
Super User
Aktotı Raimkulovanın Yaqellon Universitetində görüşü
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Krakov şəhərində yerləşən Polşanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Yaqellon Universitetinin rektoru, professor Piotr Yedınak ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı elm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi və iki qurum arasında akademik əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.
Səfər çərçivəsində Aktotı Raimkulova Yaqellon Universiteti ilə tanış olub, o cümlədən Filologiya Fakültəsinin Şərqşünaslıq Bölməsinin tələbələri ilə görüşərək, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, türk xalqlarının zəngin irsinin qorunması və tanıdılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verərək, Fondun gənclərlə əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq elmi-tədqiqat işlərinə və təhsil layihələrinə xüsusi önəm verdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Baharın “Ulduz”u, qədəmlərin mübarək!
Könül, “Ədəbiyyat və incəsənət”
“Ulduz” jurnalının mart sayı “Yeni nəsil: nəsr - “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb.
Daha ətraflı məlumat almaq üçün jurnalın baş redaktoru Qulu Ağsəsdən aşağıdakı bilgiləri aldıq:
Jurnalın bu sayında gənc nəsildən olan nasirlərin - Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”, Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”, Həmid Piriyevin “Nəlbəkidə üzən kağz gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq...” hekayələri yer alır.
“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır.
“Şeir vaxtı”nda Nübar Eldarqızıdır.
Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də mart sayında oxucularla görüşür.
“Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur.
“Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.
Onu da qeyd edək ki, “Yeni nəsil: nəsr - “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi”ndə birdən-birə portalımızın 3 əməkdaşı təmsil olunur: Jalə İslam, Heyran Zöhrabova və Uraqan Abdullayev.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Beyləqanda “Baharın səsiyəm mən” adlı konsert keçirilib
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Baharın səsiyəm mən” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə Beyləqan Təhsil sektorunun müdiri, rayon İHB-nın Dünyamalılar kənd İƏD-i üzrə nümayəndəsi, məktəbin müəllim-şagird kollektivi, kənd ictimaiyyəti və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərən şəhid oğullarımızın əziz xatirəsi ehtiramla yad olunduqdan sonra tədbir konsert proqramı ilə davam edib.
Konsert proqramında Niyazi adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin, “Odlar Yurdu” xor kollektivinin üzvlərinin ifasında, yazın gəlişinə aid şən əhval ruhiyəli, bayram ab-havalı musiqilər təqdim edilib.
Konsert proqramı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Bu dəfə Xarıbülbül yox, Arıbülbül
İşqaldan azad olunmuş regionlarımız gün-gündən çiçəklənməkdə, inkişafa qovuşmaqdadır. Xüsusən də gözəlimiz Şuşa!
Böyük məmnunluq hissi ilə sizə bir xoş yenilik barədə xəbəri çatdırmaq istəyirik.
Ötən gündən – 12 mart 2025-ci il tarixdən etibarən Şuşa şəhərində yeni bir müəssisə – "Arıbülbül" MMC fəaliyyətə başlayıb. Orijinal adı ilə seçilən "Arıbülbül"ün məqsədi istehlakçıları təmiz Şuşa balı ilə təmin etməkdir!
Devizləri isə belədir: Arıbülbül – Aydan arı!
Təsisedilmə münasibətilə ilk 30 müştərisinə müəssisə 30% endirim də elan edib!
Əminik ki, tezliklə “Arıbülbül” etiketli bal ölkənin bütün bölgələrində, hətta xaricdə də mağazaların vıtrinlərini bəzəyəcək.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
“Ты — архитектор смыслов”
Ашраф Дали — египетский поэт, прозаик и журналист. Он родился в Банхе, Египет, 13 марта 1963 года. Он является генеральным секретарем Конгресса африканских журналистов. Ашраф Дали получил премию Манхэ в области литературы 2014 года.
Сегодня ему исполняется 62 года.
