
Super User
Ümumdünya Yazıçılar Təşkilatının şərəfinə Mərakeş Krallığı Akademiyasında rəsmi ziyafət düzənlənib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ümumdünya Yazıçılar Təşkilatının (WOW) sədri Marqarita Alın Mərakeş Krallığına səfəri davam edir. Ötən gün xanım Alın və Nobel mükafatı laureatı Vay Soyinkanın şərəfinə Rabat şəhərində Mərakeş Krallığı Akademiyasında rəsmi qəbul düzənlənib.
Rəsmi qəbul zamanı Marqarita Al Ümumdünya Yazıçılar Təşkilatının “Dünya ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə" qızıl medalını Vay Soyinkaya təqdim edib. Mərasim dahi yazıçının 90 illiyi münasibətilə baş tutub.
Marqarita Al Rabatdan açdığı telefon zəngində hadisəni belə şərh edib: “Mərasimin sonuna qədər gözləmədən xəbəri bölüşürəm. Ancaq bu, artıq tarixdir. Ümumdünya Yazıçılar Təşkilatının tarixidir. Nobel mükafatçısı Vay Soyinkanı təltif etdik. Dahi yazarı 90 yaşı münasibətilə təbrik etmək əlbəttə ki, qürurvericidir.”
“Ədəbiyyat və incəsənət”
(10.07.0224)
GÜLÜŞ KLUBUnda Taliban və ABŞ
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əgər özünüzü faydasız hiss edirsinizsə onda yadınızda saxlayın: ABŞ-a 4 prezident, minlərlə insan ömrü, trillion dollar və 20 il lazım gəldi ki, Əfqanıstanda Talibanı Talibanla dəyişdirsin.
2.
Moskvada bir ofisdə çalışan rus, azərbaycanlı və yəhudi bazar günü bağa gedib dincəlməyi planlaşdırırlar.
Rus deyir:
-Mən araq gətirəcəm.
Azərbaycanlı deyir:
-Mən kabab gətirəcəm.
Yəhudi deyir:
-Mən də qardaşımı gətirəcəm.
3
Ancelina Coli uşaqlıqda arzulayırdı ki, tikintidə qaldırıcı kranda maşinist işləsin. Görün bir, Hollivud xanımların zərif arzularını necə gözlərində qoyur.
4.
Arıqlamaq üçün kişilər qantel alırlar, qadınlarsa tərəzi.
5.
Müasir qarğış:
Yüz ölç, bir biç.
Yenə də ən pisini seç.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
YUSİF ALIYEV: “Həyatımda imza atdığım ən uğurlu işlərdən biri”
Nəhayət ki, ADPU Quba filialının rektoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevin uzun müddətdir üzərində çalışdığı "Bərk cisimlər fizikası" adlı dərs vəsaiti çapdan çıxdı. Yusif Alıyev bu kitabı həyatında imza atdığı ən uğurlu işlərindən biri hesab edir.
“Ədəbiyyat və incəsənət” portalı Yusif Alıyevin kitabla bağlı təəssüratlarını diqqətinizə çatdırır.
Dəfələrlə ustad müəllimlərim professor Yusif Əsədova və dosent Qəhrəman Hüseynova illər uzunu məşğul olduqları elm sahəsindən və elmi-pedaqoji fəaliyyətlərindən əldə etdikləri bilikləri ümumiləşdirib kitab halına salmalarını xahiş etsəm də, bu işə qol qoymayaraq "gələcəkdə özün edərsən", - deyə söhbəti bağlayardılar.
Çox böyük məsuliyyət altına girərək bu işi icra etməyə başlayarkən elə ilk səhifədə kitabın adının altında bu sözləri yazdım: "Kristalloqrafiya elminə böyük töhfələr vermiş müəllimlərim Yusif Əsədovun və Qəhrəman Hüseynovun əziz xatirələrinə ithaf edirəm". Bəli, bu mənim mənəvi borcum idi.
Təbii ki, bərk cisimlər sahəsində akademik Arif Paşayevdən, akademik Bəhram Əsgərovdan, professor Məmməd Çıraqovdan, professor Məhəmməd Babanlıdan, professor Edil Eyvazovdan və digər ünlü fiziklərdən sonra dərs vəsaiti yazmaq çox çətin və eyni zamanda, məsuliyyətli bir işdir. Bunun üçün müəllifdən əlavə cəsarət tələb edilir ki, bu sahədə mövcud olan məsələləri daha məxsusi şəkildə izah edib, elmi yanaşmanı metodiki mənimsəmə baxımından uyğun bir çərçivəyə salsın.
Buna görə də bu dərs vəsaitini ərsəyə gətirdiyim müddətdə kristalloqrafiya və bərk cisimlər fizikası, bərk cisimlər kimyası sahəsində tanınmış alimlərdən məsləhət və tövsiyələr almışam. Akademik Cavad Abdinovun, professor Səlimə Mehdiyevanın, professor Əhməd Abdinovun, professor Eldar Məsimovun, professor İmaməddin Əmiraslanovun, fizika elmləri doktoru Mahmud Kazımovun və digər alimlərin məqalərini incələyib, demiş olduqları elmi fikirlərini təhlil edib kitabın daxili strukturunu müəyyənləşdirdim.
Sonra bərk cisimlər sahəsində tanınmış alimlər olan professor Aydın Ələkbərovdan və dostum, fizika elmləri doktoru Sakin Cabarovdan kitabın elmi tutumlu və tədqiqatlardan süzülüb gələn məlumat və informasiyalarla zənginləşdirilməsini müzakirə edib kitabın oxunaqlığına yenilik və müasirlik gətirdik.
