da, qabağı da kəsən vaxt idi, bəlkə, ona görə qorxmamışdı ki, erməni kimdi ki, ona nəsə eləsin. Bizdə də it-qurd, azan-təzən deyəndə ayıdan-canavardan qorxmazdılar, it-qurd deyildimi, hamı bilirdi ki, söhbət ermənidən gedir.
Novruz fikrə dalmışdı, qulağına motor səsi gəldi, bir az səsin səmtini tutub baxdı, aralıdan relsin üstü ilə gələnlokomotivi gördü. Stansiya sayılan yerdə işçilər düşüb relsləri qurdaladı, ora-bura baxdılar, sonra yolllarına davam etdilər.
Novruz onları baxışları ilə qarşılayıb yola saldı. Qoyunları qatar yolundan keçirib üzüyuxarı yaydı. Haylayıb bir az da meşənin içinə yeritdi. Özü də irəli gedib Kartoflunun başında çöməldi, matarasında qalan bayaqkı suyun dibini boşaldıb təzəsini doldurdu, başına çəkib bir az içdi, sonra matarasının başını bir də doldurub torbasına qoydu. Burda bir az oturdu, elə bilnəyəsə dəyərlənmişdi, kövrəlmişdi, görən, bu işlərin axırı noolacaq deyə qara-qara düşünürdü. Gül kimi yaşayırdıq. Bu erməni köpəyuşağı qınından çıxmasaydı, min il də belə yaşardıq. Erməni də ki, qınından çıxdısa, ya qan tökəcək, ya qanı töküləcək. Qanları dolub yenə, axmasa, dincəlməyəcəklər. Kənddə bir həyəcan var, hər gün bir xəbər gəlir, hər axşam erməni hücum edəcəkmi deyə, səksəkə ilə yatırıq, çünki ordan-burdan eşitdiyimiz hadisələr bu nanəciblərin sinsilik etdiklərini, altdan-altdan iş gördüklərini deyir. Düzdür, cavanlar kəndi qoruyurlar, ancaq üç-beş adam ov tüfəngi, finkayla, bıçaqla nə qədər qoruyacaq bu it xılından.
Ürəyindəki narahatlıq bir yana, çoban oturduğu yerdə bir az qurcalanıb arxasını bulağın üstündəki iri palıda verib bir hovur dincəlmək istədi. Qoyunlar da əmin-arxayın yayılıb, bir az gözümün acısını alım, çimir eləyim, – dedi. Palıdın qalın yarpaqları payıza döndüyündən suyu çəkilib ağırlaşmışdı, bir az sərt xışıldayırdı. Bu onun qulağını dırmalasa da, fikir vermədi, sanki uzaqdan gələn soyuğun üşütməsi keçdi canından,irpəndi, sonra özünü topladı, deyəsən, meşədə kimsəsizlikdə eyməndin ha, deyə, özünü qınadı. Yox, bu, eymənmək deyildi, sanki bir qara yuxu basırdı onu və bu qara yuxunun içində də bir qara ağırlıq çökürdü canına. Günün bu vaxtı bu nə yuxudur, deyə, özünü danmaq istəsə də, ağaca söykənib üstünə gələn ağırlığa təslim oldu, gözləri yumuldu.
Çoban balacaydı, quzu otarırdı. Quzu otarmaq uşaqlar üçün elə oynamaq bəhanəsi idi. Məhlənin uşaqları yığışıb çilingağac oynayırdı. Başları oyuna qarışanda quzu otlaya-otlaya baş alıb getdi. Birdən kəndə hay düşdü ki, quzular itib, uşaqlar quzuları buraxıblar. Anası təpənin başından hikkəylə çağırdı, – Ay Noyruz, ay Noyruz, a dalın yansın, a qara vurğunnu, ə quzuyu neylədin, quzu yoxdu?