Ашраф Дали!
В этот день, когда пространство складывается в новую точку биографии, я поздравляю тебя от имени Всемирной организации писателей WOW и от себя лично.
Ты — архитектор смыслов, конструктор миров, собирающий реальность из букв, ритмов и идей. Твои тексты — навигаторы в многомерных пространствах, твои переводы — порталы между культурами. Как генеральный секретарь Конгресса африканских журналистов (CAJ), лауреат премий WOW и Манхэ, руководитель международных СМИ WOW, издатель «Шёлкового пути», ты формируешь ландшафт интеллектуального будущего.
В этом непрерывном потоке информационных волн, где реальность перезаписывается быстрее, чем её успевают осознать, ты остаёшься точкой сборки смыслов. Пусть новые алгоритмы жизни генерируют для тебя всё больше вдохновения, пусть каждая строка становится активацией нового горизонта
Код удачи запущен. Пусть он ведёт тебя!
Маргарита Аль, Президент Всемирной организации писателей WOW
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
“Xocalı. Son toy…” filminin təqdimatı keçirilib
Martın 12-də Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” sənədli-bədii filminin təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, “Xocalı. Son toy…”un layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadədir. “Global Media Group” və “Report” İnformasiya Agentliyinin reallaşdırdığı film, 32 il əvvəl Xocalıda yarımçıq qalmış bir toyun gerçək hekayəsindən bəhs edir.
“Report” İnformasiya Agentliyinin rəhbəri, filmin prodüseri Fuad Hüseynəliyev AZƏRTAC-a açıqlamasında filmin ideyasının illər əvvəl çəkilmiş toy fotosuna əsaslandığını bildirərək deyib: “Ekran əsərinin əsas süjet xətti illər sonra Xocalıya geri dönən həmin ailənin və o toydakı qonaqların yarımçıq qalmış məclisi davam etdirmələri üzərində qurulub. Xocalı işğal edilməmişdən əvvəl çəkilmiş toy şəkli cəmiyyət arasında geniş yayılmışdı. Biz həmin bəyi və gəlini - Vasif Qafarov və Dürdanə Məmmədovanı araşdırıb tapdıq, onların yaşadıqları hadisələri dinlədik. O toy ənənəvi qaydada keçirilməmişdi, “Vağzalı” səslənməmişdi. Çünki ermənilərin növbəti hücumu yaxınlaşırdı. Biz qərara gəldik ki, Xocalı işğaldan azad edildikdən sonra toyun iştirakçılarını bir araya gətirək və bu mərasimi tamamlayaraq tarixdə bir iz buraxaq. O vaxt toyda musiqi ifa edən insanları da taparaq filmin bədii hissəsinə daxil etdik”.
Vasif Qafarov həyat yoldaşı Dürdanə Məmmədova ilə birlikdə filmin çəkilişlərinə əvvəlcə tərəddüdlə yanaşdıqlarını diqqətə çatdıraraq bildirib: “1992-ci il yanvarın 18-də vəziyyət artıq çətin idi. Atam demişdi ki, bu toyu edək, bəlkə insanların içindəki qəm-qüssə azalar. Günorta başlayan toy erməni hücumuna görə yarımçıq qaldı. Filmin çəkiləcəyini eşidəndə əvvəlcə qəbul etmək istəmədik, lakin sonra düşündük ki, bu, Xocalının səsi ola bilər. Çəkilişlər zamanı həm sevinc, həm də kədər hiss etdik. Sanki o günlərə qayıtdıq”.
