ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dünən Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, tarzən Qurban Pirimovun doğum günü idi, anadan olmasının 144-cü ildönümü idi. Təbii ki, görkəmli sənətkarın Azərbaycan musiqisi tarixində özünəməxsus yeri var. 

 

Və bütün dahilərin doğum günlərində onların xatirəsini özüməməxsus tərzdə qeyd etmək adətimə bu dəfə də xilaf çıxmadım. Onun lent yazılarını dinlədim. Yeri gəlmişkən, YouTube platformasında da ustad sənətkarın AzTV efirindən köçürülmüş çıxışı yerləşdirilib. “Şur”un ecazkar ifasını dinləyib feyziyab olmaq mümkündür. 

 

Qurban Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.

1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir: “Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.

Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “Öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.

Sənətkarın yaradıcılığına sağlığında yüksək qiymət verilib. 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən ən böyük qiymət isə xalq məhəbbətidir. 70 ildən çox köksünə sıxıb dilləndirdiyi tar Qurbansız qalsa da, Azərbaycan tar sənəti Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədi yaşayacaq.

Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar, bioloq alim Sadıq Qarayev üçün açır. 

Buyurun.

 

Mən çox dil bilməyin, xaricdə təhsil almağın qətiyyən elehinə deyiləm.

Ancaq xaricdə oxuyub, oxuyan, oralarla Azərbaycanı müqayisə edib, eyforiyaya qapılıb, bəzən  Azərbaycanımıza üstdən aşağı baxanlara bir tövsiyyəm var:

 

AZƏRBAYCANI və ÖZÜNÜ DƏRK ET.

 

Gedib gördün qoca qitədə var Motsard, Bax, dön Azərbaycana bax, Üzeyirin, Qarayevin var.

Hüqonu, Dostoyevskini oxumağınla öyünmə,

Nizami dəryası, Nəsimi dili, Füzulinin göylə yer arasında eşq aləmi var, özününkülər heç kimdən geri qalmırlar.

Dahi alimləri oxuyub ağız büzmə, Tusin, Lütfüzadən, Məmmədəliyevin var.

Dəniz kənarında xəyala dalma, Xəzərin var.

Çay qırağında çay axtarma, Kürün coşar, Arazın qəmli axar.

Başı qarlı dağlar görsən, heyfislənmə, Salvartın, Şah dağın var, Murovunda kəklik uçar, qartallar qıy vurar.

Ölkəndən doqquz iqlim keçər, hər cür çiçək, çinar, palıd bitər.

Demokratiya görəndə yaxşı bax, fikirən keçmişə ax.

Afrikanın, Amerikanın yerli sakinlərinin qan gölündə üzən gəmilər, hər şeyi yağmalayıb aparan əsrlərin insan quldurları.... Demokratların babaları.

Sənin azərbaycançılıq idealların var, bəşərin axtardığı yaxşılar, səmavi dinlərin göstərdiyi düz yollar orda var. 

Guya ki, mədəni cəmiyyət, rəftarlar görsən əldən getmə, ən layiqli, ləyaqətli, ali xalqın var, 

torpağına büləşdiyin Azərbaycanın var.

Heç bir bayrağa həsəd aparma, bayraqlara xalqların ruhu, mənəviyyatının aurası çökmüş. 

Üçrəngli bayrağının ətri, aləmi bürümüş, ucalığı şəhidlərin göy aləminə qalxmış. Ondan möhtəşəmi yox, ləyaqəti tarixindən çox.

Sev Azərbaycanın qum dənəsini, heç bir dəniz sahilində yoxdur,

Daşını sev, belə ağırı dünyada tapılmaz,

Qayasını sev, küləklərdən ovulmaz.

Adam ol, bəndə ol, vətəndaş ol Azərbaycanı sev, ona əyri baxma.

Havalı beyninin heç yerinə özgə bayraq taxma .

Azərbaycanda hər şey var, fikirən özgə qapılarında qalma, yalaxlara dolma.

Sev Azərbaycanı olduğu kimi, onun bizdən başqa kimi var?.

Adam öz bulağında damcı olar, öz daşında mamır olar.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

VAHİD ƏZİZ,

Xalq şairi

 

 

ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ

 

Zəfər millətimin altun tacıymış,

özü yetməliymiş qisas zamanı,

həm savaş xəmiri çox acıyıbmış,

həm də müharibə acıymış hamı!

 

Görəndə şəhiddi nə cür igidlər,

qanları coşurdu mərd oğlanların,

hərbi hissələrə yeniyetmələr cumurdu –

“bizi də əsgər aparın!”

 

Yaralı tanıdım şirin qanıynan

udaraq söndürür qəlb acısını,

nişanın qaytarıb əsgər yollanan

sevdim neçə-neçə tibb bacısını.

 

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

döşünə döyürdü – “topçu olmuşam!”

