ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya. 

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Siqaret 

 

Bir çimdik tütünə dönüb,

siqaret kağızına bürünüb

yanına gəlsəm...

Əlində kirisəm...

Sıxıb məni barmağının arasında

O üz-bu üzə çevirsən...

Yandırsan məni kübritinlə...

Saçlarına, köynəyinə hopsam...

Barmaqların toxunsa kağız paltarıma...

Nəfəsinə keçib sevilsəm-sevinsəm...

Çəksən qoxumu ciyərinə...

Təpəmdən şıxan tüstüdən dadsan...

Axırda söndürməkcün yanğımı

kötüyümü külqabıya uzadarsan...

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

 

Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-iyun dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.

Agentlikdən AzərTAC-a bildirilib ki, bülletendə Dövlət Turizm Agentliyinin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.

İctimaiyyəti məlumatlandırmaq məqsədilə ildə 2 dəfə olmaqla, 6 aydan bir bülleten dərc olunacaq və qurumun rəsmi veb-saytında “Xəbər bülleteni” bölməsinə yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 16:45

GÜLÜŞ KLUBUnda Burkina-Faso deputatları

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Anekdotı.ru saytında bilmirəm ermənilər çoxdurmu, amma bu dəfəki lətifələrin birində iddia edilir ki, guya pivənin tətbiqi barədə ilk dəfə eradan əvvəl Ksenofont söz açıb və məkan olaraq da Qədim Ermənistanı göstərib. 

Hər şeydən qurtarıb indi də çər dəymişlər pivəni erməniləşdirirlər. Bir soruşan gərək, ay köpək uşağı, konyakı dediz, azacıq inandırıcı oldu, çünki babat konyak istehsal edə bilirsiz. Amma siz hara, pivə hara? Ayıbdır vallah!

 

2.

Qapalı dairəyə, labitintə düşəndə pessimist yerindəcə ölür, optimist isə qaçaraq ölür. 

 

3.

Üçüncü oxunuşda Burkina-Faso deputatları qanuna düzəliş etdilər. Səkkizinci maddə “Oğurlama” idi, indi o, “Ələ keçmə” şəklini aldı. 

 

4.

Sən onu bahalı restoranlara aparırsan, ən dadlı təamlardan yedirdib ən bahalı içkilərdən içirirsən, sən ona bütün əməkhaqqını xərcləyirsən. O isə sonda imtina edir. Bax belə qədirbilməzdir sənin qaraciyərin. 

 

5.

-Doktor, mən Balzak yaşlı qadınları sevirəm, bu normaldır?

-Siz manyaksız sadəcə. Balzakın yaşı 200-ü keçib e, ay binəva!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 16:16

Rəsm qalereyası: Lyusiya Sarto, “Balerina”

Rəsm qalereyası: Lyusiya Sarto, “Balerina”

Cümə axşamı, 15 Avqust 2024 15:56

Günün fotosu: Dünyanı gözəllik xilas edəcək

Günün fotosu: Dünyanı gözəllik xilas edəcək

 

Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Əlbəttə, dünyanı məhz gözəllik xilas edəcək.

Bu əsrarəngiz mənzərə bir rəssam fırçasından çıxmayıb. Bu, İtaliyanın Komo gölünün sahilidir. O qədər gözəl, o qədər ruhaqidavericidir ki, saatlarla oturasan və tamaşa edəsən. Elə bu yay günlərində dünya turistlərinin bura axını da bu səbəbdəndir. 

Paylaşımı sizin üçün “The most beautiful areas in the world” platformasından iqtibas etdim. 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Narinc şirəli hinduşka mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun! 

 

