
Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ala qızılbalıq narmüsəmmə
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ala qızılbalıq narmüsəmmənin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Qırmızı soğan – 50 qr
§ Nar – 80 qr
§ Şabalıd – 50 qr
§ Müxəşşər – 25 qr
§ Kök – 25 qr
§ Cəfəri – 10 qr
§ Mərzə (quru) – 2 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
File şəklində olan balıq 60 qramlıq tikələrə doğranır, duz, istiot vurulur. Tava odun üzərinə qoyulur, yağ əlavə olunur. Yağ qızdıqda balıqların hər iki tərəfi qızardılır. Tikələr başqa qaba yığılır. Həmin tavada aypara şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın təmizlənmiş şabalıd, bişmiş müxəşşər (noxud ləpəsi), sürtkəcdən keçirilmiş kök, mərzə qurusu, sarıkök, duz, istiot əlavə olunur, bir yerdə qızardılır. Sonra balıq tikələri qızardılmış tərəvəzlərin üzərinə düzülür. Daha sonra nar şirəsi əlavə olunur və 10 dəqiqə vam odda bişirilir. Tam bişənə yaxın nar dənəsi, xırda doğranmış göyərti əlavə olunur, bir az bişirilir, sonra ocaqdan götürülür, 5 dəqiqə yer dəmi alır. Sonra buluda və yaxud pay şəklində nimçəyə çəkilir, süfrəyə verilir.
QEYD: Bu xörəyin də hazırlanma müddəti 20-25 dəqiqə təşkil edir. Alabalıq zərif balıq olduğu üçün bişirərkən ustalıqla yanaşmaq lazımdır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
“Gülbəy” – QISA HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Gülbəy” adlı qısa hekayəsini təqdim edir.
Yenicə işə başladığım təzə idarədə bir-birindən fərqli xasiyyətli, mənə qəribə bir təsir bağışlayan adamlara rast gəlirəm. Burada onun-bunun dalınca danışmaq, qeybət eləmək, yalandan gülmək, yalandan qəmlənmək adi haldır. Mən bu cür adamlara heç cürə uyğunlaşa bilmirəm. Hər an yalqızlığımı, tənhalığımı hiss edirəm.
Təzə həmkarlarımdan birinin adı Gülbəydi. Adı nadir adlardan olduğu kimi özü də “təkrarsız” adamdı. Yaşı yetmişi haqlamış bu kişinin həmişə üzündə saqqalı, başında papağı, boynunda qalstuku, əlində təsbehi olur. Özünü tərifləməkdən yorulmur. Dediyinə görə əvvəllər bu idarədə, daha doğrusu, bu idarə əvvəllər lap trest olanda rəis müavini işləyib. “Qurub-yaradıb,” xalq üçün can qoyub. Amma idarə binasına, onun həyətinə baxanda kişinin dediklərinin doğru olmasına şübhə etməyə bilmirsən. Əşşi, sənin müavinlikdən çıxdığın bir əsrdi ki tikdiklərin uçub- tökülüb, əkdiklərin quruyub?
Gülbəyin işinin adını da bilən yoxdu. Dediyinə görə ixtisasca iqtisadçıdır. Amma çətin ki, iqtisadiyyatdan başı çıxa... Gah o şöbədə gəzir, gah bu şöbədə... Keçmiş “fəaliyyətindən”, “mübarizliyindən” danışır, özünü tərifləməkdən yorulmur. Nahar fasiləsi zamanı Allah göstərməsin, onun-bunun nə yeyib, nə içdiyini öyrənməsə qiyamət qopar. Yemək təklif edilsə, -yox, mən bu gün orucam -deyər və diliylə sulanan ağzını silər.
İdarəmizin xidməti avtobusuna Gülbəy birinci minər, ən qabaqda əyləşər. Yol boyu boş-boşuna danışar, onun-bunun ünvanına xoşagəlməz sözlər söyləyər. Gözü də ki, Allah göstərməsin, avtobusdakıların sumkasında olar. Birindən bir narıngi alar,o birindən bir alma istəyər.
Nə isə... Deyəsən mətləbdən uzaqlaşdım. Az qala yadımdan çıxmışdı, Gülbəy həm də hacıdır. Onu “Hacı”deyə çağıranda elə görkəm alır ki, gözləri sevincindən az qala hədəqəsindən çıxır. Zarafat deyil, kişi sənin, mənim tayım deyil, hacıdır. (Bu yerdə mən bütün əsil dndarlardan, hacılardan üzr istəyirəm.) Düzdür, Allah günaha yazmasın, hələ bir yaxşılığının şahidi olan yoxdu. Amma elə danışır ki...
Bir dəfə Gülbəy, kollektivdə təzə olduğuma görə, özünü mənə yaxından tanıtmaq üçün tərcümeyi-halından bəzi məqamları danışdı. Sən demə, Gülbəy Sovet dönəmində ateist olub. Özü də Kommunist partiyasının fəalı kimi “Böyük Lenin” ideyalarını təbliğatçısı olaraq dinə qarşı mübarizə edib. Xidmətinin də mükafatını alıb - az adama nəsib olan “Əməkdar təbliğatçı” adına layiq görülüb. 1990-cı ilin 20 Yanvar hadisələri hər bir azərbaycanlı kimi Gülbəyi də sarsıdıb. O, “Əməkdar təbliğatçı” adından imtina edib, fəxri adı təsdiqləyən vəsiqəni nümayişkəranə şəkildə yandırıb. Respublikanın mərkəzi qəzetləri, televiziya, radio Gülbəyin bu “cəsarətini”, “milli təssübkeşliyini” başlayıblar işıqlandırmağa.
–Bu hadisədən sonra mən başladım dini kitabları oxumağa, şəriəti öyrənməyə, dinin tələbləriniə əməl etməyə. İbadətə başladım, haqq yoluna qayıtdım.. Şükür Allaha, Hacı da oldum. Yaxşı ki o vaxt mənə verilən fəxri addan imtina etdim, –Gülbəy danışmağa davam etdi – mən haqqı hər şeydən üstün tuturam. Bacıoğlu, amma görürsən də, elələri varki ancaq şəxsi mənafeləri üçün çalışırlar. Ad üçün, şöhrət üçün, pul üçün min dona girirlər. Belələrini görəndə ürəyim ağrıyır.- Gülbəy şövqlə danışırdı.
Gülbəyin bu söhbətindən bir-iki ay keçmişdi. Xəbər yayıldı ki, kimin fəxri adı varsa, ona dövlətimiz əlavə pul verəcək. Bizim idarəmizdə yaşlı işçilərdən bir neçəsinin fəxri adları olduğuna görə çox sevinir, əməklərinə qiymət verənlərə minnətdarlıqlarını bildirirdilər. Bir gün eşitdim ki, mühasibatlığa fəxri ad aldıqlarını təsdiq edənlərin arasında Gülbəy də var. Bəli, bəli. Həmin Gülbəy–vaxtilə fəxri addan guya imtina edən Gülbəy... Bu xəbərdən heyrətə gəldim. Yəqin, siz də mənim yerimə olsaydınız belə olardı.
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
BABA VƏZİROĞLU – “Çalışmışam mahnı mətni həm də normal bir şeirə oxşasın”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Nadir Yalçının Baba Vəziroğlu ilə müsanibəsi təqdim edilir.
70 illik yubileyi ərəfəsində tanınmış şairimiz Baba Vəziroğlu ilə yanvar ayının 22-si söhbətləşsəm də, geniş diskussiyamızı yığcamlaşdırıb isti yay günlərinin astasında sizə göndərməyə ancaq macal tapdım.
Hörmətlə: Nadir YALÇIN
– 80-cilərin nəsrlə parlayan nümayəndələri arasında sizin də isminiz var…
– 80-ci illər yox, hələ bir az da geri getmək lazımdır. Çünki mənim ilk ciddi nəsr yazılarım 1976-cı ildə məhz “Ulduz” jurnalında çap olunub. Ədəbiyyata gəlişim bu tarixdən hesablanır. 80-ci illərdə bu yaradıcılıq qol-qanad açdı, genişləndi. Artıq kitablarım çap olunmağa başladı.