Novruz tələsik əlindəki ağacı tullayıb qaradalaq üzü aşağı qaçdı ki, gedib quzuları tapsın. Anasının hələ də dalınca qarğayan, çağıran bayaqkı səsi qulağında əks-səda verirdi. Anası çağırmasa belə, bayaqkı hikkəli səsi qarşı qayaya çırpılıb qayıtdığından Novruzun qulağına şapalaq kimi dəymişdi, beyninin içinə işləmişdi. O üzüaşağı qaçdıqca səs beyninə daha da işləyir, daha da dərindən yüksəlirdi. Özü də bilmirdi ki, niyə üzüaşağı qaçırdı, quzular, bəlkə, heç o tərəfə getməyib, bəlkə, Ağtapdadı, bəlkə, İvananın düzünə səpələnib, bəlkə, Sarımsaqlı təpəyə qaçıb. Bilmirdi, eləcə qaranəfəs gedirdi. Qəbristanı keçdi, heç Vəliöyünün dərəsinə də baxmadı, bəlkə quzu ora su içməyə enib, yox, üz tutub qaçırdı. Məhəmməd yolqayırana çatıb, tək dağdağanın yanından burulub hara tərəf gedim, deyəndə bomboz yolda ayağı daşa ilişib yıxıldı. Özü də bilirdi ki, quzular heç vaxt kənddən belə uzaqlaşmaz, ancaq onu nəsə bir hiss kənddən uzaqlara aparırdı. Birdən yenə anasının səsini eşitdi, hara qaçırsan, ay bəduğur, quzu hardadır, sən hara gedirsən? Yıxıldığı yerdə üzünü torpaqdan qaldırmadan ətrafa baxdı, doğrudan da, hara gedirdi, durum qayıdım deyə tərpənmək, qalxmaq istədi. Başını qaldırdı, sağa baxdı Qaraməmmədli dərəsi, sola baxdı İsti dərə idi.Ortadan yol gedirdi, bir az aşağıda Ağ yolu keçəndə köhnə qəbristandı, orda köhnə künbəz vardı, o qədər oynamışdı ki o künbəzin yanında, ancaq içinə girə bilməmişdi, içəri girməyə bütün uşaqlar qorxurdular. Özünü künbəzin içində gördü bir anda. Mən bu künbəzin içinə necə gəlib düşdüm.– Ayyyy anaaa, – deyə qışdırdı var gücüylə. Ancaq səsi qırıldı, cırcırama kimi aaaa deyə alçaq bir səs çıxara bildi. Başını torpağa qoydu, bir üzü torpaqda, obir üzünə dəyən havadan sağ olduğunu hiss etdi, başını qaldırmaq istədi, künbəzin içi qaranlıq idi. Axı gündüzdür hələ, bura niyə qaranlıqdır. Künbəzin pəncərəsi yoxdur axı, deyə düşündü.Yox, bir neçə balaca pəncərəsi var, ordan içəri işıq düşürdü. Çünki biz o bala pəncərə kimi yerdən içəri baxırdıq ki, görək orda nə var. Bəs mən niyə qaranlıqdayam?
Anlamırdı. Qalxmağa çalışdı. Durub oturdu. Başına ağır bir şey dəydi, deyəsən başımı künbəzin divarına vurdum dedi. Sonra başının bu tərəfinə də eyni zərbə dəydi. Mən niyə başımı divara vururam ki, –dedi öz-özünə. Qaranlığın içində yer aşağı çökdü sanki, o daha da qaranlığa batdı. Birdən ilan vuran kimi sıçradı. İki əlini üzünə çəkib yuxudan oyanan adamların etdiyi kimi, sanki özünü oyandırmağa çalışdı. Oyandı. Ətraf işıq idi. Başının üstündə üç nəfər durmuşdu, ona təpik vururdular. Başı künbəzin divarına dəymirmiş, yox, adamın təpiyi imiş başına dəyən. Hər iki tərəfdən dəyən zərbədən başı ağrıyırdı. Üç nəfər qarşısında durub nəsə deyirdi. Siluetlər gah birləşir, gah aralanırdılar. Adamdırmı, qarabasmadırmı? Dərk edəmmədi.