 

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi Qırx dördcə gündə,

 həm “savaş xəmiri” çox acıyıbmış,

 millət müharibə “acıymış” həm də...

 

 

SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...

 

Yetişdin zirvənə, üçrəngli Bayraq!

Qarabağ – qəlblərdə atəşsən, odsan,

Dözdük hicranına alovlanaraq,

Düşmən elə bildi – “Unudulmusan”.

 

Qələbə gətirdi Bayraq özüylə,

Günü başlamaqda – “Vətən” sözüylə,

Yağı elə bildi “Cıdır düzüylə”,

Keflənib, hallanıb yerimək asan.

 

Dirçəldin – qəfəsdə quş olsan belə,

Həsrətli gözlərdə yaş olsan belə,

Bir şeyi bilirəm – daş olsam belə,

Qarabağ, köksündə ərimək asan!

 

Qurtardıq – Sərsəngi, əsir Tərtəri,

Ordunun dizində millət təpəri,

İndi “Xarıbülbül” adlı gülləri,

Doğma öpüşlərə bürümək asan.

 

Qarabağ, yenə də bəxtəvər görün,

Közərir kül tutmuş közün, kömürün,

Ötəri olsa da cahanda ömrüm,

Sən mənim əbədi Qarabağımsan...

 

 

MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

 

Mənə yüz il ömür arzulamayın -

Xəzan yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım - əlim

Əsalı olanda dayansın ürək.

 

Mən yüz il ömür arzulamayın -

Bu qədər yaşayan hansı çiçəkdir?!

Mən yaşda qalmırsa taytuşum-tayım,

Qurdnan qiyamətə qalmaq deməkdir.

 

Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,

Yerişim, gülüşüm, səsim itməsin,

Məndən cavan olan, gümrah olanlar

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim,

Qapı - pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Tanrıdan bir ömür diləyin mənə,

Taleyim sevgiylə baxsın üzümə,

Görsün yad payına şərik deyiləm

Gərək olmayanda özüm-özümə,

Deməli heç kəsə gərək deyiləm!

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm,

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Mənə yüz il ömür arzulamayın -

Ləyaqət, təmiz ad atıb getməsin

Dünyaya qalacaq malı dünyanın -

Karvanın lənətə batıb getməsin

Mənə yüz il ömür arzulamayın...

 

 

HƏKİMƏ MƏKTUB

 

Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar. 

 

Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!

 

Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.

 

Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…

 

 

YADIMA DÜŞÜR

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür.

Dibçəkdə soluxan qızıl gül kimi,

Səni gözlədiyim yadıma düşür.

 

İndi xatirələr qalxır eyvana

Soyuq varlığımı bürüyə bilmir.

Çiskindən, dumandan, qəmdən o yana

Sənli xatirələr yeriyə bilmir

 

Yerdən çox hündürdə keçdi illərim.

Qəlbinə gah uzaq, gah yaxın oldum.

Hələ də məhbusdur, xatirələrim.

Mən sənin bir eyvan dustağın oldum.

 

O, qədər giley var bu qapılarda.

Hər elçi bir təzə yar gətirərdi.

Bir çinar mən qədər dursaydı, burda.

Bəlkə də həsrətdən bar gətirərdi.

 

Payızın eyvana dəyir qədəmi.

Nəmli məhəccərdən əlim sürüşür

Dibçəkdən boylanan qızıl gül kimi.

Səni gözlədiyim yadıma düşür...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Cümə axşamı, 31 Oktyabr 2024 11:43

BİR SUAL, BİR CAVAB İntiqam Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

 

Elə asan gəlməsin,

Sənə "Əlvida" sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

(İntiqam Yaşar)

 

-İntiqam bəy, ayrılığın dadı acı olmalıdır ki, sevginin adı həqiqət olsun, “acı dad həqiqi sevginin nişanəsidir?"

 

CAVAB:

Həqiqi olan, dəyərli olan hər şey bitəndə ağrılı-acılı olur. Acı dad önəmlilik amilinin nişanəsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 15:35

Gülüş klubunda dramın faciəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Skleroz olmaq istəmirsənsə çalış çoxuna borc ver. 

 

2.

Funtla Dollar birjada oturublar. Birdən qapı açıldı, Dram içəri girdi, gənc, qısa ətəkli, arxası və sinəsi ipiri. 

Dollar bayılıb dərhal ona tərəf cummaq istəyındə Funt onu tutub saxladı:

-Qoruyucusuz yaxın durma. İnflyasiya-zad tutarsan ondan. 

 

3.

Son hadisələrdən sonra məsləhətdir ki, neftə bundan sonra “qara gümüş” deyilsin.

 

4.

Dərdayılın xatlrələrindən:

“Mən rayondan Bakıya gələndə elə bilirdim ki, ən savadlı, təşəbbüskar, işgüzar adamları müdir təyin edirlər, rejionun, var-dövlətin, dayının rolu olmur. 

