
Super User
Rəsm qalereyası: Leonardo da Vinçi, “Mələk”
Məşhur italiyalı İntibah dövrü rəssamı Leonardo da Vinçinin London Milli Qalereyasında saxlanılan “Mələk” rəsmindən bir kompozisiya.
“Sözdən yaranan incilər”də - “Ən çox tamaşa oynalınan səhnə insan sifətidir”
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Şöhrət işığı gözü sevindirər, amma qəlbi kor da edə bilər.
- Həyat dükan kimidir, çox vaxt, istədiyini yox, olanı almalı olursan.
- Böyük pullara gedən yol, çox vaxt vicdansızlıq körpüsündən keçir.
- Rəqəm sözdən mərddir, rəqəmin bir, sözün isə yüz mənası olur.
- Ən çox tamaşa oynalınan səhnə insan sifətidir.
- Eyni insan həyata bir dəfə kişi, bir dəfə qadın kimi gələ bilsəydi, xoşbəxtlər çox olardı.
- İtin həyatı kimə hürməsindən, kimə quyruq bulamasından asılıdır, lap insanlardakı kimi.
- Dünyanı bəlkə gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməzlər.
- Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.
- Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya da hər iki tərəf uduzur.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Külüm qalıb ortada...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Gözəl bir şeir ilə sizləri baş-başa qoyacağıq.
Burdan bir atlı getdi,
Atı qanadlı getdi...
Yandıran atdı getdi-
Külüm qalıb ortada...
-deyən şair həqiqətən də sözdən ilmə toxuyur.
Çox gözəldir.
Xoş mütaliələr!
Külüm qalıb ortada...
Çəkilmisən əlimdən-
Əlim qalıb ortada.
Bu eşqi götürən yox-
Ləlim qalıb ortada.
Burdan bir atlı getdi,
Atı qanadlı getdi...
Yandıran atdı getdi-
Külüm qalıb ortada...
Qılınc var, yox tiyəsi
Kimlərə nə deyəsi?
Hanı bunun yiyəsi-
Ölüm qalıb ortada...
“Ədəbiyyat və incəsənət”
(18.12. 2024)
Gülüş klubunda qaban əti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Quş qanadlarını açıb uçdu, pır-pır-pır. Oyandan qurbağa palçıqdan çıxdı, qur-qur-qur. Onu görüb də küçük hürdü, hav-hav, hav.
-Açığını deyim, biliklıriniz mənə çox səthi göründü. Amma nə edim, sizdın başqa biologiya müəllimliyinə namizəd yoxdur.
2.
Ussuriya pələngindən cəmi 500 dənə qalıb. Onu bütün dünya - prezidentlər, filantroplar, şou-biznes və kino ulduzları qoruyurlar.
Amma məndən cəmi 1 dənə qalıb, di gəl, mənə heç əhəmiyyət verən yoxdur.
3.
Hansı soldur, hansı sağdır?
Bu bədbəxt oğlu corablarının sağ-solunu seçə bilmir, partiyaların sağ-solunu necə seçsin?
4.
Şirlə canavar meşədə bir qaban ovlayırlar. Şir yeməyə başlayır, yeməyən canavardan təəccüblə soruşur:
-Niyə yemirsən?
Canavar deyir:
-Qaban da donuzdur, donuz yemək bizlərə haramdır.
5.
Pəis də hamımız kimi adi adamdır. Ancaq o özü bunu bilmir.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
ƏN YENİ POEZİYA Iqbal Nəhnətin “Qar yağır Yardımlıya” şeiri ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Iqbal Nehmetdir. Şair yaşadığı Yardımlıya yağan qardan vəcdə gəlib və bu şeiri yazıb. Amma şair qəlbi qarın gətirdiyi fərəhə sevinməkdən çox yaranan çətinliklərdən kədərlənir. Axı həqiqətən Bakıya da, bölgələrə də qar yağdımı, uzun müddət altını çəkəsi oluruq.
Xoş mütaliələr.
QAR YAĞIR YARDIMLIYA...