Fikrini topladı. Səslər bir-birinə qarışırdı. Siliuetlər bir az aydınlandı. Üç nəfər qarşısında idi, biri də səslənə-səslənəarxadan gəlirdi. Qoyunlar dağılışmış, orda burda mələşirdilər. Kartoflu bulağın başında duran 3-4 qoyun çaşqınlıqla ona baxırdı.
Çoban neyləməli olduğuna bir anda qərar verə bilmədi. Çomağına güvəndi, qaldırıb təpələrini əzim dedi içində. Elə bu vaxt bunların ermənicə danışdığını, erməni olduqlarını bildi, yuxuda düşdüyü qaranlığı bir anda anladı. Eşitdiyi kobud səs onu daha ayıltdı, səs:
– Çoban, ay çoban, bu qoyunları biza ver, – dedi.
Çoban cavab verdi:
–Qoyunlar mənim deyil, verə bilmərəm.
–Necə sənin deyil, görürük ki, sənindir.
–Yox, mən çobanam, otarıram, qoyunlar kolxozundur.
–Nə olsun, biz də kolxozun adamıyıq, gətir kəsək, kabab edək.
–Nə danışırsınız, kolxoz malını kəsmək olmaz, məndən alarlar sonra.
–Sonra alarlar, düz deyirsən. Sonra səni tapsalar, alarlar, – biri kinayə elədi, arsızca gülüşdülər.
Bu yerdə o biri irəli yeriyib çobanın yaxasından tutmaq istəyəndə Çoban əlindəki çomaqla qarşısındakının təpəsinə vurdu. O, ayı kimi böyürdü: –Ara, sən mənim kəndimdə məni vurursan, – deyə kobudca söydü. Çoban:
–Sənin deyil, mənim kəndimdir bura, – deyib özünü müdafiə etdi. Aralarında əlbəyaxa vuruşma başladı. Çoban bu azğınları qorxutmaq üçün, – axşam milisə şikayət edəcəm, siz kolxoz malını ələ keçirmək istəyirsiniz? – deyəndə ermənilər yenə gülüşdülər:
–Bu hələ axşama qədər yaşamaq istəyir e, tutun bunun əl-qolunu bağlayaq. Türkə bax ha, gəlib burda bizə meydan oxuyur.
Dördü də birdən irəli yeriyib hərəsi bir-iki yumruq-təpik vurub yaşlı çobanı yerə yıxdılar. Ağaca meyillənən çobanı dartıb ağacdan araladılar. Çoban arxasını palıda söykədiyindən bunlara doy gələcəyinə arxayın idi. Amma bunlar onu ağacdan araladıqda çoban dayanaqsız qaldı, onu çevrələdilər. Əvvəl yüngül hərəkətlər, sözlərlə lağa qoyub onu sındırmaq istədilər. Bu çobana ağır gəldi, yenə çomağını qaldırıb qarşısındakına vurmaq istəyəndə arxadakı erməni daşla başına vurdu. Qan şoralanan başını tutanda digəri təpiklə vuranda çobanın dizi qatlandı. Yerə yıxılmağa qoymadan havadaca hərəsi bir yandan üstünə düşüb o ki, var vurdular. Başına çomaq dəyən erməni başındakı qanı əli ilə silib Çobana, – sən mənim qanımı tökdün, hə, indi gör, mən sənin qanını necə tökəcəm, – deyib yanıdı. Döyülməkdən heydən düşən çobanın hərəsi bir yandan qamarlayıb düz bayaq lokomotivin keçdiyi dəmiryolunun yaxınlığında yerə atdılar. Aralarında öz dillərində nəsə qırıldaşdılar. Döyülməkdən heyi qalmasa da çoban ayağa qalxmağa çalışır, əl-qol atır, yerdən daş-ağac tapıb onların başına atırdı. Cibindəki bıçağını çıxarıb gizlicə erməniyə saplamağa çalışanda qarşısındakı erməni gördü, bıçağı alıb onun qarnına soxacaqlar zənn etdi, amma onlar gülüşüb, – bu bıçaqla biz qoyun kəsəcəyik, sənin kolxozunun qoyununu kabablayıb ləzzətlə yeyəcəyik, deyəndə çoban elə bildi, onu buraxacaq, qoyunları aparacaqlar. Odur ki,– yox, eləməyin, – deyərkən onlar daha da qızışır, onun hər yerinə vurur, qalxmağa aman vermirdilər.