 DÜSTUR 

§ Hinduşka – 200 qr

§ Qırmızı soğan – 30 qr

§ Ərinmiş kərə yağı – 20 qr

§ Narınc (portağal) – 60 qr

§ Qoz – 15 qr

§ Badam – 15 qr

§ Ərik qurusu – 15 qr

§ Sarı gavalı – 10 qr

§ Zəncəfil (təzə) – 10 qr

§ Sarıkök – 0,1 qr

§ Mərzə qurusu – 3 qr

§ Göyərti – 8 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Hinduşkanın xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, böyük tikələr yarıya bölünür, yuyulur, təmizlənir və suda qaynadılır. Qaynadıqda kəfi yığılır. Ət yarıdan çox – 60-70% bişdikdə sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Qalın çuqun tavada (və ya mis teştdə) yağ əridilir, hinduşka tikələri yağda qızardılır. Sonra halqa şəklində doğ- ranmış soğan əlavə edilir və birlik- də qızardılır. Soğan qızarana yaxın duzlu qaynar suda isladılmış, qabığı təmizlənmiş badam, qaynar suda isladılmış qoz ləpəsi, yarıya bölünmüş ərik qurusu, tumu təmizlənmiş al- buxara, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş zəncəfil, mərzə quru- su əlavə olunur. 4-5 dəqiqə tovlanır. Sonra sıxılmış narınc şirəsi əlavə olunaraq, 6-8 dəqiqə bişirilir. Vam odda 8-10 dəqiqə qalır, hazır olduqda ocaq- dan götürülür və 5 dəqiqə yer dəmi alır. Boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Plov və çilovlarla da verilə bilər. Bişmə müddəti 1,5 saatdır.

 

QEYD: Mütəncəmin bişmə müddəti hinduşkanın qoca və ya cavan olmasından asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 10:28

BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bu pulun olmayan vaxtı,

deyirəm, noola, bircə dəfə

yeyib-içəsən, deyələr

hesabı şeirnən ödə...

Ömrün-günün qara vaxtı,

şeiri bir bəyaz boya san...

Bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan...

(Ruslan Dost Əli)

 

Gənc şairimiz, sözün gücü nə ilə müqayisə edilə bilər?  

 

CAVAB

Sözün düzü, sözün gücü müqayisə olunmazdı...

Qolun gücü ilə qalib gələ bilmədiyin adamları sözün gücü ilə qatlayıb dizinin altına qoya bilərsən...

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin sözləri yadıma düşdü:

“Bul zaman bilekke senetin zaman emes, bilimqe senetin zaman”.

Yəni hazırki dövr biləyin yox, elmin, biliyin gücünə inanmaq dövrüdür…

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində avqustun 13-də  Bakıda növbəti konsert tədbiri keçirildi. 

 

BAŞLANĞIC

Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri, Kəlağayı Ev Muzeyini direktoru Güllü Eldar Tomarlı açaraq, tədbir iştirakçılarını salamladı, şəhidlərimizin əziz xatirəsi anıldı, dövlət himni səsləndrildi, tədbirin mahiyyəti haqqında məlumat verildi. 

İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihəyə maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.

 

GÜLLÜ ELDAR TOMARLININ ÇIXIŞI

O, çıxışında dedi: “Qeyd edim ki, mədəni irsimiz geniş təbliğ olunaraq, gələcək nəsillərə ötürülməlidir. 2014-cü ilin noyabrında YUNESKO-nun qeyri- maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element - “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi'' daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə kəlağayımız beynəlxalq səviyyədə tanınır. Bu gün gənclərimizin kəlağayıdan geniş istifadəsi bizə əsas verir deyək ki, artıq təbliğatımız öz bəhrəsini verir. Kəlağayımız  həm mədəniyyətimiz, həm tariximiz, həm də yaraşığımızdır”.

 

VÜSAL SEHRANOĞLUNİN ÇIXIŞI

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu isə çıxışında dedi: “Bizim həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Milli dəyərlərimizə maddi dəstək ayrıldığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm. 

 

MUSİQİ ƏRMAĞANI

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı, toy-düyünlərimizdə bu gün də  istifadə olunmasını qeyd etdi və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.

Daha sonra  qazi Taleh Əliyev, Dədə Ələsgər  Ocağı İB-sədri Xətai Ələsgər,  məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnologiya şöbəsinin  toxucusu Rəna Süleymanova, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, gənc müğənni, cənublu soydaşımız Arif Mehmandost, Azərbaycan-Ukrayna Beynəlxalq alyansın sədri Elmar Məmmədov, Səudiyyə Ərəbistandan qonaq olan həkim, şair Nigar Xəlilova, Misirdən Səbinə Səmədova, “Milli Mədəniyyətin təbliği'' İB-nin sədri Jalə Cəfərova, aşıq Məhəmməd Xanoğlan Təbrizli, aşıq Cavanşir Quliyevin rəhbərlik etdiyi ''Qarabağ'' aşıq qrupu sazlı, sözlü musiqilərlə, şeirlərlə, maraqlı çıxışlarla məclisə xoş ovqat bəxş etdilər.