Şaxta susan dilləri danışdırmaq istəyir,
Çoxu elə düşünür, var yağır Yardımlıya.
Təbiət fəsillərin marağını izləyir,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Fikir verənmi qaldı dəlisinə, gicinə,
Gələn olmaz ölənin yeddisinə, üçünə,
Yaşa, sag ol, ya da öl, məmurun nə vecinə,
İşıq pulu yığanlar dayanıblar qapıya,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Biri yorulub qalsa, biri ötəndi qardaş,
Gedib-qayıdacağıq,sonu kəfəndi, qardaş.
Qaçıb gedə bilmirik, axı Vətəndi, qardaş.
Düzən belə qurulub kim ac qala, kim doya,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Əvvəllər sevinərdik, qar yağanda eşikdə,
Şirin yatan körpələr oyanardı beşikdə,
Gizlənib sevincimiz görən hansı deşıkdə?
Dedim bəlkə səsimi kimsə eşidə, duya,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Tökülür göydən yerə tökülür incə-incə,
Təzə məktəb tikilib, hamının ürəyincə,
Uşaqlar donacaqlar, şaxta baba gəlincə,
Yazıq uşaq soyuqdan hansı dərsi oxuya?
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Düzü düz kimi danış düz kəsilsə başın da,
Yalan nadan üçündür, demə ahıl yaşında,
Deyirlər qar olarmış uca dağın başında,
Deyə-deyə veriblər oyaqları yuxuya,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
Çalış İqbal, düşünmə zay olacaq əməyin,
Əskik olan adamın artığını yeməyin,
Bir gün haqqı yazmasam, mənə şair deməyin,
Bəzən bir həqiqətim bərabərdir orduya,
Deyəsən qış gəlibdir, qar yağır Yardımlıya.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Alma dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Alma dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun
DÜSTUR
§ Ət – 117 qr
§ Alma – 220 qr
§ Soğan – 20 qr
§ Müxəşşər – 42 qr
§ Quru mərzə – 10 qr
§ Ağ reyhan – 10 qr
§ Yağ – 20 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ darçın – 0,2 qr
HAZIRLANMASI:
Almalar yuyulur, baş tərəfi kəsilib, içi nazik bıçaq və ya qaşıqla çıxarılıb, içlə doldurulur. Zövqə görə darçın da səpmək olar.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
“Anamın dualarından güc aldım...” - Seyid Aynurun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə - Seyid Aynurun şeirləri
təqdim edilir.
Qərənfil
"20 Yanvar" günü o kordiogen şok keçirmiş
al qərənfillərin
içindəki yurd sevgisinə and olsun:
"Vətən" adlı yol gedən qatarın
sərnişiniyəm,
hər gecə
həsrət daşıyıram
ayağımda bir vaqon.
Göyçə
Sarı Qulunun qızı Sədəf
Ər evinə gəlin köçəmmədi.
Kor Hido əllərini yuxarı milləyib,
Gəzdi Allahın ətəyini,
Tapammadı...
Namazın ölüm xəbəri gəldi,
Səlbi mamam başını
möhürə qoyub doluxsundu,
Sızladı kimsəzilikdən -
Düşmən toy karvanının qabağını kəsib
Ağlatdı anamızı.
Həmin il nədənsə,
nəzir-niyazları
qəbul etmədi "Miskin Abdal",
Aşıq Nəcəfin belinə odlu samovar bağlayıb,
Təpədən aşağı tulladı haylar,
Axşama yaxın Məşhədi Qasımın tüfənginin
Səsi eşidildi:
Qopdu əli qanlı Aramyanın
axsaq atının nalı.
Terrorçular boşaltdı kəndi,
Qobustan qayalarına doğru yol alan,
Günəşin söykəndiyi
Əjdaha dağının üzərindəki
Sakral rəsmlər elə bil dirildi o gün -
Ağlaşdı canlı kim, nə vardısa,
Qırıldı canlı kim, nə oldusa.
Salam, Dərələyəz!
Qırğın qopdu, uçdu evin, sarayın,
Dilə düşdü ahın, nalən, harayın.