– İlk kitabınızın enişli-yoxuşlu taleyi olub. O hadisələri necə xatırlayırsınız?
– İlk kitabım “Səhər qatarı” adlanırdı. Elə həmin kitabın bəlasına düşdüm. “Səhər qatarı”nı nəşr üçün “Yazıçı” nəşriyyatına təqdim elədim. Bəzən deyirlər, ilk kitab ilk övlad kimidi. Deyərdim, ilk kitab ilk övladdan da əzizdir. Nəşriyyatdan kitabın siqnal nüsxəsini gözlədiyim bir vaxtda Partiyanın Mərkəzi Komitəsindən və Dövlət Təhlükəsizlik Komitəsindən mənə zənglər, dəvətlər gəlməyə başladı. Sən demə, “Yazıçı” nəşriyyatında məşhur bir redaktorumuz və akademikimiz kitaba ölüm hökmü yazıblar. O zaman kitablar indiki kimi çap olunmurdu, əvvəlcə kitab müsbət rəy almalı idi. Həmin iki nüfuzlu insan mənə ölüm hökmü yazmışdı ki, burda sosialist realizmi təhrif olunur, müəllif bizim real həyatı tamam qara rəngdə göstərir, bu müəllif antisovet bir ünsürdür və onu cəmiyyətdən kənarlaşdırmaq lazımdır. Cəmiyyətdən kənarlaşdırmaq bilirsiz nə deməkdir? Onu həbs eləmək, ən yaxşı halda qara siyahıya salmaq... Qara siyahı, bəlkə də, həbsdən daha dəhşətlidir. Tək sən yox, bütün qohum-əqrəban qara siyahıya düşür, iş ala, partiyaya keçə, instituta daxil ola bilmirlər.
– Bəs sizi bu vəziyyətdən nə xilas elədi?
– Mənim dostum və qardaşım Bəxtiyar Vahabzadə işə qarışdı. Biz onda şəxsən tanış deyildik. Bu məsələni hardansa eşidib, nəşriyyata gedib, kitabı oxuyub. Həmin vaxtlarda Bayılda kirayədə yaşayırdım. Çox çətin günlər keçirirdim. Günün birində “Ədəbiyyat və incəsənət” qəzeti aldım. Gördüm, bir böyük səhifədə Bəxtiyar müəllimin yazısı çap olunub. Başlığı da belə idi: “Kökdən gələn səslər”. Göz gəzdirdim ki, görüm Bəxtiyar Vahabzadə nə yazıb. Oxudum, dəhşətə gəldim... Bəxtiyar Vahabzadə mənim qarabəxt kitabım barədə elə sözlər yazıb ki... Kitabı ucalara qaldırmışdı. Hətta yazıda şişirdilmiş təşbehlər var idi. Bəxtiyar Vahabzadə bunu bilə-bilə etmişdi, o, ədəbi qatillərə elan etdi ki, bu cavan oğlanın arxasında mən dayanmışam. Sonradan həmin yazını “Səhər qatarı”na ön söz kimi əlavə etdim... Bəxtiyar müəllim yazısı ilə qarşı tərəfə deyirdi ki, hünəriniz varsa, gəlin mənlə vuruşun. Bax belə bir debütlə ciddi nəsrə gəldim. Bəxtiyar Vahabzadənin xeyir-duası mənə yol açdı, ard-arda nəsr kitabları çap etdirdim: “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Yol”, “Ocaq” adlı kitablarım sırf nəsr nümunələrindən ibarət idi. Kitablardakı hekayələr, povestlər “Ulduz”, “Azərbaycan”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunurdu. 80-ci illərdə yeni nəslin qələm adamları sırasında mənim də adım çəkilirdi. Bu barədə İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Elçin böyük məqalələr yazmışdılar. Bu uğurlu nəsr yolu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər davam etdi.
– Necə oldu nasir Baba Vəziroğlu nəzmə üz tutdu və nəsr kitabını birdəfəlik bağladı?
– Keçid dövrü deyilən cəhənnəm mərhələsi başlandı. Bütün kriteriyalar yoxa çıxdı, dəyərlər eroziyaya uğradı. Ədəbiyyatla qeyri-ədəbiyyatın fərqi unuduldu, ciddi oxucu rəhmətə getdi. Belə olanda yazıçılar da ya rəhmətə getməlidilər, ya da uzaqlaşıb reanimasiyaya düşməlidilər. Bir az realist-praqmatik olan yazıçılar dövrün nəbzini tutaraq gözləmə mövqeyini seçdilər. Dedilər, bəlkə, ciddi oxucuların hamısı rəhmətə getməyib, geri qayıdanlar olacaq. Mən gözləyə bilməzdim, çünki təkcə yazı masası arxasında romantikəm. Qalan vaxtlar realistəm, cəmiyyətin fəal üzvüyəm. Bu zaman çoxdan unutduğum, amma hərdən davam etdirdiyim bir janra qayıtdım. Çünki o janrda həm dövrün tələbi var idi, həm də, az da olsa, dolanmaq üçün pul var idi. Sonra da bildim ki, elə şan-şöhrət də o janrda imiş. Bu, mahnı yaradıcılığı idi. Mənim hələ 17 yaşım olanda yazdığım şeirə bəstələnən mahnını Şövkət Ələkbərova oxumuşdu. Həmişə mahnı yaradıcılığına hobbi kimi baxsam da, bu dəfə ciddi yanaşdım. Düşündüm ki, məşhur məsəldə deyildiyi kimi, müqəddəs yer heç vaxt boş qalmır. O zaman hər yerindən qalxan bir günə mahnı düzüb-qoşub ifa edirdi. Onlar ona görə ortada cövlan eləyirdilər ki, artıq normal yazı adamları, normal şairlər ortada yox idilər, gözləmə mövqeyində idilər, ya gedib biznesə qoşulmuşdular, ya da ayrı işlərlə məşğul idilər. Onda mənim bu mahnı yaradıcılığı fəaliyyətimin çiçəklənmə dövrü başladı və onun nəticəsində bu günə qədər mindən artıq mahnım xalqa təqdim olundu, efir üzü gördü və bu mənə şan-şöhrət, dolanışıq gətirdi. Həm də, necə deyərlər, qələmim paslanmadı, özgə bir iş dalınca getməkdən də bilmərrə əl çəkdim.
– Sizcə, sovet vaxtı ədəbi mühitdə nələr əskik idi? Sıxışdırmalar özünü necə büruzə verirdi?
– Ümumiyyətlə, söz azadlığı zəif olan məmləkətlərdə həmişə bədii sənət öz pik nöqtəsinə çatır. Rejim söz-sənət adamlarını nə qədər sıxırsa, bir-birindən dəyərli, gözəl bədii sənət nümunələri yaranır. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində parlayan ədiblərin siyahısına baxsaq, görün necə gözəl imzalara rast gələrik. Yəni o dövrdə istənilən tanınmış və sevilən imza zəngin yaradıcılığı barədə sizə böyük informasiya verir. Mən də o sıradaydım və o ab-hava ilə nəfəs alırdım. Əlbəttə ki, cəmiyyətdə sovet dönəmindəki kəm-kəsirləri axtarmaq tendensiyası var və bu da normaldır. Hər bir cəmiyyətdə nöqsan, çatışmazlıqlar olur. Amma sənət bütün bunların fövqündədir. Bəli, o dövrün iqtisadi, sosial problemləri olsa da, sənət kontekstində heç bir əyər-əskiklik yox idi. Yəni elə bil o qadağalar insanları məcbur edirdi ki, yaradıcı adamlar öz demək istədiklərini bəsit informasiya ilə ötürməsinlər, insan düşüncəsinin dərin qatlarına ensinlər, sadə adamların düşüncələrini qələmə alsınlar və bədii sözün, təfəkkürün gücü ilə əsərlər yaratsınlar. Nə qədər Mərkəzi Komitədə bizi çağırıb danlayırdılar, Dövlət Təhlükəsizlik orqanları bizlə maraqlanırdı. “Qlavlit” deyilən nəhəng senzura orqanı yazılarımızı zərrəbinlə oxuyurdu. Bütün bunlara baxmayaraq, biz həqiqəti yazırdıq. Söhbət yeni ədəbiyyatın yaradıcılarından gedir. Biz bir-birindən maraqlı əsərlər ortaya qoyurduq. Düzdür, hakimiyyət orqanlarına əsərlərin əsl məğzi sonra çatırdı. Onda da heç nəyi geri qaytarmaq olmurdu. Uzaq başı, müəllifə partiya töhməti verirdilər, bir az da qonorarnı az yazırdılar. Gücləri buna çatırdı.
