
Super User
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Şairlik ən ali məqamdı, vallah...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Musa Ələkbərlidir. “Şairlik ən ali məqamdı, vallah” şeiri şair olmağın çətinliklərindən bəhs edir.
“Zülmə, zülümkara boyun əyməsin” - bu, şairlərə bir öyüddür.
Xoş mütaliələr!
Özü pay-piyada, sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı, vallah
Şairlik ən ali məqamdı, vallah!
Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa,
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
İgid, ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin, haqqın yanında,
İlhamı bir ayrı ihamdı, vallah,
Şairlik ən ali məgamdı vallah!
Anla ki, Tanrıdan gəlib bu elçi,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan, ölçü?!
Bu ğöylərdən gələn inamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Zamana od vurur, dərdə qalanır
Ağrısı, göynəyi ərşə calanır.
Füzuli dediyi şair yalanı
Sevgidə bir dindi, imandı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Zülmə, zülümkara boyun əyməsin,
Kökünü əskildib, soyun əyməsin,
O məğrur başını qoyun əyməsin,
Böyük amalıyla o, tamdı, vallah,
Şairlik ən ali məqamdı, vallah!
Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı, haqdı.
Gəzək o şairi əli çıraqlı
Burda mənim sözüm tamamdı vallah,
Şairlik ən ali məqamdı vallah!!!
Ədəbiyyat və incəsənət”
(03.12. 2024)
IV Şəki Beynəlxalq Teatr Festivalı davam edir
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Xəbər verdiyimiz kimi IV Şəki Beynəlxalq Teatr Festivalı keçirilir. Festival barədə xəbərləri mütəmadi dərc edirik. İndi festivalın açılış mərasimi barədə bir qədər ətraflı xəbər vermək istəyirik.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimindən əvvəl təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin, şəkili teatrsevərlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar. Festivalla bağlı mətbuat konfransı keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəkidə keçirilən teatr festivallarından bəhs edən videoçarx nümayiş etdirilib. Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal məkandır. Elxan Usubov bildirib ki, 1879-cu ildə Şəkidə ilk dəfə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya qoyulub. Görкəmli коmеdiyа ustаsı Sаbit Rəhmаnın аdı vеrilən teatr 1976-ci ildə rəsmi fəaliyyətə başlayıb. Həmin vaxtdan 48 il keçib və bu müddət ərzində teatrın səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassiklərinin 200-dən çox əsəri tamaşaya qoyulub.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, “Şəki teatrı” kitabının müəllifi İlham Rəhimli çıxış edərək, 145 illik tarixi olan Şəki teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.
Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunan festivalın açılış tamaşası Uilyam Şekspirin əsəri əsasında hazırlanmış, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin rejissoru olduğu “Heç nədən hay-küy” tamaşası idi. 24 aktyorla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Mübaliğəsiz demək olar ki, tamaşanın yaradıcı heyəti, azı, 10 dəqiqə ayaqüstə alqışlandı.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrın adından xatirə hədiyyələri və təltiflər təqdim olunub.
Uğurla davam edən festivalın ötəngünkü gündəliyi belə idi:
2 dekabr 2024-cü il saat 17:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Molla Nəsrəddinin beş arvadı” tamaşasıyla teatrsevərlərin görüşünə gəldi. Tamaşanın müəllifi İbrahim Sadıqov, rejissoru Əsgər Əsgərovdur.
Bugünkü və növbəti günlərdəki günədliyi isə belədir:
Dekabrın 3-də teatra gələnləri saat 17:00-da Qazaxıstan Respublikası Atındağı Vilayət Qazax Musiqili Dram Teatrının kollektivi qarşılayacaq. Onlar rejissor Sultan Srailovun fəxrimiz Bəxtiyar Vahabzadənin əsəri əsasında hazırlanmış “Göytürklər” tamaşasına baxacaqlar.
Özbəkistan Respublikası Səmərqənd Vilayəti Musiqili Dram Teatrı festivalda “Eşq vadisi” tamaşası ilə çıxış edir. 4 dekabr 2024-cü il saat 17:00-da nümayiş olunacaq tamaşanın müəllifi Əlişir Nəvai, rejissoru Şuxrat Sanaqulovdur.