Filmdə rol alan əsas aktyorlardan biri, “Report” İnformasiya Agentliyinin əməkdaşı Tuncay Türbəndəzadə öz hisslərini belə ifadə edib: “Bu ekran işində rol almağım qürurvericidir. Xocalı bizim qan yaddaşımızdır. Çəkilişlər 10-12 saat davam edirdi. Yorulsaq da, nəticənin uğurlu olacağına inanırdıq. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Canlandırdığım obrazın gerçək həyatda mövcudluğu, onun hadisələrin şahidi olması mənim üçün böyük məsuliyyət idi”.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Uşaq oyunları niyə unudulur? - AKTUAL
“Ədəbiyyat və incəsənət” portalı yenidən gələcəyimiz olan uşaqlar barədə mövzunu gündəmə gətirir. Əməkdaşımız Malik Məmmədov əski həyatımızdan əsla fərqli olaraq günümüzdə uşaq oyunlarına münasibətin dəyişməsi mövzusu ilə bağlı apardığı araşdırmanı nəhəyət ki, uşaq psixoloqu Yasəmən Səfərzadəyə ünvanlanan suallarla yekunlaşdırıb və beləcə, bir çox suallara cavab tapılıb. Niyə bu gün uşaq oyunları yalnız kompüter və mobil telefonla məhdudlaşır?
Oyun fəaliyyəti yeni bir fəaliyyət növü deyildir. Oyun terapiyası uşağın problemlərini başa düşmək, onun hisslərini və rəftarlarını araşdırmaq və onlarla üzləşərək həll yollarını tapmağa imkan verən bir texnikadır. İlkin insanlar yaranan gündən elə oyun fəaliyyəti də yaranmışdır. Bəs oyun nədir?
Bir uşağın həyatında sevgi, diqqət, yuxu, qidalanma nə qədər əhəmiyyətlidirsə, oyun da bir o qədər əhəmiyyətlidir. Oyun oynarkən uşaqlar xoşbəxt olurlar. Bəzən valideynlər övladlarının oyun oynaya bilmədiklərini, oyun oynarkən aqressivləşdiklərini və xoşbəxt olmadıqlarını düşünürlər. Amma əslində uşaqlar oyun oynarkən öz hisslərini, düşüncələrini, yaşadıqlarını, söyləmək istədiklərini bizə göstərərlər. Və bir uşağın oyun oynarkən xoşbəxt olmaması, aqressivləşməsi, oyun oynaya bilməməsi elə onun həyatının, yaşadıqlarının bir göstəricisidir.
Oyun uşağın çətinliklərlə başa çıxma üsuludur. Biz uşağın oyununa fikir versək, əgər o öz oyununa münasibətlər sistemini, dostları, yoldaşları, valideynləri ilə olan münasibətini mütləq şəkildə yansıdır. Hər bir uşağın özünəməxsus sevgi dili olduğu kimi, bu sevgi dili də onların oyunlarına təsir edir.
Oyun uşaqların inkişafında xüsusilə əhəmiyyətlidir. Sadə bir oyun olan, hamımızın bildiyi amma uşaqlarımızın çoxunun unutduğu, oynamadığı "klas-klas" oyunundan nümunə gətirmək istəyirəm. Sadə görünən bu oyunda uşaq daş parçasını xanaya atdığı zaman, burada onun diqqəti, təfəkkürü, təxəyyülü inkişaf edir. Uşaq həm də sosial təsirə məruz qalır. Bir uşağın oyun prosesində dostları tərəfindən alqışlanması, ona ümid bəslənilməsi, qalib olmasının istənilməsi qədər məğlub olmasının gözlənilməsi də uşağın inkişafına çox müsbət təsir edir. Son zamanlar valideynlərin ən narahat olduğu məsələlərdən biri də "övladım paylaşa bilmir, mən nə etməliyəm". Uşağın paylaşmağını istəyiriksə, əgər oyun zamanı biz bunu ona aşılaya bilərik. Uşaq oyun zamanı daş parçasını dostları ilə paylaşdığı zaman, yaxud özü paylaşa bilməsə belə, başqa birinin paylaşdığını görməsi uşagın davranışına mütləq şəkildə müsbət təsir göstərir.