– Demək, o dövrün ədəbi ab-havası sizi qane edirdi...
– O dövrün ədəbi mühitindən yerdən-göyə qədər razı idim. Çünki ədəbi meyarlar, bədii kriteriyalar var idi. Bizim təfəkkürümüz elə formalaşmışdı ki, biz yaxşı və pis ədəbiyyatı bir-birindən çox gözəl ayıra bilirdik. Hər bir yeni çıxan yaxşı hekayə, şeir hamımızın bayramına çevrilirdi. Çünki bizim nəslin təəssübkeşliyi vardı. Biz hamımızın əvəzinə sevinə bilirdik. Kiminsə yaxşı əsəri işıq üzü görəndə onu qeyd edirdik, hamımız yığışıb müzakirə edirdik. O zaman tənqiddən də heç kim incimirdi. Çayxanada oturub Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə ilə söhbətlər edirdik, belə bir çevrəmiz vardı. Ədəbi müzakirə çərçivəsində bir-birimizin qabırğasına döşəyirdik, amma bu, sırf sənət müstəvisində idi.
– İndi nələr ovaxtkı kimi deyil, dəyişən nə oldu?
– O zamanlar şəxsi qərəz, şəxsi münasibətlər fonunda təhqirə keçə bilən söhbətlər heç vaxt olmurdu. İndi bunlar adi bir normaya çevrilib. Amma o illərdə belə saf, gözəl bir ab-havada yaşayırdıq. Şeirdəki kimi: “Yadındamı, onda dünya gözəl idi...”
– Eşitdiyimə görə, “Ulduz” jurnalında yayımlanan bir hekayənizə görə təhsil aldığınız universitetdə böyük problem yaşamısınız. O hadisə yadınızda necə qalıb?
– Əlbəttə, o hadisəni yaxşı xatırlayıram. O zaman “Ulduz” jurnalının baş redaktoru olan unudulmaz dostumuz Yusif Səmədoğlu hətta bu münasibətlə mənim fotomu da çəkmişdi. Allah ona qəni-qəni rəhmət eləsin... Hə, fotonun altında öz xətti ilə yazmışdı: “Əhvalati-mütəqəlqəl Baba Vəziroğlu”. O vaxtlar çap olunan silsilə nəsr nümunələrim arasında “Qardan sonra” adlı bir hekayəm var idi. Deməli, hekayədə qar yağandan sonra birdən-birə həyat dəyişir. Gənc jurnalist rayona gedir. Hər yan ağappaq, qar yağıb, hər şey təmiz, gözəl xatirələr yada düşür. Amma sonra hər şeyin iç üzünü görür. Görür ki, ona bəslənən münasibət səmimi deyil, ətrafındakılar onunla nəyə görəsə belə danışırlar, arxada tamam başqa cürdülər. Təbiət özü belə o ağappaq, gözəl, təmiz dünyadan sonra çirkli, palçıqlı bir mühitə çevrilir, küçələr zığla dolu olur, havanın sifətindən zəhrimar yağır. Yəni qardan sonra günəş parıldayır və təbiətdə belə bir mənzərə ilə səni qarşılaşdırır. Universitetdə Əliş Nəbili isimli müəllimim vardı. Allah ona qəni-qəni rəhmət eləsin, jurnalistikadan bizə dərs deyirdi. Hekayədə bir epizod vardı: yenə hər şey təkrarlanacaq, yenə Əliş müəllim bizi çənəsinin altına salacaq. Yəni həyatın monotonluğu yenidən qayıdacaq. Biz o zaman realizmin ifratına varırdıq. Elə düşünürdük ki, müəyyən adları dəyişsək, əsərə xələl gələcək. Hətta kənd camaatı da məndən çox incik düşmüşdü. Çünki hamı özünü tanımışdı, çoxunun adı reallığa uyğun gəlirdi. Əliş müəllim əvvəl reaksiya vermədi. Çünki normal bir şey idi. Sonra onun ətrafında olan məni istəməyən adamlar Əliş müəllimi qızışdırırlar ki, Baba səni təhqir edib. Əliş müəllim də bir az emosional adam idi. Rəhmətlik götürdü Mərkəzi Komitəyə, Yazıçılar İttifaqının rəhbərliyinə yazdı.
– Mərkəzi Komitə nəsə tədbir gördü?
– Əlbəttə... Xırda bir məsələ o dərəcədə böyüdü ki, Mərkəzi Komitədən Yusif müəllimi məcbur elədilər ki, jurnalda xüsusi bir şey versin. Yazsın ki, filan vaxt filankəsin filan hekayəsində çox şey səhv gedib. O vaxtlar da mətbuatda belə üzrxahlıqlara rast gəlinmirdi. Dəhşət idi, belə şey olmamışdı, amma oldu.
– Bu hadisə sizə necə təsir etdi? Hiddətləndiz, ya əksinə?..
– Bu mənə bir dərs oldu, adlar məsələsində bir az ağıllandım. Yəni kənddəki Səmid kişinin adını Həmid kişi qoyanda nə olacaq ki?! Sonrakı bütün hekayələrimdə, povestlərimdə və romanlarımda bu məsələyə ciddi əməl elədim.
– Siz vaxtilə Azərbaycan Yazıçılar Birliyində işləmisiz. O illərdən danışaq…
– O zaman Azərbaycan Yazıçılar İttifaqı SSRİ Yazıçılar İttifaqının filialı idi. Bu, bir tərəfdən yaxşı idi. Bütün pullar ordan gəlirdi. Bizim rus mətbuatı vasitəsilə bütün dünyaya çıxmağımızda o ittifaqın böyük rolu olurdu. Sizə deyim, pis ittifaq deyildi. Bütün rejimlərdə Yazıçılar İttifaqı ziyalıların isti, doğma ocağı olub. Mən heç vaxt o ittifaq haqqında konyukturaya uyğun pis söz işlətmərəm. Yazıçılar İttifaqı nə edirdi? Şüar kimi deyilirdi ki, sosializm realizminə əməl eləmək lazımdı, nə bilim nə. Amma hər kəs öz bildiyini edirdi. Masa arxasında oturanda yazıçının əlindən tutmurdular ki, bunu yazma, bunu yaz. Yəni bunlar hamısı diletant münasibəti idi. O ittifaqın kifayət qədər istedadlı, tanınmış üzvü var idi. Yazıçılar İttifaqı onlara ev, maşın, yardımlar verirdi, yazıçı kimi dünyanı gəzdirirdi. Təyyarənin trapında belə səni tərcüməçi və maşın qarşılayırdı. Yəni turist səfərləri deyildi. Bütün SSRİ-nin bölgələrinə yaradıcılıq ezamiyyətləri verirdilər. Hər il ya Krımda, ya Baltik sahillərində su qiymətinə bir aylıq istirahət şansı yaradırdılar ki, gedib istirahət edəsən, təzə əsərlərinlə qayıdasan. Yəni sovet hökuməti öz yazıçılarına çox yaxşı baxırdı və mən də Yazıçılar İttifaqında bütün imkanlardan öz cavan dostlarım üçün istifadə edirdim. Çünki Yazıçılar İttifaqının rəhbərliyində təmsil olunurdum. Əvvəl dəftərxana müdiri idim. Sonra isə nəsr üzrə məsləhətçi oldum. Eyni zamanda müxtəlif illərdə sədrlərin referenti idim. Əvvəl İmran Qasımovun, sonra Mirzə İbrahimovun, İsmayıl Şıxlının referenti oldum. Yaxşı illər idi. Həmin vaxtlar öz dostlarıma əlimdən gələn köməklikləri elədim; maşın, ev almaqlarına, əsərlərinin çap olunmasına, Yazıçılar İttifaqına üzv olmaqlarına... Mənim də gücüm ona çatırdı. Sədrlərimiz yaxşı adamlar idi. Xüsusən İmran Qasımov cavanların, yeni ədəbiyyatın ən yaxın dostu idi. Elə işə də o məni götürmüşdü.