Teatrın bağlanış mərasimi ayın 5-də saat 17:00-da baş tutacaq. Əziz Nesinin müəllifi olduğu “Toros canavarı” tamaşaçılara Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən təqdim olunacaq. Tamaşanın rejissoru Kubilay Erdelikaradır.
Ümid edirik ki, tamaşaçılar festival çərçivəsində gözəl hisslər yaşayacaq, xatirə sandıqlarına rəngarəng “əmanət” qoyacaqlar.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
“Şair dost, ömrünü yaşında deyil, yazdığın nəğmənin ömründə axtar" - Məmməd Arazın anım gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından
salacaq məni
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni
Ötən gün tərcüməçi, publisist ölməz əsərləri ilə poeziyasevərlərin qəlbində daim yaşayan xalq şairi Məmməd Arazın anım günü idi.
Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur.
Orta təhsilini Şahbuz rayonunun Nursu kəndində alan şair hələ məktəbdə oxuyarkən 1945-ci ildə atası İnfil "xalq düşməni" adı ilə Sibirə sürgün olunur.
O, 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olur.
Tələbəlik illərində yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edən şair ədəbi fəailiyyətə 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan "Yanın, işıqlarım" şeiri ilə başlayır. Yaradıcılığa Məmməd İbrahim adı ilə başlasa da daha sonra Azərbaycanı iki yerə bölən Araz çayının sahilləri onu çox düşündürdüyü üçün Araz adını özünə təxəllüs götürür.
O, 1954-cü ildə ali təhsilini başa vurub doğma kəndindəki orta məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başlayıb.
1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilən şair xalq yazıçısı Əli Vəliyevin qayğısı ilə ədəbi mühitdə tanınmış və elə həmin ildə “Üç oğul anası” poemasını ərsəyə gətirərək Azərbaycan Yazarlar Birliyinin üzvlüyünə daxil olmuşdur.
Məmməd Araz 1959-1961-ci illərdə təhsilini Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarında davam etdirmişdir.
Bakıya qayıtdıqdan sonra «Maarif» nəşriyyatında redaktor vəzifəsinə, 1963-cü ildə isə Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə təyin olunmuşdur.
1967-ci ildə "Ulduz" jurnalında məsul katib kimi fəaliyyətə başlayan Məmməd Araz 1971-ci ildən – 1981-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş və milli şeirin inkişafına, ədəbi gəncliyin formalaşmasına xidmət göstərmişdir.
1974-cü ildə isə o, yeni nəşrə başlayan "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsinə təyin edilmiş və ömrünün sonuna qədər orada işləmişdir.
Şair həmçinin uzun illər bədii tərcümə ilə də məşğul olmuş dünya xalqları ədəbiyyatından 195 şеir və 5 poеma tərcümə еdərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab halında çap еtdirmişdir.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini görə Məmməd Araz 1978-ci ildə Əməkdar mədəniyyət işçisi,
1984-cü ildə Əməkdar incəsənət xadimi, 1991-ci ildə isə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüş, 1995-ci ildə Azərbaycanın ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif olunmuşdur.
1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur.
Məmməd Araz 2004-ci il dekabr ayının 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Abid- ibadət edən deməkdir” - Abid Tahirlinin doğum gününə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
69-u başa vurub 70-ə adladı. Uğura qənşər!..
Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Çünki hələ də saflığını itirməyib. Səmimi, təmkinli, mehribandır.
Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır. Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sahiblənən bir ziyalıdır...
Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır...”
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində 1921-1991-ci illər üzrə “Azərbaycan mühacirət mətbuatında publisistika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur...
Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur...
İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...
Haqqında yazılan məqalələrin birində deyilir: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”
Bəli, noyabrın 30-u Abid müəllimin 69 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Balaca, sarı pişik” - TƏLƏBƏ YAZILARI
Nigar Həsən-zadə, “Ədəbiyyat və incəsənət”
Salam, əziz oxucular. Bu gün sizə təqdim edəcəyim yazının müəllifi BDU Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Fatimə Məmmədovadır.