Daha sonra mənə öz dəstəyini əsirgəməyən, bir sıra səhvləri və qeyri-dəqiqlikləri aradan qaldırmağa imkan verən, bir çox məsələlərin təqdimatının təkmilləşdirilməsinə töhfə verərək kitabı daha da oxunaqlı edən dəyərli rəyçilər professor H.M.Məmmədova, professor A.S. Ələkbərova, professor A.P.Abdullayevə və kitabın elmi redaktoru dosent A.O.Daşdəmirova dərin minnətdarlığımı bildirməyi özümə xoş bir vəzifə hesab edirəm.
Dərs vəsaiti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 25 aprel 2024-cü il tarixli iclasının qərarı (protokol № 7) ilə çapa tövsiyə edilmişdir. Buna görə professor Cəfər Cəfərov başda olmaqla ADPU-nun Elmi Şurasının üzvlərinə və Tədris-Metodiki Şurasının üzvlərinə dərin təşəkkürümü bildirirəm.
“Bərk cisimlər fizikası” dərs vəsaitində bərk cisimlərin quruluşu, onlarda müşahidə olunan fiziki xassələr haqqında geniş məlumat verilmişdir. Dərs vəsaiti bərk cisimlər fizikası və texnologiyası, kondensasiya olunmuş maddələr fizikası istiqamətləri üzrə bakalavr və magistr hazırlığı çərçivəsində fiziki və texniki ixtisasların tələbələri və doktorantlar üçün nəzərdə tutulmuşdur. Bundan başqa dərs vəsaitindən bərk cisimlər fizikası fənnini tədris edən müəllimlər və bərk cisimlər fizikası sahəsini müstəqil öyrənmək istəyən şəxslər də istifadə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
ƏN YENİ ŞEİRLƏR - Gülay Tahirli, “Mən adamları gözlərindən tanıyıram”
“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:
Mən adamları gözlərindən tanıyıram.
Gözlərin altı kölgələnibsə,
Ömrün harasındasa günəş batıb.
Ürəkdə yer dolanda
Dərd gəlib
Gözlərin altındakı torbada yığılır.
Uşaqların gözləri
Kiçik hekayələrini danışır.
Hansı daha çox əzizlənib,
Hansı daha çox əzilib,
Hansı gedib künclərdə gizlənib?
Qorxanı kim, susanı kim…
Mən adamları gözlərindən tanıyıram.
Təzə aşiq olanlar, məsələn,
Gözlərində günəş şəfəqləri,
Çiçəkdən çiçəyə uçuşan ağ kəpənəklər,
Lap o emojidəki kimi,
Gözlərdən çıxan ürəklər…
Gözdən düşən adamlar
Ürəyə dəyir, sonra düşür.
Özləri gedir, izləri qalır.
Baxışlar nə qədər soyuqdursa,
Deməli, gözdən o qədər adam düşüb.
Gözləri unutmaq olmur,
Barmaq izi qədər baxış izi var dünyada.
Mən adamları gözlərindən tanıyıram.
Bir balaca qara düyməyə
Nələr sığdırarmış insan?
Əllərin qabarı da orada,
Ürəyin qübarı da orada,
Saçın qarı da orada…
Soyun əllərini,
Soyun ürəyini,
Soyun saçını,
Qaçırma gözlərini,
Gözlərin hanı?!
Ədəbiyyat və incəsənət”
(10.07.2024)
BİR SUAL, BİR CAVAB İntiqam Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Hər gün bir az unutmaq,
Hər gün bir az ölməkdir.
İndi gülmək doğrusu,
Xətir üçün gülməkdir.
(İntiqam Yaşar)
Dəyərli yazarımız, saxta gülüşlər zamanı biz eşitməsək də, gözlər dodaqlara, sizcə, nə söyləyər?
CAVAB
-Gözlərin söylədiyi hər zaman həqiqət olur. Yetər ki, o həqiqəti görmək qabiliyyəti olsun insanda.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Tərəvəzlə buxarda bişirilmiş ala qızılbalıq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Tərəvəzlə buxarda bişirilmiş ala qızılbalığın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 200 qr
§ Gül kələm – 50 qr
§ Kök – 50 qr
§ Zəngilər soğanı – 45 qr
§ Kartof – 50 qr
§ Heyva – 35 qr
§ Kahı – 35 qr
§ Limon – 10 qr
§ Zeytun yağı – 17 qr
§ Nar – 15 qr
§ Dəfnə yarpağı – 3 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Müasir dövrdə istifadə olunan sobalarda buxarla bişirmək üçün xüsusi hissə nəzərdə tutulub. Bundan əlavə, xüsusi buxarla bişirmə cihazı satılır. Əgər on- ların heç biri olmazsa, qazana su doldurulur, qızdırılır, su qaynadıqda üzərinə simələk və ya aşsüzən qoyulur. File şəklində olan balıq və müxtəlif formada doğranmış tərəvəzlər aşsüzənə yığılır, duz, istiot, dəfnə yarpağı vurulur. Ağzı qapaqla örtülür və 20-25 dəqiqə müddətində bişirilir. Bu xörək də həm isti hal- da, həm də soyuq halda qəlyanaltı kimi verilir. Süfrəyə verilərkən balıq, tərəvəz- lər xüsusi zövqlə bəzənir, üzərinə zeytun yağı gəzdirilir. Balıq pay şəklində də buxarda bişirilə bilər. Bu zaman 50-60 qramlıq tikələrə doğranır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
“Adımı çiçəyin adına qoydun” - ŞEİRLƏR
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Azadə Novruzovanın şeirlərini təqdim edirik.
Ovum-ovum ovulub,
Bircə çimdik toz olmuşam.
Gülüm, gəl "Xəlvət"ində
gizlət məni.
Vətən bütövlənəndə
Qatarsan Araz suyuna.
*
Yolumun üstündə çiçək bitirdin,
Bütün çiçəklərdən çox sevdim onu.
Adımı çiçəyin adına qoydun,
Çox sevdim adımı, çiçək adında.