– Nəğmələriniz dillər əzbəridir. İlk hansı şeirinizə musiqi bəstələnib, kim bəstələyib, kim oxuyub? O yayımlananda hansı hisslər keçirmisiz?
– İlk mahnıları, dediyim kimi, çox gənc yaşlarında yazmışam. Universitetin birinci kursunda oxuyurdum, 17 yaşım vardı. Rəhmətlik bəstəkar Telman Hacıyev ailəvi dostumuz idi. Onun vasitəsilə iki bəstəkarla tanış oldum; Firəngiz Babayeva və Oqtay Rəcəbov. Onlarla Telman müəllimgilin evində görüşmüşdük. Elə orda bir söhbət açıldı ki, melodiya var, söz yoxdu. Telman müəllim dedi ki, söz oturub yanımızda. Elə ordaca hər iki mahnının sözlərini yazdım. Biri bu gün də dillər əzbəri olan “Töhfə” mahnısı, biri də “Sevərsən” mahnısı idi. “Töhfə” mahnısının bəstəkarı Firəngiz Babayeva, “Sevərsən” mahnısının bəstəkarı Oqtay Rəcəbov idi. Təsəvvür edin ki, o zaman mahnılar dekabrın 31-i gecəsi ilk dəfə dövlət televiziyasında səsləndirildi. Bizim böyük sənətkarımız Şövkət xanım hər iki mahnını proqramda ifa etdi. Mən artıq yeni il tətilindən sonra universitetə gedəndə məşhur idim. O zaman yeniyetmə bir oğlanın nəğməkar şair kimi gündəmə gəlməsi çox gözlənilməz hadisə idi. Mənim məşhurluq, şöhrət tarixim o zamandan başladı. Bəlkə də, mahnı tarixçəm ona görə bu qədər uğurlu alındı ki, ilk dəfə professional bəstəkarlarla çalışmağa başladım. Ara musiqisinə söz yazsaydım, fişəng effekti ilə tez parlayıb, tez də sönərdim. Bəxtim onda gətirdi ki, sonradan da bu tendensiyanı eyni keyfiyyətlə davam etdirdim. Elza İbrahimova, Emin Sabitoğlu, Ramiz Mirişli, Eldar Mansurov, Faiq Sücəddinov, demək olar, Azərbaycanda yazıb-yaradan bütün bəstəkarlarla çalışdım. Mindən artıq mahnının söz müəllifiyəm. Son zamanlar əziz dostum, gözəl bəstəkarımız Kamalla olan yaradıcılıq tandemim xüsusi diqqətə layiqdir. Çünki birlikdə əllidən çox mahnı yazmışıq və onlar hamısı dillər əzbəridir. Bu, milyonlarla dinləyicimiz üçün uğurlu bir iş birliyi oldu. O mahnılar vətən sərhədlərindən çox-çox kənarda səslənir.
– Baba müəllim, özünüzlə baş-başa qalanda hansı mahnını, melodiyanı zümzümə edirsiz?
– Mahnının dilindən, müəllifindən, millətindən asılı olmayaraq, ovqatıma görə ya hansısa mahnını ürəyimdə xatırlayıram, ya da zümzümə edirəm. Allah mənə normal səs verməyib, ona görə ürəyimdə oxuduğum mənim özümə çox xoş gəlir. Bir az ucadan oxumuram ki, ovqatım korlana bilər. Yəni başqalarının üzündə bir qeyri-adekvat reaksiya görsəm, o mənim də əhvalıma təsir edər. Bəzən görürsən, qürurlu vaxtlarımda, xüsusən də başqa millətlərin yanında xəyalımdan Kamalla yazdığım “Sən elə bir zirvəsən” mahnısı keçir. Çünki məmləkətimizin keçdiyi o əzablı yollar mənim gözümün qabağında olub. Mən bilirəm ki, Azərbaycan üçün hansı ssenari hazırlanmışdı. Ölkəmiz bölünmək üzrə idi. Ona görə də dostum Kamalla birgə həmişə Ulu öndər Heydər Əliyevin müstəsna obrazını yaratdığım üçün özümü xoşbəxt hesab etmişəm.
Bəzən “Səndən nigaranam” mahnısını dinləyirəm. Çünki mən, ümumiyyətlə, çox nigaran adamam. Bakıda yaşasam da, həmişə fikirləşirəm ki, kəndimizdə nə var, nə yox? Yağış yağırmı, qar yağırmı? O köhnə ata evində qalan balaca qardaşım necədi? Mənim kəndçilərim necə dolanır? Əzizlərim, valideynlərim uyuyan o kəndin qənşərindəki təpədəki məzarlıqda vəziyyət necədir?
Bəzən “Küçələrə su səpmişəm” mahnısını zümzümə edirəm... “Qəmərim” xalq mahnısı da tez-tez zümzümə elədiyim mahnılardandır... Elmira Rəhimovanın oxuduğu “Gün olar, gündüz olar” mahnısını zümzümə edirəm. Belə mahnılar çoxdur, xatırlamağım isə ovqatımla bağlıdır.
– Heç olubmu ki, mahnı bəstələnib, amma ifa sizin xoşunuza gəlməyib, razılaşmamısız?
Mahnı yaradıcılığının mətbəxi çox mürəkkəbdir. Hətta rus şairi Anna Axmatovanın təbirincə desək, çox çirkli bir mətbəxdir. Yəni estetik görünüşü xoşa gəlməyən bir mətbəxdir. Anna Axmatova demişdi ki, poeziya bilsəz hansı mətbəxdə, hansı çirkli bir yerdə yaranır, siz onu oxumaqdan bilmərrə əl çəkərsiniz. Mahnı yaradıcılığı da belədir. Amma bu, dinləyicini maraqlandırmır, ortaya gözəl bir məhsul çıxmalıdır. Mahnı mətbəxində çox qızğın proseslər gedir. Bəstəkar, şair, ifaçı, aranjemançı... Ağız deyəni qulaq eşitmir. Amma xoşbəxtlik ondadır ki, sonda dinləyiciyə gözəl bir əsər təqdim olunur. Mən həmişə demişəm ki, mahnıların taleyi də insan taleyi kimi bir şeydi. Bəzən bəstəkar, şair oturur, öz aləmlərində gözəl bir əsər yaradırlar və deyirlər ki, bu əsər artıq eşidilən kimi dillər əzbəri olacaq. Bir də görürsən ki, mahnı bir dəfə, iki dəfə, üç dəfə səsləndi, taleyi gətirmədi, unuduldu, rəfə qoyuldu. Amma bəzən heç uğur gözləmədiyin bir mahnı az bir müddətdə dillər əzbəri oldu. İnsan taleyi də belədir. Yəqin, bu, İlahidən gələn bir şeydir... Dünyanın fani olduğunu dərk etdiyim üçün heç kimin qəlbinə dəymək olmaz. Belə fikirləşirəm ki, kim hansı mahnını oxuyubsa, öz bacarığını, qabiliyyətini qoyub ora. Nə cür deyə bilərsən ki, sən yaxşı oxudun, sən pis oxudun. Ümumiyyətlə, mən elə bilirəm ki, sənətdə müqayisə çox qüsurlu bir şeydir. Hər kəs özünü oxuyur və yaxud özünü oxumur. Kor kişinin oğlundan Koroğlu olmağı tələb eləmək olmaz axı. Məsələn, bəstəkar Kamalla heç vaxt heç kimə tabu qoymuruq. Kim istəyir, oxusun... Biz mahnını yazdırırıq, artıq o, xalqın malı olur. Zaman özü hər şeyi ələyəcək.
– Baba Vəziroğlu ruhunu ən yaxşı hansı bəstəkar duyur?