Belə bir düşüncə tərzi mövcuddur ki, uşaqlar məktəbə gedənə qədər oyun oynaya bilər, artıq məktəb dövrü başladısa uşağın oyun prosesi də sonlanmalıdır. Oyunun yaşı yoxdur. Oyun uşağın həyatının ayrılmaz bir parçasıdır. Biz ona oyun zamanı öz hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradırıq. Və bir uşağın bundam məhrum olması öz hisslərini, yaşadıqlarını, düşüncələrini paylaşa bilməməsi deməkdir.
Bəzən oyuncaqlarla oynanılan oyunlarla inkişaf etdirici məşğələlər, əyləncə tipli məşğələlər səhv salınır. Oyuncaqlarla oynanılan oyunlar uşaqların hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradır. Uşaq burada istədiyi oyuncaqlardan istifadə edərək özünə mühit yaradır. Ancaq əyləncə tipli məşğələlər də, inkişaf etdirici məşğələlər də uşağın valideynləri ilə vaxt keçirməsi baxımından çox əhəmiyyətlidir. Oyun uşaqların dili, oyuncaqlar isə söyləmək istədikləridir.
Demək, ən azından keçmişdəki oyunların bərpasına cəhd etməliyik!
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Daxili intizam adəti
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xoşbəxtlikdən siz, özünüzə daxili intizam adəti aşılaya bilərsiniz. Xoşunuza gəlib-gəlməməyindən asılı olmayaraq özünüzü lazım olan işi lazım olan vaxtda görməyə vadar etməklə, daxili intizamınızı daim məşq etdirməklə onu daha da gücləndirə bilərsiniz. Bəhanələr tapmağa son qoyacaqsınız.
Pis adətlərə alışmaq asan, onlarla yaşamaq isə çətindir. Yaxşı adətləri isə aşılamaq çətin onlarla yaşamaq isə asandır. Və Qoezin dediyi kimi “Hər iş asan olmazdan öncə çətin olur”. Daxili intizam və özünə nəzarət kimi adətlərə alışmaq çətindir, amma adət etdikdən sonra onlar avtomatikləşir və asan idarə olunur. Daxili intizam adəti xarakterinizə tam oturub, xüsusiyyətlərinizdən birinə çevrildikdən sonra, siz intizamsızlığa yol verdikdə özünüzü narahat hiss etməyə başlayırsınız.
Ən yaxşı xəbər isə bütün adətlərin öyrənilə bilən olmasıdır. İstədiyiniz adam olmaq üçün sizə lazım olan istənilən adəti özünüzə aşılaya bilərsiniz. İstədiyiniz vaxt daxili intizamınızdan istifadə etməklə istədiyiniz şəxsiyyətə çevrilə bilərsiniz. Daxili intizamınızı gücləndirmək istiqamətində göstərdiyiniz hər bir səy sizin digər xüsusiyyətlərinizi də gücləndirir. Təəssüf ki, daxili intizamda göstərilən hər bir zəiflik də bütün digər xüsusiyyətlərin zəifləməsinə səbəb olur.
Daxili intizamınızı gücləndirmək üçün, öncə müəyyən bir sahədə konkret necə rəftar edəcəyinizi qərara almalısınız. Və həmin sahədə tam intizama nail olmayana kimi hec bir kənaraçıxmaya – istisnaya yol vermirsiniz.
Hər dəfə ayagınız büdrədikdə, yolunuzdan yayındıqda (bu isə mütləq baş verəcək) siz yenidən ayağa qalxıb yolunuza davam edərək daxili intizamınızı daha da gücləndirəcəksiniz və sonunda sizin üçün intizamlı hərəkət
etmək intizamsızlıq etməkdən daha asan olacaq.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
QISA FİKİR XƏZİNƏSİ - «Əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının» - Napoleon Hill
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərə məşhur kouç Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamları təqdim edəcəyik:
«Uğur qazanan insanlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Amma onlar, hər hansı istiqamətə doğru hərəkət edəndə hara çatacaqlarını da əvvəldən bilirlər».
