
Super User
Şəhidlər barədə şeirlər – Elnur Abışov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elnur Abışov həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELNUR ŞAİQ OĞLU ABIŞOV
(01.09.1997.-07.10.2020.)
Kürdəmir rayonunun Qarasu-Şilyan kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
ELNUR, HÜNƏR QALASISAN
Necə də mənalıdır keçdiyin həyat yolu,
Səni cənnətlik etdi seçdiyin həyat yolu.
Bu diyarın düzünü, həm də dağın sevirdin,
Şirvanın, Mil-Muğanın, Qarabağın sevirdin.
Qoxmaz bir cavan idin, arzuların tükənməz,
Türk oğlu, Türk idin sən, Türkün qolu bükülməz.
Düşündürürdü səni, erməni nankorluğu,
Dünyanın lal olmağı, ölkələrin korluğu
Əsgərliyə gedəndə necə də ürəkliydin,
Vəfalı oğul idin, Vətənə gərəkliydin.
Aprel döyüşlərində sən tanıtdın özünü,
Ağartdın bu Vətənin, bu torpağın üzünü.
Orduda hamı bildi, gücünü- cürətini,
Döndün doğma Şilyana-qurtarıb xidmətini.
Evdə fikrin, xəyalın daim orduda qaldı,
Cəbhəyə dönmək üçün dərin xəyala daldın.
Həşimovun itkisi, sənə çağırış oldu,
İsti bir iyul günü sanki qarlı qış oldu.
Yuxu getmədi sənin həmin gecə gözünə,
Xidmətdə olmalıyam – söz verdin, öz-özünə.
Yenə xidmətə getdin, sən igid əsgər kimi,
İnanırdın dönməyə qalib müzəffər kimi.
Döyüşlərə atıldın, namusla, qeyrət ilə,
Məhv etdin kafirləri, böyük cəsarət ilə.
Nə qədər düşmən qırdın Talışda, Suqovuşanda,
Dostların qürurlanır, bax, səndən danışanda.
Allah sənə vermişdi bir qorxmaz cəsur ürək,
Həmişə öndə getdin, təcrübəli əsgərtək.
Dastan tək dilə düşüb, ay Elnur, igidliyin,
Səni əbədi etdi- məqamın şəhidliyin.
Sən bizim hamımızın doğmaca balasısan,
Elnur, şücaətinlə bir hünər qalasısan.
Atana söyləyirəm, qardaş, dik tut başını,
Oğlun zəhər eylədi yağıların aşını.
Elnur ilə öyünür doğma Qarasu-Şilyan,
Elnur ilə fəxr edir anamız Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)
Şlyapa Günü, Nazim Hikmət və İlza Kox
Şlyapa Günü, Nazim Hikmət və İlza Kox
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - yanvarın 15-nə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu günün əsas bayramı Vikipediya günüdür ki, haqqında ayrıca yazı vermişik. İndi isə digərlərinə diqqət ayıraq.
Şlyapa, yaxud baş geyimi günü
Dərhal yadımıza Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.
17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.
Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.
Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.
Amerikada bayram bayrama qarışıb
Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.
Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.
Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik.
Pentaqonun və “Le Figaro”nun ad günü
1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.
1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.
Nazim Hikmət, Qriboyedov, Dunayevski...
1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1952-ci ildə hazırda Azərbaycan Yazıçılar Birliyinin Nəsr seksiyasına rəhbərlik edən Səyyad Aran, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1940-cı ildə Azərbaycanın tanınmış kinoşünası Aydın Kazımzadə, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1902-ci ildə görkəmli türk şairi Nazim Hikmət, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.
“Buhenvald ifritəsi”nin taleyi
2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.
2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!
1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.
15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.
Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)
Bu gün Vikipediya günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün həyatımıza möhkəm daxil olmuş Vikipediyanın yaranışının ildönümüdür. Şəxsən biz jurnalistlər üçün Vikipediya Google ilə birgə ən vacib informasiya mənbəyidir. Amma tək bizimçünmü? Təbii ki yox. İstənilən peşə sahibi hansısa mövzu barədə ətraflı məlumat axtarınca məhz bu ünvana üz tutur.
Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı qırmızıcildli kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir.
Gəlin Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)
Hüseyn Cavidin kamera yoldaşı - ƏNVƏR YUSİFOĞLUNUN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Qasımov Ənvər Yusif oğlu 1914-cü il yanvarın 15-də Yevlax rayonunda poçt işçisinin ailəsində anadan olmuşdur.