*
Gördüm darıxıram,
Sarıldım boynuna xatirələrin.
Göyə çəkilmişdi Yerin insafı,
Hörümçək toruna düşmüşdü canım.
Yusifin quyusu gəldi gözümə
Yerdən də, göydən də üzüləndə əl.
Ümid göyərdərmiş, quru dənəni.
Dağıtdım telini şəkillərində,
Öpdüm gözlərindən, gülüşlərindən.
Ümid çoxalırdı,
Dan sökülürdü...
Göy Yerin telini sığallayırdı.
*
Bəndi-bərəni bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Qoyma solub, saralmağa,
Yol ver, yar gəlsin, yar gəlsin.
Çıxıb gedirəm dünyadan,
Bilirsən, könlüm sınıqdı,
Sınıq könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
Yarıma qurban olaram,
Darayıb telin yan gəlsin.
Dəyməsin qara xalına,
Gözləri alam qoy, gəlsin.
Havamı çal, yana-yana,
Zilə qalxma, aşıq qardaş.
Ehmal-ehmal, yavaş-yavaş,
Asta-asta qoy, təb gəlsin.
Mən sevdiyim bir mələkdir,
Yerdə gəzmə, göydə ara.
Günəşdən, Aydan soraqla,
Dolansın göyləri, gəlsin.
Bəndi-bərəni bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Sınıq könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
*
Sən də bilirsənmi?
Hələ də anasının qucağında
əsir düşən bir qız ağlar
Kor ocağın başında.
Özü açar, özü bükər, kimsə görməz dərdini...
Yağıların daldasında
anasının qucağında əsir düşən bir qız ağlar...
Yaddaşından silə bilmir o gecəni...
Gecə deyər, gündüz ağlar öz dərdini.
Şeytanların yuvasında,
Hörümçək torunda
Qarışqalar, cücülər ağlar ...
Gözümüzdə gillənən yaş tökülər bacasından,
İlimiz on iki ay
göyə açılan ovcuna qar yağar...
Gavır yıxan o yuvanın
Xarabalığında bayquşlar ağlar,
Ümidi ölür o qızın
Qoyma, Allah!
*
Xeyirə yozuram səni
Qorxulu yuxular kimi
Suya danışıram səhər
Yuvasını azan bala qarışqalar
Yuvasını gəzib tapa.
Kobud, köntöy, saymaz adam,
Yaxşıya yozuram səni,
Salamı almayan adam.
*
Dəymə xatirəmə
Bir insaf eylə,
Ovulub, tökülər,
Çilik-çilikdir.
O da yaralanıb namərd əliylə
İnləyir, yarası təzədir hələ.
Sınıq saxlamazlar
Adətə görə.
"Düşəri düşməzi olur" deyirlər.
Üstünü toz bassa,
Solsan, saralsan,
Səni saxlayacam ölənə kimi
Ay boynu qısılı,
sınıq xatirəm.
Geridə nəyim var?
Bir quru adım,
Bir də dolu sandıq
Xatirələrim...
Bir gün yalınayaq çıxıb gedəndə
Dünya, əziz saxla,
sənə əmanətdir
Xatirələrim...
*
Dağıldı sərhədlər
Dirəklər öldü...
Qulağına pıçıldamağa ürək etmədiyim
hər şey yerbəyer oldu.
Minsifətlər Aya qaçdı,
Ayın kölgəsi yox oldu,
Adəmlə Həvva günahlarını yudular.
*
Udur qara torpaq əjdahanı da,
Qarğa da, sərçə də
Bir ömür yaşar.
Kiminsə ömrünü kəssə də kimsə
O ömrü ömrünə calaya bilmir.
Var-dövlət çoxalıb başdan aşsa da,
Ömür başdan aşmır,
Bir yumaq misalı
Başa açılır.
Yumağım heç ələ gəlmir, İlahi.
Ayağı başına yaman dolaşıb.
Əl at, düyünləri aça bilmirəm.
Gedirəm, sonuma çata bilmirəm.
*
Quş görmüşəm yuxumda...
Danışsam, yozan olar?
Bir çimir almamışdım,
Gəldi şirin yuxuma...
Dolandı, cövlan etdi,
tapammadı yuvasın..
Çırpınırdı zavallı...
Düşmüşdi biçarə quş
Taleyin tərs əlinə.
İtirmişdi yuvasın,
Yuvasında balasın...
Bir nainsaf kəsmişdi ağacları gecəli.
Dünyanın faniliyin kim anlamış,
Kim bilmiş?
Quş ağlının kəsdiyin
Kəsməmiş insan ağlı.
Xəlvətdə, aşkarada
kəsəndə ağacları,
Özünə ev tikəndə
Bu adam bilməmiş ki?
Yıxır quşların evin...
*
Götür apar məni, hara istəsən,
Təki dərdlərimdən aralı düşüm.
İtim ilim-ilim, tapan olmasın,
Ta mən itiyimi tapana kimi.
Nə ahım yetişir, nə də fəryadım,
Gecəli gündüzlü, ha yol gedirəm.
Dağ aşsam, çay keçsəm,
Nə dərdim olar?
Eləcə düzəngah uzanıb gedir.
Girəvə gəzirəm, qaçım əlindən,
Yayınım gözündən taleyin, bəxtin.
Axtaran tapmasın,
Ya qeybə çəkilim, ya daşa dönüm,
Ta mən itiyimi tapana kimi.
*
Dost hanı, yar hanı?
Dərd çəkən ortada, dərd verən hanı?
Allah, mələkləri soraqlayıram.
Can verən ortada, can alan hanı?
Min sual eylədim,
Bir cavab aldım.
Çəkil bir hücrəyə,
Yorma yolları.
Axtaran tapmayıb,
İstəyən alıb
Allahın yanında
axtardıqların.