Sonra erməninin ən qəddarı, ən çox vuranı, bıçağı alıb qırağa atan yerdən götürdüyü, bayaqdan sığallayıb hamarladığı məftili göstərib, –buna bax, ə, a türk, gör bu necədir, gedər, yaraşarmı sənə? – deyərək ədalı səslə dedi. Onların nə etmək istədiklərini kəsdirəmməyən Çoban əvvəl dinmədi, vaxt qazanıb nə etmək istədiklərini anlamağa çalışdı. O birisi, –yaraşar, yaraşar, – deyib məftili onun əlindən alıb Çobanın ayağının birinə bağladı. Çoban ayağını dartsa da, əl-qol atıb erməniləri vursa da, özünü çəkib çabalasa da öz ayağını bu iki kinli ermənininəlindən qurtara bilmədi. Onlar məftili onun bir ayağına bərkcə sarıdılar.Eyni zamanda ermənilər öz aralarında türklərə söyə-söyə zarafatlaşaraq, gülüşərək, qəhrəmanlıq ədası ilə Çobanın ayağına bağlanmış məftildən tutub dartdılar, itələyib arxası üstə yıxdıqları Çobanı yerində fırlatdılar. Çoban əbədəyə düşmüş at kimi çabalayır, böyrü üstə dönüb qalxmağa çalışırdı, ancaq o biri erməni də köməyə gəlib ikisi birgə dartıb sürətlə fırlatdıqlarından Çoban özünü tarazlayıb çevrilə, qalxa bilmirdi. Digər ikisi də baxıb gülüşür, yüksək və arsız səslə nəsə deyirdilər. Yerdə otlar əzilib iri bir dairə cızmışdı, sonra nə düşündüsə erməni məftili dartaraq üzü yuxarı çəkdi. Çoban dartınır, getmək istəmirdi.Ancaq onun iki yekəpər kinli erməniyə gücü çatmırdı, onlar ikisi birgə dartdıqları məftillə Çobanı dəmiryol relslərinə çəkdilər. Çoban qışqırdı, bağırdı, o da söydü, hədələdi, yaxında ola biləcək ağlına gələn adları çağırdı. Amma onun bütün cəhədləri boşa çıxırdı, nə səsinə səs verən vardı, nə harayına gələn, nə də bu ermənilərə Allah insaf verirdi.Aralarındakı çarpışma bir xeyli davam etdi, çoban dörd nəfərlə vuruşmaqdan yorğun düşsə də, yaşamaq eşqi güc gəlir, məğlub olmaq istəmir, dirənməyə, məftildən və ermənilərin əlindən qurtulmağa çalışırdı. Amma olmurdu, qurtula bilmirdi. Ermənilər onu lap relsin yaxınlığına qədər sürüyüb gətirmişdilər. Ayağını məftil kəsib qanatmışdı. Arxaya baxan olsa, yaşıl otların üstünə damlayan qanın qırmızılığını görər, yaşılın üstündə qırmızı çiçək açdığını zənn edərdi.
Zaman o zaman, an o an deyildi. Yuxudakı qaranlığın yaxınlaşdığı an idi.
Erməni, çobanın ayağına bağladığı məftili dartaraq relsin yanında yerə çölkdü. Çobanın çırpındığına, ağzına tıxanan əski parçasının ardından zorla eşidilən boğruq bağırtıya fikir vermədən məftili relsə bağladı. Çoban gücü çatdığınca başını qaldırıb özünü geri dartmağa çalışırdı. Bunu görən erməninin biri onun başını yerə endirib dizi ilə basdırdı. İstəsəydi çobanı elə vurardı ki, huşunu ititrərdi, amma bunu istəmirdilər, bütün faciəni gözü görə-görə yaşasın istəyirdilər. Çobanın iki ayağını relsə bağladılar. Əllərinin birini bağlayıb birini açıq qoydular. Amma elə elədilər ki, açıq əli bağlıya çatmırdı. Çoban çarmıxa çəkilmiş kimi qalmışdı. Ağzındakı kirli əski səsini də çıxmağa qoymurdu.