Əslən Ordubadlı olan yazıçı İbtidai təhsil aldıqdan sonra Tiflisdə pedaqoji texnikumda təhsil almışdır.
1929-cu ildə texnikumu bitirmiş, 1930-cu ildə əmək fəaliyyətinə Gürcüstan KP MK-nın orqanı “Yeni kənd” qəzeti redaksiyasında ədəbi işçilikdən başlamışdır.
“Bir matrosun xatirələri” adlı ilk hekayəsi 1930-cu ildə “Ədəbiyyat cəbhəsində” jurnalında çap olunmuşdur.
O, Tiflisdə yaşayıb işlədiyi dövrdə yazılarını Ənvər Ülvi təxəllüsü ilə dərc etdirmişdir.
1932-ci ildə Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olmuşdur. Bakıya köçdükdən sonra “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan təsviri incəsənət muzeyində kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1937-ci il repressiyası dövründə yazıçı həbs edilmiş, 6 ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. O, 9 aydan sonra buraxılmış, daha sonra yenidən tutularaq 10 il müddətinə Sibirə sürgün edilmişdir.
Sürgündən qayıtdıqdan sonra 1950-1956-cı illərdə Balakən rayonunda taxta emalı zavodunda mühəndis-normaçı olmuşdur.
Sonralar Bakıya köçüb 1957-1965-ci illərdə burada “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında, 1965-1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.
1976-cı ildə təqaüdə çıxıb fərdi yaradıcılıqla məşğul olmuşdur.
O, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1964-cü ildən Rəssamlar Birliyinin üzvü seçilmiş, 1976-cı ildə əmək veteranı olmuşdur.
Ənvər Yusifoğlu 1989-cu il martın 4-də Bakıda vəfat etmişdir.
O, "Gənclik illərinə səyahət" (“Hamballar") povestinin, "Düşmənimin düşməni" və "Cərrahlar" romanlarının, "Göyərçin qanadları" hekayələr kitabının,
"Maral Rəhmanzadə" monoqrafiyasının,
"Vətəndaş", "Veysəl və dostları", "Məzəli adam", "Gecə qardaşları" kimi yaddaqalan hekayələrin, və başqa hekayə kitablarının müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)
İnsan. Yaşam. Ölüm. Duyğular. Fəlsəfə. Və Psixologiya - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan varlığı ilə kainatın ən böyük suallarına cavab axtaran, duyğularıyla zəngin, düşüncələrilə sərhədsiz bir yolçudur. Yaşam, ölüm, duyğular, fəlsəfə və psixologiya – bunlar insanın özü ilə dünyanı dərk etməyə çalışdığı anlayışlardır. Hər biri bir tapmaca kimi qarşımızda durur və birlikdə varlığın mənasını axtarmağa yardım edir.
Yaşamın mənası
Yaşam - bəlkə də insanın öz içində yaratdığı mənadır. Bəzən sevginin istiliyində, yaradıcılığın sərhədsizliyində, ya da bir uşağın təbəssümündə tapılar. İnsan həyatı boyunca sual verir: "Niyə buradayam? Nə üçün yaşayıram?" Bəlkə də yaşamın özü cavabdır – onu dolğun, sevgi ilə və anlam axtarışıyla yaşamaq. İnsan yaşamda məqsədini tapdıqca öz varlığını anlamağa bir addım daha yaxınlaşır.
Ölümün mənası
Ölüm - həyatın tamamlayıcısı, onun sərhədidir. Həyatı müvəqqəti edən, anların dəyərini artıran qaçınılmaz həqiqətdir. Ölüm olmasaydı, yaşamın özü nə qədər dərin və mənalı olardı? Ölüm həm qorxu, həm də bir azadlıq hissi yaradır – çünki o, hər şeyin bir sonunun olduğunu xatırladır və insanı dəyərli olanlara yönəldir. Ölüm, bəlkə də həyatın başqa bir mərhələyə keçidi, ya da onu tamamlanmağıdır.
Duyğular
Duyğular - insanın həyatla olan bağını formalaşdıran ən güclü ünsürlərdir. Sevgi, kədər, qəzəb, sevinc – hər biri insanın kim olduğunu və dünyaya necə bağlandığını formalaşdırır. Duyğular bəzən insanı idarə edir, bəzən isə ona ilham verir. Psixologiya göstərir ki, duyğular sadəcə kimyəvi reaksiyalar deyil, insanın yaşadıqlarına və düşündüklərinə verdiyi cavablardır. Onlar bizi canlı edir, həyatımıza rəng qatır.