Biz insanıq. Dərdimizi bölüşə bilirik, gəzmək istədikdə gəzirik, acanda yemək alırıq, bişiririk. Biz insanıq, biz hər şeyi bacara bilirik. Hər cür qəddarlığı da eləyə bilirik. Məsələn, heyvanlara qarşı qəddar davranırıq. Hətta bəzilərimiz olur ki, onların quyruğunu, ayağlarını kəsir, onların can verməsini izləyib həzz alır.
Biz insanıq.Amma sadəcə adımız insandır.
Bizim ki, qəlbimiz heyvanların qəlbindən böyükdür, niyə onlar qədər yumşaq ürəkli deyilik, niyə qəlbimizi kirlədirik? Niyə insan olduğumuza görə, Allaha şükür eləmirik ki?
Heyvanlar Allahın dilsiz qullarıdır. Onların da arasında təbii ki düşmənçilik olur. Amma heyvanlar cənnətə və ya cəhənnəmə getmir. Bu da onu sübut edir ki, heyvanlar bir-birlərini parçalasalar belə bu səhv deyil. Amma insanların öz anasına, atasına, bacısına, qardaşına qıydığı bir dövrdəyik. Hətta heyvanlara.
Mən heyvanları hədsiz dərəcədə sevən biriyəm. Bəzən düşünürəm ki, kaş heyvanların da bizim kimi nitqi olardı. Kaş heyvanlar da ölümsüz olsaydılar.
Heç vaxt bir hadisə yadımdan çıxmaz. 13 yaşım var idi . Bir gün həyətin qapısını açanda sarı balaca pişik də mənimlə bir yerdə həyətə girdi. Mən o pişiyə sahibləndim. Onu mən böyütdüm. Bəzən xətrimə dəyiləndə ürəyimdəkiləri boşaltmaq üçün həyətə gedər və saatlarla pişiyi sığallayardım. Mən ağlayarkən o hiss edib yanıma gələrdi. Hər gün sarı pişiyimin şəkillərini çəkərdim. Yağış, qar yağanda anamdan neçə saat xahiş edib onu evə gətirməyimi istəyirdim. Mən pişiyimi soyuqda görməyə dözə bilməzdim. Bir gün xəstələndi və getdi. Mən hər gün yolunu gözlədim. Çünki o, mənim dostum idi.
Amma mənə sanki o ərəfədə birlikdə son günlərimiz imiş kimi gəlirdi. Sanki ürəyimə danmışdı. Elə də oldu. O getdi və bir də gəlmədi. Mən də özümə gələ bilmədim. Bəlkə kənardan baxdıqda heyvanlara bu qədər bağlı olmamalı olduğumuz deyiləcək. Amma o mənim yeganə dostum idi. Onun qəlbi bəzi insanlardan yumşaq idi. Mən o pişiyi o qədər çox sevirdim ki, bir daha pişik saxlamamağa and içmişdim. Sanki ona xəyanət edəcəkmiş kimi hiss edirdim.
Nə vaxt sarı pişik görürəmsə, gözlərim dolur. Hətta onun şəkillərinə baxanda bir küncə qısılıb ağlayıram. Bəzən yolda insanların heyvanlara qarşı pis rəftarını görürəm. Amma heç nə demirəm. Çünki o insanlar axirətdə həm o heyvana, həm də Allaha cavab verəcək.
Heyvanların sadaqəti dünyada az insanda tapılar. Onlar da bizim kimi danışmaq istəyir, onlar da istəyir ki, bu qəddar dünyada öz haqlarını müdafiə etsinlər. Mənim Hüquqşünasdan aldığım müsahibəmdə heyvan haqlarının qorunduğu bildirilmişdir. Mən anlaya bilmirəm. Heyvan haqları hansı dərəcədə qorunur ki , heyvanlar küçədə ya maşının altında qalır, və ya soyuqdan donmuş şəkildə qalır? Ya da cani bir 'insan'ın qurbanına çevrilir? Əgər heyvan haqları qorunsa idi, bunlar baş verməzdi. Heyvan haqlarının qorunması məgər budurmu?! Hansı heyvanı öldürən insana ağır cəza verildi?!
Həyatda hər şey ola bilər. Bir gün biz də heyvanlar qədər çarəsiz ola bilərik. Yaşatdıqlarımızı yaşaya bilərik.
Unutmayaq.