Amma məni müdir təyin edəndə yanıldığımı anladım.

 

5.

Operada.

-Maestro, sizin səsiniz hara itib?

-Onu seçkidə bir deputata vermişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurmali göbələyin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Qovurma – 80 qr

§ Göbələk – 100 qr

§ Soğan – 35 qr

§ Kök – 30 qr

§ Bolqar bibəri – 20 qr

§ Acı bibər – 10 qr

§ Pomidor – 35 qr

§ Alça (təzə və ya qurusu sarı) –

10 qr

§ İstiot – 0,5 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ meyvə turşusu – 25 qr

 

HAZIRLANMASI:

Göbələk yuyulur, təmizlənir, doğranır. Balaca göbələklər bütöv halda, orta ölçülü 2 yerə, böyük ölçülülər 4 yerə bölünür. Soğan, kök, bibərlər yuyulur, təmizlənir. Dördkünc formada doğranır. Pomidorlar 4 yerə bölünür. Qovurma qazana yığılır və ocağa qoyulur. Qovurma tam qızdıqda soğan qazana əlavə olunur və qarışdırılır. Soğan qızardıqda kök, bibər, göbələk əlavə edilir. Göbələk suyunu buraxıb, qovurma və tərəvəzlərlə bir yerdə bişir. Yağa düşənə yaxın pomidor əlavə edilir. Bunlar 5 dəqiqə tovlanır. Duz, istiot və ədviyyatlar vurulur, bir az tovlanır. Altı söndürülür, ağzı bağlanır və dəm almağa qoyulur. 30-35 dəqiqə müddətində bişirilir. Süfrəyə veriləndə üzərinə göyərti səpilir, yanında turşu (meyvə) verilir.

 

QEYD: I variant – İrəvan mətbəxinə aid olan bu xörəkləri bir yerdə, eyni qazanda bişirəndə xörəyin dadı tamam başqa olur. 

II variant – ərzaqlar ayrıca bişirilir, qovrulur. Sonra ardıcıl olaraq bir qazana əlavə olunur və bişirilir.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Cümə axşamı, 31 Oktyabr 2024 14:06

“Mi piace il caffè” - VARİS YAZIR

“Ədəbiyyat və incəsənət” portalı Varisin növbəti FOTO-ŞƏRH qeydlərini təqdim edir. 

 

Bu bənövşəyi çalarlarla bol, həyat sevgisi aşılayan foto bir italyan qəhvəxanasının sosial media reklamıdır.

Altından da yazıblar: “Həyatda kiminlə gülmək və kiminlə ağlamaq lazım olduğunu gərək biləsən.

Həm də, kiminlə kofe içdiyinin də gərək fərqində olasan”.

 

Gözəl deyimdir. 

Biz dostları təsadüfən seçirik, əksər hallarda. Deməzsənmiş, bunu yanlış edirik. Kofe fəlsəfəsi bunu gözəl isbatlayır. 

Kofeni kofesevənlə içmək bir şərtdir. Amma kofesevənlər də amerikanonu, latteni, espressonu, kapuçinonu, fratteni sevənlərə bölünür. 

Demək, daha cidi-cəhdlə tapmalısan öz həmfikirini.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Bəzi avropalılar, rusiyalılar elə bilirlər ki, göylərdə iki Yaradan var: birinin adı “Allah”dır, o birinin adı hərdən “God”dur, hərdən “Boq”dur. Və onlar bir-birilə mübarizə aparırlar. Ona görə də xarici ədəbiyyatda “Allah” sözünü çox vaxt tərcümə etmirlər. Bu, təkcə dil baxımından deyil, həm də siyasi baxımdan ciddi anlaşılmazlıqlara gətirir.

2.

Qəlb və ürək eyni deyillər. Ürək dediyin bir bədən üzvüdür. Bir parça qanlı ətdir. Qəlb isə ürəyin uca və nəhayətsiz göylərə göndərdiyi səfirdir.

3

“ Yarımçıq əlyazma” deyir: Özün üçün büt düzəltmə! “Sehrbazlar dərəsi” deyir: İntiqam hissilə yaşama! “Unutmağa kimsə yox...” deyir: Bir dünya ilə kifayətlənmə!

4.

Aşıq Ələsgər: “Yeri göydən, göyü yerdən kim seçdi?”

Ədəbiyyatımızın ilk və ən müdrik mifoloji sualı!

5.

Bizim məhəbbətimiz qoca şairlərin uydurduğu, cavan şairlərin inandığı nağıldır.

6.

V. Xlebnikov: “Başdan-başa bir şaxta öpüşüsən, Rusiya.”

Rusiyanı başqa cür təsəvvür eləmək çox çətindir.

7.

“ Qatdı qabağına yollar səni,

Yarı ölü kimi, yarı sağ kimi.