Ermənilər bağlayıb kənara çəkildilər, kənardan çobanın çarəsiz vəziyyətinə baxıb öz dillərdində danışır, gülüşürdülər. Sonra yenə nəsə deyib rədd oldular.
Çoban relsin kənarında xırlıqda uzanmışdı. Başı yerdəydi və uzaqlaşan ermənilərin ayaq tappıltıları yerdən qulaqlarına çatırdı. Bir azdan bu tappıltı da kəsildi. Başını çevirdi. Dağın ardında enməkdə olan günəş gözünə vurdu. Gözü qamaşdı. Fikirləri qarışdı. Görəsən, qatar gəlməz ki? Düşündü. Birdən gəlsə. Düşüncəsi qırıldı. Gözünü yumdu. Qoyunlar görəsən necə oldu? Qoyun hayıdır, yenə düşündü.
Neyləsin? Ağzındakı əskinin pis dadı ürəyini bulandırırdı.A rtıq ona da fikir vermirdi Allahı, bəndəni köməyə çağırdı ürəyində. Beləcə nə qədər qaldı bilmədi. Bir də başını döndərib gözünü açanda artıq gün əyilmişdi. Başına dolanan cücülər seyrəlmişdi. Başının altında əzilən otlardan yaşıllıq iyisi vururdu. Bu qoxudan bir dinclik gəldi canına. Xeyli belə qaldı. Çarə axtarırdı. Nə çabalamaq, nə özünü ora bura vurmaq fayda verməmişdi. Bütün çarələr tükənəndə adam sonsuzluğa üz tutub Allahım, sən nə istərsən, o olur, deyər, özünü Allaha əmanət edər.
Vaxt getdimi, getmədimi, fərqində deyildi. Canında axşamın dar vaxtının sııxıntısı vardı. Elə bu vaxt qulağına yeri silkələyən taqqıltı gəldi. Aramlı bir taqqıltı idi. Qatar səsi kimi. Aman, Allah, yoxsa qatar? Taqqıltı yaxınlaşır, yaxınlaşır, yaxınlaşır....
Çoban dartınır, dartınır, dartınır. Məftil ayaq topuqlarını qanadır, ağrıya fikir də vermir, dartınır, əllərinin məftilni qoparmağa çalışır. Alınmır. Olmur olmur. Relsdən qopa bilmir, qopa bilmir, qopmur. Səs lap yaxınlaşır. Qorxu. Səs qorxuya çevrilir.
Ağlı səslə qorxu arasında sıxılır.
Dişlərini sıxır. Sıxa bilmir. Kirli əski dişlərinin araında acı dad verir.
Qatar yaxınlaşır.
Gözünü açıb günəşə baxmaq istəyir. Gün dağların dalında görünmür.
Üşürgələndi.
Bütün bədənini bir cərəyan titrətdi. Bədəni spiral kikmi yığılıb açıldı bir də yığıldı.
Qatar lap gözünün qabağındadır.
Taqqıltı güclənib qulaqlarını deşir artıq eşidə bilmir.
Qatar gözünə girir. Qatar ayağına toxunur. Qatar. Qatar ayağını əzir. Qatar bədənini əzir.
Qatar qatar qatar...
Qaranlıq.
Hər yan qaranlıq...
Yoxdur... Heç nə...
Relsdən aralı düşən baş hələ də hiss edir. Hədəqədən çıxan gözlər yuvasında fırlanır, görmür....
Başın hiss etdiyi ağrı azalır, azalır. Yoxluğa keçir... Bədən yoxdur, parça parçadır tikə tikədir qol ayaq baş hərəsi bir yandadır.
Əzilən bədən relsdən aşağı düşüb, relsdə məftilə bağlı ayaq qalıb.