Karma var.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Gülüş klubunda qarınqulu
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Deputat Siyavuş Novruzovun AzTV-də tənqid edilməsi parlamentariy və televiziya tariximizdə bir ilkdir.
Deyir, bu epizodu görüb bərk mütəəssir olan Siyavuş müəllim deyib:
-Sənə güvəndiyim yağlar, sənə də marqarin qatılarmış.
2.
Surrealist şeir:
SOYadını söyləmədən
SOYkökünü gizləyərək
SOYuğu vecə almadan
SOYunubdur bu adam.
SOYanı yığıb bostandan
SOYuducuya doldurub
SOYqırımı eləyir o.
SOYdaşlarına qarşı.
3.
-Bu gün çox məhsuldar bir gün oldu. Mən bol-bol məhsul yedim, - deyir Qarınqulu.
4.
-Qorxma, çən səninləyım!
-Elə buna görə də qorxuram.
5.
Optimistlə pessimistin fərqi. Optimist alpinistə dağa çıxan, pessimistsə dağdan enən deyir.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Bir il də belə getdi…” - Elşad Baratın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Elşad Baratın şeirləri təqdim edilir.
Çatmır
Qəfildən sıxılıram,
Qəfildən havam çatmır.
Adam kimi ölməyə
Bir isti yuvam çatmır.
Çatmır əllərim göyə,
Çatmır dualarım da.
Bəlkə də yalnız Allah,
Çatmır dualarımda.
Nə deyirlər, desinlər,
Sərxoş, veyil-veyiləm,
Bu saat heç özüm də,
Öz vecimə deyiləm.
Sən hardan biləsən ki,
Hardan biləsən, Bəkir?
Şairlər hər şeirdə,
Doğuş sancısı çəkir.
Çəkir yerin üzündə
Göyün yükünü şair,
Ürəyi Vətən boyda,
Beli bükülü şair.
Nə olsun ziyalıdır,
Duyan yoxdu şairi,
İndi adam yerinə,
Qoyan yoxdu şairi.
Bir gün hamı verəcək,
Bələk haqqı, ağ haqqı,
Milyonçu əclaf canı,
Dilənçi uşaq haqqı.
Eləcə sıxılıram,
Qəfildən havam çatmır.
Mənim adam olmağa
Bir isti yuvam çatmır.
Tənha qadın
Bu qadın da tənhadır,
Əllərindən bilirəm.
Yanağında darıxan
Tellərindən bilirəm.
Bilirəm, gözlərinin
Dibinəcən darıxır.
Topuğunun yanından,
Qəlbinəcən darıxır.
Təhsili var, işi var,
Darıxmağdı peşəsi.
Onun ixtisasıdı
Tənhalığın yekəsi.
Bu qadının gecələr
Eləcə susmağı var.
Qəfildən hıçqırmağı,
Bərkdən ağlamağı var.
Bu qadın adamların,
İçində də tənhadır.
Yemək saatlarının
Üçündə də tənhadır.
Hopubdu tənhalığı
Gülüşünə, səsinə.
Həsrətdədi yatağı,
Bir kişi nəfəsinə.
O qadına deyin ki,
Mən də tənhayam indi.
Gəl apar əllərimi,
Ölənəcən sənindi.
İlin sonu
Bir il də belə getdi,
Bir il də dalda qaldı.
Arzular yetişmədi,
Arzular yolda qaldı.
Yenə də küməmizin
Pəncərəsi olmadı,
Yenə də qızlarıma,
Velosiped almadım.
Almadım anam üçün
Kəlağayı yenə də,
Almadım ki, ağappaq
Tellərini gizlədə.
Gizlənə də bilmədim
Payızından, qışından,
Anamın əllərindən,
Atamın baxışından.
Baxış-baxış utanıb,
Bir ili də böyüdüm.
Yalvardımsa nə qədər
Bar vermədi söyüdüm.
Bu söyüd şəhərindən
Nə bar gətirim evə?
Hər gecə əllərimdə
Qabar gətirdim evə.
Əllərimin qabarı,
Qızlarıma oyuncaq,
Bir tikə çörək yeyib,
Oynadılar doyunca.
İlahi, bu evimin
Başına çevir məni.