Kəlağayı təntənəsi isə bitmədi, hələ davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 14:29

Dahi Füzulinin büstü sanki canlıdır

Könül, “Ədəbiyyat və incəsənət”

 

Tanınmış gənc heykəltaraş Elxan Zeynalov dahi şairimiz Məhəmməd Füzulinin büstünü hazırlayıb. 

Onun bütün digər əsərlərinə xas çalarlar burada da öz əksini tapıb. İnsan xarakterinin daşdan ibarət simada canlanması - əlbəttə ki, bunu hər heykəltaraş bacarmaz. Buna xüsusi istedad lazımdır. Eyni zamanda öz üzərində daim çalışmaq!

Elxanı Füzulinin büstünü yaratmağa şairin ən məşhur “Məni candan usandırdı…” qəzəli vadar edib:

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? 

 

Elxan Zeynalov bizimlə söhbətində yaratdığı möhtəşəm əsərə belə şərh verdi: “Dahi Füzuliyə həsr etdiyim bu portretdə əsərlərindəki ruh halını simasında göstərməyə çalışdım!”

 

Uğurlar, Elxan bəy. Əminik ki, bu dəyərli işinizə layiqincə qiymət verilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 13:37

TANINMIŞ SUMQAYITLILAR - Elnarə Akimova

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət

 

Məşhur rubrikamızda növbəti tanınmış sumqayıtlını təqdim edirəm. Bu təqdimat xüsusən faydalı olacaq. Bildiyiniz kimi, sentyabrın 1-də Milli Məclisə növbəti seçkilər günüdür. Sumqayıtdan olan namizədlərdən biridir həm də təqdim etdiyim bu şəxs. Söhbət Elnarə Akimovadan gedir. Alim, yazar, hakim partiyanın fəalı, təəssübkeş bir xanımdır Elnarə xanım. Həm də sadədir, demək ki, hər bir seçicisi üçün övlad, ana, bacı olacaq. Namizədliyi 46 saylı seçki dairəsindəndir.

 

ƏDƏBİ PROBLEMLƏRİN ARAŞDIRICISI

Elnarə Akimova 1990-cı illərin sonlarından etibarən ədəbi mətbuatda çıxışlar edir. Müasir ədəbiyyatın elə bir  problemi yoxdur ki, Elnarə Akimova o barədə məqalə yazmasın: ədəbi tənqidimizin 90-cı illər mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində", şeirimizin son iyirmi ilinin inkişaf perspektivlərini, həm uğurlu, həm də bu inkişafa ziyan gətirən məqamlarını "Çağdaş poeziya və ədəbi təmayüllər", müasir tənqidimizin toxunduğu problemlərdən söz açan "Yeni təfəkkür və ədəbi tənqid", “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” kitabları, həmçinin ədəbiyyatımızın yaradıcılıq problemlərinin müxtəlif məqamlarına işıq salan, dəyərli ədəbiyyat xadimlərininədəbi irsini tədqiq predmetinə çevirən digər kitablar və sayı-hesabı bilinməyən onlarla məqalələr Elnarə Akimovanın qələmindən çıxıb. 

 

UŞAQ ƏDƏBİYYATI MÜTƏXƏSSİSİ

Elnarə Akimova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. İllərdir uşaq ədəbiyyatının problemləri ilə məşğul olur, müxtəlif forum və iclaslarda uşaq ədəbiyyatı, dərsliklərin vəziyyəti ilə bağlı ardıcıl çıxışlar edir. 

 

İCTİMAİ MÖVQE SƏRGİLƏMƏSİ

Ümumiyyətlə, Elnarə Akimova televiziya məkanında, mətbuatda, müsahibələrində təkcə ədəbi yazıları, fikirləri ilə görünmür, eyni zamanda ictimaiyyəti narahat edən problemləri qabartmaqla ziyalı mövqeyi nümayiş etdirir. Bu çıxışların hər biri ilə “youtube.com” platformasında tanış olmaq mümkündür.