*
Necə xoşbəxt olum...
Sən gülməyəndə.
Sevinə bilim...
Beş barmağım qızıla dönsə,
Bal tökülsə dilimdən
Canım necə əziz olar?
Həyat necə şirin olar?
Sən olmayanda...
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
AYSƏSİ MƏBƏDİ - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Çox-cox illər bundan əvvəl Tanrının yaratdığı gözəl bir meşə vardı. Bu meşədə hər şey gözəl idi. Hündür, qoca ağaclar bəlkə də min illərin xatirəsini özündə yaşadırdı. Ağacların sıx budaqları böyük bir çətir kimi meşəni günəşin yandırıcı istisindən qoruyurdu. Meşəyə girənhər kəs özünü başqa bir dünyaya düşmüş kimi hiss edərdi: sonsuz, sakit, təmiz bir dünya ilə. Bu meşənin gecə sakinlərinin də öz maraqlı həyatları vardı. Gecələr cüyürlər mələyir, marallar böyürür, ayılar bağırır, canavarlar ulaşır, vaşaqlar ağacda gizlənib ov güdür, tülkülər isə tör-töküntü axtarırdılar. Bir sözlə, meşə sehrli bir nağıllar aləmiydi. Ay da gecələr bu meşəyə gələrdi. O, gümüşü uzun saçları, ağ bənizi, işıltılı daşlarla bəzənmiş mavi paltarla otların, ağacların üstü ilə gəzir, ətrafa nur saçırdı. Bir gün ay meşənin dərinliyində ağlamaq səsi eşitdi. Daxmaya yaxınlaşdı. Uçuq-sökük daxmada bir qoca xəstə uşağı ilə yatırdı. Qoca Ayı görüb ürəkləndi: - “ Necə gündür ki, burada tək- tənha qalmışıq. Düşmənlər bizim kəndin adamlarını qırdılar. Mən nəvəmlə zirzəmidə gizləndim. Qırğın qurtarandan sonra nəvəmi götürüb qırx gün,qırx gecə yorulmadan yol getdim. Bu meşəyə yetişdim. Meşənin qalın yerində bu daxmanı tapıb, daldalandıq. Tanımadığımız bu diyarda sakitçilik tapdığımız üçün Tanrıya min şükür. Amma bu kimsəsiz yurdda neçəgündür ki, ac-susuz yaşayırıq”.
Sehrli Ay cibindən çörək çıxartdı, onlara su verdi. Sonra həzin səslə mahnı oxudu. Beləcə Ay hər gün onlara qonaq gəlib, öz məlahətli səsi ilə onlara sevinc gətirir, dərdlərinin unutdurur, yaşadırdı. Tezliklə Ay meşənin yaxınlığında, yol üstündə bir məbəd ucaltdı. Qoca öz nəvəsi ilə bu məbəddə yaşamağa başladı. Az keçmədi ki, yeni tikilən məbədin xəbəri bu torpaqda yaşayan oğuz tayfalarına yetişdi. Onlar zülm əlindən qaçıb canını qurtaran, onlara pənah gətirən insanlara kömək əllərini uzatdılar. İllər keçdi. Məbədə demək olar ki, uzaq ellərdən pənah gətirən insanlar sığındılar. Karvan yoluna yaxın tikilən məbəd insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşam düşdükdə gecələmələrinə şərait yarandı. Bu məbədi insanlar “Aysəsi məbədi” adlandırdılar. Çünki onları yaşadan, xoşbəxt edən Ayın həzin, məlahətli, ipək kimi yumşaq səsi olmuşdu.
Aysəsi məbədi VII-VIII yüzilliklərdə Dərələyəz mahalının Keşişkənd rayonunda hündür bir təpənin üstündə tikilmiş alban-türk məbədidir.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
Yük – İLHAMƏ NASİRİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. İlk olaraq “Allahın kolleksiyaları” adlı hekayə ilə tanış olacaqsınız.
İlhamə NASİR
YÜK
Qışın lap oğlan çağı olsa da, həmin səhər qəribə bir gün doğuşuyla açıldı. Çəpəki düşən zəif şüalardan sığallanan tənbəl dalğalar, qırov bağlamış sahil daşları par-par parıldayırdı. Havanın isinmək istəyinə rəğmən, sazaq adamın üz-gözünü qarsırdırdı. Günəşin üfüqdən boylanan sarısından öncə güclə eşidilən gəminin fiti divara söykənib mürgüyə gedənləri çoxdan ayağa qaldırmışdı.
Qoca mürgünün əsarətindən hələ qurtara bilməyən qızarmış gözlərini ovuşdura-ovuşdura gəlib düz sahildə dayandı. Əlini alnına – qaşlarının üstünə qoyub gözlərini qıydı. Uzaqdan görünən gəmini sahilə tez yaxınlaşdıra biləydi kaş ki...