Qızlarımın anası
Hələ də sevir məni.
Ümidsiz qadın
Salam, ümidsiz qadın,
Kefin, halın necədir?
Yəqin ki, üşüyürsən,
Yaman soyuq gecədir.
Üşüyürmü əllərin,
Tənhalığın boyunca?
Qorxma, heç kim eşitməz,
Otur, ağla doyunca.
Boylan hərdən küçəyə,
Qoy sevinsin pəncərən,
Görsün buludlar səni,
Ağlasın səhərəcən.
Bilirəm ki, döyülməz
Qapın, narahat olma.
Yalançı ümidlərə
Tapın, narahat olma.
Hərdən də çıx şəhərə,
Özün üçün gəz, dolan.
Nə olsun yoxdur ərin,
Nə olsun yoxdur balan?!
Nə olsun gözlərində
Arzuların yeri var,
Bəlkə indi hardasa,
Səni sevən biri var?!
Bəlkə yoxdu sevənin,
Tamam unudulmusan,
Hamının yaddaşında
Yuxu kimi qalmısan.
Eybi yox, zaman gələr,
Bir gün yada düşərik,
Yeri get, tənha qadın,
Öləndə görüşərik...
Dənizi başıma çəkirəm
Bilirəm, hardasa düz eləmirəm,
Bilirəm, mənim də günahlarım var.
Bəlkə də sonuncu axşamçağımdı,
Bəlkə də bir sürü sabahlarım var.
Neynirəm bu saxta ləpələnməyi?
Balıqçı quşların səsi bezdirir,
Hər kəsin əlində bircə ömür var,
Hamı ehtiyatda ölüm gəzdirir.
Sən gələn yollara etibarım yox,
Gözümü badəyə dikirəm indi.
Sənin sağlığına ayağa qalxıb,
Dənizi başıma çəkirəm indi.
Dəniz qoynu
Yenə dəniz qoynu, yenə ikimiz,
Sinəm şeir dolu kitab kimidir.
Yenə də sərxoşam bircə öpüşə,
Baxışın yüz illik şərab kimidir.
Niyə gecikmişik bir-birimizə?
Bizi görüşmədən ayırıb yollar.
Günəş sənsiz çıxıb, ay sənsiz doğub.
Gör, sənsiz nə qədər gecələrim var.
Gətir qollarını dola boynuma,
Ay üzün çevirsin, dəniz kar olsun.
Bu gecə sevişək səhərə qədər,
Nigah şahidimiz balıqlar olsun.
Görüşərik
Dayan, səni bağrıma
Basım, sonra gedərsən.
Qollarımı boynuna
Asım, sonra gedərsən.
Gedərsən, gedişinlə,
Dağılarsan hər yana,
Onsuz da hamı gedir,
Darıxdığı ünvana.
Hamı kimi gedərsən,
Düşmərəm yadına da,
Bilməzsən ki, səninçün
Gülümsədim yollara,
Dilənçi qadına da.
Gedirsənsə son dəfə
Gözümü bağla, çıx get,
Saçlarının ətrini
Sədəqə saxla, çıx get.
Yox, belə getmək olmaz,
Bu gediş harda vardı?
Bu gediş ayrılıqdı,
Bu gediş intihardı.
Nə isə, bu gedişlə,
Çətin yada düşərik.
Bu gecə həsrətindən
Ölməsəm, görüşərik.
Gedirəm
Gedirəm bu şəhərdən,
Elə indi, bu saat.
Məni saxlaya bilməz
Nə doğmalar, nə həyat.
Bu şəhərdən uzaqda
Darıxacam, bilirəm,
Bilə-bilə alnımın
Yazısını silirəm,
Gedirəm bu şəhərdən.
Bu şəhərdə küçələr
Üzümüzə gülmədi,
Küçələri keçənlər
Bir də geri gəlmədi,
Bu şəhər şəhər oldu,
Vətən ola bilmədi.
Bilmədi adamların
Qiymətini bu şəhər,
İtirdikcə itirdi
Hörmətini bu şəhər.
Gedirəm bu şəhərdən
Elə indi, bu saat.
Özümdən sökülürəm,
Naxış-naxış gedirəm,
Yağış-yağış yuyulub,
Qarış-qarış gedirəm,
Gedirəm bu şəhərdən.