Gecə kənddə sakitlikdir. Çoban evə gəlməyib. Bəlkə qoyunu... Qoyunları...itirib...bəlkə...bəlkə...
Hərə bir söz dedi.
Sabah oldu. Kəndin Bəhlul Danəndəsini çağırdılar. Həmin yerə getdilər. Çobanın hisələrini yığdılar, ələ gələn parçaları tikib adam formasına saldılar. İcevan xəstəxanasına morqa apardılar. Morqda, “çoban dəmir yolunu keçərkən ayağı relsə ilişib, yıxılıb qatarın altında qalıb ölüb” yazdılar ölüm kağızına.
Ölüm səbəbi dağda daşda quş kimi səkən çobanın relsi adlayammaması oldu. Kİmsə erməni vəhşiliyidir deyə bilmədi.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Zərrəcə tamahım yoxdur bu dünyanın varına,
Ruzimi verən Xudadır, qula minnət eyləməm”.
(Nəsimi)
Əkbər bəy, heç olub ki, "tamahına əsir düşənlərə" şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?
CAVAB
Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız?
Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.
Ədəbiyyat və incəsənət”
(04.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Bu günlər” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
BU GÜNLƏR
Gülüşüm ağacdan tökülən yarpaq,
Pəncərə önündə gözüm yoldadı.
İçimə atdığım neçə xətt şeir,
Bəlkə də hər şeyim qalma-qaldadı!
Nə qədər dayansam, nə qədər getsəm,
Yolumu tapmağa həvəs yox daha.
Dağlayıb çox zaman əlimin dalın,
Hər dönə batıram yeni günaha.
Gördüyüm bu insan, mənə bənzəmir,
Bu günlər uduram çox sözlərimi.
Gözümü yumanda ölürəm sanki,
Qorxuram bağlayam, aç gözlərimi.
Bu günlər görürsən acı çəkirəm,
Beynimdə sevginin gülləsi qalıb.
Üstümə qar yağıb qış, borandayam,
Canımda ölümün çilləsi qalıb.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeirini təqdim edirik.
“Məni azadlıqla tanış eyləyin-
Görüm halı necədi”, - deyir şair.
Təbii ki, hər bir yaradıcı adam mənəvi azadlığa can atır.
Xoş mütaliələr!
Mənə bir yelləncək verin,
tapıb oynadacam uşaqlığımı.
Bir cüt qərənfil verin,
bir şəhid məzarı girib yuxuma.
Mənə bir parça kağız verin-
qələmə qısılan sözlər qalıb.
Son şeir vəsiyyət kimi olur.
Bir parça bulud verin
gözlərimə sıxıb özüm yağışa çevirəcəm...
Mənə bir kamança verin-
ağlatmalı nə çox dərd var.
Bir qurtum su verin-
bu ümid çox qurudu,
keçmir boğazımdan.
Mənə bir az göy üzü verin,
bir tikə ay işığı
Yer üzü sizə qalsın.
Məni azadlıqla tanış eyləyin-
Görüm halı necədi.
...Mənə bir ulduz verin-
isidim əllərimi...
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
ADSIZ HEKAYƏ – Orxan Fikrətoğlunun kino üçün hekayəsi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
ADSIZ HEKAYƏ
Qız toxum kimi böyüyürdü. Arvadı onu kənddən gətirib “Mətbəx işlərində mənə kömək edəcək” deyəndə pöhrə budaq kimiydi. İndi gözləri adam yeyirdi. Boylanıb kartof soyan qıza baxdı. Köynəyinin düymələrini bilə-bilə açıq qoymuşdu ki, döşləri yaxşı görünsün. Arvadının vanna otağından eşidilən kirli səsindən diksindi.
– Gəl kürəyimi kisələ!
Arvadı vanna otağının qapısını açıq qoymuşdu. Kisə söhbəti də araya çökmüş şübhəli sükutu dəbərtmək üçün idi.
Qız köynəyinin düymələrini bağlayıb qızılgül kimi soldu. Soyduğu kartofları istisi bədəninə tən gələn qaynar qazana atıb otağına çəkildi. Yerişi qazandakı su kimi “qaynayırdı”.