Divar önünə qoydular səni

Sən hədəf kimi, yollar ox kimi...”

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə gənc şair, “Ulduz” jurnalının əməkdaşı  Taleh Mansurun Xalq şairi Nəriman Həsənzadədən götürdüyü müsahibəsini təqdim edir.

 

Bir az gecikib bu müsahibәnin dәrci... Gecikib deyәndә ki, hәr şey zamanında baş verir. Görünür, insanın hesab vә sәbriylә Tanrının hesab vә sәbri arasında yerlә göy qәdәr mәsafә varmış. Xalq şairi Nәriman Hәsәnzadә ilә görüşümüz yağışlı bir may gününә tәsadüf elәmişdi. Suallarım vә fikirlәrim yerbәyer idi, adım kimi әmin idim, şairin müdrik cavabları da suallarımın yolunu gözlәyirdi. Eynәn yolumu gözlәyәn şair kimi. Fәqәt şairlә görüşә ürәyi dolu, әliboş gedә bilmәzdim. Mәni qayğılandıran bu nәsnә onu duyğulandırmalı idi. Çox düşünmәyә ehtiyac qalmadı, şairin “Kimin sualı var?” poemasındakı bu misraları xatırladım:

 

 İydә tikanları batıb әlimә,

yamaqlı şalvarım bir dә cırılmış.

O sıx meşәlәri sәn elә bilmә,

gәzib-dolaşmışam mәn qarış-qarış.

 

 Söz vaxtına çәkәr, deyirlәr ha, bax indi misralar vaxtına çәkmişdi. Ürәk qayğısından xilas olub çiçәk qayğısına düçar olmuşdum.

Dar mәqamda Ağstafadakı ürәyi geniş dostlar kömәyimә çatdı. Bir neçә saatın içindә şairin göz açdığı Poyludan bir dәstә iydә çiçәyi göndәrdilәr Bakıya. Cәnnәt qoxulu çiçәk sovqatını әlimә alan kimi әtrini ciyәrlәrimә çәkdim, şairin könül misralarının qoxusu gәlirdi. Hәmin an barmağıma batan iydә tikanının ağrısını belә bu zövqü-sәfa içindә duymadım. İndi şairlә görüşә getmәk olardı. Şairin yaşadığı evin qarşısına çatanda şıdırğı  bir  yaz  yağış  başladı. Qeyri-ixtiyari iydә çiçәyinin dәstәsini çәtir kimi başımın  üstünә  qaldırdım. Yağış damcıları  iydә  çiçәklәrindә  әtirlәnib saçlarımdan gicgahıma, alnıma süzülür, üz-gözümә yayılırdı. Bir anın içindә bu әtir bütünlüklә ruhuma yayıldı. Üst-başımdan tutmuş, suallarımı yazdığım vәrәqәcәn, cismimdәn ruhumacan hәr şey iydә çiçәyinin әtrinә qәrq olmuşdu. Mәni binanın qarşısında qoca şairin gәnc dostu, ürәk sәsli Arif Mehmandost qarşıladı. Qalxdıq düz onuncu mәrtәbәyә. Bir anlıq mәnә elә gәldi ki, bura göylәrin yeddinci qatından da üç pillә yuxarıdı, Tanrının beş addımlığıdı. Tәәccüblәnmәdim, onsuz da gerçәk vә göyçәk söz olan yerlәr Tanrıya yaxın olur. Söz haqqa tәrәf bir addım yaxınlaşanda Tanrı sözü әbәdi hәqiqәtlә müjdәlәyir. Şairin  yaşadığı mәnzilә daxil oluruq... Nәhayәt, şairlә görüşürәm, salamlaşıb  iydә  çiçәyini doğma Poyludan gәtirdiyimi deyirәm. Bir anlıq düşünür, tәşәkkür edir, kövrәk bir sәslә soruşur:

– Sәn mәni ağlatmaq istәyirsәn?

Gülümsәyib “Xeyr, Nәriman müәllim, azacıq duyğulandırmaq istәyirәm...”– deyirәm.

Gülür, әhvalı yerinә gәlir. Belәcә müsahibәyә mәnim sualımla yox, Nәriman müәllimin sualıyla başlamış oluruq...

 

– Nә qәdәr şablon sәslәnsә dә, mәn Sizi әdәbiyyatımızın canlı әfsanәsi hesab edirәm. O üzdәn sizinlә tәkcә Nәriman Hәsәnzadә kimi yox, hәm dә Sәmәd Vurğunla, Mehdi Hüseynlә, Mir Cәlalla, Nazim Hikmәtlә, Xәlil Rza Ulutürk vә bir çox әfsanәvi qәlәm sahiblәri ilә danışırmış kimi hәmsöhbәt olmaq istәyirәm. Əl çatmayan, ün yetmәyәn әdiblәrlә bağlı yaşadıqlarınız, xatirәlәriniz var. İstәrdim, suallara bir az özünüz kimi cavab verәndә bir az da adlarını sadaladığım әdiblәr kimi cavab verәsiniz. Çәtin olmaz ki?