Fəlsəfə
Fəlsəfə - insanın yaşadığı bu həyatın mənasını sorğulamaq, həqiqəti və varlığı anlamaq cəhdidir. "Nə üçün varıq?" sualına müxtəlif yanaşmalar təqdim edir. Bəzi fəlsəfi fikirlərdə həyat sadəcə bir təsadüf, bəzilərində isə daha böyük bir planın bir hissəsi kimi görünür. Fəlsəfə insana sərhədsiz düşünmə azadlığı verir – yaşamı, ölümü, mənanı və həqiqəti daim sorğulamağı öyrədir.
Psixologiya
Psixologiya - insanın daxili dünyasına işıq salır, duyğularının, düşüncələrinin və davranışlarının dərinliyini öyrənir. Psixologiya bizə göstərir ki, insanın keçmişi, travmaları və arzuları onun yaşama və ölümə necə baxdığını formalaşdırır. Daxili dünyamızı anlamaqla yaşamı və ölümü daha dərin və mənalı şəkildə qəbul edə bilərik. Psixologiya bizə insan ruhunun mürəkkəbliyini göstərir və bizi özümüzlə barışmağa dəvət edir.
Birlikdə mənası
Yaşamın mənası bəlkə də suallarda, axtarışlarda gizlidir. İnsan özü ilə, duyğularıyla, fəlsəfi sualları və psixoloji dünyası ilə harmoniya yaratmağa çalışarkən həyatın mənasını tapar. Ölüm isə bu yolun sonu deyil, bəlkə də yeni bir başlanğıcıdır. Fəlsəfə insanın ağlını, psixologiya isə ruhunu aydınladır. Hər ikisi birgə, bizə həyatın və ölümün sirrini kəşf etməyə yardım edir.
Bəlkə də yaşam və ölüm, mənalarını insanın onlara verdiyi dəyərlə tapır. Hər biri bir kitabın fəsilləri kimi – birinin sonu digərinin başlanğıcıdır.
Əsas olan, bu kitabı sevgi, maraq və anlam axtarışı ilə yazmaqdır.
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)
Sabah Xətai Sənət Mərkəzində “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” kəlmələri səslənəcək!
Könül, “Ədəbiyyat və incəsənət”
Qış mövsümü ilə əlaqədar kişilər başlarına papaq qoyurlar, qadınlar başlarını bağlayırlar. Amma bu, sadəcə mövsümlə bağlı olmamalıdır. Çünki “papaq qeyrətimizdir, kəlağayı ismətimiz”!
Çəkdiyimiz məsəl bizi gözləyən möhtəşəm bir tədbirin adıdır. Tədbir barədə daha ətraflı məlimatı Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, AYB-nin və AJB-nin üzvü Güllü Eldar Tomarlıdan alırıq:
-Sabah - 16 yanvar tarixində, saat 12:00-də Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Xətai Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində papaq və kəlağayılarımızın sərgisi təşkil olunacaq, sazlı, sözlü tədbir keçiriləcək.
2025- ci ildə '' Papaq qeyrətimizdi, kəlağayı ismətimiz'' layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayını geniş şəkildə təbliğ etməyi planlaşdırırıq. Bu il layihə çərçivəsində klassiklərimizin və bugünümüzün işığında yaşayıb yaradan şairlərin şeirlərindən ibarət kitab da çap olunacaq, kitabxanalara, mədəniyyət, elm və təhsil ocaqlarına, oxuculara təqdim olunacaq. Layihəmizin əsas məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, gənc nəslə tanıtmaq və gələcək nəsillərə ötürməkdir.
Aprel ayında "Papaq və kəlağayı Festivalı'' keçirilməsinə hazırlıq gedir. Festivalda Azərbaycanımızın bölgələrindən papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər.
layihə çərçivəsində silsilə tədbirlər 2025- ci ilin sonuna qədər davam edəcək.