Vanna otağına girib kisəni əlinə keçirtdi. Arvadının bədəni qupquru idi.
– Bu tamaşa kimə lazımdır? – soruşdu.
– Sənə! – arvadı çiləyin puçunu burub suyun altına girdi. Boğuq səslə: – Səhər o qəhbəni evdən qovacam, – qışqırdı.
– Özün bilərsən, – deyib kisəni döşəməyə atdı.
Dəhlizdəki ev telefonu səsləndi. Vanna otağından çıxıb dəstəyi qaldırdı. Bacısı idi. Atasının onlara gəlib-gəlməməyi ilə maraqlanırdı.
“Yox”, – deyib dəstəyi yerinə qoyanda dəhlizdə dayanıb yazılı gözlərini ona zilləmiş qızı gördü. Qız istəyindən utanıb-eləmirdi. Xalatının yaxası da açıq idi. Arvadının səsi yenə istəyini otağa doğru itələdi.
– Kim idi?
Səksən səkkiz yaşlı atasının yadında üç-dörd ünvan qalmışdı. Bacısı bu ünvanların hamısına zəng vurmuşdu. Kişi yox idi. Həyəcanlandı. Əli titrəyə-titrəyə dəstəyi qaldırıb bacısının nömrəsini yığdı.
“Tapılmadı?”
“Yox”, – bacısı ağlamsındı.
“İndi gəlirəm, narahat olma”.
Dolabdan pul götürüb yüngül kürkünü əyninə geyindi. Arvadı harasa getdiyini bilib hamamdan: – Gecə vaxtı hara gedirsən? –qışqırdı.
– Kişi harasa gedib!
Arvadı dəhlizə çıxıb sallaq bədənini əsdirə-əsdirə: – Nə olacaq sənin atana? O yekəlikdə kişi itməyəcək ki... Denən, yenə qəhbə yanına gedirəm də, – qışqırdı.
Atası tez tapıldı. Daşlı bağın hasarına söykənib dayanmışdı. Həyəcandan əsən əlləri ilə atasının ağ saçlarını tumarlayıb bumbuz olmuş üzündən öpdü. Qucağına alıb maşına oturtdu. Şalvarının tozunu çırpıb qapını örtdü.
– Hardaydın, ay pa?
– Elə-belə, özümçün gəzirdim. Nədi, olmaz?
Atası hədsiz övlad sevgisindən əsəbiləşirdi. Ara-sıra onu bu cür itməyi ilə cəzalandırırdı. Ağlı-başı üstündəydi. Hərdənbir sözünü beş-altı dəfə təkrarlamağı olmasa, ona yaşını vermək olmazdı.
– Pa, məni çox istəyirsən?
– Yox.
– Niyə?
– Elə.
Bacısı əriylə birgə qapının ağzında dayanmışdı. Ağlamaqdan gözləri görünmürdü. Bacısından çox ərinə acıdı. Qayınatasının qocalıq nazını ürəkdən çəkən bu başıaşağı adam gözgörəsi üzülürdü. Atasının qoluna girib pillələrlə yuxarı qalxdı. Bacısının uşaqları da babalarının itməsindən qorxmuşdular. Atasının ayaqqabılarını çıxarıb mətbəxə keçdi.
– Nədən küsüb?
Bacısı: – Vallah, mən ona güldən ağır söz deməmişəm! – dedi.
– Bəlkə ərin deyib?
– O yazığın heç səsi çıxır?
Atası ayaqlarını sürüyə-sürüyə mətbəxə girib: – Kürəkən evində kimdi mənə baxan? Ata oğul evində ölər də. Bu yad yerdə mənə çörək verəcəklər? – qışqırdı.
Bacısı ağlamsına-ağlamsına qazanı mizin üstünə qoydu.
Önlüyü atasının boynuna bağlayıb yanında oturdu.
– Papa, ola bilməz ki, Güllü sənə yemək verməsin, – dedi.