Viran qaldı bir Alagöz yaylağın,
Didərgindir el-oban, Dərələyəz!
Çətin idi həsrətinlə yaşamaq,
Qocalara boz şəhərdə yaşlanmaq.
Dərddən oldu nər oğullar bir yumaq,
Sığanmadıq Bakıya, Dərələyəz!
Arpaçayın suyu düşər Araza,
Əziz elim getdi yaman güdaza.
Salam deyin o qərib Ardaraza,
Yaman sənsiz qaldıq bil, Dərələyəz!
Həsrətindən dərdə düşdü bu millət,
Saatlıda xəstə düşdü Məhəmməd.
"Can qurtaran dağ"da vardı min hikmət,
Kimsəyə sirr vermə sən, Dərələyəz!.
Qayıdacaq Qaşqa, Sallı, Cul, Zerək,
Qəlbim olub yumyumuşaq, çox kövrək.
Ayrı düşdük neçə vaxtdı, di, neynək,
Sil o yaşı, yanaqdan, Dərələyəz!
Dua
Yıxıldım misra-misra,
Əzildim heca-heca.
Böyüdüm günbəgün
Hər üz turşudan
alça mövsümü
ayrılıqlar incitdi həssas ruhumu
Sonra...
Sonra...
Anamın dualarından güc aldım.
Xilas
İntihar etmək istəyən ağaclara
Mişarı psixoloq,
Sahilə çırpılan balıqlara
Balıqçıları xilasedici təyin etdilər.
Elə o vaxtdan:
Ağaclar ağıllandı,
Balıqlar möhtəşəm üzgüçü oldu.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
XARİCİ ƏDƏBİYYAT - Erix Frid, “Səni öpdüyümdə”
“Ədəbiyyat və incəsənət” porfalı Xarici ədəbiyyat rubrikasında sizlərə Avstriya şairi və yazıçısı Erix Fridin (1921-1988) “Səni öpdüyümdə” şeirini təqdim edir. Şeiri dilimizə portalımızın Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla çevirib.
Səni öpdüyümdə
Təkcə sənin ağzın deyil,
Təkcə sənin göbəyin deyil,
Təkcə sənin qarnın deyil öpdüyüm.
Həm də mən
Sənin sorğularını öpürəm.
Sənin arzularını,
Davranışlarını öpürəm sənin.
Sənin şübhələrini,
Sənin cəsarətini,
Mənə olan sevgini,
Məndən qurtuluşunu öpürəm.
Mən sənin ayaqlarından öpürəm ki,
Bura gəlibdilər, burdan da gedəcəkdirlər.
Mən səni öpürəm;
Olduğun kimi, Olacağın kimi,
Sabah və sabahlarda
Hətta o vaxt ki,
Mənim də vaxtım kəçəcəkdir...
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Turanə Məcidli və Amin Tağızadə
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.
2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.
2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.
2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.
ŞAGİRD:
Mən, Tağızadə Amin Anar oğlu 2015-ci ildə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanin 1- ci sinfinə qəbul olmuşam. 2022-ci ildən etibarən təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar liseyində davam etdirmişəm. Hal-hazırda 10-cu sinif şagirdiyəm.
Oxuduğum müddət ərzində məktəbin tədbirlərində, olimpiada və müsabiqələrində iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişəm. Bunlara misal olaraq: FİSO(future intintelligence students olympiad) olimpiadasında Respublika birincisi olmuşam, FMO(Fermat mathematical olyimpiad) olimpiadasında gümüş medal əldə etmişəm, “Sabahın alimləri” müsabiqəsinə “Tibb və sağlamlıq” fənnindən hazırlaşmışam, “ClimateScience” olimpiadasinda yarımfinalçı olub dünya reytinqində 2,7% içində olmuşam və 12 beynəlxalq sertifikatla təltif olunmuşam. Sadalanan olimpiadalarda iştirak edib, müxtəlif yerlər tutub, sertifikatlar qazanmışam: Eagles, Milli iqtisadiyat olimpiadası,TİMO, Kenquru. Həm də “Bir könüllü” tələbə təşkilatında könüllü kimi çalışıram.