– Çox sağ ol, oğlum... Öncә o kişilәrin adlarını çәkdiyinә görә minnәtdaram. Görәk hәlә özüm kimi suallarına cavab verә bilәcәmmi, sonrasına baxarıq (gülür)...

 

– Xalq şairi Bәxtiyar Vahabzadә “Nәriman Hәsәnzadәnin şeirlәrindә hәmişә ürәk döyünür”, – deyirdi. Şeirinizdә döyünәn ürәyin әn böyük arzusu nәdir?

 

– Şairin dә, vәtәndaşın da arzusu birdi, vәtәnin bütövlüyü, çiçәklәnmәsi. Azәrbaycan müstәqildi. Şuşa azad olunanda Ali Baş Komandan İlham Əliyev dedi ki, ata vәsiyyәtini yerinә yetirdim, bütün bunların hamısı şairin, bir xalqın çin olmuş arzularıdı.

 

– Bәs  şeirinizdә döyünәn ürәklә sinәnizdә döyünәn ürәyin arzuları üst- üstә düşürmü?

 

– Mәnim ürәyimin başına o qәdәr oyunlar açılıb ki... Sәmimi deyirәm, ürәk bu yaşacan çәtin, әzablı yollardan keçib. “Ürәk mәnimkidi, yaş mәnim deyil...” – şeirlәrimin birindә belә yazmışam. Ürәk olan yerdә hәyat var. Ürәkdәn o yana nәsә varmı ki? Ürәk olan yerdә nә yoxdu ki? Ürәklә verilәn salam da qiymәtlidi. Ürәklә bir әli sıxmaq da, ürәklә bir tanışın yanından keçmәk dә qiymәtlidi. Ürәk sәnsәn, bütövlükdә özünsәn. O qәdәr hallandırmaq olar ki ürәk sözünü. İsmin halı kimi әn azı altı halı var ürәyin. Şeirimdә döyünәn ürәklә sinәmdә döyünәn ürәk әkizdi. O üzdәn arzuların sәslәşmәmәsi mümkün deyil.

 

– Hәyatınızda baş verәn әn ağır vә ağrılı mәqamları belә özünәxas şәkildә mәnalandıra bilmisiniz. Ürәyә yatmayan kәdәri mәnalandırmaq, ya ürәyә yatmayan sevinci? Hansı şeirin әyninә oturur?

 

– Deyәsәn, İsa peyğәmbәrin sözüdü, deyir, iztirab keçirmәsәn, tәmizlәnә, paklana bilmәzsәn. Ona görә kәdәrdәn qorxmayın. Paklanmaq üçün mütlәq kәdәrin süzgәcindәn keçmәlisәn. Kәdәr dә ümidli, ümidsiz olur. Ümidsiz kәdәrә uymaq daha kәdәrlidi. Ümidsiz kәdәr insanın özünü dә yoxa çıxarır. Amma hәr bir halda kәdәrin heç yaxşısı da yoxdur... Mәn kәdәrin heç bir şәklini kimәsә arzulamıram. Mәn sәnә bunu kәdәrin bütün formalarını yaşamış adam kimi deyirәm.

 

– Nә yaşamısınızsa, şeirlәrinizә, poemalarınıza, әsәrlәrinizә hopub. Elәbir yaşanmışlar olubmu ki, onları, ümumiyyәtlә, qәlәmә vә dilә gәtirmәmisiniz?

 

– Tәbii, olmamış olmaz... Ötәnlәrdә poemalarıma baxıram. Gördüm, hәya- tımla bağı hәr şey var. Özümә dә qәribә gәldi. Mәn nә çox şey yaşamışam. Çәtin vәәzablı olsa da, nә yaxşı ki, yaşadıqlarımı qәlәmә almışam.

 

Bu yerdә Nәriman müәllim qeyri- ixtiyari bu misraları xatırlayır:

 

Bu dünyanın gözәl vaxtı

Poyluda qaldı,

Göy üzündәn ulduz axdı,

Poyluda qaldı.

Bir qız mәnә süzgün baxdı,

Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan,

Beşiyimin görüşünә döndüm sonradan.

 

Oğul, yazdıqlarım mәnim tәsәllimdi, onlara baxdıqca anlayıram ki, ömrümü hәdәr yaşamamışam.

 

– Pompeyә, Atabәy hökmdarlarına, Nuru Paşaya, Nәrimanova, Sabirә şeir nәfәsinizlә poetik hәyat bәxş etmisiniz. Hәtta “Zümrüd quşu” poemasının timsalında böyük rus şairi Puşkinin Qafqaza sәfәrini qәlәmә almısınız. Daha hansı tarixi şәxsiyyәti qәlә- minizin köynәyindәn keçirmәk istәrdiniz?