Güllü xanım əvvəlki illərdəki fəaliyyətlərinə də toxunur:
-Onu da qeyd etmək yerinə düşərdi ki, 2017 - ci ildən mədəniyyətimizin, adət - ənənəmizin bir parçası olan kəlağayımızı təbliğ edirik. 2023 -cü il noyabrın 1 - dən Naxçıvandan başlayaraq bölgələrimizdə, sonda Beynəlxalq Muğam Mərkəzində ""Sazlı, sözlü kəlağayı günləri'' layihəsini həyata keçirdik. Layihənin uğurlu olduğunu, həm də kəlağayımızın 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse. prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri- Maddi Mədəni İrs üzrə Peprezentativ siyahıya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024 - cü ildə yanvar ayından '' Kəlağayı Ev Muzeyi'' ndən başlayaraq bölgələrimizdə, Sankt- - Peterburqda, Rusiya Milli Kitabxanasında Hicranə Həsənovanın dəstəyi ilə, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisidə M. F. Axundzadənin Ev Muzeyində, Marneulidə Tədris və İnkişaf Mərkəzində, Rustavidə Tədris və Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə final olaraq Suraxanıda Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirildi.
2024- cü ildə Elm və Təhsil Nazirliyinin, Naxçıvan Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində layihə çərçivəsində tədbirlər keçirildi.
Aprelin 29- da Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ''İlk Kəlağayı Festivalı'' dövlət səviyyəsində kəlağayıya həsr olunmuş ilk festival idi. Kəlağayıdan bəhs edən “Anam- kəlağaydı, kəlağay- anam'' kitabı kəlağayımızın UNESCO-ya daxil olmasının 10 illik yubileyinə töhfə oldu və ilboyu təbliğ olundu, təqdim olundu.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022, 2023, 2024 illərdə kəlağayı haqqında layihələrimiz kiçik qrant müsabiqəsinin qalibi elan oldu. Layihələrimiz uğurla həyata keçirdik. 2025- ci ildə isə kəlağayıdan papağa keçirik.
Uğurlar olsun dəyərli layihənizə!
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Yorğunluq” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Yuxumda yatan çiçək,
Öpüb, oyatdım səni.
...Ölüm, məni bağışla
Bir az yubatdım səni.
-deyir şair.
Düzdürmü, gözəldir?!
Xoş mütaliələr!
Yorğunluq
Allah göydə deyilsə,
O göy kimin göyüdü?
Harda yetim dərd qalıb
Verin mənə böyüdüm...
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Bu yağışdı, yoxsa ki
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?!
Dünyadı da, sevdiyim,
Rəngli işıqlar kimi.
Yanırıq- sönürük biz.
Bir dəfə doğuluruq
Min dəfə ölürük biz.
Hər yanımı qan tutub-
Mən də belə adayam.
Get, o bayquşdan soruş,
Hansı xarabadayam?
Yuxumda yatan çiçək,
Öpüb, oyatdım səni.
...Ölüm, məni bağışla
Bir az yubatdım səni.
Qəmlə oynayıram mən,
Bəs hanı tay-tuşlarım?
Bu gün süfrə açmışam:-
Çağırın ac quşları...
...Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Çox soyuqdu... gedirəm
Allaha sarılmağa..
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu l seçki dairəsi ərazisində yaşayan seçicilər, eləcə də digər rayonlardan gələn vətəndaşlar üçün növbəti qəbul keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Bakıxanov qəsəbəsində keçirilən qəbula gələnləri dinləyən Millət vəkili, onların narahat olduqları məsələlərlə yaxından tanış olub.
Vətəndaşların səsləndirdiyi müraciətlər başlıca olaraq, məşğulluq, sosial müdafiə, məhkəmə qərarlarının icrası, səhiyyə, vergi borcları, bank-kredit, əfv və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin Millət vəkilinin yetkilərinə aid olan hissəsi operativ qaydada həll edilib; bəzi məsələlərlə bağlı zəruri izahatlar verilib; qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə müraciət ediləcəyi qəbul iştirakçılarının diqqətinə çatdırlıb.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Akademik Milli Dram Teatrında “Sehrbazlar dərəsi” adlı tamaşanın premyerası olacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası hazırlanır, məşq prosesləri gedir. Quruluşçu rejissor Bəhram Osmanovun yaratdığı bu əsər fevralda tamaşaçılara təqdim olunacaq.