– Eh... ay bala. Sən nə bilirsən bu evdə nələr olur? – pıçıldadı.
– Mən yedirim səni?
– Hə.
Üç-dörd qaşıq yeyəndən sonra atası yatmaq istədi.
Atasını yatağına uzatdı. Bacısının alnından öpüb küçəyə çıxdı...
Pillələri birnəfəsə qalxdı. Qapını açarla açıb içəri keçdi. Qız dəhlizdəki qarğı kətilə uzanıb çılpaq arxasını qapıya tərəf elə çöndərmişdi ki, görünsün. Heç nə düşünmədən qıza sarı getdi. Qız pişik cəldliyi ilə səsə çevrilib gülümsündü. Gözlərində ehtirasqarışıq uşaq şıltaqlığı vardı. Pıçıltıyla qızdan: – Hökümə yatıb? – soruşdu.
Qızın çılpaq bədəni istəkdən əsirdi. Barmaqları ucunda ona sarı gələ-gələ: – Bu gecə mənimlə yat, – dedi.
– Hökümə hardadır? – yenə arvadını soruşdu.
Qız: – O, səni başa düşmür, – deyib boynuna sarıldı.
– Bəs borc?
Qızın rəngi ağappaq ağardı: – Deyirəm axı, burda nəsə var. Yoxsa sən hara, o qaraçı hara?
– Mən o borcu demirəm.
Qızı qucağına götürüb otağa keçmək istəyirdi ki, içəridən arvadının səsi eşidildi.
– Gəlib çıxdın?
Səsini çıxarmasaydı, arvadı dəhlizə gələcəkdi.
– Hə... Qayıtdım, – dedi.
– Gəl yanıma görüm, papasının balası, – arvadının səsi də yatmamışdı.
Qızın dodaqlarından öpüb döşəməyə qoydu. Yataq otağına sarı getdi.
Yatmaq üçün soyunanda qızın otağından gurultu səsi eşidildi. Elə bil nəsə yerə düşüb qırıldı. Arvadı çarpayıdan döşəməyə atılıb səsə sarı qaçdı. Qız əlinin altına keçənləri divara vurub qırırdı.
– Sabahdan itil mənim evimdən, – arvadı son sözünü deyib qızın qapısını örtdü.
– Sabahı gözləyə bilmərəm, – qız ağlaya-ağlaya nöqtəni qoydu.
Arxasını qapıya çevirdi. Yorğanı başına çəkəndə ürəyi sancdı. Sol tərəfi bircə anda qurudu. Arvadını köməyə çağırmaq istədi. Səsi çıxmadı. Sinəsi yanırdı. Ayağa qalxmaq istədi. Bacarmadı. Alnında soyuq tər puçurlanmışdı. Bir damcısı sinəsinə düşüb cızıldadı. Arvadı cızıltıya boylandı. Elə bildi qız mətbəx sobasında tavaları yandırır. Mətbəxə doğru qaçdı. Soba yanmırdı. Cızıltının haradan gəldiyini anlaya bilməyən arvadı yataq otağına qayıdıb işıqları söndürdü.
– Nədir? Səsin niyə çıxmır? Ölmüsən? – soruşdu.
Dili tutulduğundan cavab verə bilmədi. Araya sükut çökdü. Sonra arvadı nə fikirləşdisə, çarpayıdan döşəməyə atıldı. Qapını açıb dəhlizə çıxdı. Qız qapının qarşısında dayanıb səssizcə ağlayırdı.
Arvadı qızdan: – Getməyə yerin var? – soruşdu.
Qız ağlaya-ağlaya: – Yoxdur, – dedi.
– Onda keç otağına.
Qız parça zənbilini döşəmədən qaldırıb suçlu yerişlə arvadına tərəf gəldi. Arvadı da kövrəlib qızın boynuna sarıldı. Qucaqlaşıb birlikdə ağladılar.
Qız otağına keçəndə arvadından: – Ərin neynir, yatıb? – soruşdu.
Arvadı gülə-gülə: – Ölü kimi yatıb, heç səsi də çıxmır, – dedi.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)