 

– Gözәl sualdı. Yazmaq  istәdiyim şәxsiyyәtlәr çoxdu. Fikir ver, oğlum, İntibah dövründә ziyalılar üç yüz il zaman sәrf ediblәr, can qoyublar ki, Antik dövrü, Sokrat dövrünü, qәdim yunan mәdәniyyәtini dirçәltsinlәr, oyatsınlar, geri qaytarsınlar. Nә qәdәr qәribә sәslәnsә dә, Antik dövr bütün mә- dәniyyәtlәrin әn parlaq dövrüdü. Mәn bu faktı oxuyanda heyran qaldım. Didro, Volter, Russo yazıçıdan günümüzün aktual olan mövzularında – ictimai mövzularda, xalqın taleyindәn, azad- lığından, mübarizәsindәn yazmağı tәlәb edirdilәr.

Yazmağa gәlincә, sadaladığım fikir- lәrin davamı olaraq deyim ki, ürәyimdә Atropatla bağlı yazmaq istәyi var. O Atropat ki, Makedoniyalı İsgәndәrlә dostluq edib. İsgәndәrin әn böyük sәrkәrdәsi Perdikka Atropatın qızıyla evlәnib. Çox böyük şәxsiyyәtdi Atropat. Bir dәfә heykәltәraş dostlarımdan birinә ideya verdim ki, Atropatın Makedoniyalı İsgәndәrlә yanaşı, at belindә heykәllәrini yaratsın. Yazmaq istәdiyim Atropatdı. Yazmaq istәyirәm, açığı, әsәrin sonrakı taleyi – sәhnә taleyi dә qayğılandırır mәni. İndi aktyorlar da, rejissorlar da fәrqlidi. Yeri gәlmişkәn, bir zamamlar mәnim “Bütün şәrq bilsin” pyesimi sәhnәyә qoydular. Sonralar hәmin tamaşa Moskvada nümayiş etdirilәndә rәhmәtlik Heydәr Əliyev 100 nәfәrlik aktyor truppası göndәrdi. Teatr tarixindә yüz aktyorun iştirakı ilә hazırlanmış ikinci belә bir tamaşa, bәlkә dә, olmayıb. Açığı, indi mәni hәvәslәndirәn rejissor da yoxdu. Üstәlik, vaxtımı bölә bilmirәm. Hәm dәrs deyirәm, hәm dә belә müsahibәlәr, görüşlәr-filan, alınmır. Belә- belә, bir dә baxıram ki, gün keçib, aylar ötüb. Əsәrin bir fәslini yazmışam da, elә dә qalıb. Amma pyesin bütün detallarını hazırlamışam. Ümumiyyәtlә, hәlә Qorki adına Ədәbiyyat İnstitutunda oxuyan zamanlardan bu mövzu ilә mәşğulam, araşdırma aparıram. Yazmaq istәyim var, qismәt olsa, yazacam. Bilmirәm, bu mövzuda kim yazacaqsa, ona yaxşı mәnada paxıllığım tutur. O qәdәr tәdqiqat aparmışam ki... Bu әsәri mәn yazmalıydım bu günә kimi.

 

Söhbәtin bu yerindә Nәriman müәllim “Arrian” kitabını göstәrir.

 

Bax, qeydlәr dә aparmışam. Elә detallar, tarixi mәqamlar var ki, heç burda Atropatın adı yoxdu, Azәrbaycanın tarixi, taleyidi. Bizim elә bir şanlı tariximiz var ki, xalqlar ona pәrәstiş edә bilәr. O taylı-bu taylı Azәrbaycanın zәngin tarixi var.

 

– Hәlә gәncliyinizdә sizә doğma münasibәti ilә seçilәn böyük yazıçımız Mir Cәlal “Nәriman olduqca hәssas şairdi, o, bir qartalın uçuşunda, bir lalәnin duruşunda, bir körpәnin baxışında bütün kainatı, ictimai alәmi vә mәna dolu hәyatımızı görmәk istәyir” – demişdi. Yaşadınız, yazdınız, bәlli bir tale yolu keçdiniz. Hәr bu fikirlәri oxuyanda ağlıma belә bir sual gәlir, Nәriman müәllim böyük әdibin dediyi mәqamların hamısını görә yaşaya, yaza bildimi?