«Əgər yanında ona kömək edən adamlar olmasa heç bir şəxs daim uğur qazana bilməz».
«Ən uğurlu adamlar o adamlardır ki, onlar çoxsaylı insanlar üçün işləyirlər».
«Sən bir şeyi yalnız o zaman edə bilərsən ki, sən bunu edə biləcəyinə inanasan».
«Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının».
«Öz fikirlərini düz istiqamətə yönəlt. Öz emosiyalarına nəzarət et. Öz məqsədini dəqiq müəyyənləşdir».
«Entuziazmla içini doldur. Entuziazmla hərəkət et!»
«Beynini istədiyin, arzuladığın şeylərlə doldur, istəmədiklərinlə, arzulamadıqlarınla yox. Qədim bir məsəl var: «Öz arzularınızdan qorxun, onlar mütləq həyata keçəcəklər».
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
“Mən niyə yaza bilmirəm?” -ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Sual sadə görünə bilər: Mən niyə yaza bilmirəm? Amma bu sualın arxasında yalnız texniki bir çatışmazlıq, ilhamın yoxluğu və ya vaxt azlığı dayanmır. Yazmaq – sadəcə sözləri ard-arda düzmək deyil. Yazmaq özünü və dünyanı anlamaq, daxili səsləri dinləmək və onları başqalarına çatdırmaq cəhdidir.
Əgər yaza bilmirəmsə, demək ki, içimdə bir susqunluq var. Bəs bu susqunluq nədən doğur?
Bəlkə qorxudan… Yazmaq insanı soyundurur. Sözlər vasitəsilə insan özünü açır, çılpaq qalır, düşüncələri və hissləri ilə başqalarının baxışlarına məruz qalır. Bəlkə də yazmağa başlamaq qorxuludur, çünki nəticənin necə olacağını bilmirəm. Bəlkə yazdıqlarım yetərli olmayacaq, bəlkə səhv başa düşüləcəyəm, bəlkə özüm də özümə yad görünəcəyəm.
Bəlkə də mən yazmaq istəmirəm. Bəlkə yazmaq bir ehtiyacdır, amma o ehtiyacın səsi içimdə boğulur? Hərdən insan özünü ifadə etməyə ehtiyac duymur. Hərdən sözlər kifayət etmir. Hərdən fikirlər beynin içində dolaşır, amma kağıza köçmək üçün güc tapmır.
Bəlkə də mən artıq yazmışam. Bəlkə bütün demək istədiklərimi çoxdan yazmışam və indi sadəcə təkrara düşmək istəmirəm. Yaxud bəlkə yazacaqlarımın dünyada artıq mövcud olduğuna inanıram və yeni heç nə deməyəcəyimi düşünürəm.
Bəlkə də yazmaq üçün yaşamaq lazımdır. İnsan bəzən içindəki boşluğu doldurmalıdır ki, onu tökə bilsin. Yazmaq üçün yaşamaq, görmək, hiss etmək, itirmək, tapmaq, yanılmaq, inkar etmək və yenidən inanmaq lazımdır. Bəlkə indi yaza bilmirəm, çünki hələ yaşamalı olduğum bir şey var.
Bəlkə də yazmaq, sadəcə, yenidən başlamalı olduğum bir vərdişdir. Bəlkə yazmaq üçün yazmaq lazımdır – sual vermədən, tərəddüd etmədən, sadəcə kağıza ilk sözü qoymaq və ona ardınca gələnləri tapşırmaq.
Amma bütün bu suallara baxmayaraq, mən artıq yazıram. Deməli, heç də yaza bilməyən deyiləm. Sadəcə, bəzən yazmaq üçün özümə “niyə yaza bilmirəm?” sualını verməyim lazımdır. Çünki bu sualın özü də bir yazıdır.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)