Eh... məni bu şəhərdə
Saxlayan heç nə yoxdur,
Ruhumu bu şəhərə
Bağlayan heç nə yoxdur.
Gedirəm bu şəhərdən
Elə indi, bu saat.
Sağ ol, xatirələrim.
...Hələlik, sağ-salamat.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Həyatdan ən böyük arzum bir gün belə oxumaqdan, yazmaqdan uzaq qalmamaqdır” - ŞƏBNƏM ÖZBAY
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfə ikinci dəfə müsahibim olan Şəbnəm Özbay xanımın yeniliklərindən xəbərdar olacaqsınız...
-Salam Şəbnəm xanım. Necəsiniz?
-Salam Habil bəy. Çox sağ olun. Mən intensiv templə işləməyə və ədəbiyyat istehsal etməyə davam edirəm.
-Yeni fəaliyyətiniz haqda bilmək istərdik, əgər mümkünsə...
-Bu il dördüncü dəfə keçirilən “feminartsfest2024” festivalında ““Kaş Kaldırıyorum”” adlı hekayəmlə iştirak etdim. Feminenartfest beynəlxalq qadın sənətçilərin iştirakı ilə keçirilən böyük bir tədbirdir. Mən hələ də o festivalın təsiri altındayam. Ədəbiyyat aləmimizin ustad qadın yazarlarından İnci Aralla eyni platformada olmaq məni çox həyəcanlandırdı. “Kaş Kaldırıyorum” hekayəsində anasını itirən gənc qadın atasının yeni evliliyini qəbul edə bilmir və atası ilə münaqişəyə başlayır. Atasına üsyan etməyə cəsarəti çatmadığından, ancaq qaşını qaldıra bilir.
-Yeni nəşr edilən kitabınız haqqında məlumat verə bilərsinizmi?
-Son iki ildə “Qadın yazıçılar” qrupu ilə əsasən kollektiv kitablar üçün hekayələr yazıram. Bu yaxınlarda qorxu hekayələri kitabını nəşr etdik. Kitab oxucuların böyük marağına səbəb olaraq böyük həyəcan yaratdı. İndi də eyni qrupla “vazgeçişler”mövzusunda hekayələr yazırıq. Kitab gələn il mart ayında işıq üzü görəcək. Mən də “Kirpi” jurnalının redaksiya heyətindəyəm və işimiz bu davam etməkdədir.
-Gələcək planlarınız nədir?
-Əlbəttə, gələcəklə bağlı arzularım var, amma “planlaşdırma” sözü artıq məni qorxudur. Bunun çox tanış bir deyim olduğunu bir daha öyrəndim, amma həyat həqiqətən biz planlar qurarkən başımıza gələnlərdən ibarətdir. 2025-ci ildə “Uç dedi yüreğim” adlı ilk romanım yeni nəşri ilə oxucuların görüşünə gələcək, yeni hekayə kitabım problem olmasa, ilin ikinci yarısında rəflərdə yerini alacaq.
Həyatdan ən böyük arzum bir gün belə oxumaqdan, yazmaqdan uzaq qalmamaqdır.
Sizə və dəyərli izləyicilərinizə cansağlığı arzulayıram. Bu fürsəti verdiyiniz üçün çox sağ olun Habil bəy.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Şahid qızın yuxusu...” - bəstəkar Azər Dadaşovun doğum günü
Könül, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də bizim çox böyük bəstəkarlarımız var.
16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Xalq artisti Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir.
Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub.
Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
77 yaş özündə magik rəqəmin sehrini daşıyır. Güman edirik ki, qocaman bəstəkarımız bu yaşında da yazıb yaradacaq.
Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Təbrizli Əli Çağlanın kitabı Türkiyədə çap olunubdur
Türkiyənin "Əfsun" yayınlarında təbrizli şair, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın "Kasterina" adlı kitabı çap olunub.
Kitabda Əli Çağlanın müxtəlif vaxtlarda yazdığı şeirlər toplanıb.
Qeyd edək ki, kitabın tərcüməçisi Aişə Nəbi, redaktoru Ahmet Can Yıldız, dizayneri Emin Aslandır.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)