O, bir dəfə də burada durub gəmini belə səbirsizliklə gözləmişdi. Əsgərlikdə olarkən, orada tanış olub sevdiyi qız gələndə. O vaxtdan bəri vağzal xeyli dəyişilsə də, dəniz, ətrafdakı qaraltı kimi görünən evlər, gəminin ləngər vura-vura gəlişi eyni idi. Onda da ürəyi bu cür əsmişdi. Qız gələcəkdi, evlənəcəkdilər və şəhərdə kirayə ev tutub yaşayacaqdılar. Sonrası Allah kərimdir. Bəlkə, qismət olar, ev də alardı. Hər halda, rus qızını kəndə aparası deyildi. Çoxlu uşaqları olacaqdı. Hamısı da bir-birindən yaraşıqlı. Tətillərdə də yığışıb kəndə gedəcəkdilər... Bir xoşbəxtlik tablosu asmışdı ürəyinin başından. Hələ bu xoşbəxliyi məktubda qıza da yazmışdı. O da eyni qarşılığı vermişdi. Qızın gəlişindən qabaq şəhərdə özünə iş də tapmışdı. Ona görə deyirlər, sən saydığını say, gör fələk nə sayır. Qız gəlmişdi gəlməyinə, amma anası var-yox bircə oğlunun xristian qızıyla evlənməsinə icazə verməmişdi. Qızı gəlişinə peşman edib, gəldiyi kimi də geri qaytarmışdı. Xəyalları puç olmuşdu zavallı oğlanın. Şəhər də gözündən düşmüşdü, hər şey mənasızlaşmışdı. Elə o vaxtdan – qızın gedişindən sonra şəhərə gəlişinə tövbə edib öz kəndinə bağlanmışdı. Uzun müddət subay qaldı. Heç vaxt evlənməyəcəyinə söz vermişdi. Amma yaşlı anası ağır xəstəliyə düçar olanda oğlundan evlənməyi xahiş etmişdi. Görmədən, sevmədən öz qohumunun qızı ilə evlənmişdi. Qucağına övlad alanda yaşı artıq əllini keçmişdi.
Heç indi də gəlməyəcəkdi şəhərə, üzərində bu qədər yük olmasaydı. Axı o, bu yaşda hardan iş tapa biləcəkdi ki, həm də dərənin, düzün ortasında? Bu işi də qonşusu Abbas ağlına salmışdı. Abbas ondan canısulu idi. Gəlib şəhərdə işləyib evə pul göndərmək ona o qədər də çətin deyildi. Qoca bir müddət tərəddüd etsə də, sonda razılaşmışdı. Məcbur idi...
Gəmi yaxınlaşdıqca, içi keçə ilə döşənmiş rütubətli otaqda oğlunun qaranquş balaları kimi yan-yana oturmuş üç balasının üzü gülürdü, gözü yaşlı gəlininin ocaq üstündəki boş qazanı dolurdu, xəstə qarısı dərman içib sağalırdı qocanın gözləri önündə. Elə öz ağrılarını da tamamən unutmuşdu. Elə bil gecələri vağzalın beton döşəməsində yatdığından sızıldayan sümükləri, nəfəs almağına imkan verməyən öskürəyi indi onun deyildi. Arada özündən biixtiyar soyuqdan daha da nazilmiş arıq, damarlı əllərini havada yelləyib, gəmiyə “tez gəl” işarəsi də verirdi.
Gəmi düz gəlib sahildə həmişəki yerində dayandı. Hay-küyləri qulaq batıran hamballar bir-birini itələyə-itələyə yüklərin boşalmasına səbirsizlənirdilər. Nəhayət, iri yeşiklər və bağlamalar yerə boşaldıldı. Qarmaqarışıqlıqdan yük sahibləri macal tapıb hambal seçimi də edə bilmirdilər. Qoca özünü hamıdan qabağa atıb yüklərin üstünə şığıdı. Bəxtindən də əlini atıb yapışdığı yük bağlamaların ən irisi oldu. Birtəhər sürüyüb kənara çəkdi. Qəddini düzəldib bağlamaya baxdıqda qocanın gözləri qorxdu. Nə etsin? Çöllü-biyabanda qanadının altına yığdığı bir çətən külfətin yükü heç qorxutmamışdı onu. İndi niyə qorxsun? Yükdən yapışıb dərindən nəfəs aldı. “Nədən qorxursan, ay qorxaq, məgər çiyinlərində daşıdığın yük bu yükdən yüngüldürmü?” – deyərək özünü danladı. “Ya Allah” deyib yükü arıq, çəlimsiz kürəyinə atdı. Az qala yıxılacaqdı, tez özünü cəmləyib dayandı. Bu işi əldən verməmək üçün büdrədiyini belə, öskürməyini belə yük sahibinə bildirməməliydi o qədər cavan hambalların içində. Öz-özünə “bumuydu səni qorxudan, axmaq qoca?” pıçıldadı və sonra da ruhuna təkan verərək dilinin altında “dünya gözüm boydadır, sirri özüm boydadır” özü qoşduğu mahnısını zümzümə edə-edə addımladı. Ağırlıq kürəyinə tanış gəldi sanki, sümükləri səksəkə içində ayılıb sızıldamağa başladı. Boynundan axan zəiflik təri köynəyinin yaxasını islatdıqda içinə xof doldu qocanın. Ürəyi necə döyünməyə başladısa, səsi qulaqlarını batırırdı az qala. Özündən ixtiyarsız cəld əlinin birini yükün kəndirindən ayırıb, boynundan axan isti axıntıya vurdu. Yox, qan deyildi... Bir az toxtadı. Yükü nə qədər kürəyində daşıyacağını hələ bilmirdi. Yeridikcə ayağının altına sıxılıb suya dönərək ayaqqabısına dolan qar, yükün altında sızıldayan sümükləri onun yaddaşını təzələyirdi. Hər şey kino lenti kimi gözlərinin qabağından gəlib keçdi bir andaca.