Boş vaxtlarımda şahmat oynamağı və boks ilə məşğul olmaqı sevirəm. Şahmat üzrə 3-cü dərəcəli oyunçuyam. Məktəbdə keçirilən şahmat çempionatında 1-ci yer qazanmışam və Fəxri Fərmanla təltif olunmuşam. Bundan əlavə, Boks idman növündə bir çox yarışlarda iştirak etmiş və 1-ci yer qazanmışam, diplom və medallar ilə təltif olunmuşam.
Məqsədim Türkiyənin ən qabaqcıl universitetlərindən birinə qəbul olub təhsilimi Tibb üzrə davam etdirmək və ölkəmizdə tibbin inkişafına böyük töhfələr verməkdir.
ESSE
Şəxsiyyətin əsas dəyəri - Azadlıq
Azadlıq həmişə əsas insan dəyərlərindən biri olub. Seçmək hüququnu, öz inanc və arzularına uyğun yaşamaq imkanını ifadə edir. Bununla belə, azadlıq mütləq deyil. Onun sərhədləri bir çox amillərdən - əxlaq normalarından, cəmiyyətin qanunlarından və başqa insanların hüquqlarından asılıdır.
Fərd üçün azadlıq özü olmaq, müstəqil qərarlar qəbul etmək və onlar üçün məsuliyyət daşımaq bacarığı deməkdir. Azadlıq olmadan insan öz arzularını həyata keçirmək, fikrini ifadə etmək imkanını itirir. Lakin tam azadlıq qeyri-mümkündür, çünki o, başqa insanların maraqları ilə ziddiyyət təşkil edə bilər. Məsələn, bir şəxsin azadlığı digərinin azadlıq hüququnun başladığı yerdə bitir.
Üstəlik, azadlıq məsuliyyətlə sıx bağlıdır. Əgər insan sərbəst hərəkət edirsə, qərarlarının nəticələrinə hazır olmalıdır. Azadlıqdan məsuliyyətsiz istifadə xaosa, başqalarının hüquqlarının pozulmasına, hətta cəmiyyətin məhvinə gətirib çıxara bilər. Məsələn, söz azadlığı mühüm hüquqdur, lakin ondan nifrətin qızışdırılması və ya yalanın yayılması üçün istifadə ictimai rifah üçün təhlükə yaradır.
Beləliklə, azadlıq təkcə hüquq deyil, həm də vəzifədir. İnsan öz istəkləri ilə başqalarına hörmət arasında tarazlıq tapmağı bacarmalıdır. Azadlıq başqalarına zərər vermək üçün istifadə ediləndə və ya onun nəticələrini dərk etmədən mənasız olur.
Mən inanıram ki, həqiqi azadlıq o zaman əldə edilir ki, insan onun hüdudlarını dərk etsin və öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarsın.
Məhz bu yanaşma fərdlər arasında harmoniyanı qorumağa imkan verir!
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)
AMEA-da Xuraman Muradovanın kitabı təqdim olunacaq
Gözəl lirik şeirləri ilə tanınan Xuraman Muradova qələmini həm də publisistikada sınayır. Onun təqdimatı olacaq növbəti kitabı məhz publisistika janrındadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 23-ü saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yoluna həsr edilən "Əsrin qəhrəmanı olan Komandan" kitabının təqdimat mərasimi keçiriləcək!
Xuraman Muradovanın Azərbaycan Prezidentinə həsr etdiyi kitabın prezidentin ad günü öncəsi ictimaiyyətə təqdim edilməsi özlüyündə həm də bir rəmzi məna daşıyır. Azərbaycana Qarabağ zəfəri yaşatmış İlham Əliyevə ad günü təbriki ünvanlamağa hər kəs səbirsizlənir, çünki bu zəfər hər bir azərbaycanlı üçün ən böyük hədiyyədir.
“Ədəbiyyat və incəsənət”
(18.12.2024)