– İş prinsiplərini iki bölümə ayırardım; sovet dönəmi, müstəqillik dövrümüz. Həyat elə gətirmişdi ki, sovet dönəmində bəstəkarlarımızın hamısı rus dilində təhsil almışdı. Bəstəkarlar o qədər də poeziyanın dərinliklərinin fərqində deyildilər. Ona görə də onlarla işləmək bir az çətin idi, axırı birtəhər yola gətirirdik ki, bu söz mütləq burda olmalıdır, bu ifadə işlənməlidi. O zaman bəstəkarlar deyirdilər ki, bu söz notdan qırağa çıxır. Təki sözün hecası notun hecası ilə düz gəlsin. Mətndə dağdan danışırsan, bağdan danışırsan, o qədər də onları maraqlandırmırdı. Düzdü, özləri milli idilər, amma dil sarıdan bir az korluq çəkirdilər. Neyləsinlər, rus məktəbində oxumuşdular. Amma şükür Allaha ki, bu gün bizim milli bəstəkarlıq məktəbimiz formalaşmaq üzrədir. Bəstəkarlarımız milli musiqi məktəbinin aparıcı simalarına çevrilirlər.
Çalışmışam ki, mahnının mətni həm də normal bir şeirə oxşasın. Rus deyimidir, mahnının mətnini melodiyadan çıxartmaq olmaz. Amma hərdən bu lazım olur. Mətni musiqidən ayırıb kənara qoyanda normal şeirə oxşamalıdır. Yəni bu prinsip məndə həmişə olub və çalışmışam ki, əməl edim. Artıq müstəqillik illərində bəstəkarlarla iş prinsipində sırf milli əsaslarla, poeziyanın dəyərlərini qorumaqla bağlı müxtəlif irəliləyişlər var. Bu gün poeziyanı çox dərindən duyan bəstəkarlarımız var. Bəstəkar Kamalı xüsusilə qeyd etməliyəm. O, poeziyanı çox gözəl bilir. Həmişə əlində bir şeir kitabı görərsən. Ramiz Rövşəni, Əli Kərimi oxuyur. Bəstəkar poeziyanı yaxşı bilirsə, poetik dilə yaxşı bələddirsə, o həmişə sözün keyfiyyətinə, öz musiqisinə fikir verəcək.
Eldar Mansurovu misal gətirə bilərəm. Məsələn, o, “Məndən bir də olmayacaq” şeirimə mahnı bəstələdi. Çoxları deyirdi ki, bu, eqoizmdir, necə yəni “məndən bir də olmayacaq?” Sonralar müstəqillik dövründə bu mahnıya neçə-neçə nəzirə yazıldı. Amma Eldar Mansurov o mətni necə duydu və kamil bir sənət əsəri yaratdı.
Faiq Sücəddinovun, Cavanşir Quliyevin də söz duyumu mükəmməldir. Onların sözlərimə bəstələdiyi mahnıların mətnləri bunun bariz nümunəsidir.
– Bu yaxınlarda 70 illik yubileyiniz oldu. 70 yaşın təəssüratı necədi? Zamanın sürəti sizi təəssüfləndirmir ki?
– Heç bir təəssüratım yoxdur. Bu illər mənim üçün sadəcə rəqəmlərdir. Mən heç vaxt şan-şöhrət həvəskarı olmamışam. Həmişə ad günümü evdə qeyd etmişəm. Dostlar, qohumlar, kim bilirsə, gəlir, mən yediyim bir tikə çörəkdən o da kəsir. Bir az da hal əhli olan dostlar mənlə 50 qram tünd maye qəbul edir. Ad günlərimdə də həmişə məşhur frazam var. Çox vaxt o franzanı sitat gətirirəm. Mənim həyatdan çox cavan getmiş, gözəl bir dostum vardı, gözəl şair idi: Malik Fərrux. Onun məşhur bir şeiri var: “Bu gün ad günümdür, adi günümdü...” Bax, mən bütün ad günlərimi belə qarşılayıram, belə yola salıram və ad günüm də mənim adi günlərimdən biri olur. Dünən nə iş görürəmsə, bu gün də o işi görürəm. Sabah da o işi görəcəyəm. Bax belə...
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
İkiyə bölünmüş qadın görürəm,
Bir üzü anatək gülür uşaqla.
Bir üzü qadıntək çürüyüb gedir.
(Şamil Ənvəroğlu)
Ən " qlobal " problemlərdən biri də ailədə kişi və qadının bir-birini anlamamasıdır. Bu cür cütlüklərə Şamil Ənvəroğlu nə tövsiyə edərdi?
CAVAB
Bizim cəmiyyətdə əsl qadın olmaq da böyük məsuliyyətdir, əsl kişi olmaq da.
Hətta qadın kimi qadınlığını və kişi kimi kişiliyini qoruya bilmək indiki dövrdə ən böyük qəhrəmanlıqdır. Bu ölkədə bir qadının eyni şəkildə həm öz evinin xanımı kimi, həm də uşaqlarının anası kimi xoşbəxt olması çox çətin məsələdir.
Biri olanda, o birisi olmur. Ya da mühit insanı yoğurub elə bir hala salır ki, bir vaxt başqasında görüb qınadığı həyatı müəyyən zaman sonra özü yaşamış olur.
Yuxarıda sizin bizim şeirdən sitat gətirdiyiniz cümlələr bu cəmiyyətin acı reallığıdır, çox təəssüflər olsun ki.
Məncə, sevgidən ötə bir duyğu var ki, onun da adı ANLAYIŞDIR.
Bəzən elə düşünürlər ki, insan sevəndə həm də anlaya bilir. Doğru yanaşma deyil.
Çünki sevən insan sadəcə güzəşt edir və bu güzəşt də bir yerə qədər, bir vaxta qədər olur.
ANLAYIŞ isə bir-birilərinə uyğun insanların bacardığı işdir.
Zövqdə, dünyagörüşdə, təhsildə, mədəniyyətdə, əxlaqda uyğunluq varsa, o insanlar bir-birini hər zaman anlayacaqlar.
Ona görə də, ANLAYIŞLI insan axtarmaqdan öncə özünə uyğun insan axtarmalıdır insan.
Bütün haqq edən xanımlarımıza doğru insanla, doğru zamanda və doğru məkanda xoşbəxt olmağı və sevgi dolu, sayğı dolu bir ömür yaşamağı arzu edirəm!
Ədəbiyyat və incəsənət”
(18.07.2024)
İNİŞİL BU GÜN: İlin əsas mədəniyyət hadisəsi “Notr-Dam de Pari” Nyu-Yorkda
Könül, “Ədəbiyyat və incəsənət”
2022-ci ilin bu iyul günündə ən çox diqqətimi çəkən hadisəni sizlərə xatırlatmaq istəyirəm. “Notr-Dam de Pari" müziklı dörddəbir əsr tarixi ərzində 2022-ci ilin bu günündə ilk dəfə Nyu-Yorka gəldi. Bütün dünyada ən geniş şöhrət qazanmış və digər dillərə, o cümlədən ingilis dilinə dəfələrlə tərcümə olunmasına baxmayaraq müziklın (2001-ci ildə Las-Veqasda amerikalılara uyğunlaşdırılmış və xeyli ixtisar olunmuş versiyanın təqdimatını nəzərə almasaq) ABŞ-da tammiqyaslı tamaşası hələ də olmamışdı. Buna görə də bu hadisə xüsusi anlam daşıyaraq böyük ajiotaj yaratdı.
Bu barədə xəbəri “Ədəbiyyat və incəsənət” portalı Euronews-un materialları əsasında hazırlayıb təqdim etmişdi.
Riccardo Koççante, "Notre dam de Pari"nin bəstəkarı deyir:
"Nyu-Yorka gəlmək, əlbəttə ki, yeni bir təcrübədir, bu, ölkəyə ehtiyatla yenidən qayıtmaq cəhdidir, çünki bu ölkə, xüsusilə Brodvey asanlıqla belə işğallarla barışan ölkə deyil".