Onda da qış vaxtı idi – soyuq fevral ayı. Həyatının ən ağır yükünü kürəyinə alanda. Kürəyi elə o vaxtdan qorxmuşdu yükdən. Müharibənin dağıntısına, itkisinə öyrəşsə də, kəndin bir gecənin içində yandırılacağı ağlına da gəlməzdi. Oğlu hərbçiydi. Bir yandan düşmənlə döyüşür, bir yandan da adamları yanan evlərdən çıxarmağa çalışırdı. Düşmən onu çoxdan hədəfə almışdı. Odur ki, bir neçə istiqamətdən atılan güllələr onun bədənini deşik-deşik etmişdi. Yanan evindən ailəsini güclə çıxardan ata, yaralı lay-divar oğlunu da kürəyinə alıb meşəliklərlə üz tutmuşdu. Onda da o ərazidən uzaqlaşmaq üçüna yol sicim kimi uzanırdı. Onda da yeridikcə qar suya dönüb ayaqqabısına dolmuşdu. Onda da boynundan nəsə axıb yaxasını islatmışdı - oğlunun sinəsindən axan qanı. Qan axdıqca oğlu kürəyində buza dönüb lap da ağırlaşmışdı. Onda da “az qalıb, döz, döz!” demişdi özünə. Kilometrlərcə oğlunun donmuş cəsədini kürəyində daşımışdı. Düşmən yaxınlaşmamış ailəni uzaqlaşdırmalıydı. Güllələr düz yanlarında ötüb keçirdi. İki körpə uşağın əlindən tutub qaçan hamilə gəlinini və pərişan arvadını bir az qabağa ötürüb özü geri qayıtmışdı. Əlləri ilə bir ağacın dibindəki buzlu torpağı qazıb oğlunu dəfn eləmişdi. Nə zülm-zillətlə ailəsini düşmənin caynağından qurtara bilmişdi. Gəlib yad, nabələd yerdə uçuq bir tikiliyə sığınmışdı. Bir ay keçmişdi, gəlini iki qızdan sonra bir oğul dünyaya gətirmişdi.
İndi uçuq tikilidə məskən salan ailə qocanın əllərinə baxırdı. Uşaqlar böyüdükcə aldığı təqaüd ailəyə bəs eləmirdi. Hələ oğlundan sonra yataq xəstəsi olan qarısı ona başqa bir göz dağı olmuşdu. Həya edib gizliyə çəkilərək əri üçün ağlayan gəlinini görəndə qəddi lap əyilirdi qocanın. Nəvələri məktəbə getdiyindən tələbat böyümüşdü. Onları böyüdüb yerbəyer eləsəydi, çiyinlərindəki yükü bir az azalardı. Qoca məcbur idi bir iş tapmağa. Ona görə üz tutmuşdu şəhərə.
Yeridikcə qoca yükün altında görünməz hala düşürdü. Deyəsən, mənzil uzaqda idi, yorğunluq isə lap yaxında. Ürəyi üzünə vuran səhər mehindən də xəfif olmuşdu. Get-gedə yük böyüyürdü, qoca kiçilirdi. Başı dizlərinə çatacaq qədər beli bükülmüşdü. Qarşıdan gedən yük sahibinin ancaq ayaqlarını görə bilirdi. Ağzına susuzluq, dizlərinə ağırlıq çökürdü qocanın. Amma dözəcəkdi, yorğunluğa təslim olmayacaqdı, o vaxt dözdüyü kimi... Bircə mənzil başına tez çatıb pulu ala bilsəydi... Ərzaqla dolu səbətlərlə evinin qapısından içəri girə bilsəydi... Həkimin yazdığı dərmanları qarısına tez çatdıra bilsəydi... Əlində oyuncaq avtomatla oğlunun adını daşıyan nəvəsinin qarşısında dura bilsəydi...
Yük sahibindən geri qalmamaq üçün sürətini artırmaq istədi, bu vaxt öskürək tutdu onu. Nə illah etdisə, özünü öskürəyin əlindən ala bilmədi. Kilometrlərcə kürəyində daşıdığı oğlunun qolunu buraxmadığı kimi, bərk-bərk tutduğu yükün kəndirini də buraxmadan öskürməyə başladı. Birdən içində nəyinsə qırılıb düşdüyünü hiss etdi. Yüngülləşdi... Hələ heç vaxt belə yüngülləşməməşdi. Dayandı... dayandı.... Yük yolun ortasında tərpənməz qaldı.
Yüklərə uzaqdan baxan qoca bilə bilmədi içindəki o qırılanı kürəyindəki yükmü qırdı, yoxsa çiynindəki yükmü.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
“Azərbaycan milli komitəsinin üzvü: irəvanlı Cabbar Ərtürk” – DİLQƏM ƏHMƏD
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Diqəm Əhmədin “Azərbaycan milli komitəsinin üzvü: irəvanlı Cabbar Ərtürk”
məqaləsi təqdim ediləcək.
II Dünya müharibəsi dövründə Əbdürrəhman Fətəlibəylinin yaratdığı Azərbaycan Milli Komitəsinin üzvü olan Cabbar İbrahimoğlu 1915-ci ildə İrəvanın Xaçaparaq (Zəhmət) kəndində doğulub. Xatirələrində doğulduğu kəndin yerini belə təsvir edib: "Bizim kənd və bölgəmiz Araz çayının şimalında İrəvan xanlığına daxildi. İrəvan xanlığı Qərbi Azərbaycanın bir bölgəsi idi. İrəvanın əhalisinin 90 faizi türklərdən mütəşəkkildi. Doğulduğum kənd İrəvandan 8 km cənubdaydı. Göyçə gölündən çıxan Zəngi çayı kəndimizin yanından axaraq Arpaçay ilə birləşir və Araz çayına tökülürdü".
Qacar tayfasından olan Cabbar bəyin ulu babasının adı Əhməd xan olub. Ardıcıllıqla: Əhməd xan – Zeynəl bəy – Abdullah bəy – İbrahim bəy – Cabbar bəy. Atası İbrahim bəy Gülüs xanımla evlənib, ilk övlad Cabbar bəy olub. İkinci övladları Əsəd iki yaşında ikən çayda boğularaq həyatını itirib. 1923-cü ildə doğulan digər övladlarına yenidən Əsəd adı qoyublar.