 

– Bunu hәr yerdә demişәm, Mir Cәlalın mәnim hәyatımda müstәsna rolu olub. Yazıçıların övladları üçün ev verirdilәr. Mir Cәlal müәllimin oğlu Arifә dә ev vermişdilәr. Mir Cәlal mәni Yazıçılar İttifaqının sәdri Mehdi Hüseynin yanına apardı. Dedi, gәlmişәm, istәyirәm, bu evi Nәrimana verәsәn. Mehdi Hüseyn dedi, gecdi, siyahı artıq göndәrilib. Onda Mir Cәlal müәllim bir cümlә işlәtdi, o söz hәlә dә yadımdadı, qayıtdı ki: “Mehdi, necә olur-olsun, bu ev Nәrimanın olmalıdı”. Mir Cәlalın hәyat yoldaşı Püstә xanım da tәkid elәdi ki, ev mәnә verilsin. Elә oldu ki, o evdә mәn yaşayası oldum. Bu gün dә o ev Arif müәllimin adınadı. Onun adından çıxarmamışam.

Mir Cәlal başqa neynәmәliydi, hәlә gәncliyimdә mәnim haqqımda yazdı. Bu kişi mәni sözün bütün mәnalarında yaşatdı. Əyyub Abbasovdan xahiş elәdi ki, iki çap nüsxәsi mәnim kitabımdan kәsib Nәrimana yer verin. O vaxt kitab çap elәtdirmәk hadisә idi. Qorki adına Ədәbiyyat İnstitutunu bitirib tәzәcә qayıtmışdım. Yazıçılar İttifaqının qarşısında görüşdük. Soruşdu ki, burda neynirsәn? Dedim, iş axtarıram, Mir Cәlal müәllim. Dedi, iş axtarma, adam axtar, oğul. Mәni apardı indiki Bakı Dövlәt Universitetinә. Rektor rәhmәtlik Şәfayәt Mehdiyev idi. Orda mәnә yarımştat bir yer elәdi. Mir Cәlal müәllim dedi, tәbrik edirәm, bir yarımştat işin var. Bәxtim açılmışdı sanki, bir müddәt sonra rәhmәtlik Heydәr Əliyev mәni “Ədәbiyyat vә incәsәnәt” qәzetinә baş redaktor tәyin elәdi. İki seçim arasında qalmışdım, bilmirdim universitetdә davam edim, ya “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlәyim. Pәnah Xәlilov qayıtdı ki, dәlisәn sәn, nә var qәzetdә? Dedi, sәni Mir Cәlal gәtirib bura. Heç kim sәni bura yaxın qoymazdı. Onda Mir Cәlal tәkid elәdi ki, get “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlә. Onun dediyi kimi dә elәdim. Ora gedәndәn sonra mәlum oldu ki, gözü bu vәzifәdә olan nә qәdәr adam varıymış. Baxmayaraq ki başıma orda oyunlar açıldı, 14 il orda çalışdım, qәzet 120 min tirajla çıxdı. Cәnubi Azәrbaycan üçün әski әlifba ilә, Türkiyә üçünsә latın qrafikası ilә xüsusi nömrәlәr hazırladıq. Mir Cәlal mәnim hәyatımda müstәsna rol oynayıb, öz yerindә, amma mәn Arif müәllimlә tanış olandan sonra taleyә inanmağa başladım. Müstәqillik qazanandan sonra rәhmәtlik Heydәr Əliyev mәni Mәtbuat vә İnformasiya naziri tәyin elәmişdi. Nazir kimi hәtta İrana sәfәr dә elәmişdim. Çәtin vaxtlar idi. Adım nazir idi, elә bir iş dә yox idi, nә mәni sayan var idi, nә dә dindirәn. Heydәr Əliyevә zәng elәmәyә dә utanırdım. Bilmirdim dәrdimi  necә  deyim.  O illәrdә Hafiz müәllim zәng elәdi ki, Arif müәllimә zәng elә. Danışdıq, getdi Aviasiya Akademiyasına, mәni yarımştat işә götürdü. Gün o gün, hәlә dә orda çalışıram. Arif müәllim tamam başqa tәbiәtli adamdı.

Oğul, ümumiyyәtlә, Mir Cәlal müәllim vә oğlu Arif müәllimin qayğısı, diqqәti ömrüm boyu mәni müşayiәt edib. Bu ailә mәnә tәk ürәklәrindә yox, talelәrindә, evlәrindә dә yer veriblәr. Ən әsası, hәyatda yer verib. Mir Cәlal müәllim hәm dә mәnim elmi rәhbәrim olub. Elmi işimin mövzusu “Azәrbaycan- Ukrayna elmi әlaqәlәri” idi. Mir Cәlal müәllimgildәydik, gecә saat bir, hamı yatıb. Mir Cәlal müәllim dedi, oxu görüm nә yazmısan. Püstә xanım da yanı- mızdaydı. Demәli, elmi işdә bir mәqam varıydı, İvan Frankonun bir qәzәlini tәhlil edirdim, paralel olaraq Molla Vәli Vida- dinin qәzәllәri ilә paralellәşdirirdim. Mir Cәlal müәllim Püstә xanıma qayıtdı ki, görürsәn, xam torpaqdı. Düz bir il sәkkiz aya müdafiә elәdim. Bu kişi mәnim üçün peyğәmbәr idi.