Əlbəttə ki, bəstəkar Brodveydə çıxış etməyin tam məsuliyyətini duyaraq belə deyir. Amma o da var ki, “Notre dam de Pari” də hələm-hələm tamaşalardan deyil, bütün dünyada ad çıxaran, meydan sulayan bir tamaşadır. "Ginnesin Rekordlar Kitabı"na düşən müzikl 23 ölkədə doqquz dildə oynanılıb.
Hesab edilir ki, "Notr-Dam de Pari"ni artıq səhnədə canlı olaraq bütün dünyada 11 milyondan artıq insan izləyib. Ötənilki dəfə isə müzikl Linkoln mərkəzində fransızca, lakin ingilis subtitrləri ilə səsləndirilirdi.
Bu da tamaşa zalından çıxan nyu-yorkluların agentliyin mikrofonuna dedikləridir:
"Mən hər bir mahnını tanıdım, mən bütün sözləri bilirəm, hətta mənim altyazılara belə ehtiyacım yox idi. Bu inanılmaz, fenomenaldır. Biz çox şadıq ki, nəhayət, müzikl buraya gəlib".
“Müzikl yalnız ümidləri doğrultmadı, hətta mənim gözləntilərimi də xeyli üstələdi”.
“Mən "Notr-Dam de Pari"yə ikinci, hətta üçüncü dəfə də getməyi planlaşdırıram. Hesab edirəm ki, aktyor heyəti sadəcə parlaqdır. Onlar bu tarixi hadisəni həyata məhz mənim gözlədiyim kimi, 100 faiz dəqiqliklə pərçimlədilər. Təqdimatdan çox məmnunam".
Qeyd edək ki, ümumən, Nyu-Yorkda on iki tamaşa nümayişi planlaşdırılmışdı. Biletlər uçurdu, tapmaq olmurdu.
Sonda bir gün Bakıda da "Notr-Dam de Pari"yə tamaşa etməyə olan ümidlərimizi izhar edək.
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
ƏN YENİ POEZİYA - Vüsal Oğuz, “Unutmaq çətin…”
“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:
Getmək ayaqdan deyi
ürəkdən başlar...
Sonra...
sonra gözdən süzülər yaşlar...
hə, bir də əllərin bir-birinə
kilidlənər....
sankı arxasınca əl açmayasan,
yalvarmayasan deyə....
Unutmaq yaddaşdan deyil
Gözlərdən başlar...
Onunla keçdiyin küçələrdə
O gözünə göründükcə
Unutmuş sayılmazsan...
Vurulmaq təcrübəsizlərin
Sevmək təmizlərin
Ayrılmaq çarəsizlərin
Unutmaq peşəkarların işidir..
Unutmaq çətin işdir, hocam
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ağrı” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Ağrı...” şeiri ilə.
Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair.
“Göydən təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Dedim bizə gün ağlasın-
Ağlayıb göz yaşı verdi...”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Göydən təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Dedim bizə gün ağlasın-
Ağlayıb göz yaşı verdi...
Sizin evdən "sən "istədim,
Tanrıdan vətən istədim.
Yaxşı bir düşmən istədim -
Pis qohum-qardaşı verdi.
Bir bəxt verdi boynuburuq,
Ümid verdi qırıq-qırıq.
Baxıb gördü darıxırıq
Qəm adlı sirdaşı verdi.
Bura şeytan dərəsidi,
Bu ki, iblis mərəzidi.
Bu nə mizan-tərəzidi-
Bunu hansı naşı verdi?
Göndərdi zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi...
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
“Bir azdan Ay doğacaq” – İsa Muğannanın nəvəsi Səmanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı İsa Muğannanın nəvəsi Səma Muğannanın hekayəsini təqdim edir.
“Qəlbindən silsən də, tale, alın yazısı insanın ən böyük düşmənidir, çünki heç vaxt silinmir”....
Reyhanın kənarı yanmış dəftərində nə qədər gizli arzular, tükənməz sevgi varmış. Əgər o gün, məhz təqvimdə yazılan o tarixdə Reyhan Muradı bağışlasaydı, onlar xoşbəxt olacaqdı. Bu küçədə, bu otaqda Reyhanın qoxusu dolaşırdı. Dəli olan Murad Reyhanın qoxusunu kənardan qoxulayırdı. Dəli-divanə olduğu bu eşq onun qəlbinə ağır bir silah kimi tuşlanmışdı.
Şəkillər kimidir sevgi. Bir foto çəkdirərsiniz və bütün sevginizi o şəkilə ərmağan edərsiniz. O şəkil paralana, cırıla, hətta yanıb kül ola bilər, ancaq bilirsinizmi ki, hər foto məhv olarkən onun içindəkilər də məhv olar? Açarla qapını açırsınız. Kilid açılır. Bəs fotoların kilidi nədir? Sevgi. Sevgi şəkillərin ən böyük kilididir. Bu kilidi açıb qazanmaq üçün yalnızca bağışlamaq lazımdır. Bəs, Reyhan Muradı bağışladımı? Nə zaman? Yaxın əyləş, əziz oxucum! Mən söyləmişdim axı, mənim hər günüm filmdir. Gəl bu filmi birlikdə izləyək...
Axşam saat 21:00 radələri idi. Soyuq, qüssəli payız elə bil bu dərdləri vücuduna don geymişdi. Reyhansa evdə tək-tənhaydı. Stolun üstündə isti çay, yanan şam və dəftəri vardı. Nə edə bilərdi başqa? Onun da tək təsəllisi bu idi...
Birdən qəfildən qapı döyüldü. Diksinərək ayağa qalxıb qapıya keçdi: -“Kimsiniz?” deyə fısıldadı.
-Mənəm, Murad. Reyhan, qapını aç, xahiş edirəm!
-Rədd ol, sənin kimi birisini tanımıram. Çıx həyatımdan!
-Xahiş edirəm, ölürəm. Son nəfəsimi sənin qollarında təslim etmək istəyirəm.
-Çıx get dedim!
-Qapını açıb baxsan, görəcəksən ki, həqiqəti deyirəm!
Reyhan tərəddüd içindəydi. Düzmü deyirdi? Qapını açsınmı? Bu, tilsimi məhv edəcəkdimi? Açar kilidi açıb Reyhanla Muradı birləşdirəcəkdimi? Sualların cavabı Reyhanda idi, ancaq Reyhan özü də qaçırdı bu suallardan. Bilirdi, bilirdi ki, açarla açılan bütün qapılar hər zaman xoşbəxtliyə aparmır.
Açar sevginin düşmənidir, əziz dost. Qıfıla bənzəyir. Bizim taleyimizdəki nöqtələri bir-birinə doğru açmır, əksinə, bağlayır...
Reyhanın son qərarı qapını açmamaq oldu. Göz yaşlarına hakim ola bilmirdi, ancaq onun göz yaşlarını heç kəs duymurdu, yalnız Muraddan başqa...
-Reyhan, bilirəm ki, yenə göz yaşlarına boğulmusan. Aç qapını, danışaq.
-Mən sənə bir damla da göz yaşı tökmərəm! Yetər!
-Bəs niyə susursan?
Murad çox yaxşı bilirdi ki, Reyhan susduqda göz yaşlarına boğulur. Həmişə çiyinlərində ağlayan qadın indi ona üz çevirmişdi. Əslində, bu göz yaşları Reyhanın deyildi, bunlar Muradın həyat hekayəsinin damla-damla yığılan və səhifələrində quruyub ölən çiçəkləri idi. Sevgi şəkilə bənzədiyi kimi göz yaşlarına da bənzəyir. Damla-damla dolur və sonunda yaşaya bilməyib tərk edir bu fani dünyanı, insanları da.
-Açırsan qapını? Ölürəm axı.
-Sən ölən deyilsən. Boş sözlərdir.
-Yalvarıram, Reyhan, aş qapını. İnan ki, son nəfəsimdir.
-Murad, sənin simanı görmək bir yana, sənin səsini belə duymaq istəmirəm!
Xənçər kimi ürəyinə batan bu sözlərdən sonra Murad daha səs gəlmədiyinin fərqində oldu. Duydu ki, Reyhan daha qapının əks tərəfində deyil.