1920-ci ilin iyununda bölgədəki xaosdan istifadə edən ermənilər, Zəngibasar başda olmaqla, türklərin yaşadığı bölgələrə hücum etmiş, nəticədə əhali Osmanlı Türkiyəsinə və Cənubi Azərbaycana köç etmək məcburiyyətində qalmışdı. İbrahim bəy ailəsini Qarsa aparmaq istəsə də, mümkün olmamış, ona görə də Cənubi Azərbaycana keçmişdilər. Fəqət burada da müxtəlif dəstələrin qarətçi hücumlarına məruz qalıblar, nəticədə bolşeviklər İrəvanda daşnakları məğlub etdikləri dövrə qədər iki Azərbaycanın sərhədində tarlalarda yaşayıblar. Bu ərəfədə Ərəblər kəndi civarında olarkən iki yaşlı bacısı Zəhra soyuqdan donaraq vəfat edib. Ermənistanın bolşevikləşdirilməsindən sonra İbrahim bəy ailəsini yenidən kəndlərinə aparıb.
1929-cu ildə orta məktəbi bitirən Cabbar bəy ardınca iki il İrəvandakı Ziraət Texnikumunda oxuyub, 1933-cü ildə ali təhsil almaq üçün Bakıya gedib. Ədəbiyyat fakültəsini qazansa da, ailəsinin istəyi ilə kimya-biologiya fakültəsinə keçirilib. Beş il ali təhsil aldıqdan sonra Basarkeçər qəzasının Zod kəndindəki orta məktəbə direktor təyin edilib. Bir neçə il burada çalışdıqdan sonra İrəvan Pedaqoji Texnikumuna göndərilib. Cabbar bəy məcburi xidmətini bitirdikdən sonra doktorantura pilləsində təhsil alsa da, Almaniyanın Rusiyaya hücumu nəticəsində 23 iyun 1941-ci ildə hərbi xidmətə çağırılıb, 177-ci alaya göndərilib. Onları aparan qatar Uluxanlı stansiyasından keçdiyi üçün sonuncu dəfə ailəsi ilə görüşə bilib.
Ukrayna cəbhəsinə göndərilən Cabbar bəy almanların şiddətli hücumları qarşısında tab gətirə bilməyən rus ordusundan ayrılaraq oktyabr ayında yoldaşları ilə Mariupol şəhərində alman cəbhəsinə keçib. Almanlar onları Azov dənizi sahilindəki əsir düşərgəsinə aparıblar. Xatirələrində düşərgələrdəki ağır vəziyyətdən geniş bəhs edən Cabbar bəy 1941-ci ilin dekabrındakı 200 min əsirdən 1942-ci ilin aprelində sadəcə iki min nəfərin sağ qaldığını yazıb. O, müharibə dövründə qələmə aldığı gündəliyində almanların insan əti yeməyə başlayan erməniləri güllələmələrindən də bəhs edib. Cabbar bəyin sağ qalmasının önəmli səbəblərindən biri də Bakıda ali təhsil alarkən bir az alman dili öyrənməsi olub: "Əsir düşərgəsinə gəlməyimizin üçüncü həftəsində tərcüman axtarılması ilə bağlı elan asılmışdı... Rusca, almanca və müxtəlif türk ləhcələrini bildiyimi söylədim, məni tərcüman olaraq qəbul etdilər". Bu vəzifədə ikən 1942-ci ildə xəstələnən Cabbar bəy Vyana yaxınlığındakı bir qəsəbədəki xəstəxanaya göndərilib. Sağaldıqdan sonra o, Berlinə çağırılıb, orada türk xalqlarının tarixini mükəmməl bilən professor Mende və azərbaycanlı mayor Əbdürrəhman Fətəlibəyli ilə tanış olub.
1943-cü il noyabrın 6-da Berlində "Kayserof" mehmanxanasında Fətəlibəylinin təşkilatçılığı ilə Milli Azərbaycan Qurultayı keçirilib. Qurultay saat 10-da 300 nəfər azərbaycanlının iştirakı ilə baş tutub. Qurultayın Berlin nümayəndələrindən Məhəmməd Tuğayın təklifi ilə tədbiri 1920-ci il Gəncə üsyanının rəhbərlərindən Cahangir bəy Kazımbəy açıb. Cahangir bəydən sonra Abbas bəy Atamalıbəyov çıxış edib. Ardınca mayor Fətəlibəylinin 1 saat 10 dəqiqəlik çıxışı dinlənilib. Qurultayda Azərbaycan Milli Birlik Məclisi formalaşdırılıb. Cabbar bəy Fətəlibəylinin xarici siyasət və təhsil məsələləri üzrə müavini seçilib.
Bu mühüm qurultayın tarixini yazmaq da Cabbar bəyə qismət olub. Onun redaktorluğu ilə 1944-cü ildə "Birinci Azərbaycan Birlik Qurultayı" adlı broşür çap olunub. Bu əsər "Azərbaycan legionunun səyyar kitabxanası" seriyasından dördüncü nəşr idi. Seriyanın ilk nəşri də Cabbar bəyin İbrahimoğlu imzası ilə 1944-cü ildə Berlində çıxan "Azərbaycanın istiqlal mübarizələri" adlı əsəridir. 1945-ci ildə Berlində onun "Doğu türklərinin istiqlal savaşları" adlı kitabı işıq üzü görüb. "Boraltan"da ruslara təhvil verilən azərbaycanlı əsirlərdən Ənvər Qazıyev istintaqda verdiyi ifadəsində Cabbar İbrahim oğlu Məmmədovun "Azərbaycanda milli hərəkat" adlı əsərindən bəhs edib. Ehtimal ki, bu əsər Cabbar bəy İbrahimoğlu imzası ilə çap olunan ilk kitabıdır. Bu dövrdə Cabbar bəy alman cəbhəsində vuruşan Azərbaycan legionunun qəzeti olan "Azərbaycan"da və "Milli birlik" jurnalında İbrahimoğlu imzası ilə müxtəlif məqalələr yazıb.