 

– Bildiyim qәdәriylә, 1997-ci ildәn Aviasiya Akademiyasında çalışırsınız. Hәr dәfә bu haqda düşünәndә gözlәrimin önündә xәyalı göylәrdә gәzәn şair vә göylәri tәyyarә qanadlarında fәth etmәyә hazırlaşan tәlәbәlәr canlanır... Bu xәyali sualın gerçәk cavabını soruşsam?..

 

– Çox poetik sual oldu, oğul... Əslindә, özü yerdә olan şairin xәyalının göydә olması sual doğurur vә mübahisә predmeti ola bilәr. Mәnә qalsa, şair xәyalı elә yerdә olsa, yaxşıdı. Şair xәyalı göydә yox, yerdә olmalıdı, cәmiyyәtin yanında, insanların arasında. Şair cәmiyyәtin әn qabaqcıl övladıdı. Mәn elә bilirәm ki, şair xәyalı heç vaxt göylәrdә olmayıb. Mәn inanmıram ki, Puşkinin xәyalı göylәrdә olsun. Allah rәhmәt elәsin, “Yenә göylәrdәdi şair xәyalın...”- deyәn Sәmәd Vurğunu yerdә yaxaladılar. Hüseyn Cavid “Yerә enmәm dә, sәma şairiyәm” deyәndә dә, mәncә, bildiyimiz xәyaldan danışmırdı. Cәmiyyәtin çirkablarından arınmaq istәdiyini nәzәrdә tuturdu.

Hәlә tәlәbәlәr şair xәyalıyla, tәlәblәriylә ayaqlaşmaqda bir az çәtinlik çәkirlәr. Sözsüz, gәlәcәkdә hansısa mәqamda, bәlkә dә, hәr şey dәyişәcәk. Belә demәk mümkünsә, tәlәbәlәrin dünyagörü şair xәyalına cavab verә bilmir. Gәnclik maraqlıdı, söz yox. Ancaq çalışmaq, tәdqiqat aparmaqda azacıq tәnbәllik edirlәr.

 

– Otağa girәn kimi divardan asılmış, Nazim Hikmәtin dә olduğu şәkil diqqәtimi çәkdi. O fotonun tarixçәsini bilirәm, әslindә, o haqda danışmaq istәmirәm. Şairin sevdiyim bir misrasını sual olaraq sizә ünvanlamaq istәyirәm. O misra belәdi: “Nәdәn sancılar әskik olmaz insan ürәyindәn?”

 

– Əgәr insansansa, ürәyindәn sancılar әskik olmaz. Sancılar ürәk sahibinin insanlığına dәlalәt edir. Deyirlәr, insanlar iki cür olur: bir döldәn doğulanlar var, bir dә ruhdan doğulanlar. Böyük әksәriyyәt döldәn doğulur, böyük şәxsiyyәtlәr isә ruhdan. Ruhsuz vә ürәksiz insan bitki kimi bir şeydi. Mәnim nәzәrimdә Sәmәd Vurğun da, Nazim Hikmәt dә ruhdan doğulanlardan idi. Onlar tәkcә dövrün deyil, hәm dәәsrin şairlәri idi. Nazim Hikmәtlә çox yaxın dostluğumuz olub. Onun dәfnindә belә iştirak etmişәm. Hәr yadıma düşәndә kәdәrlәnirәm ki, Nazimin dәfnindә oğlu iştirak etmәdi. Nazim Hikmәt dünya gözәli idi. Dünyanın әn gözәl dә ürәyinә sahib idi. Elә o gözәl ürәyi dә onu bu gözәl dünyadan ayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

BİR TİKƏ YAŞAM

 

Bir tikə yaşam üçün

Ölümün qucağında

Qan bəllələrin boy-boy udub

Və gecənin incə yerindən qopartdıq

Qalın-qalın haraylarımızı!

Və nisgil dolu istəklərimizi

Baş örtülərin ortasına buraxıb

Qorxmadan, qurşunların önündə

Saçlarımızı uzun-uzun havalandırdıq! 

Və yıxılıb, yıxılıb yenidən ayaqlandıq

Və illər boyu udqunduğumuz qışqırıqlar!..

Gec boğazlardan çıxdı! 

Haray-haray,

Mən burdayam

Sən burdasan

Biz burdayıq.

Gəlin,

Gəlin qızlar

Gəlin qızlar qorxmayaq!..

Və qan tər içində islanan gəncliyimizi

Azadlıq döngələrinə səpək,

Bəlkə hər gələn, gedəndən toz qoparmasın!..

Göyçək qızlar ağlamasın, ölməsin

Uzun-uzun saçları ipək yolunu tutmasın!..

Gəlin

Gəlin

Gəlin qızlar qorxmasın!..

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.