Reyhan isə çaşqınlıq və həyəcan içində stola tərəf yaxınlaşanda ehtiyatsızlıq etdi, isti çay üstünə dağıldı və yanan şam dəftərin üzərinə düşdü. Reyhandan qəfildən bir qışqırıq qopdu. Ardınca o, hönkürtü çəkdi. Bütün taleyi o dəftərə bağlı idi, ancaq indi dəftərin kənarı yanmışdı.
Bununla belə, elə bir hiss vardı, sanki Muradın da əcəli onu qapının dalından aparmağa gəlmişdi...
-Muraaad!
Səs gəlmədi. Reyhan daha dözə bilməyib qapını açdı. Murad divara söykənmiş haldaydı. Demə yağış da yağırmış, Murad yağışın altında islanmışdı. Nəfəs almırdı, ancaq simasında qəribə təbəssüm vardı.
Reyhan onu qollarının arasına alıb:-“Muraaad, Muraaad” deyə səslədi. Səs gəlmirdi. Sadəcə Reyhana gülümsəyən bir sima vardı orada.
1 il sonra....
Reyhan yenə də otağında dörd divarın bir küncünə sığınıb ağlayırdı. Bir il boyunca Reyhan bu cür yaşamışdı? Bəli. Gözlərində kainata sığmayacaq sevginin kədərli baxışları yatırdı, ancaq Reyhanın göz yaşlarıyla birgə onlar da oyanmışdı. Səssizcə gəzinən körpə onun göz yaşlarını silər və yenə “tənhalar ölkəsinə” qayıdardı. Qapı döyüldü. Kim gəlmişdi? Bilinmirdi. Dəfələrlə Reyhanın qapısı çalınmış, ancaq o, Muradı itirdikdən sonra bir dəfə də olsun geriyə dönüb baxmamışdı. Qapını bu dəfə açarla deyil, qıfılla bağlamışdı. Çıxmayacağı otağın qapısını nə ilə bağlayacağının fərqində idi.
Reyhana xatirə qalan yalnız Muradla olan fotoları idi. Hər dəfə şəkillərinə baxdıqda göz yaşlarını saxlaya bilməz və onlarla söhbətləşərdi...
Başlıqda qeyd etdim ki, sevgi şəkillər kimidir. Şəkillər də gizlənər. Sevdiyiniz insan həyatımızda oldu, olmadı sizi həmişə izləyər. Bəs yanan dəftərçə? Niyə məhz o gün şam o dəftərin üzərinə dağıldı və niyə dəftərin yalnız kənarı kül oldu? Niyə onun kül olmasıyla birgə Murad da fani dünyadan köç etdi? Çünki şam da insan ömrü kimidir.Yanarkən sönər, alovlanarkən üsyan edər.
Bəs bu dəftərçənin günahı idi? Bu yaşananlara şahid olmasımı?
Şahid olduğumuz hadisələr filmə bənzəyə bilər, ancaq insan taleləri film deyildir. Qatar kimi gəlib keçər...Yolda olan qatar yenə gecikdi. Sizə Reyhanın Murada yazdığı son məktubunu oxumaq istəyirəm. İndi Reyhan haradadır? Sualın cavabını məndən soruşmayın, çünki yoxdur. Mən tale izlərini izləyərək qələmə aldım. “Tənhalar ölkəsindən” iki sevdalı da köç edib getdi...
“Gecədir. Bir azdan Ay doğacaq”...
Murad, bu sənə son məktubumdur. Bəlkə də səhv edirəm sənə yazmaqla, ancaq sən bu məktubu oxuduqda mən burada olmayacam. Mən “Tənhalar ölkəsini” bir azdan tərk edirəm, Murad. Bir azdan taleyimdə gizlənmiş bütün sirrləri göz yaşlarım yuyub apardıqda mən də çiyinlərimə yeni yükləri alıb gedəcəyəm. Bu sənə sevgi mesajı deyil. Bəlkə də bu məktub başqa birisinin əlinə keçərsə, o da elə düşünər, ancaq bu bir əlvida məktubudur. Məni bilirsən, təsadüfləri sevmədiyim kimi əlvidaları da sevmirəm, ancaq qərarım qətidir. Bəlkə bir gün səni bağışlayacam, amma bu, yalnız sonsuz kainatda olmayanda baş verəcək. Bəlkə bir gün göz yaşlarım səni bağışlayacaq. Nə bilmək olar? Mən tale yüklərimi çiyinlərimə alıb gedirəm. Bir azdan sən doğulacaqsan. Axı gecədir. Bax, Günəş bir neçə saat öncə qürub edib. Günəş axı mənəm, Murad. Sənin hər səhər səbirsizliklə oyanıb gözlədiyin doğmayan Günəşin... O Günəş heç vaxt doğulmadı. Tanrının hüzurunda sənə əlini uzatsa da, doğulmadı. Bəlkə də sən onun əlini tutsaydın, o doğulacaqdı.
Murad, sənin sevgini, sənin özünü, duyğularını çox yaxşı bilirəm, əzizim. Sadəcə bizim alın yazımız buna icazə vermədi. Həmişə, yadındadırmı, deyirdim ki, insanın ən böyük düşməni tale nöqtələri və alın yazısıdır? Çünki onlar bizim əlimizdə deyil təəssüf. Biz onları idarə edə bilmirik. Onlar xəritədə yollarını itirərlərsə, bizi qurban verərlər. Verdilər. Noldu? Ayrıldıqmı? Əlbəttə ki, yox! Sadəcə bu fani dünyada qovuşmaq bizə qismət olmadı. “Qovuşmaq” sözü bilirsən necə ağırdır? Çünki göz yaşları olan yerdə qovuşmaq deyə bir şey yoxdur! Mənim göz yaşlarım damla-damla axdı, ancaq sonunda sel oldu. Xəritədə yollarını itirdilər. Səni itirdilər. Mən səni, sən məni itirdin. Hamısı bilirsən niyə? Göz yaşlarıma və açara görə.Talelərimizi birləşdirən açar qapalı qapıların kilidini açmadı. Bəlkə də mən açsaydım, bu belə olmayacaqdı. Nə açar, nə də sən izin verdin. Ola bilər ki, bu yazını oxuduqda məni günahkar hesab edəsən, ancaq günahkar mən deyiləm! Nə mən, nə o kimsəsiz körpə! Mən dəli olmuşam artıq, sən görmürsənmi? Ölü bir insana məktub yazmaq da nə demək? Yenə qapını açarla kilidləmişəm və qarşımda əriyən şamla, kənarı kül olan dəftərçəm mənə baxır. Hər gecələri və hər səhər tezdən bir uşaq gəlir yanıma. Balaca qızcığaz. Məni bəzən əzizləyir, bəzən boğmağa çalışır. Məni incidir və hər dəfə sənin ölümünlə bağlı məni günahkar hesab edir. Bu uşaq kimdir, Murad? Nolar axı, Murad, əvvəl yuxularıma gəldiyin kimi yenə gəlsən? Dərdlərimə dərman olsan? Ancaq sən də qaçırsan. Bilirəm, əzizim, günahkar sən deyilsən, amma bil ki, mən də deyiləm! Günahkar tale nöqtələri alnımıza yazılan alın yazımızdır! Necə ki, təqvimdəki tarixləri, yaddaşımızdakı düşüncələri silib ata bilmiriksə, eynən onlar da elədir. Görürsən bir-birlərinə necə bənzəyir? Bu fani dünyada bir-birinə zidd olan yalnızca gündüz-gecə, Günəş və Aydır! Mən qürub edən Günəş, sən gecənin ən səssiz zamanında doğulan, işıldayan Ay...Ulduzların içində tənha deyilsən, əzizim, əksinə, daha çox xoşbəxtsən. Sənin xoşbəxtliyin mən deyiləm, Murad. Mən qürub edən Günəşəm... Həm taleyində, həm də yaddaşında. Yalnızca qəlbində səhərlərinin aydınlanan Günəşiyəm...
Əlvida, əzizim. Mən “Tənhalar ölkəsindən” göyərçin kimi köç edib gedirəm. Gözlərini qırılmış qanadlarımla örtüb gedəcəyəm, narahat olma. Bu dəfə salamat qal deyil, “əlvida” deyirəm...