"Azərbaycan" qəzetində onun "Novruz bayramı haqqında", "Vətən müdafiəsi və milli saflıq", "Gənc yazıçılarımızda ana, Vətən və millət hissi", "Milli ideal, birlik və qurtuluş", "Biz məğlub olduqmu?", "Sovetə ümid bağlamaq olarmı?" və s. yazıları dərc olunub. "Milli birlik" jurnalının 6-cı sayında Cabbar bəyin "Azərbaycanın yabancılara qarşı mübarizəsi" adlı məqaləsi fotoşəkli ilə birlikdə çıxıb.
Cabbar bəy xatirələrində və digər əsərlərində Nuru paşa və Məhəmməd Əmin Rəsulzadədən də bəhs edib. O, Rəsulzadənin milli komitənin rəhbəri olmaqdan imtinasının səbəbini bu şəkildə açıqlayıb: "O kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmmədəmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. "Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin" dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: "Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm".
Dövrün tanınmış türk ziyalılarından Nejdət Sançar bəy Cabbar Ərtürk barədə yazdığı bioqrafik məqaləsində onun müharibənin sonlarındakı həyatından bu şəkildə bəhs edib:
"...İtaliyanın Milan şəhərinə gələn Cabbar Ərtürk bu məmləkətdəki alman bölüklərinin amerikalılara təslim olması üzərinə amerikalıların əlinə keçdi... Bir müddət sonra Santa Mariya adasındakı türk qaçqın düşərgəsinə aparıldı. Fəqət iki ay qədər sonra ingilislər onu və iki dostunu alıb Bari şəhərindəki suçlulara məxsus həbsxanaya saldılar. Dörd aya qədər qaldıqları bu həbsxanada çox pis rəftar gördülər. İngilislərin məqsədi onların rusiyalı türk olduqlarını təsbit etmək və Moskvaya təslim etməkdi. Cabbar Ərtürk və yoldaşları bunu anladıqları üçün özlərini türkiyəli türk olaraq göstərdilər, təhsil və ya ticarət üçün Avropaya gəldiklərini, müharibədə vəsiqələrini itirdiklərini iddia etdilər. İngilislər bir ipucu əldə edə bilməyincə Cabbar Ərtürk ilə yoldaşlarını sədrləri general-leytenant olan yeddi nəfərdən ibarət ali rütbəli Moskva heyətinin qarşısına çıxardılar. Cabbar Ərtürk bu heyətin qarşısında da türkiyəli olduğu iddiasından vaz keçmədi. Moskva heyəti başda general-leytenantları olduğu halda rusca ən ağır söyüşləri söyür, bu surətlə Cabbar Ərtürkün rusca bildiyini təsbit etməyə çalışırdılar. Fəqət o bu söyüşləri anlamazlıqdan gəldi və bu surətlə əllərindən qurtuldu. Adriatik sahilindəki Rimini şəhərinə gətirilən Cabbar Ərtürk oradakı ingilis əsir düşərgəsinə salındı və 1946-cı ilin dekabr ayında buradan sərbəst düşərgəyə göndərildi... 1947-ci ildə İtaliyaya misirli bir şahzadə gəlmişdi. Türküstanlılardan bir neçə nəfər yaşlı mühacir bu şahzadə ilə görüşüb Türkiyəyə qəbul edilənə qədər Misirdə yaşamaları üçün kömək istədilər. Şahzadə kral Faruk ilə təmas qurub işi həll etdikdən sonra 123 nəfər Misirə hərəkət etdi. Bu qafilədə Cabbar Ertürk də vardı. Cabbar Ertürk Misirdə misirlilərin türk düşmənliyi altında iki il qaldı. Bu arada Qahirə baş konsulluğunda da çalışdı. Misirlilərin bu türkləri Avstraliyaya göndərməsi təhlükəsinin yaranması üzərinə ozamankı baş konsulun hümməti ilə bu bəxtsiz qafilə, nəhayət, Türkiyəyə göndərildi. Bu surətlə 1949-cu ilin sonlarında Cabbar Ertürk ikinci ana vətəninə qovuşdu". 1950-ci ildə Türkiyə vətəndaşı olan Cabbar bəy iki il sonra Ayşə Veciha adlı xanımla evlənib. Bu evlilikdən Alparslan (1953), Gülsüm (1954) və Türkhan (1956) adlı övladı olub. Böyük oğlu 1968-ci ildə vəfat edib. Cabbar bəy Qahirədə ikən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə görüşüb. Bu görüşdə Nuru paşa ona deyib: "Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı". Ərtürkün Türkiyədə aşağıdakı kitabları çap olunub: "Ana yurdda unudulan türklük" (Kayseri, 1955), "Türkiyə türkləri və ana yurddakı türklərin qurtuluşları" (Kayseri, 1957), "Üçüncü Dünya hərbinin zəngləri çalınırmı?" (Kayseri, 1957), "Atatürk süfrəsində türklük və milliyyətçilik" (Ankara, 1994). Vəfatından sonra 2005-ci ildə "Bir türkün İkinci Dünya hərbi xatirələri" adlı geniş həcmli kitabı işıq üzü görüb. Ərtürk "Mücahid", "Ocaq", "Yeni Ərciyəs", "Orkun", "Türk birliyi" kimi qəzet və jurnallarda məqalələr, şeirlər qələmə alıb. Eləcə də əsərləri haqqında geniş resenziyalar yazılıb. "Ocaq" qəzetində onun geniş həcmli "Dörd əsarətdən sonra qovuşulan vətən" adlı memuarı da çap olunub. Bu qəzetdə həmçinin onun müxtəlif ictimai-siyasi məqalələri işıq üzü görüb. "Yeni Ərciyəs" jurnalında isə "Köç yollarında qalan türklər" adlı silsilə məqalələri dərc edilib. Cabbar bəy 10 avqust 2004-cü ildə Muğlanın Milas rayonunun Mumcular qəsəbəsində vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)