 

AKADEMİYANIN FƏALI

Elnarə Akimova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəal əməkdaşlarından biridir, müasir ədəbiyyatla bağlı keçirilən bütün müzakirələrdə onun düşüncələrinə xüsusi önəm verilir. Hər il İnstitutda keçirilən və ilin ədəbi yekunlarına həsr olunan elmi yaradıcılıq müşavirəsində poeziya haqqında, ilin ədəbi yekunları haqqında məruzələr ona tapşırılır.

 

MƏŞHURLARIN YÜKSƏK RƏYİ

Elnarə Akimovanın peşəkarlığı, professional hazırlığı göz qabağındadır. Onun yazı tərzi, fərdi üslubu əsasən elmi təfəkküründən güc alır. Onun haqqında ölkənin ən güclü alimləri, akademikləri, yazıçıları – İsa Həbibbəyli, Nizami Cəfərov, Kamal Abdulla, Anar, Elçin, Azər Turan, Teymur Kərimli, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Bədirxan Əhmədli, Məti Osmanoğlu, Mətanət Vahid və başqaları fikir söyləyib, məqalə yazıblar. 

 

PARTİYADA SEÇİLMƏSİ

Elnarə Akimova Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Dörd ilə yaxındır ki, burada ideoloji məqalələrlə çıxış edir, ölkənin siyasi həyatında baş verən proseslərə ayıq və çevik münasibət göstərir. Elnarə xanım ideoloji dürüstlüyü ilə hər zaman seçilmiş, vətənpərvərlik amilini uca tutaraq yaşamışdır. Onun yaradıcılığında vətən amilinə xidməti ilə seçilən fədakar ziyalılarımızın irsinin tədqiqi xüsusi yer tutur. 

 

HƏYATI

Elnarə Seydulla qızı Akimova 28 yanvar 1978-ci il tarixində Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili almışdır. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. Həmçinin “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

FƏALİYYƏTİ

2001-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir.

2011-2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü olmuş, 2012-2016-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini kimi çalışmışdır.

2015-cü ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.

 

KİTABLARI

On altı kitabın müəllifi və həmmüəllifidir. Onlardan 10-unun müəllifi (“Azərbaycan ədəbi tənqidi müstəqillik illərində” (2009), “Yeni təfəkkür və ədəbi tənqid” (2013), “Çingiz Aytmatov – türk ruhunun qələbəsi” (2013), “Çağdaş poeziya və ədəbi təmayüllər” (2016), “Bəxtiyaram Mən (Bəxtiyar Vahabzadə haqqında (Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə). Tərtibçi, ön sözün müəllifi)” (2016), “Müslüm Maqomayev” (2018), “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” (2019), “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda (Elnarə Akimovanın təqdimatında)” (2019), “Uzun, incə bir yolda (Azər Turan ömrü)” (2021), 6 kitabın həmmüəllifidir. 600-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.  Bu yazılarda müasir ədəbiyyatımızın yaradıcılıq problemləri, klassik və çağdaş şəxsiyyətlərimizin həyat və yaradıcılığı, gənc yazarların bədii mətnləri elmi-nəzəri düşüncənin predmetinə çevrilmişdir.

 

MÜKAFAT VƏ TƏLTİFLƏRİ

Çox sayda beynəlxaq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmişdir. Məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şans” nominasiyası” (2013), “AMEA Rəyasət heyətinin "Fəxri fərman"ı (2014), “AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin "Fəxri fərman"ı (2015), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin gənc alimi" mükafatı” (2015), “Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə mükafatı" (2016),  “Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatı” (2018),  “APA Holdinq "Kulis.az" saytı”nın “İlin tənqidçisi” mükafatı (2019), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı” (2019),  “AMEA-nın Rəyasət Heyətinin “Fəxri fərman”ı” (2021), “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” döş nişanı” (2021), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yaşar Qarayev" mükafatı  (2024) ilə təltif olunmuşdur.

27 mart 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunmuşdur.

 

HƏDƏFİ

Əsas hədəfi yeniyetmə və gənclərin elmə, maariflənməyə maraqlarının artması, uşaq ədəbiyyatının inkişafı, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsidir. Digər hədəfləri insanların maddi rifah halının yüksəldilməsi, doğma Sumqayıtın çiçəklənməsi və inkişafıdır. 

 

Saf arzudan və xoş niyyətdən yaranan bir yol tutub gedir. Yolu aydın, işıqlı olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.