Gecikən qatar tez gəlsə də, burada bir cəsəd yatırdı. İnsanlar bu cəsədin üstündən atlayıb keçirdi. Kimiləri ağlayırdı, kimiləri təəccüb içindəydi, kimiləri də qaçırdı “Tənhalar ölkəsinin” gecikən qatar stansiyasından.
“Gecikən qatar” stantiyasında cəsəd tapıldı! Reyhan adlı bir şəxs.Yaxınları haradadır?
Heç kəs bu sualın cavabını bilmirdi, amma bütün qəzetlər Reyhandan danışırdı. Bütün qəzetlərdə Reyhanın şəkilləri vardı. Demək, Reyhanın düşmən bildiyi alın yazısı yenə də ona oyun oynamışdı, ancaq bu dəfə tək “alın yazısı” deyil, şəkillər də bu oyunda qalib gəlmişdi. Bəzən şəkillər də acımasız ola bilirmiş...
Reyhanın qapısında yatan Muradın cəsədi, “gecikən qatar” stansiyasında isə Reyhan. Bu dəfə tale nöqtələri onları o biri dünyada qovuşduracaqdımı? Bəs, qürub edən Günəş və gecənin səssizliyində doğulacaq Ay harada idi? Bəs, Reyhanın göz yaşları?
Hər şey dayanmışdı. Neçə-neçə insan “Tənhalar ölkəsindən” qaçırdı. Demək olar ki, heç kəs qalmamışdı. Tək qalan Reyhanın gözlərində qurumayan göz yaşları idi. Son damlası da gözlərində qurudu Reyhanın...
Hamının cəsəd kimi gördüyü bu iki sevdalı, əslində, ruhlarını təslim etmişdi Tanrıya. Payızın da soyuq vücuduna geyindiyi don kimi onlar da vücudlarındakı sevgini Tanrıya təslim etmişdilər. Əcəl gəldikdə isə onların yalnız soyuq, çürümüş vücudlarını aparmağa gəlmişdi. Heç kəs..Heç bir insan bu iki sevdalının yaşadıqlarını bilmədi.Bu hadisələrin şahidi yalnız şam,süfrəyə dağılan çay və kül olan dəftər oldu...
Reyhanın ayaq izləri “gecikən qatar” stansiyasına kimi davam edirdi. Qatar dayanmış, amma ayaq izləri silinməmişdi. “Tənhalar ölkəsinə” qar da yağdı, çovğun da başladı, lakin bu ayaq izləri silinmədi. Artıq “Tənhalar ölkəsində” heç kəs qalmamışdı, zatən burada yaşaya da bilməzdilər. Burada yalnızca yaşayan Murad və Reyhanın ruhu idi. Bu iki ruh da ayrı-ayrı evlərdə dörd divara qapanmışdı.
Doğru, bəlkə də onlar bu dünyada qovuşmadı, lakin Tanrı onları öz yanına aldı.. Onların sevgisi çəkilən şəkillərdə hələ də yaşayır.
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
Şəhidlər barədə şeirlər - Ramil Yusifzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ramil Yusifzadə
Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəm adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Futbol müəllimliyi” ixtisasına qəbul olmuşdur.
2019-cu ildə Akademiyanın məzunu olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin sonda qarşı tərəfin açdığı artilleriya mərmisinin hədəfə dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Elə indi atanla,
Ananla da danışdım.
O ürəyi od tutub,
Yananla da danışdım.
Soruşdum ki, ay ana,
Oğul şəhidi nədir?
Dedi, bala, soruşma,
Ürəyimi göynədir.
Dedim ki, Ramil deyən
Damı tikmisinizmi?
Qaranlıq arzulara
İşıq çəkmisinizmi?
Dedi, bala, tikəcəm,
Onun dediyi kimi,
Hər şeyi düzəldəcəm
O istədiyi kimi.
Beləcə gedir, şəhid,
Burda olan olubdu.
Sən gedəndən ananın
Dili də tutulubdu.
Atan da susur indi,
Şəklinə baxan atan.
Göz yaşı üz-gözünə
Axdıqca axan atan.
Bəs, orda sən necəsən,
Bu soyuq havalarda?
Sənin qışın necədi,
Məzar daşın necədi?
Necədi cənnətinin
Havası indi, şəhid?
Soyuqmu şəhidliyin
Yuvası indi, şəhid?
Sənə səslənirəm mən,
Ey savaş meydanında
Peyğəmbərim Nuh şəhid!
Sənə səslənirəm mən,
Ey müqəddəs ruh şəhid!
Sənə yalvarıram mən,
Lap istəyirsən məndən
Tanrıya şikayət et!
Bircə dəfə en yerə,
Mənim cismimi geyin
Ananı ziyarət et.
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - “Göy məscid”
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Göy məscid (Hüseynəli xan məscidi)
İrəvan xanı Hüseynəli xan xeyirxah, ədalətli birhökmdar idi. Öz vətənini canından da əziz tutar, daimxalqı üçün faydalı işlər görməklə insanların rahatlığınıfikirləşərdi. Xanlığın güclənməsində Hüsеynəli хanınəvəzsiz хidmətləri olub. O həm də öz siyasətiyləİrəvanın tam müstəqilliyinə nail olub, qonşu dövlətlərləsülh şəraitində yaşayırdı.
Bir gün Hüseynəli xan insanlar üçün yeni məscidtikmək qərarına gəldi. İnsanların buradaməskunlaşmasından artıq min illər ötdüyündən çoxböyük bir məscidə ehtiyac var idi. Odur ki, ən yaxşıustaları sarayına dəvət edib, məscidin tikilməsinəgöstəriş verir. Bacarıqlı ustalar qaya daşlarını yarıbməscidin divarlarını hörürlər. Məscidin günbəzinintikilməsi vaxtı çatanda şəhərin kənarında bitənağacların günbəz üçün uyğun olmadığı üzə çıxır. Bu ağacların boyu çox qısa idi. Məscidin tikilməsinəbaşçılıq edən axund sıldırım dağların ətəklərində bitənşam ağaclarını gətirmək üçün qolu güclü qırx cavanseçir. Əmr olunur ki, hərə ən iri, hamar şamağaclarından birini kəsib gətirsin. Gənclər əmri yerinəyetirirlər, lakin onları şəhərin Təpəbaşı deyilənyüksəkliyinə qaldıra bilmirlər. Bu vaxt mollalarcavanların ağacları necə təpəbaşına çıxaracaqlarınıfikirləşirlər, amma çarə tapa bilmirlər.
Hüseynəli xan bütün yaşlı və müdrik adamları sarayınhəyətinə toplayır, bunu necə edəcəklərini soruşur. Heçkimdən səs çıxmır. Yalnız bir uşaq: “Qoy aşıqlar qopuzçalıb şam ağacını aparanlardan qabaqda getsinlər, oxusunlar, odunçular bundan ruhlanıb onların ardıncagedər”. Uşağın bu təklifi xanın ürəyincə oldu. Xan: “Məni istəyənlər uşağa xələt versin”- deyib uşağıalqışlayır.
Möcüzə baş verir. Bir şam ağacını güclə qaldırangənclərin opuzun, qara zurnanın sədaları altında güclərion qat artır, hərə bir şam ağacını çiyninə qoyub deyilənyerə aparırlar. Tezliklə məscidin günbəzi üçün buağacları yonub göy rəngli kaşılı kərpiclə üzləyirlər. Məscidin həyətində fəvvarəli daş hovuz tikib, ətrafınasıx kölgəli ağaclar əkdilər.
Məscid tikildi. Hüseynəli xan gəncləri alqışladı. Qırxgün, qırx gecə məsciddə ehsan verib, kasıbların qarnınıdoydurdu.
Qədim türk-oğuz yurdu İrəvənda salınmış Göyməscid 1760-1768-ci illərdə Nəcəfqulu xan Qacarınoğlu Hüseynəli xanın hakimiyyəti dövründə inşaedilmişdir. Bu məscid xalq arasında Göy məscid, yaxud Hüseynəli xan məscidi adlanır. Məscidin adıonun kərpicinin göy rəngdə olması ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(18.07.2024)