Həmçinin teatrda Xalq yazıçısı Elçinin “Baş” romanının motivləri əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərinin məşqləri yaxın müddətdə başlayacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AzərTAC-a bunkarı bildirib:
-2024-cü il teatrın tarixində parlaq bir səhifə olaraq yadda qalıb. Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbir və layihələr teatrın nüfuzunu daha da artırdı. Sənət məbədinin yaradıcı kollektivi bu il də teatrsevərlərə unudulmaz tamaşalar bəxş edib.
Gəlin, teatrın ötənilki uğurlarına qısa nəzər salaq.
Bölgələrdə sənət işığı
Akademik Milli Dram Teatrının regionlara təşkil etdiyi qastrol səfərləri böyük maraqla qarşılandı. Bu səfərlər zamanı klassik və müasir tamaşalar müxtəlif bölgələrin sakinlərinə təqdim olunub. “Manqurt” tamaşası Lənkəran, Gəncə və Mingəçevirdə nümayiş etdirilərək tamaşaçıların böyük alqışlarını qazanıb. “Xanuma” tamaşası qədim Şəkidə, “Bir, iki, bizimki” tamaşası isə Lənkəranda teatrsevərləri sevindirib. “Şükriyyə” Gəncədə, “Cəhənnəm sakinləri” Şəkidə, “Küknarlara məktub” isə yenidən Lənkəranda səhnəyə qoyulub. Bu zəngin mədəniyyət axını “Bölgə Teatrlarının Bakı Premyerası” adlı yeni layihə ilə daha da rənglənib, bölgələrdəki teatrların yaradıcılığı paytaxt tamaşaçılarının diqqətinə təqdim olunub.
Beynəlxalq səhnədə Azərbaycan teatrı
Teatr yalnız ölkə daxilində deyil, dünya səhnəsində də öz sözünü deyib. Sankt-Peterburqda yerləşən Aleksandrinski Teatrı ilə əməkdaşlıq memorandumu imzalanaraq yeni yaradıcılıq körpüsü qurulub. Bu tarixi sənədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov imza atıblar. Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan Teatr Forumunda teatrımız “Sənsiz” tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir. Rusiya Federasiyasının Suzdal şəhərində baş tutan II Milli Teatrlar Konqresi və Birinci Yay Festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində müxtəlif teatr rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və ustad dərslərinin təşkili ilə bağlı müzakirələr aparılıb. Ötən il teatr tarixində unudulmaz premyeralara da imza atılıb. “İblis və…” tamaşası Sankt-Peterburq Aleksandrinski Teatrında səhnəyə qoyularaq Azərbaycan teatr tarixində yeni bir mərhələ açıb.
Mükafatlar və fəxri təltiflər
Teatrın yaradıcı heyəti bu il müxtəlif mükafatlarla təltif edilərək yüksək qiymətləndirilib. Mehriban Ələkbərzadə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Dövlət Mükafatı ilə təltif olunub. Bununla yanaşı, o, Çingiz Aytmatov adına mükafata da layiq görülüb. Prezident Sərəncamına əsasən, Xalq artisti Laləzar Mustafayeva fərdi təqaüdə, teatrın 19 üzvü isə Prezident mükafatına layiq görülüblər. Akademik Milli Dram Teatrı tərəfindən təsis edilən “Qızıl pərdə” mükafatı sənətkarlara təqdim edilib. Həmçinin ötən il Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə mədəniyyət xadimlərinə Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalları təqdim olunub. 10 Mart - Milli Teatr Günü münasibətilə keçirilən tədbir böyük təntənə ilə yadda qalıb. Bu bayramda Akademik Milli Dram Teatrı tərəfindən təsis olunan Milli Teatr Mükafatı öz sahiblərinə təqdim edilib.
Bir sözlə ötən il Akademik Milli Dram Teatrı üçün yalnız zəngin yaradıcılıq ili deyil, həm də yeni zirvələrə aparan uğur dolu bir dövr olub.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyənlər, lakin ssenari yazılışı texnikasına bələd olmayanlar "Ssenaristin əlifbası" ibtidai intensiv təlimə qoşula bilərlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb. Məlumatda bildirilir ki, təlimin mentoru, rejissor və prodüser Oleq Səfərəliyevdir.
Təlim, yanvarın 18, 19, 25 və 26-da AKİ-nin Bülbül prospekti 30 ünvanında yerləşən ofisində keçiriləcək.
İştirak etmək istəyənlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına "Ssenaristin əlifbası" başlığı altında müraciət edə bilərlər.
Təlimdə iştirak ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)